Qoytuləli körpüsü - “Bir sədanın
ardınca” povestindən parça
(Əvvəli
ötən şənbə sayımızda)
... Həbibin başında elə bil dəyirman
daşı fırlanırdı. Fikri
çalxalanır, xəyalı bu gecənin zülmət
qaranlığı kimi sanki dərin bir quyuya
düşürdü.
İndi gəl, ayırd elə, bu qədər səsin-sədanın
içində kimin hayqırtısıydı onu yuxusundan
oyadan?
Baqqalın səsi deyildi, baqqal heç qışqırmaz da,
çünki alıcının köləsidir; Qoytuləli də
o qədər həlim adamdır ki, öz səsini özü
ancaq eşidə, Güleyşəninki də Allahı, bir də
Qoytuləlini çağırıb dua-sənə eləməkdi...
Səlimağanı da Dicvicinnilər bir
ağaca elə sərib yerə yatırtdılar ki, daha
heç vay-dədə-vayı qışqırmağa da nə
heyi, nə də macalı olmazdı. Dicvicinli “qana-qan”
deyə bağıran, dam-daşı lərzəyə gətirib
yerindən oynadan germic kimi əsib kükrəyən o
qisasçılar! Həə, heç o germicin səsindən
yatmaq olur ki, oyanasan da... Ancaq onlar da
“öldürün” - deyə qışqırırdılar.
O qışqırıq da Həbibin yuxuda eşitdiyi haraya
heç bənzəmirdi...
lll
...Öz
qismətinin sorağına çıxan Qoytuləli, arabir
özünü danlayıb yamanlaya-yamanlaya, bəxtini
qınaya-qınaya, var gücünü toplayıb “ya Ərdəbil,
gəlirəm”, - deyib düşmüşdü yolun
ağına.
Küçədə qalıb ayaza dözəsi halı
yox, karvansaralıq da pulu-parası. Elə bu məətəlçiliklə
də axır ki, gəlib yetişdiyi Ərdəbilin
küçələri ilə sələ-sələ yeriyərək
boz ulağı da yedəyində gəlib bir baqqal
dükanının bərabərinə yetişmişdi.
Baqqal
dükanının qarşısında duran yaşlı bir kişi üzüm satırdı. Axşam tərəfi olduğundan elə bazarın,
alış-verişin də axırıydı.
İlk əvvəl
müştəri sandığı, ulağı yedəyində
yetişib üzbəüz dayanıb baxan adamın uzaq yoldan gəldiyini
duyan üzüm satan kişi elə yerindəcə
səslənib:
- Uzaq
yoldan gələnə oxşayırsan, ay qardaş, yaxın gəl,
bu Allah nemətindən götür dad, qonağımız ol,
- deyə səxavət göstərdi.
Ac Qoytuləli də ta bayaq irəli yeridi. Yaxınlaşıb
kişinin ona uzatdığı bir salxım üzümü
alaraq kənara çəkilib gilələrini bir-bir dənləyib
ağzına ata-ata:
- Ay Qoytuləli,
Ərdəbilə get, Ərdəbilə get, deyə-deyə məni
yol-yorğunu etdin. Gəldim, hə, budur.
Bu da Ərdəbil, qismətim, demə, bu bir salxım
üzüm imiş, - deyə yuxuda gördüyü, onu bu ağır yolçuluğa məcbur edən
pirani qocanın ardınca danışıb deyinməyə
başlayanda üzüm satan kişinin qulağı
yolçunun bu giley-güzarını aldı, bir az da dinşək
kəsilib:
- Ay
qardaş, o nə giley-güzardı belə edirsən, kimdən,
nədən şikayətlənirsən, danış biz də
bilək. Bəlkə bir himayətimiz toxundu, -
deyə qərib adamın halına acıyaraq qayğısına
şərik oldu.
Elə
Qoytuləli də necə ki, indiyəcən necə ki, biz nəql
etmişdik, açıb danışdı ki, bəs belə-belə...
Neçə müddətdir ki, nurani bir qoca yuxuma girib elə
hey Ərdəbilə get, Ərdəbilə get, qismətin
ordadır, al qayıt qismətini, -deyib gündüzümü
də gecəmə qatıb
qaraltmışdı. Axırda da ki, bu səfərə
çıxmaqda ləngidiyimə görə az
qala məni döyüb öldürəcəkdi. Hə, budur, mən də qocanın vədinə
inanıb çox uzun, məşəqqətli bir yol
keçib gəlmişəm, nə qalmağa yerim var, nə də
xərcləməyə pulum-param. Qoytuləli
sözünün bu yerində dərindən köks
ötürüb: - İndi də qalmışam küçələrdə
bu ayaza, qismətim də elə bu bir salxım üzüm
imiş ki, Allah da sənin atana rəhmət eləsin, onu mənə
verdin, indi yeyib ac qarnımı doydururam...
