Cavanam, keçmə məndən

 

Kürün suları bulanıq idi, çox bulanıq. Batmaqda olan günəşin şəfəqlərini üzərində əks etdirə bilməyəcək dərəcədə bulanıq. Bu bulanıqlıq onun necə axmasını da bəlli etmirdi. Ancaq hərdənbir suyun üstündəki çör-çöp bu bozluğu, bulanıqlığı tərpədib axının istiqamətini bəlli edirdi.

 

Kür həmişə bulanıq olub. Ancaq yaz aylarında, qarlar əriyib sellər daşanda üzü hirsli, zəhmli adamın sifəti kimi daha da turşuyardı. Lilli, palçıqlı yatağı onu dağ çayları kimi göyçək görünməyə qoymazdı. Bu, elə bil Kürü, onun qollarını daha da hirsləndirər, kinli, qısqanc edərdi. Kür dəli idi, Kür kinli idi, Kür qısqanc idi. Ancaq bu hirs-hikkə onun öz içindəcə əriyib yox olurdu. Bu, Kürün dənizə qovuşduğu anlarda sanki daha da tüğyan edər, ancaq şor dəniz suyuna qovuşub toxtayanda hər şey unudulub gedərdi: kin də, qısqanclıq da, dəlilik də. Axı Kür həm də təbiətin canı, qanı idi. Onsuz Mil də, Muğan da, Şirvan da bir heç olardı. Təbiət bütün canlıları ilə bahəm Kürü sevir, onu əzizləyirdi.

 

Ay mənim, Ana Kürüm,

Qurbanam sana, Kürüm!

 

lll

 

Nəriman kiçik gəminin yığcam göyərtəsinə tamaşa edirdi, daha doğrusu, "Kür" adlanan Kürün enli, böyük qoluna. Bu qol Aqquşadan ayrılıb kəndlərinin ortasından keçib dənizə qovuşurdu. Atasından eşitmişdi ki, bu qolun dənizə töküldüyü yerdə  əvvəllər vətəgə olub. Popovun vətəgəsi. Vaxtilə bu qolda çox gəmilər üzüb. Ticarət gəmiləri müxtəlif yerlərdən gəlib onların kəndlərindəki böyük bazarda alver ediblər. Hətta vaxtilə İran şahı da gəmi ilə Kürdən keçib, ordan da quru yolla Bakıya gedib. Bu qol çox gəmilər görüb. Nəriman birdən-birə gördü ki, ürəyi yenə də oxumaq həvəsi ilə atlandı. Həmişə evlərinin yanından gəmilər ötüb keçəndə oxumaq həvəsi baş qaldırardı. Və səsi gəmi üzüb kənddən uzaqlaşana qədər kəsməzdi. Səhəri gün isə bacısı qızı Ceyranın səsi kəndi başına götürərdi. Dayısının oxuduğu mahnını şeytan qız əzbərləyib oxumaqdan doymazdı.

 

Əzizim, keçmə məndən,

Çay məndən, çeşmə məndən.

İnanma yad sözünə,

Cavanam, keçmə məndən.

Əzizim, sini-sini,

Doldur ver sini-sini,

Mən sənə göz dikmişəm,

Neynirsən özgəsini?

 

İndi də qəlbinin hansı bir fəryadı iləsə oxumuşdu və son iki misranı daha çox təkrarladı;

 

İnanma yad sözünə,

Cavanam, keçmə məndən.

 

Səsi dalğalandı, uzaqlaşdı. Bu zaman qardaşı Fərman da ona qoşuldu. İki səs bir misrada qoşalaşdı:

 

- Cavanam, keçmə məndən.

 

Axşam evə qayıdanda anası acıqlandı:

 

- A bala, o nə idi oxuyurdunuz? "Cavanam, keçmə məndən". Bədənim ürpəşdi. Allah sizi mənə çox görməsin, balalarım.

 

Cavabında gülümsəmişdilər, vəssalam. Amma səhər Ceyran bu mahnını oxuyanda anası da, bacısı da hirslənmişdilər, tənbehi isə qızcığaz dadmışdı.

 

Nəriman Kürü də,onun boz-bulanıq suyunu da, bu suda üzən gəmiləri də çox sevirdi. Bu sevgi əbədi, əzəli idi. Nə qədər ki yaşayırdı, o, bu gözəlliyə aşiq olacaqdı. Heç kim, heç kəs bu sevgini azalda bilməzdi, ancaq bir gün bu sevginin ortağı, şəriki çıxdı.

 

 

Səlmi qəşəng qız idi. Ucaboy, ağbəniz, uzun hörüklü bir qız. Nərimanın ürəyini yerindən oynadıb onun Kürə olan sevgisinə şərik çıxdı. İndi həyatda Nəriman iki qüvvədən yaşam alırdı. İki gözəllikdən zövq alırdı. Səlminin də gözü, qəlbi onda idi. Yoxsa qarşılaşan anlarda utanıb-sıxılmazdı qız. Nəhayət, Nəriman Ceyranı yanladı.

 

- Ay şeytan, sənə bir söz desəm, Səlmiyə deyərsənmi?

 

Qızlıq həddinə dolan Ceyran nazlandı:

 

- Nə söz, ay dayı?

