"Mədəniyyətlərimizi bir-birinə
daha da
yaxınlaşdırmaq niyyətindəyik"
Kayseri Mədəniyyət və Turizm İdarəsinin müdiri İsmət Toymuş əslən Azərbaycan türküdür.
Ata-babaları ötən
əsrin əvvəllərində
Türkiyəyə gəliblər
və Kayseridə məskən salıblar.
İsmət bəy Türkiyə şəhərləri arasında
sənaye, mədəni
və turizm baxımından önəmli
yerdə dayanan Kayserini Azərbaycan şəhərlərindən biri
ilə qardaşlaşdırmaq,
qarşılıqlı mədəni,
turizm əlaqələrini
gücləndirmək niyyətindədir.
- Mən 20 ildir ki, Kayseri Mədəniyyət
və Turizm İdarəsinin müdiri vəzifəsində çalışıram.
Bundan öncə eyni vəzifəni Adana və Sinopda icra etmişəm.
Özüm də, xanımım
da Azərbaycan türküyük. Qızlarıma da Azərbaycan adları - Qaragilə və Aybəniz qoymuşam. Hər zaman Azərbaycan
türkü olmağımızla
fəxr etmişik, ata-babalarımızın mədəniyyətini,
adət-ənənəsini yaşatmağa çalışmışıq.
Məsələn, mən Azərbaycan
xalq rəqslərini çox gözəl ifa edə bilirəm.
Azərbaycan mədəniyyəti ilə bağlı çalışmalarım var. Könlüm
ata-baba torpaqlarımızda
olduğu üçün
iki ildən bir oraya gedib-gəlirəm.
Azərbaycan Kayseri əlaqələrini yaxınlaşdırmağa çalışıram.
Burada təhsil alan azərbaycanlı
gənclərlə davamlı
əlaqə saxlayıram.
Azərbaycan türkləri çox
qonaqpərvər, istiqanlı
xalqdır. Bu baxımdan Azərbaycan və Anadolu mədəniyyətlərini bir-birinə
daha da yaxınlaşdırmaq,
tanıtmaq niyyətindəyəm.
Bir sözlə, istəyirəm
ki, gediş-gəlişlər
artsın.
- Kayserinin tarixi, bu tarixi əks
etdirən abidələr,
turizm imkanları haqqında nə deyə bilərsiniz?
- Kayseri Anadolunun mərkəzində
yer alan
böyük bir şəhərdir. Əhalisi 1 milyon
yarıma yaxındır.
Əlverişli coğrafi mövqeyinə
görə, şəhərə
ölkənin hər tərəfindən gəlmək
mümkündür. Avtomobil və
dəmiryolları çox
inkişaf etdirilib.
Şəhər iqtisadiyyatı əsasən
ticarət və sənaye üzərində
təşəkkül tapıb.
Tarixi isə çox qədimlərə,
6 min il əvvələ
gedib çıxır.
Arxeoloji qazıntılar da sübut edir ki, şəhərdə şumerlərdən, skiflərdən
başlayaraq Roma, Bizans,
Səlcuq, Osmanlı mədəniyyətlərinin izləri,
zəngin irsi mövcuddur. Məsələn, Kanışkarumda aparılan
arxeoloji qazıntılar
da sübut etdi ki, Kayseri Anadolunun ilk gömrük qapısı olub. Eradan əvvəl 2500-cü ildə
Mesopotamiyada hazırlanan
məhsullar Anadoluya, Kanışkaruma gətirilir,
buradan başqa ölkələrə aparılırdı.
Kayseridə 50 ildən çoxdur
arxeoloji qazıntılar
aparılır. Qazıntılar zamanı aşkar edilən əşyalar Ankarada Mədəniyyətlər
Muzeyində və
Kayseri Arxeoloji Muzeyində
sərgilənir. Şəhər maddi mədəniyyət abidələri ilə zəngindir. Burada Roma və
Bizans dönəmində
tikilmiş 24 kilsə
var. Xüsusilə, Soğanlı
bölgəsində xristianlıq
dövrünə aid yeraltı
kilsələr mövcuddur.
Həmin
kilsələrin içərisində
xristianlığı anladan
freskalar hələ də olduğu kimi qalmaqdadır. Səlcuqların zamanında da
çox böyük tarixi abidələr, məsələn, körpülər,
karvansaralar, qapalı bazarlar, 15-ə yaxın qübbə və s. tikilib. Onu da qeyd edim ki, Osmanlı
zamanında dünya memarlarının piri hesab edilən Memar Sinan kayserili
olub və burada onun memarı
olduğu abidələr
var. Cümhuriyyət dövründə
də çox gözəl binalar tikilib. Mədəniyyət və Turizm
Nazirliyi burada çox önəmli işlər aparır, bütün tarixi abidələri bərpa edirik. Hazırda XIX əsrin sonu
- XX əsrin əvvəllərində
tikilən yaşayış
evlərində bərpa
işləri aparırıq.
Onlar
"Qədim evlər"
statusu ilə mühafizə edilir.
Şəhərdəki mədrəsə və karvansaraylardan ibarət "Səlcuqlu əsərləri" UNESCO-nun dünya mirası siyahısına daxil edilib.
