İmperiyalar və onların süquta
sürüklənməsi
Proloq
(Əvvəli
4 iyun sayımızda)
V. I
Dünya müharibəsi.
I
Dünya müharibəsinə gedən yol
28 iyun 1914-cü ildə Avstriya taxt-tacının varisi,
ershersoq Frants-Ferdinand Bosniya şəhəri Sarayevoda qətlə
yetirildi. Bu hadisə Avstriya ilə Serbiya arasındakı əksdurmanın
nəticəsi olmasına baxmayaraq, I Dünya müharibəsinə
aparırdı. Müharibə isə
heç də labüd deyildi, çünki əvvəllər
Avropa liderlərinin qətlə yetirilməsi müharibəyə
səbəb olmamışdı və Avropa dövlət xadimləri
belə münaqişələri
lokallaşdırılmış və
yatırmışdılar.
Lakin bu vaxt Avropada militarizm güclənmişdi. İri
kütləyə malik olan orduların böyüməsi
Avropada mövcud olan münaqişələri kəskinləşdirmişdi.
Ordular böyüdükcə hərbi liderlərin
də təsiri artırdı. 1914-cü
ilin yayı ərzindəki böhranda generallarda Avropa siyasi
liderlərinə xas olan çeviklik yox idi, ona görə də
siyasi vasitələr əvəzinə hərbi qərarlara
üstünlük verildi.
Bu
dövrdə müharibəyə cəlb olunacaq beş imperiyadan üçünün
imperatorları bir-birlərinə yaxın qohum idilər. Onlar
Almaniyanın, Böyük Britaniyanın və Rusiyanın
imperatorları olmaqla, titulları əsasən kayzer, kral və
çar kimi işlənirdi.
Almaniyanın
kayzeri II Vilhelm Böyük Britaniya kralı V Corcun bibisi
oğlu idi, onların hər ikisi Britaniya kraliçası,
1901-ci ildə vəfat edən Viktoriyanın nəvələri
olmaqla, qızının və oğlunun övladları idi. Rusiya çarı II Nikolay isə Britaniya kralı V
Corcla xalaoğlu idi, onların anaları Danimarka
kralının qızları olmaqla, printsessalar idi. II Nikolayın arvadı da kraliça Viktoriyanın nəvəsi
idi.
Görən taxt-taca yiyələnmiş bu adamlar niyə
tabeliklərində olan xalqları, ölkələri ilə
yanaşı, özlərini də bu ölümcül təhlükənin
ağuşuna atırdılar? Axı qətlə
yetirilən Avstriya ershersoqu və ya onu qətlə yetirən
Qavrilo Printsip ilə onların bilavasitə heç bir əlaqələri
yox idi. Əgər Avstriya-Macarıstan bir serb
cavan oğlan olan qatilə görə bütöv Serbiyadan
qisas almaq istəyirdisə, nəyə görə Almaniya
öz müttəfiqini müharibə başlamağa təhrik
edir və əks tərəfdəki böyük dövlətlərə
hədə gəlirdi. II Vilhelm öz doğma
anasının və məşhur kraliça nənəsinin
vətəninə qarşı müharibəyə
başlamaqla hansı bir məqsədi güdürdü?
Bu vaxt Böyük Britaniya dünyanın ən
böyük dövləti idi. İmperiyada 0,5 milyard nəfər və ya planetin ərazisindəki
bütün əhalinin dörddə biri yaşayırdı,
Hindistana, Afrikanın yarısına malik idi. Axı
Napoleon kimi istedadlı sərkərdə və dövlət
xadimi ada dövləti olan Böyük Britaniyanı diz
çökdürə bilməmişdi və axırda ingilis
generalının başçılıq etdiyi birləşmiş
Britaniya və Prussiya orduları tərəfindən qəti və
axırıncı məğlubiyyətə
uğradılmışdı. Digər tərəfdən,
Britaniya imperiyası iqtisadi inkişafda yüksək zirvələri
fəth edəndə, yenicə birləşmiş Almaniya
Avropanın böyük dövlətləri ailəsinə
daxil olmuşdu. Bu süfrəyə gec gəlsə
də, böyük iştah nümayiş etdirən Almaniya
qısa müddətdə yüksək sənaye
inkişafına malik olmuşdu. Lakin hərbi
cəhətdən digər böyük dövlətləri məğlub
etmək barədə elə də böyük şansa malik
deyildi. İllüziya isə müharibə
kimi olduqca ciddi bir işdə arqument rolunu oynaya bilməzdi.
II Vilhelm
militarizmə ümdə fikir verirdi, güclü hərbi-dəniz
donanmasına sahib olmağa can atırdı. Axı XX əsrin
başlanğıcının İngiltərəsi nə b.e.ə.
