Bir şeir - bir ensiklopediya
SƏMƏD VURĞUNUN "AZƏRBAYCAN"I HAQQINDA DÜŞÜNCƏLƏR
(Əvvəli
ötən sayımızda)
"Azərbaycan" şeirinin 16-cı bəndində
iki dəfə "Qarabağ" sözünü işlətməsi
ilə vətənpərvər şair, bir tərəfdən
vətənin bu parçasına necə yüksək önəm
verdiyini göstərir, digər tərəfdən də o cənnətməkan
yerlərin faciəli gələcəyini görürmiş
kimi, sövqi-təbii olaraq,
narahatçılığını büruzə verirdi. "Könlüm
keçir Qarabağdan" ifadəsi ilə duyğusal
şairin indi milyonlarla azərbaycanlı üçün
könül dağına çevrilmiş o şahənə
yerlərə həsrət qalacağımızı sanki irəlicədən
duyması heyrət doğurur. Qarabağın himninə
çevrilmiş möhtəşəm "Qarabağ şikəstəsi"nin sonunda həmin bəndin oxunması da bu
şeirin əzəmətinin göstəricisidir.
Şeirin 18-ci bəndi bütövlükdə Azərbaycan
ədəbiyyatına, ona verilən dəyərə həsr
edilib, S.Vurğun dahi Nizamini və Füzulini xatırlayaraq, əsl
sənət əsərlərinin və sənətkarın
ölməzlik fikrini önə çəkib. O, "Deyilən söz
yadigardır" ideyasına əminlik bildirərək,
bütün vətən yazarlarını hünər və cəsarətlə
qəlblərindəkini deməyə, yazmağa səsləyir.
Səməd Vurğun şeirlərində heç bir
sözü, misranı gəlişigözəl olsun deyə və
ya qafiyə xatirinə yazmayıb.
Onun
yaradıcılığında hər sözün, hər
misranın öz yeri, öz məna yükü var. Məsələn,
şeirin 17-ci bəndindəki ilk iki misrasını
götürək:
Gözəl
vətən! Mənan dərin,
Beşiyisən
gözəllərin!
Baxın, dəyərli şair birinci misrada nə demək
istəyir?
Bilirik ki, vətənimizin adının mənası
haqqında çeşidli yozumlar mövcuddur, onun mənası
tam dəqiqliyi ilə müəyyən edilməsə də, əksər
tədqiqatçılar onun "odlar yurdu", "ərənlər
ölkəsi" kimi yozulmasının tərəfdarıdır.
Onu "xəzərlər ölkəsi" kimi
yozanlar da var. Bu dərin mənanın
araşdırılması toponimika elminin predmetidir. İstənilən halda, "Azərbaycan"
sözünün mənası üzərində dilçi,
tarixçi və coğrafiyaçı alimlərimiz hələ
çox işləməlidirlər ki, şair də buna
işarə etmişdir.
İkinci misradakı "gözəllər" deyərkən,
şair yalnız qadın gözəlliyini nəzərdə
tutmur. Həmin misranın sonunda nida işarəsinin
qoyulması dahi şairin həm də antropologiya elminin məlum
nəticələrindən xəbərdar olduğunu göstərir
və bununla o, Azərbaycan xalqının zahiri gözəlliyinin
ta qədimdən dəyişməyən avropoid irqinin Qafqaz
qoluna məxsus, düzgün fizioloji quruluşa malik
olduğunu əminliklə diqqətə çatdırır.
Vətənin
tarixi, coğrafiyası, kənd təsərrüfatı, mədəniyyəti
haqqında əhatəli məlumatlardan sonra şeirin 19-20-ci bəndlərində
qüdrətli şair iqtisadiyyatımızın flaqmanı
olan neft-qaz və energetika sənayesindən bəhs edir və
"İşıqdadır qüvvət sözü" deyərək,
paytaxt Bakının, bütövlükdə ölkəmizin gələcək
inkişafının bu enerji növü ilə bağlı
olacağını uzaqgörənliklə, iti şair fəhmilə
duyurdu, görürdü. Unutmayaq ki, dahi şair bu şeiri
yazanda hələ uzaq 1934-cü il idi...
