“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
I cild
(noyabr 1918 - aprel 1920)
(Əvvəli
4 iyun sayımızda)
Cəmaət
köməkligi
Yüz il fəzləsilə üstümüzdə dəvam
edən rus təhkimi bizim hər bir tərəfimizə mane
olan kimi dövlət və vətən volunda işləmək,
mənfəətli ictimai təşəbbüsatda bulunmaq və
bu növ işlərə adət etmək həvəsimizi dəxi
qəlbimizdən bilküllüyyə şalıb məhv
etmişdi.
Rusiya millətləri içində ögey oğul məqamında
tutulan və bu ögeyligin bütün-bütünə
acılıqlarına təhəmmül edən bir millətdə
dövlətli və içtimai işlərə
qarışmaq həvəsi olardımı? Rus hökumətindən əlavə
rus cəmaətinin özü də bizlərə öylə
bir həqarət gözüylə baxmaqda idi ki, bizim onlarla bərabər
ümumvətən mənafeyi yolunda işləməgə
heç bir meylimiz ola bilməzdi.
Doğrudur, özümüz “lütfən” həvalə edilən
alçaq məmuriyyətləri sadiq təbəə
olduğumuza görə kəmali-sədaqət ilə
ifa edirdik, amma qalan ictimai və dövləti işlərdə
kənarda durub bu yolda işləyən ruslara və sairələrinə
biganələr kimi kənardan tamaşaçı surətində
qalırdıq.
Bunun nəticəsi
idi ki, biz Azərbaycan islamları vətən yolunda işləmək,
camaət işinə girişmək, dövləti işlərdə
iştirak etmək kimi təşəbbüsatdan kənar
durub, bu yolda lazım olan tərbiyə, tərəqqi və təcrübədən
məhrum qaldıq.
Amma bu gün biz bu cürə dövləti və ictimai
işlərə girişməgə məcburuq. Bu cürə
işlərə kənardan baxmağa və biganə
qalmağa həqqımız yoxdur, çünki biz daha
özgə vətənin ögey oğlu degilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, hökumət də
bizimdir, cəmaət də bizimdir. Bugündən
böylə hər bir əmri məhz hökumətin boynuna
atmaq, “hökumət özü bilər” demək, hökuməti
təkbaşına buraxmaq, hökumətə əldən gələn
köməgi etməmək mənafeimilliyyə və
istiqlaliyyətimizin və həm da şan və şərəfimizin
təmin və təyidi yolunda işləməmək, müstəqil
yaşamaq iddiasında olan millət üçün
günahdır. Böylə günah ki, onun cəzası
istiqlal və istiqbaldan məhrum olmaq dərəcəsində
ağır və ağırlığı qədər də
şayani-yas və kədərdir.
Burasını unutmamalıdır ki, hökumətimiz
cavandır, siyasiyyat cahandidəsi degildir, dövlət idarəsi
işlərində təcrübəsi azdır. Bununla böylə
üzərinə həvalə edilmiş olan dövlət
yükü baxüsus bu zəmanədə düşmənlər
hüçumu qarşısında dedikcə
ağırdır. Bu ağır yükü cavan
hökumətimiz degil, təcrübə qüvvəsi ilə
bəlkə millətimizə məxsus olan və ulu türk
babalarımızdan bizə irs qalan hakimiyyət
və səltənət hissimizin rəhbərliyi ilə
çəkə biləcəkdir.
Doğrudur, bu yolda hökumətimizin daha müəyyən
köməgi vardır ki, o da içimizdən seçdigimiz
parlamandır.
Lakin parlamanımızın köməkligi dəlil və bələd
olmaq, hökumətə yol göstərməkdən ibarət
ola bilər, yəni ağır yüklə
yüklənmiş olan hökuməti dağa-daşa, dərəyə,
təpəyə salmayıb, rast və rahat bir yol ilə apara
bilər. Bu isə hökumətin yolunu
rahlandırarsa da yükünün yüngüllügünə
təfavüt etməz. Bu yükü ancaq
və ancaq camaət köməgi, xəlq hümməti bir dərəcəyə
qədər yüngülləşdirə bilər. Bu öylə olan surətdə bu köməgi
hökumətdən müzayiqə etmək zəhi
biinsaflıqdır.