III əsrin ortalarının Karfageni deyildi, nə də
Almaniya həmin dövrün Romasına çevrilib, dəniz
müharibəsində ən yeni silah olan sualtı qayıqlara
bel bağlasa da, İngiltərəni məğlubiyyət
acısını dadmağa məcbur edə bilməzdi. İspanların məğlubedilməz Armadası da
Çarlz Hovarddan və Frensis Dreykdən, XIX əsrin
başlanğıclarında isə fransız və ispan birgə
donanmaları da Trafalqar döyüşündə isə
admiral Nelsondan yaxşı dərs almışdılar. Tarixin belə ibrət dərsləri olan yerdə
görən Almaniya kayzeri özünü hansı xəyallarla
qidalandırırdı.
II Vilhelm
taxt-taca çıxdıqdan iki il sonra Almaniyanın birləşməsinin,
yeni iri Avropa dövlətinin beşiyi başında
dayanmış, iki onillik əvvəl Fransanı ağır məğlubiyyətə
uğradan, bu qələbənin “qılıncını
döyən” Bismarkı imperiyanın reyxskanslerliyindən
uzaqlaşdırmışdı. Bismark militarist
siyasət aparsa da, öz dövlətinin və onun rəqibinin
imkanlarına yaxşı bələd olduğundan ağır
səhvlərdən qaçmağı bacarırdı.
II Vilhelm isə hərbi təlim keçsə də, hərb
və ən başlıcası siyasət aləmində
Bismarkla heç cür müqayisə oluna bilməzdi,
diplomatiyada isə ona bütünlüklə uduzurdu. Lakin bədbəxtlikdən
Bismarkdan yaxasını qurtarıb, sərbəstliyə malik
olsa da, bu mövqeyindən ustalıqla deyil, xəyallara
qapılmaq yolu ilə istifadə etməyə
çalışırdı. Alman hərbi
maşınının hər şeyə qadir olması barədəki
dayaz düşüncə onu müharibə
cığırlarına düşməyə sövq
etmişdi. II Vilhelm əgər Yeddiillik müharibədə
böyük Fridrixin Rusiya tərəfindən ağır vəziyyətə
salındığını, rus qoşunlarının Berlin də
daxil olmaqla, Prussiyanın xeyli hissəsini tutmasını,
yalnız taleyin çar III Pyotr şəklindəki
mükafatı ilə bu bəladan xilas olduğunu nəzərə
alsaydı, yəqin ki, Avropanın hərbi cəhətdən
heç də zəif olmayan üç böyük dövlətinin
yaratdığı ittifaqa - Antantaya qarşı müharibəyə
girişməzdi. Axı onların potensial
müttəfiqi olan ABŞ da nəzərə alınmalı
idi.
II Vilhelmdən
25 il sonra Hitler də sərsəm ideya-fiksə
tabe olaraq, bütün Avropa ilə müharibəyə girmək
kimi ağılsız bir riskə özünü
atmışdı. Onların hər ikisinin tarixdən
dərs almaq imkanı olsa da, onlar buna məhəl
qoymamışdılar.
Hər iki dünya müharibəsi olmasaydı, Almaniya,
heç şübhəsiz, dünyanın iqtisadi cəhətdən
fövqəl dövlətinə çevrilə bilərdi. Almaniya birləşdikdən
sonra iqtisadi cəhətdən çox güclənmişdi.
Çünki hələ 1913-cü ildə
Almaniya sənaye istehsalına görə Böyük
Britaniyanı ötüb keçmişdi. Həm
də güclü orduya malik idi. Lakin həm
II Vilhelm, həm də Hitler bu imkanı məhv etdi. Çox işgüzar bir xalqı müharibədəki
məğlubiyyətlə və səfalətlə üzləşməyə
gətirib çıxardı. Əlavə
“yaşayış məkanı” qazanmaq arzusu isə öz
ölkələrinin ərazisinin kiçildilməsi ilə nəticələndi.
İmperiyalar onsuz da öz sonluğuna çatacaqdı. Lakin I
Dünya müharibəsi tonqalını yandırmağa
görə onun başlamasına günahkar olanlar məsuliyyət
daşımalı idilər. Lakin bu baş
vermədi, II Vilhelm cəzadan yaxasını ölkəsindən
qaçmaqla qurtardı, I Frants-İosifi isə təbiətin
qanunu sıradan çıxarmışdı. Böyük İtalyan filosofu Çezare
Bekkariyanın cəzanın cinayətə müvafiq olması
barədəki təlimi də öz vacib tətbiq
imkanını tapmadı.
1914-cü ildə I Dünya müharibəsinin
başlanmasına bəhanə kimi istifadə edilən hadisə
- Avstriya ershersoqu Frants-Ferdinandan Sarayevoda gənc fanatik tərəfindən
öldürülməsi idi. Bu qətldə panserb
millətçiliyinin təbliğatı müəyyən rol
oynamışdı. Çünki çox sayda adamlar buna can atırdı. Səbəb
isə daha dərin idi. Bundan əvvəlki onilliklərdə
Avropa işlərinə nəzarət edən böyük
dövlətlər - Almaniya, Avstriya-Macarıstan, İtaliya,
Rusiya, Fransa və Böyük Britaniya arasındakı rəqabət
və düşmənçilik münasibətləri I
Dünya müharibəsi kimi bir hadisənin qısa müddətdə
meydana gəlməsi üçün əslində olduqca zəruri
olan bir rol oynadı.
