Söz vaxtı
FİKRƏT QOCANIN POEMALARI
MƏNƏVİ DƏYƏRLƏR KONTEKSTİNDƏ
60-cılar ədəbi nəslinin nümayəndələrindən
biri - bu gün də fəal yaradıcı formada olan Fikrət
Qocanın 2014-cü ildən bəri hissə-hissə təqdim
olunan Seçilmiş Əsərlərinin on cildliyinin nəşri
bu yaxınlarda tamamlandı.
Seçilmiş Əsərlərinin ayrı-ayrı
cildlərində Fikrət Qocanın poeziyası, publisistik
çıxışları, nəsr əsərləri, pyesləri
toplanıb.
I cilddə şairin yaradıcı dünyasına
akademik Bəkir Nəbiyevin “Şair fərdiyyəti”
başlıqlı məqaləsi bələdçilik edir.
Ədəbi ictimaiyyətə təqdim olunmuş cildlərlə
bağlı müxtəlif səviyyəli və səpgili
yazılar da bu qəbildəndir.
Yaradıcılığının
coğrafi mənzərəsi ilə tanışlıqsa, hər
cür Ön və Son Sözdən, resenziyadan, təqdimatdan,
şərhdən daha yaxşı!
Cildlərdən biri - 24 poemanın toplandığı
VI cild maraq dairəmizdə olan mövzu baxımından diqqətimizi
xüsusilə cəlb etdi və söhbətimiz də əsasən
burada toplanmış poemalar ətrafında olacaqdır.
Ümumilikdə poemanın maraqlı cəhəti,
psixoloji ovqatın çalarlarını dərinliklə, incəliyinəcən
verməkdə ədəbi növlərin sintezinə
açıq olmasıdır. Sosioloji amillə
dövrün havasını təqdim etməkdə, nəsr təcrübəsi
ilə nəzmin imkanlarının sintezinə, istərsə də
dramaturgiya, publisistikanın müəllif məqsədinin daha əhatəli
çatdırılmasına geniş imkan verməsidir. Bəlkə də, poemanın janrlar janrı
adlandırılması da bununla bağlıdır?! Fikrət Qocanın poemaları ilə
ayrı-ayrı vaxtlarda tanışlıqdan sonra janrın
imkanları və müəllifin düşüncələri,
ümumiyyətlə poemanı mənzum esse adlandırmaq qənaətlərimizi
daha da formalaşdırdı və hesab edirəm ki, bu
yanaşmanı qəbul etmək vaxtı yetişib; tərəddüd
və ehtiyat etməyə dəyməz.
Fikrət Qoca oxucusu ilə bir simada, amma çeşidli
janr və növdə danışıb həmişə. Bu maraqlı və
intonasiyasının özünəməxsusluğu ilə
seçilən şairin ədəbi irsi təkcə mənsub
olduğu ədəbiyyatın (mədəniyyətin)
miqyasında yaradıcılığının yeri və rolu
ilə bağlı daha dəqiq ümumiləşdirmə -
qiymətləndirmə fürsəti vermir, həm də mədəniyyətlərin,
zövq və yanaşmaların, tərz və istiqamətlərin
yenidən dəyərləndirilməsinə imkan yaranır...
lll
İnandırmağa çalışmaq yox, inanmaq
lazımdır; dediyin sözə, çatdırmaq istədiyin
fikrə hər kəsdən əvvəl özün inanmasan,
inandıra bilməyəcəksən. Səsini
qaldıracaqsan, rəngləri tündləşdirməyə
məcbur olanda yalan qarışacaq işə.Yalan
qarışdısa, heç nə - sənət də yoxdur,
sənətkar da. Sənətin
gücü inandırmasındadır.
Özünə inanan insanın intonasiyasında təlqin
gücü keçmişdən, dünəndən, həyatdan,
yaşanmış ömrün təcrübəsindəndir. İnandırmaq
səyinin intonasiyası sabahın, naməlumluqların
çağırışına inamdan su içir.
Yaradıcı fərdin xarakterinin rolunu da əlavə edəndə,
mənzərə aydınlaşır. Fikrət Qocanın təbirincə
desək,
Hər kəsin
əxlaqını
Dili bəlli eyləyər.
Hər
elmin səviyyəsin
Yolu bəlli eyləyər.