Üzüm
satan kişi də qayıdıb deyəsən
ki, ay pir olmuş, heç yuxuya da inanıb bu qədər uzaq
yolu min bir əziyyətlə keçib gələrlər?
Üzüm satan kişinin sifətinə
birdən-birə nədənsə kinayə sayaq bir təbəssüm
qondu bir ara susub sonra da qəhqəhə çəkdi: -
Əşi, ay pir olmuş, o dediyin pirani qoca sayaq birisi neçə
müddətdi ki, elə mənim də yuxuma girir. Elə hey
deyir ki, Zəngəzura get, özü də
Köçbəkdi, nədi, hə, hə Köçbək
deyilən bir yerə. Orada Qoytuləli adlı xeyirxah, kasıb
bir kişi yaşayır. Bax,
onun tövləsində, axurun altını qaz, dəfinə
tapacaqsan. Qismətinin dalınca get...
Kişi
söhbətinə son verib: - Onun sözünə qulaq
asıb heç gedərəmmi. Ay getdim ha, boş yuxudan
ötrü kimdi bu qədər yolu gedən, - deyə bu uzun
yolu keçib gələn binəva Qoytuləliyə rişxənd
də etdi, sonra bir də gülüb: - Əşi,
ağlı başında olan adam da
heç quru yuxuya inanarmı?
Qoytuləli
elə bil qəflət yuxusunda idi ki, birdən ayıldı,
barmağını dişləyib: - Ay dili-qafil, olmaya yuxum
çin çıxdı? Qoca düz deyirmiş, deyəsən,
elə qismətimə tuş gəlmişəm... Baqqala bir az da yaxın gəldi.
- Qardaş,
- dedi, - görürsən də, qəribəm, heç nəyim
də yoxdu. Olan bir boz ulağım var idi onu da
Dicvicin deyilən xaraba qalmış kənddə qoluzorlulara
buraxıb başımı götürüb gəlmişəm.
Baqqalın
da onun bu müxtəsərcə izahatına dair
sorğu-sualına da elə dilucu, yola verən bir cavab verib mətləbə
keçərək:
-
Qardaş, - dedi, - mənə bir neçə günlük gecələməyə
yer, geriyə, elimə-obama geri dönmək, yola
yavanlığa bir şey qazanmaq, əldə etməkdən
ötəri iş lazımdır. Sonra da əllərini
göstərib onu da əlavə etdi ki, bax, dəmirdən
kömürə qədər nə iş olsa razıyam...
Adam sərrafı
olan baqqal da bu qərib adamın enli kürəklərinə,
caydaq bədəninə baxıb: - Hə, görürəm, -
dedi, - halal adama oxşayırsan.
Kişi
geri dönüb əlini öz dükanına tərəf
uzadaraq: - Bax, qalan yerin də bura, çalışıb
pul-para qazanacağın yerin də buradır, -dedi - Məndən
narazı qalmazsan, deyərək sonra da Qoytuləlinin əlini
ovcuna alıb sıxdı...
lll
Qoytuləli Ərdəbildən “başının bəlası”
Dicvicinəcən bir günlük yolu boz ulağına
yetişməyin həsrəti ilə yarım günə ötüb
gəldi. Özünü gələn baş “qonaq”
düşdüyü qovğalı evin qənşərinə
yetirəndə bir neçə gün əvvəl
canını götürüb qaçdığı
doqqazın ağzında bu dəfə iri bir kilidin
asıldığını gördü.
Sağa-sola
bir də döyüküb ev tərəfdən
heç bir həcin gəlmədiyini görüb doqqazdan
uzaqlaşmaq istəyirdi ki, onu, yəni ki, bir yad adamı xaraba
evin həndəvərində dolaşan görən kənd əhlindən
yaşlı birisi yaxın gəlib bu qəribə
yolçudan:
- Ay adam, kimsən, nəçisən, buralarda nə
gəzib dolaşırsan, olmaya gözünü qan tutub? Yoxsa
nəsə itiyin qalıb?..
Az əvvəl
kişinin sorğu-sualından xoflansa da, sonra onun dilindən
“itik” sözünü eşidən Qoytuləli ürəkləndi:
- Hə, qardaş, düz deyirsən, - deyib af-ufla nəql etdi
ki, bəs deməyəsən, elə itiyimi axtarıram.
Neçə gün əvvəl bu evə qonaq
düşmüşdüm, elə kandara təzəcə ayaq
basmışdım ki, qırğın düşdü...
Söhbətini
tamamlayan Qoytuləli: - Hə, bəs, uzaq yollar
yoldaşımı, ulağımı da elə burda qoyub quru
canımı güclə götürüb qaçdım, -
deyə o sədaqətli ulağına görə
qorxu-ürkü bilməyib buradan yolunu saldığını
və indi də elə o etibarlı ulağını xilas etməkdə
ona kömək etməsini xahiş etdi.