"Azərbaycan" şeirində bütün şeir
boyu qırmızı bir xətt keçir. Bəndləri
bir-birinə bağlayan bu qırmızı xətt
böyük şairin vətən sevgisi, vətənə olan
məhəbbətidir. O, bu məhəbbəti bənddən-bəndə
yeni rənglərlə, yeni çalarlarla, amma tam səmimiyyətlə
izhar edir və sanki onu təkrar-təkrar nümayiş etdirməkdən
zövq alır, rahatlıq tapır. Şeirində 16 dəfə
vətənlə bağlı ifadə, o cümlədən,
dörd dəfə "Azərbaycan", dörd dəfə
"vətən", "elim", "obam",
"yurdum", "yuvam", "məskənim" və
sair bu kimi istilahları sevə-sevə işlətməsi,
şairin bu torpağa, bu vətənə, bu yurda
bağlılığının bariz nümunəsidir.
Ölməz şair:
Anam,
doğma vətənimsən!
Ayrılarmı könül candan?
- deyərək,
vətəni anası kimi doğma bilir, ona, ən əziz bir
insana müraciət edən kimi, hər dəfə
"Gözəl vətən!" deyə müraciət edir
və bu sevgisini, ülvi hissini ən yüksək mərtəbəyə,
ən ali səviyyəyə - uşaq-ana, könül-can səviyyəsinə
qaldırır.
Bunun əksini
düşünənlər, heç olmasa, bu şeiri bir daha
oxusunlar, anlayaraq, başa düşərək, hiss edərək
oxusunlar. O insanlara həm də məsləhət görərdim
ki, 7 mart 1997-ci ildə Xalq şairi Səməd Vurğunun 90
illik yubileyinə həsr edilmiş gecədə ümummilli
liderimiz Heydər Əliyevin söylədiyi nitqi tapıb
dönə-dönə oxusunlar. Mən
ömrümdə sənətkar haqqında belə möhtəşəm
çıxış nə görmüşdüm, nə də
eşitmişdim. 20-25 dəqiqəlik nitqi ilə ulu
öndər sanki bir alim - filoloq kimi böyük şairin
bütün yaradıcılığını təhlil etdi və
onun Azərbaycan poeziyasında layiqli qiymətini verdi. Onun hər kəlməsi, hər
cümləsi S.Vurğun poeziyasına, S.Vurğun şəxsiyyətinə
başdan-başa dərin hörmət, ehtiram və məhəbbətlə
dolu idi. Dahi siyasətçinin dahi şair
haqqında dediklərini sənətə, sənətkara verilən
qiymətin zirvəsi hesab etmək olar. Doğrudan da əsl
sənətə qiyməti ixtisasından, peşəsindən
asılı olmayaraq, əsl sənətkar verə bilər -
istər yazar olsun, istər də siyasətçi... Yoxsa, siyasətdə heç bir uğur qazana bilməyənlər
və ya yazılarını ədəbsiz ifadələrlə
bəzəyərək, guya yenilik etmək istəyənlər,
gündəmdə qalmaq üçün böyük şairə
hörmətsizlik göstərməklə, özlərinin nə
qədər cılız və istedadsız olduqlarını
sübut etmiş olurlar. Bu, ayrıca bir
yazının mövzusu olsa da ona bir-iki kəlmə ilə
münasibət bildirmədən, yan keçə bilmirəm.
Baxın,
görün ulu öndər o nitqində nə deyirdi: "Səməd
Vurğun böyük şairdir. Şərq ailəmində
şair həmişə ən yüksək hörmətə
layiq olubdur. Səməd Vurğun isə
öz dövrünün şairlərinin şairi olubdur".
Və ya: "Şübhəsiz ki, Səməd Vurğunun əsərləri
öz dövründə yazılıbdır. O dövrün
hökmü, tələbləri S.Vurğunun əsərlərində
də öz əksini tapıbdır. Bu gün
heç kəs buna görə Səməd Vurğunun əvəzindən
üzr istəməməlidir. Səməd
Vurğunun bütün əsərləri ilə Azərbaycan
xalqı əvvəldən axıradək fəxr edir, bundan sonra
da fəxr edəcəkdir!"
İndi bəzi
insanlara sual olunur - məgər siz, siyasətdə zirvələr
fəth etmiş, lider olmuş, tarixi, ədəbiyyatı, incəsənəti
dərindən bilən və duyan dahi bir şəxsiyyətdən
çoxmu bilirsiniz!? Əcəba,
doğrudanmı, bəziləri bu qədər kar, kor və
anlaqsızdırlar, yoxsa, başqa məqsədlər
güdürlər? Amma əbəs yerə! Azərbaycanın
ilk Xalq şairinə qara yaxmaq, onun inkaredilməz
yaradıcılığını inkar etmək, onu
aşağılamağa cəhd etmək heç kimə
müyəssər olmayıb, bundan sonra da olmayacaqdır! S.Vurğun yaradıcılığının
heç kimin müdafiəsinə də ehtiyacı yoxdur, o,
öz təsir gücü ilə nəhəng bir buzqıran gəmi
kimi hələ çox buzları sındıracaqdır.
