Azərbaycan turizmi: Mövcud vəziyyət
və perspektivlərin dəyərləndirilməsi zərurəti
XIX əsrin
ortalarınadək insanlar yaşadıqları ərazidən
uzaq yerlərə çox az səyahət
ediblər.
Müəyyən məqsədlə səfərə
çıxanlar at və ya at arabasından istifadə edər,
yemək və yatağa ehtiyac olanda isə karvansarada gecələyərdilər.
İlk səyahətlər,
əsasən, ticarət, dini, iqtisadi amillərlə
bağlı olsa da, sonralar insanlar yeni yerlər kəşf etmək,
fərqli mühit görmək, fərqli davranış tərzləri
ilə tanış olmaq, ən önəmlisi
isə görüb-öyrənmək məqsədilə səyahətlərə
çıxıblar. Qədim Azərbaycanın ərazisindən
keçən Böyük İpək Yolunun yolçuları
ilk səyahətçilər sayılıb. Şərqlə Qərb arasında körpü rolu
oynayan ölkəmizin əlverişli təbii-coğrafi şəraiti,
zəngin yerüstü və yeraltı sərvətləri
bütün tarixi dövrlərdə həmişə yüksək
dəyərləndirilib. Bu gün isə
unutmaq olmaz ki, turizm əlverişli biznes növüdür.
Bəs hazırkı vəziyyətdə, yəni
ölkəmizin turizm sahəsində tarixini əks etdirən
inkişaf bazası olmadan Azərbaycan üçün
"qızıl orta" necə müəyyənləşməlidir?
Bizə
turist lazımdır: istər yerli, istərsə də xarici. Turistin qarşılaşdığı ab-hava,
xoş təəssürat, qonaqpərvərlik çox önəmlidir.
Son illər bu sahədə görülən
işləri yüksək dəyərləndirmək
lazımdır. Azərbaycanın dünyada təkcə
neft ölkəsi kimi deyil, əlverişli coğrafi mühitə
malik bir dövlət kimi tanınması məqsədilə
2010-cu ildə "2010-2014-cü illərdə Azərbaycanda
turizmin inkişafına dair" Dövlət Proqramının
qəbul olunması, Prezident İlham Əliyev tərəfindən
2011-ci ilin ölkəmizdə "Turizm ili" elan edilməsi
ilə əlaqədar Tədbirlər Planının təsdiq
və icra olunması respublikamızda turizm sənayesi mərhələsinin
başlanğıcı oldu.
Azərbaycanda turizm bazarının formalaşması
tarixi 2001-ci ildən başlayıb. Məhz həmin ilin 4
iyul tarixində ulu öndər Heydər Əliyevin Sərəncamı
ilə bu sahəyə nazirlik statusu verilib. Sonrakı illərdə isə dövlət dəstəyi
nəticəsində ölkəmizdə turizm sənayesi
inkişaf edərək təkmilləşib. Belə ki, əgər 2001-ci ildə Azərbaycanda 3
turizm şirkəti var idisə, hazırda turizm şirkətlərinin
sayı 300-ə yaxındır. Bu gün
mehmanxana tipli 300-dən çox obyekt xüsusi razılıq
(lisenziya) əsasında fəaliyyət göstərir ki, bu da
ölkəmizdə bu sahənin davamlı inkişafına əyani
sübutdur.
Ümumdünya Turizm Təşkilatının (ÜTT)
2001-ci ilin sentyabrında Seulda keçirilən Baş
Assambleyasında həmin təşkilatın tamhüquqlu
üzvü seçilən Azərbaycanda turizm sektorunu tənzimləyən
üçlük mövcuddur: dövlət turizm təşkilatı,
regional icra orqanları və turizmin özəl sektoru. Respublikamızın ərazisində
hər üç sektoru - turizm xidməti bazarını tənzimləyən
əsas sənəd isə 4 iyun 1999-cu ildə qəbul olunan
17 maddədən ibarət "Turizm haqqında qanun"dur. "Turizm qanunu" Azərbaycan Respublikasında
turizm bazarının hüquqi əsaslarının həyata
keçirilməsinə yönəlmiş dövlət siyasətinin
prinsiplərini və turizm fəaliyyətinin əsaslarını
müəyyən edir, turizm sahəsində münasibətləri
tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən
vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli
istifadə olunması qaydasını təsdiqləyir. Bu tənzimləmə ölkəmizdə yeni yaranan
turizm sahəsinin inkişafına həm təkan verir, həm
də ölkə üçün turizmdən maksimum
yararlanmağa imkan yaradır. - Azərbaycan nə
üçün turist axınının diqqət mərkəzində
olmalıdır? - sualına bu gün
çox aydın və tutarlı cavabımız belə olar:
- əlverişli təbii-coğrafi şəraitə, qədim
və zəngin mədəniyyətlə müasirliyin vəhdətinə,
mövcud siyasi sabitlik və cəmiyyətdə hökm
sürən tolerantlığa, qonaqpərvər və humanist
olduğumuza görə.
