"Sözün yeddi gözəli" - az sözlə ifadə olunan böyük mətləblər

 

 

 

Bütün zamanlarda xalqın, cəmiyyətin formalaşması və inkişafında, milli düşüncənin yaranması və yenilənməsində ədəbiyyat böyük əhəmiyyət kəsb etmişdir.

 

Yaradıcılığı hər vaxt imzasından öndə olan şair, nasir, ədəbiyyatşünas, publisist, esseist Əli Rza Xələfli də bir qərinədən çoxdur ki, özünün çoxsaylı, çoxçeşidli əsərləri ilə Azərbaycan ədəbiyyatına xidmət edir. O, nadir qələm sahiblərindəndir ki, sözün yükünü ədəbi janrların bütün qollarında məsuliyyətlə, uğurla çəkib aparır. Onun yaradıclığında ədəbi sözün sönük təsviri, tədqiqatın başdansovdu, səthi forması yoxdur. Əsərlərində süni pafos, şişirdilmiş obraz, bayağı şəkildə təsvir olunmuş bir hadisəyə belə rast gəlmək mümkün deyil. Əli Rzanın yaradıcılığı bir ümmandır. Bu ümmana baş vurmaq nə qısa zamana, nə də məhdud çərçivəyə sığan deyil. Onun geniş, əhatəli yaradıcılığı böyük tədqiqat işlərinin predmeti, ədəbi tənqidin ciddi mövzusudur. Bu yazıda məqsədim yazıçının çoxsaylı yaradıcılıq uğurlarından olan "Sözün yeddi gözəli" əsəri barədə təəssüratlarımı bölüşməkdir.

 

Kitaba filologiya üzrə fəlsəfə doktoru Süleyman Alıyev əhatəli bir önsöz yazıb. "Yeddi rəngin harmoniyası" adlanan giriş sözünün ən böyük dəyəri ondadır ki, müəllif əlyazmanı diqqətlə, həm də tədqiqatçı nəzərləri ilə oxumuş, haqqında bəhs olunan müəlliflərin yaradıcılıq dünyası ilə müəyyən qədər tanış olmuş, əsərlərinin ədəbi mühitdə, ümumən oxucularda yaratdığı təsiri duya bilmişdir. Sözün böyük qədirkeşi Əli Rza Xələflinin rənglərdən və sözdən ilmə-ilmə toxuduğu portretlərin gerçək təsvirini görə, qiymətləndirə bilmişdir. Bəlkə elə bu səbəbdən də yeddi qadın sənətkarın yaradıcılıq yolunu yeni bir üslubda, ədəbi tənqidin müqayisəli, fərdilik-ümumilik prinsipi ilə, lirik təsvir-detallarla araşdıran, təhlil edən müəllifin tədqiqatı elə ilk oxunuşdan mənə orijinal göründü. Dilinin səlis və rəvanlığı, zənginliyi, obrazlığı ilə cəlbedici olan bu monoqrafik əsər Ə.R.Xələflinin çoxlu sayda əsərləri sırasında yaradıcılıq üfüqlərinin genişliyini, mənəvi aləminin işığını, özəlliyini yeni istiqamətdən ortaya qoydu.

 

Elmi-ədəbi yaradıcılıqda az sözlə böyük mətləbləri ifadə etmək müəllifdən yüksək zövq, ədəbi konkretlik, kamillik tələb edir. Əli Rza Xələflinin tədqiqat yaradıcılığında dilinin obrazlığı, hiss və duyğularının həssaslığı sənətə olan sevgisinə söykənir. "Sözün yeddi gözəli"ndə müəllif qəhrəmanların yaradıcılığını, portretlərinin ədəbi cizgilərini sözün qüdrəti, gözəlliyi ilə təhlil müstəvisinə çıxarıb.         