 

- Deyərsən ki...

 

- Hə, nə deyərəm?

 

- Amma heç kimə demə ha. Yaxşı?

 

Qız şıltaqcasına hirsləndi:

 

- Nə demisən ki? Mən də kiməsə deyəm.

 

- Deyərsən ki, Nəriman...

 

- Hə!

 

- Deyərsən ki...

 

-Ay dayı, mən başa düşdüm. Deyərəm, yaxşı. Amma səndə əvəzində anamdan icazə alıb məni bərəyə mindirərsən.

 

- Bərəyə niyə minirsən, ay qız. İş başına qəhətdirmi?

 

-Eee...Onda demiyəcəm! Bildin! Demiyəcəm!

 

- Yaxşı, yaxşı. Mindirərəm.

 

Ceyran sevincək dayısından uzaqlaşdı. Nəriman qəlb döyüntüsü ilə qızı gözləməyə başladı. Axşamüstü oldu, ancaq Ceyrandan xəbər yox idi. Axırda dözməyib özü bacısıgilə yollandı.

 

Xanım nənə güllü çit tumanının ətəklərini yığışdırıb evi şirələyirdi. Qardaşını görcək sevindi və işini yarımçıq qoyub Nərimanın qarşısına çıxdı:

 

- Boyuna qurban, ay qardaş, nə yaxşı gəldin. Gəl, yaxşı çay dəmləyim sənə.

 

- Yox, çox sağol. Ceyran hanı?

 

Xanım nənə hirsləndi:

 

- Neynirsən, o oxa gəlmişi. Hirsləndirdi məni, mən də qovdum. Allah bilir haradadır.

 

- İstəyirəm, onu özümlə bərəyə aparım.

 

- Hara, hara?

 

- Bərəyə mindirmək istəyirəm. Söz vermişəm.

 

- Yox, yox. Kişi eşidər, hirslənər. Nə işi var qız usağının bərədə. Uzaqdır.

 

- Ay bacı, nə var burda. Camaat minmir məgər?

 

- Camaatın işi olur, minir, daha gəzmək üçün yox.

 

- Yaxşı da, söz vermişəm. Sözümü yerinə yetirməsəm, daha nə dayı oldum mən.

 

Arvad yumşaldı:

 

- Yaxşı, sənin xətrinə qoyuram.

 

- Cox sağ ol.

 

Bu zaman evin arxasından Ceyranın çalmalı başı göründü. Anasının qorxusundan yaxına gələ bilmirdi. Nəriman qızın bu halını görüb bərkdən qəhqəhə çəkdi:

 

- Bura gəl, ay şeytan, yenə ananı niyə hirsləndirmisən?

 

- Yox, gəlmirəm. Kötəkləyər məni.

 

- Qorxma, icazəni almışam, sabah səni bərəyə aparacam.

 

Ceyran sevincək dayısının yanına qaçdı. Onun boynuna sarılıb:

 

- Ay dayı, boyuna qurban, nə yaxşı,- dedi,

 

Elə bu zaman Xanım nənənin zopası qızın yumşaq yerini tutdu. Qız çığırıb qaçdı. Nəriman gülə-gülə bacısını sakitləşdirdi və üzünü Ceyrana tutub səsləndi:

 

- Daha qorxma, ananın hirsi soyudu. Yaxın gəl.

 

Ceyran dodaqlarını büzüb yaxınlaşdı. Dayısı qolunu qızın boynuna salıb üzündən öpdü və uzaqlaşan bacısının arxasınca baxıb:

 

- Nə xəbər var, ay şeytan? Ürəyim partladı ki, -deyə soruşdu.

 

Ceyranın gözləri işıldadı. Ağzını dayısının qulağına yapışdırıb:

 

- Ay dayı, bu qız səndən ötrü lap ölürmüş ki.

 

-Necə yəni?

 

-Necəsi belədi ki, o da səni xoşlayır və razıdır.

 

Nəriman diqqətlə bacısı qızının üzünə baxdı və birdən onun yanağından bərk-bərk öpüb uzaqlaşdı. Qız isə dayısının arxasınca baxa-baxa qaldı.

 

lll

 

Nəriman Ceyrandan ayrılandan sonra birbaşa Kürün sahilinə getdi. Yarğandan düşüb əl-üzünü sərin bahar suyu ilə yudu. Yalnız bundan sonra özünə gəldi. Qız onu həm sevindirmiş, həm də utandırmışdı. Xeyli sonra evlərinə sarı üz qoydu. Qardaşı arvadı Kürün sahilindəki-evlərinin arxasındakı təndirxanada çörək bişirirdi. Sarı buğda unundan hazırlanmış çörəyin ətri uzaqdan duyulurdu. Nəriman yaxınlaşıb, artıq miss ləyəndə qalaqlanmış çörəklərdən birini götürüb kəsdi:

 

-Nə gecəyə qalmısan, gəlinbacı.

 

Gəlin qəfil səsdən səksənib dilləndi:

 

- Sənsən, a Nəriman? Qorxutdun məni. Gündüz işim çox oldu. Evi şirələyirdim. Bir də gördüm hava qaralır. Yapış qabdan gedək.