O adam da: - Ay zalım oğlu, sən nə qoyub nə
axtarırsan? Görmürsən ki, indi bu viranədə
“lələ köçüb, yurdu qalıb”. Nə ulaq, nə filan?! Yəqin sənin o
ulağın da yağmalanan bu evin bütün olan-olmazı ilə
“qan bahası”nın güdazına gedib. Səninsə
anan namaz üstəymiş ki, mənə rast
düşdün, haydı, xaraba qalmış bu ocağla
yaxınlığından hələ ki, kimsə xəbər
tutub duymamış, yubanma, çıx yolunla get, yoxsa səni
də “qan bahası” edərlər, - deyə Qoytuləlinin
ulağı sarıdan son ümidlərini də alt-üst edib
kişinin ürəyini üzdü. Qorxuya
düşən Qoytuləli də ona “xeyirxahlıq” edən
kişiyə elə qaçaraq, yolüstü “sağ ol,
sağ ol” deyə-deyə dodaqlarının altında Dicvicinə
bir də tüpürə-tüpürə kənddən
uzaqlaşdı.
lll
Qoytuləli beləcə neçə gün dayanmadan
uzaq mənzili yaxın edib, gecəni gündüzə
qatıb, yağışa, dumana, əsən rüzgarlara sinəsini,
necə deyərlər, sipər edərək, nəhayət
ki, gəlib yetişdi Dərələyəzə,
Köçbəy də dağın döşündəki
evinə.
Ərini
görər-görməz Güleyşə də kişinin
qabağına yüyürüb: - Səni yetirən
Allahıma qurban, ay kişi,
şükür Yaradana ki, sağ-salamat qayıtdın.
Güleyşə
beləcə nə vaxtdan bəri hənirinə - səsinə,
nəfəsinə həsrət qaldığı Qoytuləlini
sağ-salamat ona yetirən uca Yaradanına şükür - sənə,
gəldiyi yollara da qurban-sadağa deyə-deyə yollar
yorğunu kişini bağrına basıb, az qala itələ-itələ
çəkib oturdu həsirin üstünə sərdiyi
yorğanın üstünə...
Aradan az keçir, çox keçir axır ki,
Güleyşə:
-
Boğçan-barxanan əlinin uzunluğundan bəllidir, ay kişi, bəs boz ulağı neynədin.
Kişinin hələm-hələm cavab vermədiyini
görüb: - Deyəcəksən, acından ölməmək
üçün satıb yedim, eləmi? - deyə
rişxəndlə xəbər alanda.
Qoytuləli
də: - Yox, arvad, boz ulağı “qan bahası” verdim, - dedi.
Ürəyi
yerə düşən Güleyşə ikiəlli dizlərinə
çırpıb:
- Vay dədəm,
vay, ay kişi, deyirsən, adam
öldürmüsən, hə? - Arvad sanki qan düşmənləri
indicə Qoytuləlinin girdiyi qapıdan içəri soxulacaqlarmış
kimi vahiməyə düşüb yerindən dik atılaraq
qapıya tərəf qaçdı, içəridən cəftəni
çəkib taxta kilidi də yerinə keçirib azacıq
toxtadı.
Qoytuləli
arvadını sakitləşdirib: - Yox ey, ay arvad, deyəsən,
sən məni anlamadın, bəs belə-belə... Şərə-qırğına düşdüm,
boz ulağı da canıma “qurban” verdim ki, bax, indi sənin qənşərində
beləcə sağ-salamatam, - deyə şəstlə dilləndi.
Dişarı
çıxıb kişinin əl-ayağını yumaq
üçün su götürüb qayıdanda Güleyşə
gördü ki, Qoytuləli bir az əvvəl
onu qoyub getdiyi yerdə yoxdu. Arvad qıyha çəkib
hayladı: - Qoytuləli, hey, Qoytuləli, hey!..
- Səs gəlmirdi ki, gəlmirdi. - Ay, Qoytuləli hara yox
oldun, Qoytuləli ehey...
Qadın
kişidən səs-səda
çıxmadığını görüb bir az da təlaşlandı, sağa-sola
vurnuxa-vurnuxa, aşağı-yuxarı qaçıb haray-həşir
saldı. Tövlənin qabağından
keçəndə içəridən nəsə
qulağı səs aldı, deyəsən, külüng, balta
səsi idi. Qorxa-qorxa irəli yeriyib
tövlənin qapısını azca araladı. Arvad ərini əlində külüng bir vaxt boz
ulağın da yanaşı bağlandığı ala inəyin
axurunu alt-üst edib yanı üstə çevirərək
altını qazan gördü.