 

Əsərlə tanışlıqdan aydın oldu ki, yeddi sənətkar xanımın yaradıcılığında fərqlilikləri olduğu kimi, bənzərlikləri də var. Onları birləşdirən oxşar cəhətlər məhz ictimai məzmunlu yazılardı. Amma bu oxşarlığın özündə də üslub, mövzuya yanaşma tərzi, təxəyyül fərdiliyi aydın nəzərə çarpır. Ə.R.Xələfli də onların yaradıcılığında məhz fərqli prinsipləri əsas götürərək ictimai, milli-bəşəri mövzularda ərsəyə gətirdikləri əsərlərini tədqiq edib. Burda müəllifin seçimi, fikir axıcılığı o qədər cilalıdır ki, sözə sevdalıların hər biri öz ampulasında bir qəhrəman obrazında görünür.

 

"Sözün yeddi gözəli"nin ilki olaraq, müəllif filologiya üzrə fəlsəfə doktoru yazıçı-publisist Salatın Əhmədlinin yaradıcılıq yoluna nəzər yetirib. Ə.R.Xələfli onun əsərlərindən bəhs edərkən ilkin olaraq, həm də yazı boyu söz işığını "Heydər Əliyevin dil siyasəti"nə salır. Çünki burda adı çəkilən əsər hər zaman aktuallıq kəsb edən bir məsələyə, xalqın milli kimliyinin, varlığının aynası olan dil məsələsinə həsr olunub. Məlumdur ki, ana dilimizin qorunması və inkişafında ulu öndərin misilsiz xidmətləri olmuşdur.         

 

Bu mövzu Salatın xanımın əsərində ciddi, əhatəli şəkildə tədqiq olunmuşdur. Elə bu səbəbdən də Əli Rza əsər üzərində geniş dayanmış, onun milli dəyərlərimizə mənsubluğunu, xalqın həyatında kəsb etdiyi əhəmiyyəti müzakirə obyekti etmişdir. S.Əhmədli ana dilimizlə bağlı fikirlərini "Dilimiz və zövqümüz niyə korlanır" yazısında başqa bir aspektdən davam etdirmişdir. Burada yazıçı qeydləri, müzakirəyə çıxarılan məsələlər Əli Rzanın böyük marağına səbəb olduğundan əsərin geniş təhlilini vermişdir. Ümumiyyətlə, bu mövzu Salatın xanımın yaradıcılığında həmişə açıq olmuşdur. Müəllif sənətkarın yaradıcılığında bir sıra qlobal məsələnin dərinliyinə varmış, onun vətəndaşlıq mövqeyini ədəbi məhsullarının timsalında xarakterizə edərək dəyərləndirmişdir.   

 

Ə.R.Xələfli təhlillərində keçidlər edərək S.Əhmədlinin digər əsərlərini də predmet olaraq önə çəkir, yazıçı-publisistin portretini, əsərlərinin ideya-bədii xüsusiyyətlərini saf-çürük edir. S.Əhmədlinin yaradıcılıq diapazonu geniş, çoxşaxəli və çoxəhatəlidir. Tədqiqatçı da olduqca məhsuldar olan bu yaradıcılıq laboratoriyasında yeni istiqamətlərdə axtarışlar etməyə, görülən işlərin ədəbi zəhmətini qiymətləndirməyə çalışıb. Ə.Xələfli yazır: "S.Əhmədli "Hər kim yüz il unutmasa..." kitabı ilə tədqiqatının yeni istiqamətinin əsasını qoydu. Bunu folklorşünaslıq istiqaməti adlandırmaqla S.Əhmədlinin yeni fəaliyyət sahəsində S.Mümtaz, V.Xuluflu, H.Əlizadə, Ə.Axundov, M.H.Təhmasib, F.Fərhadov, B.Çobanzadə kimi ədəbiyyatımızın hər biri ayrıca mərhələ olan, fədakarlıqları ilə bağlayan mənəvi əlaqələrini görürük". Görkəmli sənətkarlar haqqında yazdığı əsərləri, toplayıb tərtib etdiyi ədəbi nümunələri və onların hər birinin ayrıca tədqiqi Salatın xanımın elmi təfəkkürünün, ədəbi imkanlarının üfüqlərində aydın bir formada təzahür etmişdir. Əslində hansısa bir klassikin, nüfuzlu bir elm, sənət adamının yaradıcılığını ədəbiyyat tariximizə həkk etdirən tədqiqatçı-alim, sənətkar öz adını bu tarixin səhifəsinə yazmış olur. Ə.R.Xələflinin tədqiqatları S.Əhmədli haqqında ilk fundamental əsər kimi diqqəti cəlb edir.        