 

Nəriman cəld bir hərəkətlə çörək tabağını götürüb böyrünə sıxdı. İsti çörəklərin təması  paltarından bədəninə keçdi. Bədəni yandığı üçün tabağı digər tərəfinə keçirtdi və bu dəfə xeyli aralı tutub evə tələsdi.

 

Evdə qardaşı oğlu Əhəd bir küncdə oturub ağlayırdı. Üç-dörd  yaşlı uşaq ağlamaqdan qızarmış, gözlərini köynəyinin qolu ilə silir və hıçqırırdı. Əmisi onu qucağına götürdü.

 

- Nə olub, mənim balama? - deyə öpüb-oxşadı.

 

Uşaq danışa bilmirdi, əmisini başa sala bilmədiyi üçün mızıldanıb yenidən ağladı. Anası dilləndı:

 

- Burnuna "qara dərman" sürtmüşük.

 

- Hə, belə de. Ağlama, xəstələnməyəsən deyə dərman sürtüblər.

 

Uşaq yavaş-yavaş sakitləşdi. Bir azdan əsnəyərək ağlamaqdan yorulduğu üçün mürgülədi.

 

Nəriman "qara dərman"ın iyini ancaq indi hiss etdi. Tünd qoxusu olan bu dərman el arasında hazırlanırdı:qara barıt, sarımsaq, şit yağ, iyli şorandan. Bu, uşaqların burnuna sürtülürdü, qripin, yoluxucu xəstəliklərin qarşısını almaq üçün. Nəriman tünd dərman qoxusunu uda-uda körpəliyini yada saldı. O qədər burnuna qara dərman sürtmüşdülər ki. Nəriman uşağı ehtiyatla döşəkçənin üstünə qoydu. Təzəcə şirələnmiş evdən təmizlik yağır və şirənin qoxusu duyulurdu. Döşəməsi torpaq olan ev həm də alçaq idi və iki otaqdan ibarətdi. Birində qardaşının ailəsi qalırdı, o birində atası, anası və Nəriman. Gecələr onluq lampanın zəiflədilmiş işığında gözlərini qamış tavanına dikər və Səlmi haqqında xoş xatirələrə dalardı. Bugünkü düşüncələri isə daha xoş, daha gözəl, daha ümidverici idi. Nə vaxt gözlərinə yuxu getdiyini, nə vaxt səhər açıldığını hiss etmədi. O zaman oyandı ki, Ceyran başının üstündə durub onu çağırır.

 

- Ay dayı, nə yatmısan, dur. Səhər çoxdan açılıb.

 

Nəriman gecədən qovuşmuş kirpiklərini güclə açıb pəncərəyə baxdı. Hava təzəcə işıqlaşırdı. Heyrətlə başının üstündə dayanmış Ceyranı süzdü.

 

-Ay şeytan, nə olub, gecəni yatmayıbsanmı?

 

-Dur, tez ol, bərəyə gedək.

 

Nəriman yerdən salınmış döşəkcəsində  dirsəkləndi və heyrətini boğmayaraq dedi:

 

- Belə tezdən bacım səni necə evdən buraxıb? Yoxsa...

 

Ceyran hövsələsi daralmış halda dilləndi:

 

- Hə, qaçmışam! Nə olsun! Dur gedək.

 

- Ona görə bacım səni kötəkləyir ki, sözə baxmırsan.

 

Ceyranın nənəsi əlində badya içəri daxil oldu:

 

-Deyəsən, bu qız gecəni yatmayıb. Nə söz vermisən bu canıyanmışa.

 

Nəriman:

 

- Bərəyə aparacağam,-dedi.

 

- Xanım nənə necə icazə verib sizə, mən bilmirəm. Deyəsən, sən də ağlını itirmisən.

 

Ceyranla Nəriman bir-birinə baxıb qımışdılar. Ceyranı dəli bir maraq bərəyə doğru çəkirdi, Nərimanı isə verdiyi söz. Bu sirr ikisinin arasında idi və yəqin ki, heç kim bilməyəcəkdi də.

 

Bərə qonşu kənddə idi. Yol boyu dayı, bacıqızı söhbətləşə-söhbətləşə Kürün sahili boyu addımlayır, yazdan xəbər verən havanı  ciyərlərinə çəkir, arıquşlarının, sərçələrin cikkiltisinə qulaq kəsilir, gah da qarşılarına çıxan turacları qovubulğun kollarının arasında itirirdilər. Nəhayət, çayın üstündə dayanmış bərəyə gəlib çatdılar.

 

Səhər olduğundan bərədə qaynaşan adamlar çox idi. Kimi atla, kimi ulaqla, kimi piyada yükünü bərədə yerləşdirir, o taya keçmək üçün rahatlanırdılar.

 

Ceyran içini çəkib heyrətini bildirdi.

 

- Necə böyükdür, ay dayı! Lap gəmi boydadır.

 

- Böyük olmasa üstünə at, araba, o qədər yük çıxarmı?

 

- Gedək, biz də minək.

 

- Yaxşı.