Ölkəmizi gözəlləşdirən və
özəlləşdirən amilləri görüb dəyərləndirməklə
yanaşı, təbii ki, turizm sektorundakı mövcud problemlərdən
də yan keçmək olmaz. Sözsüz ki,
"Turizm qanunu"ndakı boşluqlar tənzimlənməli,
ən başlıcası isə Turizmin İnkişafına
dair Strateji Plan hazırlanmalıdır. Bu baxımdan: 1)
Məlumatlandırıcı proqramların hazırlanması və
bu işə məqsədyönlü, ardıcıl nəzarət
edən bir qurumun yaradılması vacibdir. Turizm sektorunun daha
sürətli inkişafı, rəqabətqabiliyyətliliyi və
yüksək gəlir əldə edilməsi üçün
bu sahədə iş müvəqqəti, dövri xarakter
daşımamalıdır.
2) Kadr
çatışmazlığı aradan
qaldırılmalı, bu sektorun xidmət sahələrinə ixtisaslı
mütəxəssislər cəlb edilməlidir. Turizm personalının mütəmadi olaraq kurslara
göndərilməsi, maarifləndirilməsi,
vaxtaşırı treninqlərin keçirilməsi problemin həllinə
müsbət təsir göstərər.
Turizm sənayesinin inkişafı ilə bağlı
ehtiyacları ödəmək - turizmin
balanslaşdırılmış şəkildə
inkişafını təmin etmək, düzgün idarəetmə
və turizm ehtiyatlarından səmərəli istifadə
mexanizmlərini qorumaq üçün respublikamızın
bütün bölgələrində rəqabətədavamlı
turizm xidməti sahələri yaradılmalı,
inkişafı peşəkarlarla davamlı etməkdən
ötrü səmərəli işlər görülməlidir.
3) Turistlərə Azərbaycanla tanışlıq məqsədilə
kifayət qədər əyani vəsait - turist xəritələri
və kitabçaları, broşurlar paylanmalıdır. Bu işdə təbliğat
vasitəsi kimi elektron marketinqin - Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən 2013-cü ildə
yaradılmış, 7 dildə fəaliyyət göstərən
www.azerbaijan.travel
rəsmi milli turizm portalının rolu yüksək
dəyərləndirilməlidir. Həm minlərlə istifadəçinin
daxil olduğu sayt, həm də dövlət qurumları tərəfindən
yaradılmış müvafiq səhifələr
sırasında 4-cü yerdə olan Mədəniyyət və
Turizm Nazirliyinin facebook səhifəsi deməyə əsas
verir ki, Azərbaycan turizm potensialının xarici ölkələrdə
reklamının aparılması təbliğat siyasətimizin
prioritetlərindən biri hesab edilir.
4) Turizmin
obyektlərində qiymətlərin baha olması səbəbindən,
bu, bir həqiqətdir ki, hətta yerli turistlər belə səyahət
üçün ölkə daxilini deyil, əsasən,
qonşu ölkələri (Gürcüstan, Türkiyə və
s.) seçirlər. Bu problemin həlli
üçün məhz dövlət dəstəyinin olması
çox vacibdir. Belə ki, turizm şirkətlərindən
18 faiz həcmində əlavə dəyər vergisi tutulur ki,
bu da həmin şirkətlərin yerli və xarici turistlərə
daha yüksək məbləğ
qarşılığında xidmət təklif etməsinə
səbəb olur. İnkişaf etmiş
ölkələrin təcrübəsinə nəzər salıb
bu sahədə dövlət tərəfindən müəyyən
həvəsləndirici güzəştlər etmək,
müxtəlifyönlü dəstəkləyici tədbirlər
(aşağı dəyər vergisinin tətbiq olunması,
turizm obyektlərinin xərclərinin azaldılması və
s.) keçirmək zəruridir.
Bölgələrimizdə yeni yaranan şirkətlər
qiymətləri ucuzlaşdırmaqla da xeyli turist cəlb edə
bilərlər. Sonrakı illər həmin bu turistlər
gəzməli-görməli yerlərimizə dəfələrlə
gəlib onlara qat-qat artıq qazanc gətirər.
Bir məsələ
də xüsusi qeyd edilməlidir ki, əsas problemlərdən
biri səyahət günlərinin sayının az olmasıdır. Bu amil qiymətlərə
də təsir göstərir. Günlərin sayı az, qiymətlər isə yüksək
olduğundan turistlər başqa ölkələrə üz
tuturlar.
Biletin tərkibinə
daxil olan gəzinti turları da turist üçün az əhəmiyyətli deyil. Belə
ki, turist təklif edilən digər turlar baha olduğundan
çox vaxt təkcə biletin tərkibinə daxil olan turlarla
kifayətlənir. Belə gəzintilər
maraqlı olmalıdır ki, turist üz tutduğu ünvana
bir də gəlsin.