Camaət
köməgi nədən ibarət ola bilər?
Bu suala verilən cavabı
aydınlaşdırmaq üçün hökumətimizin uzərinə
həvalə edilmiş yükü təhlil edək. Bu yük bütün dövləti işləri idarə
edən nəzarət, yaxud nəzarətlərdən ibarətdir.
Daxili işlər, xariçi işlər, hərbi
işlər, maliyə işləri, yol və gediş-gəliş
işləri, maarif işləri, ərzaq, poçta-teleqraf və
sairə və sairə; deməli, camaət bu işlərdə
hökumətə kömək etməlidir. Məsələ
hərbi işlərimizdə əsgərlərimizin əgnini
layiqincə geydirən, əskəri işlərə məxsus
bir fond əmələ gətirən, fərarilik kimi rəzalətlərin
qabağını alan, vətən müdafiəsi yolunda bir
çox işlər görə bilən “müdafieyi-milliyə”
kimi bir cəmiyyətimiz olarsa, maarif vəzarətimizə əl
yetirmək, dilimizin islahına çalışan, kitablar
düzəldən ədəbiyyat və sənaye nəfisəmizi
artıran, qabil müəllimlər hazırlayan və ən
kiçik kəndlərimizdə böylə məktəb
açılmasına himmət edən “maarif” adında bir təşkilatımız
ciddi surətdə işləsə, maliyyə və ticarət
vəzarətlərinə mədəd verməkdə xəzinəmizə
qızıl və gümüş pul dolmasına, maliyə və
ticarət işlərinin rəvacına və bu işlərdə
baxüsus müsəlman ünsürlərinin əlaqədar
olmasına xidmət edən bir “ticarət və maliyə
komisyonumuz” olarsa, daxili işlərdə polis adamlarının
əgri, oğru, rüşvətxor, dələduzlardan təsviyyə
edilməsinə, yolların qaçaq-quldurlardan azad edilməsinə
və hər yerdə sakitlik və rahatlıq bərpasına
cəhd edən “əmnü-asayiş” cəmiyyətimiz olarsa,
xülasə, hər bir vəzarətin idarəsinə
mütabiq və münasib olan və bu yolda vəzarətlərə
lazımınca kömək yetirən cəmiyyətələrimiz,
komitələrimiz, komisyonlarımız və növbənöv
təşkilatlarımız olarsa, bilirsiniz necə bir surət
ilə hər kəsi heyran edəcək dərəcədə
tərəqqi edib məmur və müntəzəm bir dövlət,
mədəni və asudə bir cümhuriyyət olmaqla
qonşularımızdan əlavə Yevropa əhlinin dəxi
bizə ehtiram edə biləcəgi bir vəziyyət
alarıq. Bu isə istiqlal və istiqbalımızın ola
bilsin ki, daimi bir surətdə təminini mucib olub, vətənimizi
və gələcək nəslimizi əsirlik və yesirlik
zülmündən bir kərəmlik məsun və azad edib
biz gördüyümüz zülmləri, çekdigimiz rəzalətləri,
keçirdigimiz fəlakətləri dəha onlara
dadızdırmaq və göz açıb da müstəqil
yaşayan bir millət olduğunu gördürər. Pəs bu yolda cəmaətimizin köməgi və
himməti böyük şərtdir.
Lakin bir şeyi unutmamalıdır ki, camaətimizin
müxtəlif cəmiyyətləri vasitəsilə dövləti
işlərdə iştirakı hökumətimiz
üçün ancaq və ancaq kömək və mədəd
mahiyyətində olub, haşan nəuzubillahi xələl
yetirmək və əngəlləri törətmək
olmasın.
Böylə olmasın ki, hökumət: “Məra bexeyre to omid
nist, şərr mərəsan” diməgə məcbur
qalıb, ağır yükünün zəif bədənində
daha da ağırlaşmasını hiss etsin. Biləks
yükünün yüngülləşdigini və qüvvətinin
artdığını görsün ki, sürətlə irəliləyib
vətən və millətimizi tezlik ilə mənzili-məqsudə
yetirə bilsin.