 

Bərədə ayaq üstə durmuşdular. Qız sevincindən atılıb-düşür, yırğalanan bərəyə, dalğalanan çaya baxıb həzz alırdı. Nəhayət, qarşı tərəfə çatdılar. Hamı bərədən düşüb dağıldı. Ceyran o tərəfə, bu tərəfə qaçıb ətrafı öyrəndi. Sonra dayısına yanaşıb:

 

- Hə, daha qayıdaq,-dedi:

 

Nəriman güldü.

 

- Qayıda bilmərik.

 

- Niyə?

 

- Ona görə ki gərək bərə  dola, yükünü tuta, biz də qayıda bilək.

 

Ceyran dodaqlarını büzdü:

 

- Mən daha bezdim, evə qayıtmaq istəyirəm.

 

Amma bərə dolana qədər gözləməli oldular. Ceyran arxasını dayısına çevirib küskün oturmuşdu, sanki geriyə vaxtında qayıda bilməmələrinin günahkarı Nəriman idi. Axırı ki, bərə sahibinin səsi eşidildi:

 

-Qalxırıq.

 

Ceyran bu dəfə sevinclə bərəni, çayı süzmürdü. Onun marağı sönmüşdü. Çox cazibəli görünən minik ona adiləşmişdi. Ancaq bərə yerindən qalxanda qəfil təkəndan ürəyi çırpındı və həyəcanlı sevinc vücuduna hakim kəsildi.

 

Bərə qəfil yırğalanıb dayandı. Sükançı təlaşla bərənin döşəməsinə uzanıb suya baxdı, əlləri ilə suyu dalğalandırdı və qəzəblə deyindi:

 

- Bu hardan ilişdi bərəyə!

 

Bərədəki kişilər yaxın gəldilər ki, kömək etsinlər. Böyük bir kötük bərənin taxtasına ilişib qalmışdı.

 

Yəqin yaz sellərinin gətirdiyi "pay" idi. Yoxsa bu yerlərdə bu böyüklükdə ağac olmurdu. Ceyran bu dəfə sevindi ki, maraqlı hadisə ilə üzləşdilər. Gəlib kötüyü ağacla, əlləri ilə itələyib bərədən uzaqlaşdırmağa çalışan kişilərin yanında durdu. Dayısı onu görmürdü, yoxsa acıqlanıb uzaqlaşdırardı. Bu an Ceyranın kölgəsi üzərinə düşmüş oğlan əyilmiş qəddini dikəldib qıza zənlə baxdı. Bu baxış qızı hürkütdü. O, dərhal bərənin əks qütbünə doğru getdi.

 

Handan-hana bərə kötükdən qurtuldu. Nəriman dizini yerə vurub çayda əllərini yudu. Sonra əllərini çırpa-çırpa Ceyrana yaxınlaşdı:

 

- Qorxmadın ki, ay şeytan?

 

- Yox. Nədən qorxacağam. -Sonra - Ay dayı. O oğlan kimdir elə, - deyə gözünün odunu almış bayaqkı gəncin kimliyini sorğuladı.

 

- O,o...?- deyə Nəriman sözünü uzatdı, -Heç soruşma, atangilin düşməni Abdulhüseyndir.

 

- Hə... Deyirəm, məni niyə qanlı-qanlı süzdü.

 

 Ancaq Ceyran bilmirdi ki, bu oğlan onun alın yazısıdır, qismətidir. Qan düşmənçiliyini aradan götürmək üçün bağlanmış bir izdivacdan böyük bir nəsil törəyəcək, şanı, şöhrəti ətrafa yayılacaq.

 

Bərə sahili qucaqlayıb dayandı. İlk yerə atılan da Ceyran oldu.

 

lll

 

Səlmi əlindəki paltarı Kürün bulanıq sularında şappıldadıb mızıldadığı mahnını kəsdi. Bu mahnı dünən Nərimanın oxuduğu mahnı idi. Qız kəndi başına götürmüş gəncin səsini ürək döyüntüsü ilə dinləmiş, utanıb bir küncdə gizlənmişdi. Elə bilmişdi ki, Nəriman bu mahnıda hamıya deyir ki, mənim sevdiyim qız Səlmidir. Səlmi əllərini üşüdən yaz suyundan bir qədər də sifətinə çırpdı. Sanki dünənki xəcalətini, qızartısını aparmaq istəyirdi. Yenidən paltarları səylə suda yaxalamağa başladı və suya düşən əksi də gec gördü:

 

- Bıy, bismillah, - deyib arxaya çökdü.

 

Ceyran qəhqəhə çəkdi.

 

- Ciyəri yanmış, bir xəbər eləsənə!

 

- Elə oxuyursan, elə oxuyursan, lap dayımı da ötmüsən.

 

Səlmi qızardı.

 

- Nə oxuyuram, mən heç nə oxumurdum.

 

- Necə oxumurdun, qulağımla eşitdim.

 

Sudan gələn sürməli qız,

 

Sudan gələn sürməli qız,

 

Çox incidir kuzə səni, bala,

 

Çox incidir kuzə səni.

 

Oxuyurdun, eşitdim, - deyə Ceyran öcəşdi.

 

- Yaxşı, yaxşı, dinmə daha, məni biabır etmə.

 

- Deməli, boynuna alırsan?

 

- Hə.