 

Yazıçı qadınların hər birinin yaradıcılıqlarını mənəvi aləminin gözəlliyi və özəlliyi ilə təqdim edən müəllif eyni səmimiyyətlə, həm də fərqli yanaşma ilə poeziyamızda özünün lirik-romantik, psixoloji şeirləri ilə tanınan Xuraman Vəfanın da poetik dünyasına qapı açır. Onun ədəbi ömrünə "Könüllərdə bahar olsa" tanışlığı ilə giriş edən tədqiqatçı bizi sanki bu xanım sənətkarın gözəllik və mükəmməllik nücəssəməsi olan poeziya aləminə səyahətə aparır. Onun sənəti, ziyalılığı, doğal kübarlığı ilə bağlı olan təqdimat söz sənətinin sehrinə  düşən işıq təki qəlbimizi nurlandırır. Müəllif əlində, dilində daşıdığı sözün məşəli ilə Xuraman Vəfanın şair obrazını sözün palitrasında təbii canlandıra bilib. "Xuraman Vəfanın poeziyası adının mənəvi mahiyyətinə xidmət edən poeziyadır. Yaş ötür, zaman keçir, ancaq o yenə böyük sevgili ruhuna aşiqlik və aşiqanəlik motivlərinə sədaqətini qoruyur". Elə bu tanışlıq da bizə şairin yaradıcılığının ruhu, lirizmi, əsərlərinin mövzusu haqqında məlumat verir. Qeyd edək ki, müəllifin sənətkarların yaradıcılığına girişləri onların özlərinin və əsərlərinin mənəvi qatına bələdçilikdən doğan doğmalıqdır. Əli Rza Xələflinin tədqiqat yaradıcılığında dilinin obrazlığı, hiss və duyğuları, həssaslığı sənətə olan sevgisinə söykənir. Şairin təqdimatından sonra mövzuya körpünü sevgi salır. "Sevgi...Sevgi... yaxud əbədi təzəliyin şövqü"ndə əsərlərini böyük ustalıqla xarakterizə etməklə müəllifin mövzuya yanaşmasının özəlliyini göstərir. Xuraman xanımın ədəbi aləminə daxil olmağın yolunu obrazlı şəkildə ifadə edən müəllif yazır: "Bunun üçün bircə qapı var; sənət adamı kimi, sənətkar kimi Məhsəti xanımın, Xurşid Banu Natəvanın, Fatma xanım Kəminənin... Ümgülsümün... hansı qapısından keçə biliriksə, gərək Xuraman Vəfanın da o qapısından keçək".

 

Ə.R.Xələfli lirik qəhrəmanın arzularından, poetik ruhundan, bu ruhun yaratdığı ədəbi sərvətdən söz açır. Burda poetik dil, sevgilərin tərcümanı olan gözlər, incə ruh, hisslər, duyğuların ifadəsi olan açmalar, müqayisəli təhlillər tədqiqatçının təhkiyəsində olduqca maraqlı təsir bağışlayır. X.Vəfanın sevgisiylə (lirik "mən"in) Leylinin sevgisi mahiyyət baxımından qarşılaşdırılır, müqayisə olunur. "Heç olmasa Leyli dərdini şama deyir. Amma Xuraman Vəfanın lirik məni heç bunu şama da deyə bilmir. Təkliyinə, tənhalığına sığınır, çünki o, Leylidən fərqli olaraq qeyrisinə öz yanğısının səbəbini açıqlaya bilmir. Onun bircə təskinliyi var - dörd divar içində gizlin-gizlin ağlamaq təskinliyi". X.Vəfanın "lirik mən"inin klassik poeziyamızın sevgi qəhrəmanı Leyli ilə müqayisəsi Əli Rzanın onun sənətinə verdiyi ən yüksək dəyərdir. X.Vəfanın poeziyası başdan-başa sevgidən yoğrulub. Və təhlil boyunca bu yaradıcılıqdan verilən poetik nümunələr müəllifin düşüncəsində zər təki, inci təki ipə-sapa düzülüb. Təbii ki, bu zinətə rəvac verən də şairin poeziyasıdır.