Hacıbəyli
Üzeyir
“Azərbaycan”,
8 yanvar 1919, ¹82
Sülh
konqresinə gedən Heyəti-mürəxxəsənin əziməti
Azərbaycan parlamanı tərəfindən Avropaya və
Azərbaycan tərəfindən ümumi sülh konqresinə
göndərilən heyəti-mürəxxəsə
çaharşənbə günü saat 7-də dəmiryolu təriqilə
əzimət etdi. Heyət: dövlət müfəttişi, “Müsavat”
pişrovu Məhəmməd Həsən Hacınski, parlaman məbusu
və məşhur cəmaət xadimi və mühərrir
Əhməd bəy Ağayev, məşhur cəmaət xadimi
Əlimərdan bəy Topçubaşov, parlaman üzvü və
sosialist “Hümmət” firqəsi rəisi Əkbər ağa
Şeyxülislamov, qəzetəmizin müdir və baş
mühərriri Ceyhun bəy Hacıbəyli, Məhərrəmov
(sosialist) və Miryəqub Mirmehdiyev (“İttihad”) cənablarından
ibarətdir.
Heyəti-mürəxxəsəyi
təşyi üçün başda Fətəli xan Xoyski həzrətləri
olmaq üzrə ümum nazirlər: Məclisi-Məbusan əzasının
bir çoxu, xüsusən fraksiya və firqə rəisləri
və bir çox sair həzərat mövqifə getmişlərdi.
Stasyona fəxri qarovul dəstəsi
qonulmuşdu. Heyət yola düşmədən əvvəl
“Müsavat” firqəsi rəisi Rəsulzadə Məhəmməd
Əmin bəy cənabları müxtəsər bir nitq irad edərək
Avropaya gedən məşhur çalışqan rəislərimizə
vəzifəhləri həqqində bir söz söyləməgi
artıq hesab edib də ancaq vəkillərimizin millət
hüzuruna istiqlal təmini kibi mübarək bəşarətlə,
ağ üz, açıq alınla qayıdacaqlarına əmin
olduğunu bildiriyor.
Bədə
sosialistlər ittifaqı namindən Əhməd Cövdət
cənabları bir nitq deyərək Azərbaycan
demokratiyası tərəfindən bütün Avropa və
cahan demokratiyasına salam yetirmələrini
və dünya füqərayi-kasibəsindən bizə amal və
arzularımızın hüsuli, bəşarəti gətirmələrini
arzu ediyor.
Heyəti-mürəxxəsə
tərəfindən Ağaoğlu Əhməd bəy həzrətləri
cəvabı nitq irad edərək bu gün vətəndə
gördügü hallar, hərəkətlərin heyəti-mürəxxəsə
öhdəsinə düşən ağır vəzifənin
hüsni-ifasına və istiqlala layiq olan bir millətin
istiqlaliyyətini təmin edə biləcəklərinə
olan iman və etiqadlarını bir daha qüvvətləndirdigini
və binaənileyh heyət var qüvvəsilə millətin
arzusuna nail olmağa çalışacağını, bu
yolda da müvəffəq olacaqlarına
inandığını bəyan ediyor.
Sürəkli
“Ura” sədası içində qatar yola
düşüyor.
X.İ.
“Azərbaycan”,
10 yanvar 1919, ¹84
Əzimət
- yola düşmə
Təşyi
- yola salma
Mövqit
- stansiya
Bəşarət
- şad xəbər
Azərbaycan
Məclisi-Məbusanında 7-ci iclas
Çaharşənbə günü qanuni-saninin 8-də
Azərbaycan Məclisi-Məbusasının iclası təyin
edilmişdi. İclas saat 2-dən 20 dəqiqə işləmiş
doktor Ağayev həzrətlərinin sədarətilə
açılıyor. Katib Əhməd
Cövdət cənablarıdır.
Diplomatlar lojasında Dağıstanlılar Cümhuriyyətinin
Azərbaycan nümayəndəsi və Dağıstan
hökuməti nazirlərindən müsafirətən şəhərimizdə
bulunan İbrahim bəy Heydərov həzrətləri və
qeyriləri əyləşmişlərdir.
Rəisi-Vükəla Fətəli Xan Xoyski həzrətləri
başda olmaq üzrə nazirlər dəxi ümumiyyətlə
isbati-vücud ediyorlar. Tamaşaçılar üçün təyin
edilmiş yerlər doludur. Xanımlar
üçün ayrılmış lojalar dəxi tamaşaçı
xanımlar ilə dolu idilər.