 

Ceyran sahilə enib Səlmiyə kömək etdi. Bayaqdan dilotu yemiş qız indi sakitləşmişdi. İşlərini qurtaranda Səlmi paltar ləyənini götürüb başına qoydu və:

 

- Sağ ol, - dedi.

 

Ceyran qızın arxasınca addımladı. Cığır haçalaşanda  ayrıldılar. Ceyran soruşdu:

 

- Dayıma nə deyim?

 

Səlmi bu dəfə də qızardı və çiyinlərini çəkdi. Ceyran qımışdı. Qızın razılığı göz qabağında idi. Ancaq sonralar  sözünü geri götürməməsi üçün "hə"ninə etməmiş ayrılmadı.

 

- Sözünü de.

 

Səlmi başını qaldırıb batmaqda olan günəşin qıpqırmızı kürəsinə baxıb dedi:

 

Bülbüllər uçdu bağa,

Qondu budaq-budağa,

Dünyada bir canım var,

Olsun yara sadağa.

 

Ceyran cığırla uzaqlaşan qızın arxasınca o, gözdən itənə qədər baxdı. Bayatı qıza xoş gəldiyi qədər də təsir etmişdi.

 

lll

 

Səlmi Ceyranla olan söhbətindən sonra bir müddət nə Nərimanın, nə də Ceyranın gözünə görünmədi. Qız dediyi sözün peşmançılığını çəkdi: "Bu nə işdir tutdum? Birdən oğlan heç məni almadı, bəlkə mənim ağlımı yoxlayırmış? Heç nədən kənddə biabır olaram. Anam, atam eşitsə, danlaqdan, töhmətdən qurtarmaram".

 

Daxili əzab hissi Səlmini əldən salmışdı. Nəhayət, üç gündən sonra könülsüz halda ağır səhəngin qulpunu çiyninə keçirtdi. Neçə gündən bəri boşalmış qab-qacağı doldurmaq üçün Kürə sarı irəlilədi.

 

Artıq yazın gəlişi duyulurdu. Bu, sürəti artmış boz-bulanıq çayda ilkin olaraq duyulurdu. Arabir də quşların şən cikkiltisi bu gəlişi bəyan edirdi.

 

Səlmi isə heç nəyin fərqinə varmırdı. Qız çiynindəki ağırlığı da hiss etmirdi.

 

Birdən-birə çayın sahilindən mahnı eşidildi.

 

Uca dağlar başında

ceyran balalar, ceyran balalar,

Ceyranın balasını

ovçu yaralar, ovçu yaralar.

Mən yardan ayrı düşsəm

əğyar kam alar, əğyar kam alar,

Ay gözəl oğlan,

Eşit bir dayan,

Sevirəm səni,

Eşqimə inan.

Yeri, yeri, mən də gəlim dalınca

Dəsmal ilə, apar məni yanınca.

Yeri, yeri, mən də gəlim dalınca

Dəsmal ilə apar məni yanınca.

 

Səlmi ayaq saxlayıb mahnıya qulaq kəsildi və qıpqırmızı oldu. Elə bildi ki, hamı bu mahnının məhz onun üçün oxunduğunun fərqindədir. Əvvəlcə qayıtmaq istədi, amma qarşıdan, arxadan gələnləri şübhəyə salmamaq üçün yoluna davam etdi və düşündü: "Mahnıda "oğlan" sözü var, qıza ünvanlanmayıb. "Ay gözəl oğlan", - deyilir. Bundan mənə nə?" Və cəsarətlə çayın sahilinə endi. Səhəngini çiynindən götürüb suya basdı. Ağır mis səhəng poqqultuyla doldu. Daha da ağırlaşmış səhəngi çiyninə saldı və bu dəfə ağırlaşmış addımlarla geri qayıtdı. Ətrafda daha kimsə görünmürdü. Birdən qız qarşısını kəsmiş kölgədən vahimələndi və başını qaldıranda diksindi. O idi. Hər ikisinin dili, dodağı təpmişdi, hər ikisi həyəcandan ürəklərinin qopacağını zənn edirdilər. Kimsə danışmalı, ya da hansı birisə yoluna davam etməliydi ki, heç kim onları görməsin, artıq söz-söhbət yaranmasın. Lakin ayaqlar da yerə mıxlanmışdı. Nəhayət, zəif, ancaq cəsarətli səs sükutu pozdu:

 

- Səlmi, elçiləri göndərmək istəyirəm. Nə deyirsən?

 

Qız udqundu, ancaq boğazında, ağzında bir yaşlıq hiss etmədi, əksinə qupquru olmuşdu dili-ağzı. Sual təkrarlandı.

 

- Nə deyirsən?

 

Səlmi bu dəfə istədi ki, nəsə desin, amma səsi çıxmadı. Həyəcan, qorxu bütün varlığına hakim kəsilmişdi. Yenə oğlan danışdı:

 

- Ayın axırında, Novruzdan sonra elçilərim sizdədir, - dedi və uzaqlaşdı.

 

Səlmi xeyli lal-dinməz dayandı. Qonşuları Bikə xala qolundan tutub silkələməsəydi, qız yəqin ki, heykəl olub qalacaqdı.

 

- Ay qız, nə olub sənə? Rəngin-rufun da qaçıb, a bala? Xəstələnmisən?