Bir amili unutduq, deyəsən - dövrün, zəmanənin intonasiyasını, “dövranın temperament tipi”ni. XX əsrin əvvəllərində yuxulu düşüncənin oyanmasına çalışan şeir özünü təqdim edirdi, məsələn, “Mən də müsəlmanam...” - deyirdi, “haqq sözü derkən utana bilmirəm” (M. Ə. Sabir) bəraətini önə çıxarırdı. Bəraət vardısa, deməli, qınağa tuş gəlirdi. Sonra bu intonasiyanı yad xallar tündləşdirdi: “Qalx, ey lənətlə damğalanmış...” (“İnternasional”) Qalxdılar və şeirin təbəssüm saçan dövranı gəldi: “Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə” (S. Rüstəm). Bu nəşənin boğduğu, unutduğu ahəngə hərdən ötən günlərin xiffəti də sızırdı: “... səni kim unudar...” (M.Müşfiq) Sonra səsin boğulmasının - xırıltısının və səsin artıqlığının - küyün bəhsləşməsi dövrü gəldi. Və bu qabarma-çəkilmə oyununda səs öz gözəlliyini itirməyə başladı. Belədə, söz reflektor anlamdan məcaziliyə, rəmzə sığındı. Elə bu vaxt araya müharibə girdi. Şeir də, bir növ, ideologiya təhdidlərindən can qurtarıb, qərarların yox, qanunların “idarəçiliyinə” keçdi. Hələlik, bunu müharibə diqtə edirdi...
lll
Tarixi və milli səciyyədə müəyyənləşdirilmiş təcrübənin ümumiləşdirilməsi kimi qəbul edilən poeziyamızda rəmzlərin qələbə təlqin edən müqəddəsliyini şair Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeiri ictimailəşdirdi. “Şuşada sən qonduğun daşa pir deyəcəyəm” misrası ümummilli arzunun hələ ki zədəli və küskün ovqatını öncəduyum fəhmindən təlqin funksiyasına yönləndirirdi. Fikrət Qocanın
Bayrağım sancılmaq üçündür
Dağların zirvəsi,
Kosmik gəmilərin qübbəsi,
Bayrağımı dalğalandırmaq üçün
Fırlanır yer kürəsi -
misraları isə, bayraq olmaq şərəfinin təlqininə hesablanıb:
Əlimdə bayraq
başımı kəssələr
bayrağımdan tutub
ayaq üstə qalaram.
Qanımla özümü boyayıb
Bayraq olaram.
Fikrət Qocanın yaradıcılığının cövhərinə hopmuş bu işıq, sirayətedici nümunələrilə birlikdə oxucuya lap çoxdan tanışdı, əslində. Elə cəbhədəki Aprel “çevrilişinin” (2016-cı il) cəmiyyətə qaytardığı böyük inamın poetik ifadəsi də, Fikrət Qocanın misralarında hamının ürəyində əks-səda verdi:
Bu günə də çox şükür,
Çox
şükür ki,
Bayraq da
var,
bayraq
tutan oğullar da.
(“Bayraq
tutan oğullar” poeması)
Dördgünlük
müharibə Azərbaycan cəmiyyətinə bu
rahatlığı gətirdi həm də .
Amma bu sətirlər həmin günlərdə
yazılmayıb, nə vaxt yazıldığının fərqi
də yoxdur, əsas odur ki, bugünün həqiqəti var bu
ovqatda.
Əsas odur ki, bugünün bu misralardakı həqiqəti
şüuraltıda həmişə yol gəlib; inama
doğru, lap yaxında görəcəyimiz labüd qələbəni
mütləqləşdirməyə doğru. Düzdür, bu bayraq hələlik
Şuşada, Zəngilanda, Laçında dalğalanmır,
amma Lələtəpə yüksəkliyi də Vətən
torpağıdır, o bayrağı o yüksəkliyə
sancan oğul da Şuşanın yolunu bir az da qısaldan Azərbaycan
əsgəridir! Bu bayrağı dünya da gördü; kimi
narahat oldu, kimi qəzəbləndi, kimi də... Bu da təəccüblü deyildi. Elə bu
arada əsrlərin təcrübəsi danışdı, yenə
də Fikrət Qocanın qələmində:
Türkün
ruhu güclüdü,
Özü təkdi.
lll
Bu gün poeziya həmişəki yerini nəsrə
uduzur. Böyük mənada poeziyadan söhbət getmir, ən
azı ona görə ki, o tutiyədir. Şeir adına
yaranan qafiyəli-qafiyəsiz mətnlərin, nəsr adına
“istehsal olunan” surroqatın kütləviliyində
Balaşın atasına geydirdiyi ölü paltarına
oxşar “izm”lərə aludəlik Azərbaycan şeirinin, ədəbi
fikrinin intonasiyasına o qədər yad xallar gətirir ki...
Fikrət Qocanın qorxusu da bunu deyir:
Mən
yadlardan qorxmuram,
içimizdəki yad səsidi məni qorxudan...
Bu qorxunu
yenməyin bir yolu da ədəbi-mədəni irsə
qayıdışdır, köhnə formadan, arxaik mətndən
yox, müasirlik duyğusundan xali olmayan mətnlərdən
güc alan poetik yaddaşı səfərbər
etməkdir. Yaradıcılığın və
yaşın bəlli bir dövründə təqdim
olunması daha təbii və məqsədəuyğun olan
Seçilmiş Əsərlər, Cildlər bu yöndə
bir jestdir, həm də bu jest yazıçını, onun
yaradıcılığının miqyasını
bütün çalarları ilə ifadə etməyə
imkan verir. Belə nümunələr
toplumu, cəmiyyəti, insanı tanımağa da fürsət
verir.