O, qiymətli daş-qaşla yüklənmiş bir karvan kimi hələ
çox səhralardan, çox səsli-küylü kəndlərdən
və şəhərlərdən keçəcəkdir...
İstərdim ki, bu yazıda o əzəmətli nitqdən
yeri gəldikcə, iqtibaslar gətirim. Mümkün
olmur, onda gərək, ulu öndərin nitqini
bütövlüklə bu yazıya köçürəm.
Heydər Əliyev bütövlüklə S.Vurğun
yaradıcılığını və xüsusən,
"Azərbaycan" şeirini çox sevirdi, yeri gələndə
ondan əzbər deyirdi. Ulu öndər yuxarıda qeyd edilən nitqinin sonunda həmin
şeirə münasibətini belə bildirdi: "Səməd
Vurğunun "Azərbaycan" şeiri dillərdə əzbər
olubdur. Bilirsiniz, o qısa sözlərdə o qədər dərin
məna var ki, həmin sözləri hər bir insan dilinə gətirib,
təkrar edərkən, ölkəsinə bir daha öz məhəbbətini,
sevgisini, sədaqətini ifadə edir..." Və şeirin
ikinci bəndini özünəməxsus gözəl avazla
söylədi:
El bilir
ki, sən mənimsən,
Yurdum,
yuvam, məskənimsən!
Anam,
doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan,
Azərbaycan!
Sonra onun ruhu qarşısında baş əydiyimizi dilə
gətirərək, "Yaşasın Səməd Vurğun
yaradıcılığı! Səməd Vurğuna
eşq olsun!" şüarları ilə bənzərsiz
nitqini yekunlaşdırdı.
Yəqin ki, dəyərli oxucular ulu öndərin daha bir
çıxışını - 2001-ci ildə
keçirilmiş Dünya Azərbaycanlılarının I
qurultayındakı məşhur nitqini da yaxşı
xatırlayırlar. Həmin görüşdəki nitqini də
ulu öndər "Azərbaycan" şeirinin dillər əzbəri
olan ikinci bəndi ilə başa vurdu və son misraları
söyləyərkən o dahi insanın necə kövrəldiyinin,
qəhərləndiyinin şahidi olduq. O an ulu öndərlə
bərabər hamımız - salondakılar da,
görüşü izləyən milyonlarla
tamaşaçı da o kövrək hissləri
yaşadıq. Budur, S.Vurğun poeziyasının sehri, tilsimi!
Və nəhayət,
son iki bənddə (21-22-ci) S.Vurğun bu möhtəşəm
şeirini xoş ovqatla bitirərək, Azərbaycanın
uğurlu bir gələcəyə nail olacağına əminlik
bildirir:
Güləcəksən
hər bir zaman,
Azərbaycan,
Azərbaycan!
Baxın, şair sanki dissertasiya işini, elmi
monoqrafiyasını tamamlayır, onu nəticəyə
bağlayır və gələcəyin proqnozunu verir. Təbii ki, bu, elmi əsər
deyil, dərslik deyil, ilk öncə alovlu şair ruhu, şair
eşqi ilə yoğrularaq, vətən haqqında
yazılmış zəngin informasiya yüklü bir
şeirdir, dəyərli bir poeziya nümunəsidir və onu vətən
haqqında ballada da adlandırmaq olar, kiçik ensiklopediya da!
Bir daha
ulu öndərin həmin çıxışında
S.Vurğun şəxsiyyətinə verdiyi qiyməti
oxucuların və bəzi ağa qara deməkdə israrlı
olanların diqqətinə çatdırmaq istərdim: "Səməd
Vurğun o vaxt bizim üçün nümunə - xalqına,
ölkəsinə, vətəninə sədaqətlikdə
nümunə idi. Səməd Vurğun Azərbaycanı,
öz xalqını, öz dilini nə qədər sevirdi! Biz Səməd Vurğunla fəxr edirik!"
Sonda cəsarət edib, dahi sənətkarın məşhur
misralarını ona olan xalq, vətən sevgisinin əbədi
olacağı ideyasına uyğun dəyişərək, onun
ruhuna müraciət etmək istərdim.
El bilir
ki, sən dahisən,
Sözü
inci, mirvarisən,
Şairlərin,
şairisən!
Səninlədir
xalqın, yurdun,
Səməd
Vurğun, Səməd Vurğun!
Rəşid FƏTƏLİYEV
Geologiya-mineralogiya elmləri namizədi
525-ci qəzet.- 2016.- 15 iyun.- S.4.