 

Səlmi bir qədər özünə gəldi və çətinliklə bir yalan uydurdu:

 

- İlan gördüm.

 

- Boy, ay bala, bu vaxt nə ilan? Hələ hava isinməyib.

 

- Gördüm, gördüm, Bikə xala.

 

- Yəqin havalar isti keçir deyə yuvasından çıxıb, - deyə arvad razılaşdı. - Nə deyirəm, yəqin, sən deyəndir. Su iç, bala, su iç. Qorxusu canında qalar.

 

Artıq uzaqlaşmış Səlmi Bikə xalanın son sözlərini ötəri eşitdi. Özünü evə zorla çatdırdı. Rəngi qaçmış, dili-dodağı təpmiş, ürəyi şiddətdən əsim-əsim əsirdi. Bu an evdəkilərdən biri onu görsəydi, yəqin ki, mütləq sorğu-suala tutardı. Başını işlə qatmaq üçün suyu qulplu mis qazana tökdü, həyətdəki ocaqxanada çır-çırpı qoydu, ocaq qaladı. Su ilə dolu qazanı ocağın üstündə yerləşdirdi.

 

Onların odunu əsasən ülgün kollarının yoğunlaşmış oduncağı olardı. Çünki heyvandarlıqla məşğul olar, su basanda qaçıb qonşu kəndlərə sığınardılar. Müvəqqqəti tikilmiş qamış evlərinə heyifsilənməzdilər. Su çəkiləndən sonra yenidən köçüb gələr, uçulmuş qamış komalarını düzəldib güzəran sürərdilər. Bağ-bağça da salmağa ehtiyac qalmazdı. Torpaq həm şor idi, həm də su basqınlarından yararsız hala düşürdü. Bu yerlərin bitkisi yovşan, qamış, dala, şoran, ülgün kolları, gəndalaş, bir də xırda çəmən bitkiləri idi.

 

Bir azdan su qızdı. Səlmi su qızana qədər ələdiyi unu da evə apardı. Xəmir yoğurdu. Qız xəmiri hala gələnə qədər yumruqladı. O qədər ürəkdən işləyirdi ki, alnında tər damlaları göründü. Bu zaman xəmirdən əl çəkdi. Hazır xəmirin üstünü yorğança ilə bərk-bərk bürüdü. Sonra əllərini yumaq üçün həyətə çıxdı. Kiçik mis ləyəndə əlinin xəmirini yudu. Ancaq həyəcanı hələ də keçməmişdi. Qız bir az da həyəcanını yatırtmaq  üçün özünə iş axtardı. Bu dəfə süpürgəni götürüb həyəti süpürməyə başladı. Adətən səhər tezdən həyət süpürülərdi, Səlminin anası qonşudan gəlirdi. Uzaqdan qızının həyəti süpürdüyünü görüb bərk təəccübləndi.

 

- Ay qız, bu vaxt da həyət süpürülər?! Günün gedən vaxtıdır. Evin bütün xeyri-bərəkətini apararsan.

 

Səlmi əyilmiş qamətini düzəltdi.

 

- Ay məmə, zibillənmişdi.

 

Səlmi hiss etdi ki, səsi titrəyir. Anasının heç nə hiss etməməsi üçün çox danışmayıb susdu. Anası isə xeyli deyindi. Nəhayət, qab-qacağı danqıldadıb acıqlı-acıqlı:

 

- Bir damcı su da yoxdur, qaç su gətir, - dedi.

 

- Su gətirmişdim, xəmir yoğurmuşam.

 

Anasının turşumuş sifəti açıldı, səsi yumşaldı:

 

- Xəmir yoğurmusan? Nə vaxta acıyar, qızım. Gecəyə düşərik.

 

- Yox, bir azdan acıyacaq. Gedim təndirə od salım.

 

Səlmi yeni bir iş tapdığı üçün sevindi və təndirə sarı yüyürüb odunla doldurmağa başladı. Anası tənbəl arvad idi. Günü qonum-qonşu gəzməkdi. Dəstirxanda çörək olmadığından da xəbər tutmazdı. Səlmi böyüyəndən arvadın eybinin üstü örtülmüş, ərinin danlağı üstündən götürülmüşdü. Onsuz da evin bütün ağırlığı qızın çiyinlərində idi. Anasının işi heyvanları sağıb məhsulunu hasil etməkdən, bir də qonşularda çənə döyməkdən ibarətdi. Səlmi evin böyüyü idi. Hələ kiçikliyindən bacı-qardaşını böyütməkdə də anasına çox kömək etmişdi. Qız anasına heç oxşamırdı. Atası da onu çox istəyirdi. "Sən mənim zirək qızımsan", - deyərdi. Anası arabir ürəyindən keçirirdi ki, bu qız ərə getsə, mənim bütün işlərim dolaşacaq. Səlmi isə bir sevda sorağında idi. Bu sevdasının ünvanı artıq müəyyənlənmiş və qız yeni bir aləmin astanasından içəri adlamaq üçün həyəcanla gözləyirdi. Gözləyirdi ki, Novruz ötsün, onların qapısını elçilər döysün.