- Burada turizmin hansı növləri daha çox inkişaf edib?
- Türkiyədə ən önəmli qış turizmi obyektlərindən olan Ərciyəz Qış Turizm Mərkəzi Kayseridədir.
Böyükşəhər bələdiyyəsi burada 275 milyon avroluq bir layihə
həyata keçirir.
Avropanın Alp dağlarında qış turizmi ilə bağlı qurulan infrastruktur bizdə də var. Məkan gözəllikləri,
əlverişli infrastrukturu,
müasir standartlara cavab verən hotelləri ilə cəlbedicidir. Artıq layihənin
80 faizi tamamlanıb.
Xaricdən turistlər də
gəlməyə başlayıb.
Bundan başqa, xristianlıqdan qalma Soğanlı abidələri var. Kapadokyanın
bir hissəsi olan bu məkanda
60-a yaxın məbəd
qayaları ovaraq tikilib. Oradakı "quş evləri",
təbii gözəlliklər
Kapadokya bölgəsinin
ən maraqlı yeri hesab edilir.
Hər il
35-40 min xarici turist Soğanlını ziyarət
edir. "Quş
cənnəti" adlı
məkan da Kayseri turizmində önəmli yer tutur. Bu, köçəri quşların yerləşdikləri
məkandır. 1986-cı
ildən bəri aparılan araşdırmalar
burada 251 quş növünün olduğunu
göstərib. Bu, ekosistemin ən maraqlı tərkib hissəsidir. Dünya üzrə
köç edən quşlar, yolüstü burada yaşaya bilirlər. "Quş cənnəti"nə
davamlı olaraq flaminqo və digər quşlar gəlir və orda çoxalırlar.
Köçmək mövsümü gələndə isə isti ölkələrə,
Hindistana, Asiyaya doğru gedirlər.
Bu yerlər təbii mədəni irs
olaraq mühafizə edilir. Orda pansionumuz da
var. Turistlər səhər
saat 5-6 arası təknələrlə gəzərək
quşları seyr edə və şəkil çəkdirə
bilirlər. Kayseri həm də özünün qeyri-adi şəlalələri ilə
məşhurdur. Bunlar dünyada
böyüklüyünə görə 4-5-ci yerlərdə
dayanan Kapuzbaşı
şəlalələridir. Adətən
dünyada şəlalələr
yüksək yerdən
gəlib aşağı
tökülür. Amma bu şəlalələr dağların
içərisindən gələn
çox zəngin su qaynağıdır.
70 metr yüksəklikdən
gələn bu sular bir çay
yaradır ki, bu məkanlarda rafting (ekstermal idman növü) yarışları
keçirə bilirik.
- Bu gün bir ölkənin,
şəhərin turizmini
tanıtma vasitəsi kimi müxtəlif festivallardan da istifadə olunur. Kayseridə hansı festivallar var?
- Bizim beynəlxalq səviyyədə deyil, yerli festivallarımız
var. Məsələn, yerli
məhsullarımızı tanıtmaq üçün
müxtəlif festivallar
(üzüm, qatıq
və s.) düzənləyirik.
Bundan başqa, "Həmrəylik
festivalı", Əfşar
türkləri ilə
bağlı "Əfşar
Dadar oğlu festivalı" keçiririk.
Sonuncu festivala bütün türk dünyasından,
o cümlədən, Azərbaycandan
da iştirakçılar
dəvət edirik.
Xüsusi olaraq vurğulamaq
istərdim ki, Kayseri Türkiyədə ən çox festivallar keçirilən şəhərlərdən
biridir. Bu festivalların hər birinə Mədəniyyət
və Turizm Nazirliyi dəstək verir.
- İndi dünyada
"qardaşlaşmış şəhərlər" deyə,
bir xoş niyyət mövcuddur. Bu proses
qardaş Türkiyə
və Azərbaycan arasında da geniş şəkil almaqdadır. Gələcəkdə sizin Azərbaycanın
hər hansı bir şəhəri ilə qardaşlaşdırmaq
niyyətiniz varmı?
- Təbii ki, var. Məsələn, bu Sumqayıt və ya Qəbələ şəhərləri ilə
ola bilər.
Kayseridə parklardan birinə
Qarabağ şəhidlərindən
birinin adını verdik. İndi isə biz bunu arzu edirik: burda
bir park salaq, ildə bir dəfə
Azərbaycan sənət
xadimləri, yazıçıları,
jurnalistləri ilə
birlikdə "Azərbaycan
günləri" keçirək.
Sonra da Azərbaycanda
"Kayseri tanıtım günləri"
keçirilsin. Bununla da
bir millət olaraq bir-birimizi daha yaxından tanıyarıq, əlaqələrimiz
genişlənər. Azərbaycan da
turizm baxımından
zəngin bir ölkədir. Mən Bakıya
heyran oldum. Bakı dünyanın ən gözəl şəhərlərindən
biridir. Şəhərdə xüsusilə mədəni
turizm üçün
çox böyük imkanlar var.
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2016.- 14 iyun.- S.5.