Doktor
Ağayev - İclası açaraq ruzinameyi-müzakiratı
elan ediyor. Növbədəki məsələlər:
1- Varid
olan teleqraflar və kağızlar
2- İki
məbusun ərzi-halı
3-
Etibarnamə komissiyasının məruzəsi
4- İrəvan
quberniyası müsəlmanlarının əhvalı həqqində
bir ərzi-hal
5-
Əfvi-ümumi həqqində qanun layihəsi
6- Fəhlələr
məsələsi həqqində Türk Ədəmi-Mərkəziyyət
“Müsavat” firqəsinin məsai nazirinə xitabən
istizahı
7- Lənkəran və Muğan məsələsi həqqində Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsinin hökumətə xitabən istizahı
8- Hacıqabul mövqifindəki hadisə xəbəri münasibətilə Parlamanın sosialistlər fraksiyonu tərəfindən hökumətə xitabən verilmiş istizah.
Sonra Ermənistan Cümhuriyyəti erməni Milli Şurası tərəfindən və Ağdamdan alınmış teleqraflar oxunuyor.
Azərbaycan Məclisi-Məbusanı açılan zaman ümum parlamanlara və əzcümlə Ermənistan parlamanına çəkmiş olduğu teleqrafa şimdi Ermənistan Milli Şurası tərəfindən böylə cavab alınmışdır:
Azərbaycan Məclisi-Məbusanı sədri həzrətlərinin hüzuri-alilərinə
Azərbaycan Cümhuriyyət idarəsi, vilayətin hakimi olan Məclisi-Məbusanın təhti-idarəsinə keçməsi münasibətilə Ermənistan Milli Şurası səmimi qəlbdən şad və məsrur olmuşdur.
Parlamanın güşadını zati-aliləri tərəfindən çəkilib də yanvarın birində bizə vüsul olmuş teleqrafından ögrəndik. Əsrlərdən bəri iki həmsayə arasındakı dostluğu bir feyzi ziqiymət ədd edərək Ermənistan Milli Şurası həmin dostluğun dəvam və bəqası məsləkini təqib edəcək və iki dost hökumətin dövləti mənafeyini birləşdirmək üçün daha müəssir vəsilələr aramaqda qüsur göstərməyərək bunları yekdigərilə yaklaşdıracaqdır.
Ermənistan Şurayi-Millisi rəisi: Saakyan Bədə Ağdamdan alınmış zeyldə yazılan təbrik teleqrafı oxunuyor:
Azərbaycan Məclisi-Məbusanı sədri həzrətlərinə: “Əziz vətənimiz Azərbaycan təşəkkülünün böylə mühüm və müşkül bir dövründə, biz Ağdam mahalının nümayəndələri müstəqil Azərbaycanımızın mənafeyini və onun parlamanını müdafiə və mühafizə üçün səmimi qəlb ilə hazır olduğumuzu öz parlamanımıza izhar etməklə bərabər əmin oluruz ki, ən yaxın bir zamanda Məclisi-Müəssisan dəvətilə müstəqil yaşamağımız üçün demokratik əsaslar həmişəlik bərpa olacaq: hər şeydən ziyadə daxildə asayiş və əmniyyət üçün və xaricdən olan təərrüzlərin dəfi üçün əskəri bir qüvvə lazım olduğundan həmin qüvvənin əcələ ilə təşkil tapmasını arzu ediriz.
İldırım xan, Hidayət, Həmid, Muxtar, Zeynal və başqaları”
Bu teleqraflardan sonra Cavanşir qəzası məbusu doktor Cəmil bəy Ləmbəranski və Səlyan məbusu Baxış bəy Rüstəmbəyov cənabları tərəfindən verilmiş ərzi-hallara baxılıyor. Bu məbuslar on gün məzuniyyət istiyorlar.
Sosialistlər fraksiyası tərəfindən Qarayev təklif ediyor ki, məbuslardan bir çoxu məzuniyyətə gedib, bəziləri də hökumət və parlaman tərəfindən Avropaya və sair işlərə göndərilmiş olduqlarından müvəqqəti olaraq heç bir kəsə məzuniyyət verilməsin və məzkur iki məbusun ərzi-halı qəbul edilməsin.
(Ardı
var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 18 iyun.- S.21.