 

lll

 

Novruz gəlib çatdı. Bu yerlərin adəti belə idi  ki,  bir ay əvvəldən qız-gəlin yığışır, müxtəlif oyunlar keçirərdilər. Kürün sahili şən səs-küylə dolardı. Oğlanlar, kişilər onlara qoşulmazdılar. Axır çərşənbə isə bütün kənd tonqal qalayar, əski parçaları bürmələyib lopalar düzəldər, bacardıqları qədər atəşfəşanlıq yaradardılar. Bu çərşənbədə qız, gəlin, oğlan, kişi, qoca, uşaq bir-birinə qarışardı. Qurşaq atan kim, qulaq falına çıxan kim.

 

Səlmi də çərşənbə plovunu yeyəndən sonra bir ovuc un götürdü. Xəmir düzəltdi, xəmiri üç kiçik hissəyə ayırdı, birinin içinə noxud qoydu. Sonra xəmirləri şar kimi yumurladı. Noxudlu xəmirin hansı olduğu bilinmədi. Xəmirlərdən birini pəncərəyə, birini qapının yuxarısına qoydu, digərini otağın küncündə gizlətdi. Noxud qapıda çıxsaydı, demək, qız ata evindən toy-düyünlə ərə gedəcəkdi. Yox, pəncərədə çıxsaydı, deməli, qız qoşulub qaçacaqdı. Əgər noxud küncdə gizlədilmiş xəmirin içində çıxsaydı, onda həmin il ata evində oturub   qalacaqdı, adını çəkən olmayacaqdı.

 

Səlmi heç vaxt belə fala baxmamışdı. İndi qəlbini bürüyən sevdası onuda yerindən oyatmış, qızlara qoşulub bəxtini sınamağa sövq etmişdi. Üç qız sözü bir yerə qoymuşdular ki, axşam noxud falı etsinlər. Səhər bir-birinə söyləyəcəkdilər.

 

 Səhərin üzü ağarmamış Səlmi gözlərini açdı. Evdə heç kim oyanmamışdı. Noxudlu xəmir yadına düşdü. Yerindən sıçrayıb əvvəlcə qapıya doğru getdi. Qəlbi döyünə-döyünə axşamdan qapının yuxarı başında gizlətdiyi xəmiri axtarıb tapdı. Tez xəmiri barmaqları ilə əzdi. Barmağı bərk cismə təmas etməyəndə pərt oldu. Sonra özünə toxtaqlıq verib pəncərədəki xəmiri götürdü. Burada da eyni vəziyyətlə üzləşəndə bədəni tamam sustaldı. Bu  dəfə otağın küncündəki xəmiri götürdü. Noxudun burada olduğunu bilsə də, yenə xəmiri əzib baxdı. Tapdığı noxudu hirslə bir tərəfə tulladı və təkrar yatağına girdi. Artıq hava yavaş-yavaş işıqlanırdı. Anasının oyandığını bəlli edən həniri eşidilirdi. Qız yorğanı başına çəkib oyandığını bəlli etmədi. Bu an fikir-xəyal içində tək qalmaq, heç kimlə kəlmə kəsməmək istəyindəydi. Anası qapını açıb çölə çıxdı. Yəqin inəkləri sağmağa gedirdi. Səlmi yorğanı başından aşağı çəkdi, gözlərini qamış tavanına zillədi. "Bu oğlan məni həqiqətən sevir, yoxsa...? Yox, sevməsəydi Ceyranı yanıma göndərməzdi. Kənd içində oxunan mahnılar, gizli baxışlar - hamsı yalan ola bilməz. Bəs niyə noxud küncdə çıxdı? Axı o, elçilərini bayramdan sonra göndərəcəyinə söz vermişdi".

 

Səlminin fikirləri qarışdı. Qız bilmirdi ki, fala inansın, yoxsa Nərimana. Bu ziddiyyətli duyğularla da gününü başlamaq üçün həmişəkindən fərqli olaraq tənbəl-tənbəl ayağa durdu.

 

lll

 

Kürün suyu çoxalmış və daha da bozarmışdı. Deyəsən, yazın gəlişi bayramdan sonra sürətlə özünü göstərirdi. Əriyən qarlar, buzlar çayın suyunu xeyli artırmışdı.

 

Səlmi qızların səsini eşidib addımlarını yeyinlətdi. Gülbahar və Sənubər idi. Kürün sahilində gülüşürdülər. Səlmi onlardan qabaq:

 

- Bayramınız mübarək, - dedi.

 

Öpüşüb-görüşdülər. Bir-birilərinə xeyli təzə il arzuladılar. Üçü də mis səhəngini çaydan doldurdu. Geri qayıdanda Gülbahar:

 

- Ay qızlar, fal etdinizmi? - soruşdu.

 

Sənubər dilləndi;

 

- Hə, etdim. Mənim falım qapıda çıxdı. Bəs səninki, Gülbahar?

 

Gülbahar qəhqəhə çəkdi:

 

- Mənimki pəncərədə. Görünür, qaçacağam.

 

Səlmi isə susmuşdu. Sənubər onun qolundan çəkdi və soruşdu:

 

- Ay qız, bəs sən etmədin?

 

Səlmi zorla cavab verdi:

 

- Etdim.

 

- E-e?