Əlbəttə,
Seçilmişlərin Seçilmişindən yaranan Cildlərdən
söhbət gedir, əlyazma nüsxəsində, siqaret qutusu
üstündə, qeyd dəftərçəsində
qaraladığını akademik nəşr səviyyəsində
təqdim etmək yetikliyindən yox! Redaktə və rəy
süzgəcindən keçməmiş yaradıcılıq
nümunələrinin sıralanmasından yaradılan
“külliyyat” ən yaxşı halda “dəftərxana mədəniyyəti”ndən
danışmağa imkan verə bilər.
Bu
şair ömrüdü, nümayiş deyil,
Geyinib-keçinib gəlib keçəsən.
Elə yaradıcılıq nümunələri də
var ki, müəllifi hər cür Ön və Son sözdən,
resenziyadan, şərhdən daha yaxşı təqdim edir. Belə
nümunələri eləcə oxumaq gərəkdir. Şeiri şərh etmək, müəllif məqsədini
izah etmək şeirin alınmadığını
dolayısı ilə etiraf etməkdir.
Hər bir mətnin kompozisiya bitkinliyini pozan
uzunçuluq, xüsusən girişdə, yüz yerə
çəkən fikirlər də, səriştəsizliyin
yox, Fikrət Qoca şeirlərinin uzun illərdi daxili nitqə
rəvac verən gücündən, enerjisindən gəlir.
Xüsusən də, sənətin inandırmaq
gücü ilə bağlı düşüncələr.
Fikrət Qoca ünsiyyətdə rahat insandır,
çox rahat və təbii. Onun şeirində mətləbə
birbaşa giriş oxucunu özünə tez “bağlayır”,
onu hadisənin, vəziyyətin, ovqatın mərkəzinə
gətirən intonasiyaya “əyir”.
Məqsədimiz
böyük olmasa,
Kiçik
kimi dolaşacayıq
Torpağın üstündə.
Məqsədimiz
böyük olmasa,
Bəşər
elə belə yaşayacaq
Kimi kefdə, kimi pis gündə.
Xəritə
də
Sərhəd-sərhəd, yamaq-yamaq.
Yaxud
başqa bir nümunə:
Canında
otuz yeddinin,
doxsanın üşütməsi,
bilmək
olmur
torpağın ürəyidi döyünən,
yoxsa sinəsində
partlayan mərmi
İndi
pis,yaxşı,
Öz əlimdi, öz başım.
Hamı doğma bacım, qardaşım.
Toxu
prezident olmaq istəyir,
Acı pul yığır icra başçısı
keçsin.
Çoxu nazir olmaq istəyir.
Bir dəstə
də torpaq satıb,
adam
satıb,
pusquda
yatıb
pulu əlində
hazır,
Vəzifə almağa nazir axtarır, nazir.
Yazıq
fəhlə, kəndli,
Müəllim, alim.
Mənim
cəfakeş obam, elim
Ev tikir,
uşaq əkir,
Taxıl əkir.
Ac
qarına vətən qeyrəti,
Azadlıq qeyrəti çəkir.
Lazım olanda
döyüşən də onlardı,
Əlil olan, şəhid düşən də
onlardı.
(“Cənnətdən
qovulanlar” poemasından ).
Cəmiyyətin mənzərəsi. İlin fərqi
yoxdur, hər oxuyanda öz zamanının havası vuracaq
üzünə. Bu, nəqletmə.
Maraqlısı şairin nəticələridir:
Unudurlar
bu dünya
Hamı
üçündür...
Dünyanın
hər yerində eynidi
İt,
at, donuz!
Amma insan
türkdü,
rusdu,
farsdı.
Yaxud,
sonu, aqibəti xatırladan, tövbəyə
çağıran bu misralar:
Axı,
göydən baxan var,
Sənin
də bir yaxan var,
Yaxandan
yapışan olar!
Səndən
də soruşan olar...
Yaradıcılığın ilk nümunələrinin
obrazı, adətən, “mən” olur. Amma bunu da unutmayaq ki,
obraz bütöv fikir sistemidir. Bu mənada,
Fikrət Qocanın obrazları azadlıqdır, zamandır,
insandır, mübarizədir, yoldur. Fərqi yoxdur, bu yol
Qəbələyə aparır, Qubaya,Vyetnama,
ya Kubaya. Bütün hallarda:
Yol
döyünən ürəkdi,
Yol
canlı bir bədəndi,
Yol
keçmişdən gələndi,
Gələcəyə gedəndi.
(Ardı var)
Südabə
Ağabalayeva
525-ci qəzet.- 2016.- 18 iyun.- S.21.