Yemək çeşidlərinin müxtəlifliyi,
bolluğu və all inclusive sistemlə verilməsi, mehmanxana
personalının xidmət təmizliyi qaydalarına ciddi riayət
etməsi də turistləri bir gəldikləri məkana bir dəfə
də gətirən mühüm amillərdəndir.
5) Turizm
xidmətlərinin zəif elektronlaşması aradan
qaldırılmalı, istər yerli, istərsə də əcnəbi
turist səyahət edəcəyi şəhər, kənd,
orada yerləşən turizm obyektləri və xidmətləri
haqqında əvvəlcədən elektron məlumat
toplamağa nail olmalıdır. Şəkillər paylanarsa,
xidmət haqqının əvvəldən ödənməsi
mümkün olarsa, bu iş çox asanlıqla həllini
tapar.
6) Ölkəmizdə
turizmin bir istiqamət üzrə cəmləşməsi
yolverilməzdir. Azərbaycanda şəhər
turizmi ilə yanaşı, rayon və kənd turizminin
inkişafı üçün geniş potensial olsa da, daxili
turizm xarici turizmə alternativ olaraq qiymətləndirilir.
Avropa ölkələrində isə əksinə,
daxili turizm xarici turizmi bir növ tamamlayır. Əgər
daxili turizmi gücləndirsək, bu, tarixi-mədəni dəyərlərimizin
tanınması, zəif inkişaf etmiş bölgələrimizin
iqtisadi canlanması baxımından mühüm əhəmiyyət
kəsb edər və Avropa ölkələrində mənimsənilmiş
"hər kəs üçün turizm" prinsipi Azərbaycana
da şamil olunar. Məsələn, Fransa və
İtaliyada turizm bazarının 65 faizini, Almaniyada isə 47
faizini daxili bazar formalaşdırır. Avstraliya
Turizm Nazirliyinin ölkədaxili turizmi canlandırmaq məqsədilə
"Tətilə çıxın" şüari ilə
keçirdiyi kampaniya da əhalinin ölkə daxilində mənalı
istirahətinə yönəldilmiş ən maraqlı tədbirlərdən
biridir.
7) Turizmin
inkişafı üçün dövlət-özəl sektor
əlaqələrinin zəifliyi aradan qaldırılmalı,
lazımi infrastrukturun qənaətbəxş səviyyəyə
çatdırılmasında həm özəl sektorun, həm
də dövlətin üzərinə böyük məsuliyyət
düşdüyü dərk olunmalıdır. Bunun
üçün birgə fəaliyyət planı
hazırlanmalı, qarşılıqlı güzəştlərin
reallaşdırılması üçün inamlı
addımlar atılmalıdır. Bu
baxımdan görülən işləri də danmaq olmaz.
Respublikamızda turizm şirkətlərinin və
mehmanxanalarının birgə fəaliyyətini birləşdirən
və hazırda 300 nəfərə yaxın üzvü olan
Azərbaycan Turizm Assosiasiyası, 2014-cü ildən isə Azərbaycan
Sağlamlıq və Terminal Turizmə Dəstək Assosiasiyası
yaradılıb ki, bu təşkilatlarda iş dövlət
turizm sektoru ilə əlaqəli qurulduğundan mütəxəssislər
tərəfindən yüksək dəyərləndirilir.
8) Turizmdə
ölkəmizin əziyyət çəkdiyi digər bir məsələ
viza prosedurlarıdır. Viza prosedurlarına
xeyli vaxt sərf edilir və bu prosedurların uzanması
ucbatından bron edilmiş otellərin və biletlərin ləğvi
halları tez-tez baş verir.
Qeyd: Bu
günlərdə "Asan Viza" Xidmətinin
açılacağı, eləcə də 2016-cı ilin
sonunadək Milli Məclisdə yeni "Turizm qanunu"nun qəbul
ediləcəyi və bu qanuna əsasən Təhsil Nazirliyi tərəfindən
"Məktəbli-turist" layihəsinin
reallaşdırılacağı xəbərlərini
eşidib sevinməmək olmaz. Şübhəsiz
ki, problemlərin həlli istiqamətində həyata
keçiriləcək bu və ya digər tədbirlər gələcəkdə
turizm sektorunun Azərbaycanda ölkə iqtisadiyyatına
böyük həcmdə gəlir gətirməklə
yanaşı, respublikamızın dünyada tanınmasına
da ciddi təsir göstərəcək. Beləliklə,
müasir dövrdə turizm ölkəmizin milli dəyərlərindən
birinə çevriləcək.
Gəlin unutmayaq ki, beynəlxalq arenada güclü dövlətlər
və millətlərlə qlobal yaxınlaşmanı təmin
etmək, ölkələrarası əlaqələrdə
iqtisadi, sosial və siyasi inkişafa nail olmaq üçün
turizm ən əhəmiyyətli stimuldur. Ölkəmizin
gələcəyi naminə təkcə indiki deyil, həm də
gələcək nəsillərə məxsus olan turizmə dəyər
verməyi bacaraq.
AİDA QULİYEVA
525-ci qəzet.- 2016.- 14 iyun.- S.4.