Bir qədər əvvəlki onilliklərə
qayıtsaq, bu düşmənçiliyin təzahürlərinin
daha aydın nəzərə çarpdığını
müşahidə edə bilərik. Bismarkın
başçılıq etdiyi Prussiya hökuməti 1870-1871-ci
illərdə Fransaya qarşı müharibənin qalibiyyət
mühitində Versalda birləşmiş Almaniyanın
yaranması barədə saziş imzalandı. Almaniya sərhəd ərazisi olan Elzas və
Lotarilgiyanı Fransadan kəsib, özünə birləşdirdi.
Fransızların qisas alacağının və
yeni müharibənin qorxusu altında Bismark təhlükəsizliyi
təmin etmək naminə 1873-cü ildə
Avstriya-Macarıstana və Rusiyaya yaxınlaşaraq,
Üç İmperator Liqası və ya Drein Kaiservona
yaratdı. 1878-ci ildə Berlin Konqressi
Rusiyanın maraqlarını Türkiyə naminə qurban
verdikdə, bu ittifaq iflasa uğradı. Bismark
sonra, 1879-cu ildə Avstriya-Almaniya müqaviləsi
bağlandı. 1882-ci ildə bu ittifaqa
İtaliya da qoşuldu.
Bismarkın ittifaqlar sistemi özünün paradoksal cəhətlərinə
baxmayaraq, Almaniya üçün olduqca vacib idi. Çünki
Fransa barədəki başlıca qayğı öz
mövcudluğunu davam etdirirdi. Lakin
Avstriya-Macarıstan isə nəyə görəsə
Fransadan qorxmurdu və əsasən yalnız Balkanlarda
maraqlı idi. Osmanlı imperiyasının
tənəzzülü Balkanlarda yeni dövlətlərin
yaranmasına səbəb olmuşdu, onların da hamısı
millətçilik prinsiplərinə əsaslanırdı.
1867-ci ildə Avstriya-Macarıstan Dual (ikisi birgə)
monarxiyası yaradıldı, burada yaşayan almanlar
(avstriyalılar) və macarlar ümumi əhalinin 41 faizini təşkil
edirdi, digər irqi azlıqlar üzərində onlar
ağalıqlarını bölüşürdülər.
Bunlara çexlər, slovaklar, polyaklar,
ukraynalılar, rumınlar, italyanlar, slovaklar, xorvatlar və
serblər daxil idi. Balkanlarda yeni dövlətlərin
yaranması isə Avstriya-Macarıstanı bu prosesi yaxından
izləməyə məcbur etmişdi ki, onların nümunəsi
əsasında ölkəsindəki azlıqlar azadlığa
can atmasınlar. Balkanlarda status-kvonu saxlamaq Avstriya-Macarıstan
üçün həm də kifayət qədər çətin
bir iş idi.
Digər tərəfdən, Rusiya Balkan yarımadasının işlərinə fəal müdaxilə etmək istəyirdi, Balkan slavyanlarının xeyrinə panslavyan təbliğatı aparırdı, özünü onların hamisi hesab edirdi. Türkiyə boğazları - Dardanel və Bosfordan Aralıq dənizinə özünün keçidi bağlandıqda, Rusiya “Avropadakı Türkiyənin” ləğv edilməsini qeyd etməyə hazırlaşırdı. Çünki bu vaxt boğazlar Rusiyanın hərbi gəmiləri üçün açılacaqdı. Rusiyanın Balkanlara münasibəti yalnız Avstriya-Macarıstanla yenidən barışdığına görə çətinləşmişdi. İtaliya da artıq öz ənənəvi düşməni olan, onun torpaqlarının müəyyən hissəsini bir müddət öz ağalığı altında saxlamış Avstriya ilə barışmışdı, həm də Avstriya artıq Fransadan da öz təhlükəsizliyi məsələsində xeyli ümidə malik idi.
1878-ci il Berlin Konqressi Rusiyanın Türkiyə ilə müharibədə qazandıqlarının üstündən qalın xətt çəkdi, yalnız Cənubi Bessarabiyanı Rusiyaya verdi. Həmin Konqressdə də mühüm rol oynayan Böyük Britaniya Rusiyanı Aralıq dənizindən aralı saxlamaq istəyirdi. Onun bu mövqeyindən Osmanlı imperiyası da faydalanırdı. Avstriya-Macarıstan isə bəzi Türkiyə ərazilərini, o cümlədən, Bosniya-Herseqovinanı “işğal etmək” hüququnu əldə etmişdi, burada isə əsasən serblər yaşayırdı və onun ərazisi Serbiya knyazlığı ilə digər cənubi slavyan dövləti olan Çernoqoriyanın arasında idi. Bu “işğal” imperiyada serb azlığının çoxalmasına səbəb oldu.
(Ardı var)
Orucov Telman
525-ci qəzet.- 2016.- 18 iyun.- S.20.