 

Ədəbi əsər onda bəşərilik və əbədilik qazanır ki, bütün dövrlərdə insanlar bu əsərlərlə ictimai-şəxsi talelərində bir paralellik görə bilsinlər. Şairin şeirləri də, bu ədəbi məhsulları yüksək zövqlə   özünəxas üslub və səriştə ilə tədqiq-təhlil edən, araşdıran Əli Xələflinin çəmən ətirli poetik düşüncələri də bu həqiqətin Xuramanın poeziyasında apaydın göründüyünə inandıra bilir oxucunu. Və təkcə poeziyası yox, "ədəbi esseləri, ədəbi-tənqidi görüşlərini ifadə edən publisistik yazıları... ən başlıcası ayrı-ayrı məqamlarda qələmə aldığı Şərq mənəvi mühitinin ən gözəl ənənələrini yaşadan aforistik deyimləri, bitkin hikmət ifadə edən mətnləri" də. Və burda düşünürsən ki, müəllifin tədqiqat obyekti kimi seçdiyi qadın yazarlar sıradan olanlar deyil, sözün tək bir qanadında məskunlaşan deyil, çoxşaxəli və müxtəlif janrlarda qələm işlətməyi bacaran, elə qələmləri ilə də ədəbiyyat tarixinə adlarını yazan sənətkar qadınlardır. Bu ədəbi keyfiyyətlər Ə.Xələflini mövzusuna qəhrəman seçdiyi söz sərraflarının irsini son dərəcə məsuliyyətlə, cəfakeşliklə (nə qədər fitri istedada, yaradıcı təcrübəyə malik olsa belə!) təxəyyül yetikliyi, zənginliyi ilə araşdırmaya sövq edib.       Həqiqi sənətin güclü məntiqi ilə sözə vurulan yekun sənətkarları yaddaşımıza yazır. Xuramanda olduğu kimi: "Sevgi... sevgi. Əbədi təzəliyin şövqü. Bütün insanlığın səcdə edəcəyi əbədi müqəddəslik məbədi sevən könüllərdir".

 

Gülxani Pənah haqqındakı araşdırmasını "Şair, publisist, tədqiqatçı... Gülxani Pənaha məktub"la başlayan müəllif şəxsiyyətin özünü və sözünü layiq olduğu mərtəbədə tanıtmağa çalışıb. O, özünə, həm də oxucularına ünvanlanan sözünü süni və taftoloji suallardan və fikirlərdən uzaq bir ədəbi ustalıqla bölüşür. "Yəqin ki, Gülxani xanımın sözə səmimi dostluq münasibəti, sözlə ülfəti olmasaydı, bir sözlə, onun daxili aləmində sözə sevgi və eşq olmasaydı, bu qədər ağır iztirablara davam gətirə bilməzdi..." Bu iztirablar yazıçı-ana qəlbində həyatı pöhrədə ikən qırılıb tökülən şəhid balalarımızın, didərgin soydaşlarımızın müsibətini ürəyində daşıdığı dərdlərdi. Nə yaxşı ki, söz adamı dərdin ürəyi sıxdığı vaxtlarda iztirablarını yaza bilir. Qarabağ dərdlərini, Xocalı faciəsini müdrikanə sözün işığında həyatdan sənətə, gerçəklikdən əbədiyyətə ötürə bilir. Amma iş təkcə sözün, fikrin gözəlliyinə vurğunluqdan, sənətkarın mənəvi aləminin zənginliyindən (lap elə bunlarla birgə!) yox, onları aça bilən püxtə qələm sahibinin ağrılarını, kədərini sözün əlvan rənglərində göstərə bilməsindən gedir. Dildə, təsvirdə heyrətamizlik, yüksək fikir tədqiqatçının sənətkar dünyasına yaxından bələdliyi, yazıçı təfəkkürünə, təxəyyülünə güvənliyidir. Belə olmasaydı müəllif əminliklə "Qarabağ müharibəsinin bədii salnaməsini yaradan müəlliflər arasında Gülxani Pənah çevik düşüncə tərzi ilə fərqlənir... Gülxani Pənah ədəbiyyatşünasdır, qələminin mübarizliyi ilə seçilən publisistdir", deməzdi. Burda tədqiqatçının da ədəbiyyatımız qarşısında xidməti, imzalarını tanısaq da, yaradıcılıqlarının məna yükünə yetərincə bələd olmadığımız sözə sevdalıların irsini araşdıraraq  üzə çıxarmasıdır. Müəllif ədəbiyyatşünas nəzərləri ilə G.Pənahın bir sıra janrlarda yazdığı əsərlərini ideya-mahiyyət baxımından, sözünün kəsəri ilə yeddilikdə haqqı olan ədəbi şəxsiyyət kimi, yaradıcılığını monoqrafik əsərinin bir qolunda təqdim edir.