 

- Mənim falım küncdə çıxdı.

 

Qızlar susdular. Handan-hana Sənubər dedi:

 

- Hər fala adam inanmaz. Mən keçən il də baxmışdım...

 

Səlmi onun sözünü kəsib tələsik soruşdu:

 

- Səndə də küncdə çıxmışdı?

 

Sənubərin dili topuq çaldı:

 

- Yox, mən unudub noxud qoymamışdım.

 

Səlmi pərt oldu. Qızlar daha dillənmədilər. Artıq cığırlar haçalanırdı. Dinməzcə sağollaşdılar və ayrıldılar.

 

lll

 

O gündən, Novruzun səhərindən Səlminin gözləri Kürün sahili boyunca haçalaşan cığırlarda qaldı. Bu cığırlar onun taleyini, qismətini gətirməli idi. Ancaq günlər bir-birini qovurdu, elçilər isə görünmürdü.

 

Kürün suları da gündən-günə artırdı. Hər an sel təhlükəsi kəndi narahat edirdi. Hər ehtimala qarşı heyvanları sürüb uzaqlaşdırmışdılar. Bir gün alaqaranlıqda hay-həşir səsinə yuxudan oyandı. Deyəsən, bayırda camaat qaçışırdı. Boğuq, bəzən də aydınlaşan səslər böyük bir təhlukədən xəbər verirdi. Səlmi dərhal anladı ki, sel gəlir. Qız yerindən sıçradı, balaca bacı-qardaşını silkələyib oyatdı. Neçə gündən bəri yığıb hazırladıqları ev əşyalarına sarı cumdu, hərənin əlinə bir şey verib çölə qovdu.

 

- Tez olun, tez olun! Arabaya qaçın!

 

Artıq atasının səsi də arabanın yanından gəlirdi. Qoşa at qoşulmuş araba var-gücü ilə dartındı.

 

Yol boyu hamı səpələnmişdi. Kimi piyada, kimi atlı. Qaranlıq vahiməni daha da artırırdı. Arxalarınca ilan kimi fısıldayan çayın hirsli, hikkəli səsi gəlirdi. Selin nəriltisi insan qəlbində dəhşətli bir vahimə oyadırdı. Qaçanlardan kimsə çağırırdı:

 

- Kənddə qalan oldu! Çıxa bilməyənlər var!

 

Səlmi yenidən uşaqlara göz yetirdi. Hamını bir yerdə görüb ürəyi sakitləşdi. Ancaq hələ təhlükə sovuşmamışdı. Sel arxadan haqlaya bilərdi. Qaçqınlar bacardıqları qədər cəld irəliləyirdilər.

 

...Səhər açılırdı. Gecə öz qaranlıq örpəyini başından sivirib atır, gündüz öz işıqlı camalı ilə ətrafa meydan oxuyurdu.

 

Səlmi arabada bir-birinə qısılıb yatmış anasına, bacı-qardaşlarına baxdı. Atası arabanın qozlasında mürgüləyirdi. Bütün kənd çaydan xeyli aralıda, qonşu kəndin yamacında toxtamış, gecəni birtəhər keçirmişdilər. Səlmi yenə narahat idi. O, bütün gecəni gözlərini qırpmamışdı. Ürəyi kənddə qalmışdı. Elə bil qızın bir itkisi vardı. Bu itkini kənddə qoyub gəlmişdi.

 

Nəhayət, düşərgədə yavaş-yavaş canlanma başlandı. Oyananlar bir-birlərindən hal-əhval tutur, üzüntüdən saralıb-solmuş çöhrələrinə bir təskinlik ifadəsi verərək "Allaha şükür" diləyirdilər. Birdən düşərgədən fəryad səsi qopdu. Hamı bildi ki, ağır bir itki ilə qarşılaşıblar. Nəzərlər selin kükrədiyi səmtə zilləndi. Su basmış kənddən iki atlı gəlirdi. Atların birinin təkində aşırılmış insan silueti görünürdü. Meyid olduğu bəlli idi. Digər atlı yavaş-yavaş irəliləyirdi. Hamı qəlb çırpıntısı ilə gözləyirdi. Kişilər qabağa yeridilər. Atlıları dövrəyə aldılar. Meyidi ehmalca yerə qoydular.

 

Səlmi həyəcanla arvadlara göz qoyurdu. Kim birinci irəli şığısaydı, meyidin sahibi olduğu müəyyənləşəcəkdi. Birdən Nərimanın anası əllərini dizinə çırpıb:

 

- Bədbəxt balam, mahnıları selnən gedən balam, - deyə şivən qopartdı.

 

Səlmi qəlbinin sancdığını, dizlərinin büküldüyünü hiss etdi. Ölən Nəriman idi...

 

lll

 

Artıq yay gəlmişdi. Havalar isinmiş, Kür də məcrasına sığıb sakitləşmişdi. Ancaq bəzi yaralar qaysaqlanmadığı kimi, bəzi yollar da boş qalmışdı. Səlminin elçilərini gətirən yollar kimi...

 

Ruhəngiz ƏŞRƏFQIZI (NƏCƏFOVA) 

Neftçala

525-ci qəzet.- 2016.- 14 iyun.- S.7-8