 

Aydındır ki, tədqiqat işi, böyük zəhmət, əziyyət tələb edən sahədir. Tədqiqat əsərinin tədqiqi isə ikiqat zəhmət, geniş təxəyyül imkanına malik olmağı tələb edir. Sözümüz onadır ki, Ə.R.Xələfli ədəbiyyatşünaslıqda tədqiqatın tədqiqinin özünəmənsubluğunun parlaq nümunəsini yarada bilib. 

 

Burda istər-istəməz düşünməli oluram: Necə böyük qəlbə, seçmə yazı mədəniyyətinə, açıqürəkliyə sahib olasan ki, sözün yeddi qütbündə dayanan yeddi gözəlin hər birinin ruhunu, yaradıcılıq dünyasının gerçəkliyini sevgi ilə, səmimiyyətlə aça, mübhəmlikləri duya biləsən. Və duyduğun, gördüyün, mənalandırdığın kimi, həm də olduqları, yazdıqları təki xarakterizə etməyə israrlı olasan və bu israrında sözünün qalibi olasan.    

 

"Tarix yazıçı düşüncəsində" G.Pənahın bütövlükdə yaradıcılığından bəhs edir. O yaradıcılıqdan ki, yaşadığımız faciələrin ədəbiyyat tarixinə yazılmasında G.Pənahın əsərlərinin yeri və rolu danılmazdır. İstər şeirləri, istərsə də hekayələri həyat gerçəkliklərinin, real hadisələrin xarakterik detallarla təsviri müəllifin təhlillərini şərtləndirən amillərdir. G.Pənahın əsərlərinin məna yükü bədii təhkiyənin dili ilə elə təsvir edilir ki, tədqiqatçının özü heyrətini gizlədə bilmir. Çünki xanım yazıçı burda həyat həqiqətlərini bədii həqiqətdə, özü də böyük sənətkarlıqla yarada bilmişdir. Müəllif onun Qarabağ mövzusunda  yazdığı şeirlərini "bütövlükdə Qarabağ simfoniyası da adlandırmaq olar," deyir.   

 

Bu mənada Gülxaninin "Xocalı", "Yaddan çıxmaz Qarabağ" poemaları xalqımızın yaşadığı soyqırım faciəsinin, ağrıların, itkilərin bədii təcəssümüdür. Müəllif  bu şeirləri "manifest ruhlu lövhələr" hesab etməkdə haqlıdır.

 

O yazır: "Müəllif istər Qaradağlı, Daşaltı, istərsə də Xocalı faciələrini elə sənədləşdirir, elə ədəbi-bədii don altında verə bilir ki, daha oxucuda heç bir şübhə yeri qoymur. Düşmənin nə vaxtsa özünə bəraət  qazandıracağı istəklərinin qarşısına sözlə sədd çəkir..." Gülxani milli-bəşəri ağrıları nəsr əsərlərində olduqca güclü təsvir edir. "Nifrətin zəif qurbanı" o qədər güclü təsirə malikdir ki, tədqiqatçı əsərin məzmununu, səciyyəsini verməklə, hadisələrin təfərrüatını oxuculara çatdırmaq istəyir. Burda tədqiqatçı çox əsərlər üzərində dayanır, onların hər birinin ədəbiyyat tariximizdə yaşamağa haqqı olduğunu bəyan edir.

 

 

(Ardı var)

Şəfəq Nasir

525-ci qəzet.- 2016.- 17 iyun.- S.4.