Çaş-baş
qalan Güleyşə ərinin üstünə yeriyib: - Sən
burdan Ərdəbilə olmaya “gor” qazmağı öyrənməyə
getmişdin? - deyə hirs-hikkəylə xəbər
aldı: - A kişi, nə etdiyindir, orada bəlkə
başına hava-zad gəlib. Bu nə işdir,
yazıq heyvanların axurunu niyə uçurdursan?
Hay-haray qoparan arvadını sakitləşdirməyə
çalışan Qoytuləli də: - Arvad, suss-suss, səs
salma, - deyə yavaşdan pıçıldadı, sonra da səsini
lap qısıb: - Sən ətrafa göz-qulaq ol, gələn-filan
olsa xəbər elə. Hə, arvad, o nurani qocanın dediyi o
qismətimiz elə burdadı, haydı, əlli tərpən,
get bir qara çıraq da düzəlt gətir mənə,
işimiz çox olacaq! Arvad, əlli ol, tələssənə!
Sonra da
Qoytuləli hələ də yerindən tərpənmədən
matıxıb onun üzünə çaşqıncasına
heyrətlə baxan Güleyşənin üstünə
çımxırıb şeşələndi:
- Ay arvad,
yeri, eşiyə çıx, ətrafa bir göz qoy, mənə
bir qara çıraq gətir demədimmi sənə?!
lll
Qoytuləli
beləcə bircəcik inəyi ilə ulağın axurunun
taxtasını söküb yana ataraq yeri
gecə yarısına qədər külünglə, ta əsləhəsinin
ağzı daşa dəyib qığılcım
saçanacan qazdı.
Nurani, müdrik qocanın dediyinə də, elədiyinə
də - Qoytuləlini tərəddüdə salıb yoldan
saxladığına, şiv çubuqla aval-aval döyməyinə,
baş-gözünü şapalaqlamağına da, demə, dəyərmiş.
Yastı,
sac boyda girdə daşı qaldırana qədər ötən
bu qısa vaxt az qala kişi
üçün il qədər uzun göründü.
Daşı qaldırdı və ağzı qapalı iki on beş tikilmiş girvənkəlik küplə
üz-üzə qaldı. İki əlli
yapışıb küpləri bir-bir çəkib yerindən
çıxartdı.
Gördüklərindən
donub qalmış arvadı dili-dodağı əsə-əsə:
- Ay kişi, bir əl saxla, tez evə
keçək, bu küpləri də götür gedək, -
deyə pıçıltıyla az qala boğula-boğula,
ehtiyatla xəbərdarlıq etsə də əməl edən
kim idi?
Qoytuləlinin indi buna hövsələsimi çatar? De bayaq,
saxsı küpəni ustufca yerdən qaldırıb
qucağına aldı. Nə vaxt
çıxıb düşdüyünü, itdiyini
xatırlamadığı bıçağının tiləsi
ilə qapağını de bayaq söküb atdı. Buz kimi soyuduğu ipisti əlini üşütsə
də, işıltısı gözlərini qamaşdıran,
ağır işlərdən kötük kimi olmuş əllərinin
qabarlarına şölə saçan qızıl sikkələri
ovuclayıb çıxarır, təkrar-təkrar bir də
ovuclayıb baxırdı.
Güleyşənin
təngənəfəs: - Ver mən də baxım, ver mən
də baxım, - deyə yalvarışına məhəl
qoymayıb kişi indi də o biri küpənin
ağzını söküb açır.
Axır
ki, “rəhmə”, “dinə-imana” gəlib o: - Arvad, bura da dəfinə
ilə doludur, - deyə bu dəfə Güleyşə hələ:
“Göstər, ver mən də baxım” deyənəcən
qızıl sikkələdən ovuclayıb tökür
arvadın yamaqlı tumanın ətəyinə. Kişi beləcə
qəzasız-bəlasız müdrik qocanın nişan
verdiyi xəzinəni qazıb çıxarır,
daşıyır evə.
lll
Qoytuləli daha “neynim-necə eləyim”dən
qurtulmuşdu.
Kişi əməlli-başlı sərvət
sahibi olmuşdu. Tanrının
lütfü ilə xəzinəyə qovuşmuşdu.
İndi
iş qalırdı Allahın bu qisməti ilə necə rəftar
eləməyinə, harasını saxlayıb harasını
etməyə, yamana vay, yaxşıya xərc etməyə...
Qoytuləlinin ilk işi arvadı Güleyşə ilə
halallaşıb Ərdəbilə yola düşəndə
qayıdanacan ona güzəranını yola vermək qoyub
getdiyi tək inəyi cüt eləmək oldu.
Ala inəklə
boz ulağı tay boyun edib taxta
xışı kotan qoşqusuna qoşduğu bir cüt
öküz əvəz etdi. Taxta xışı
cavahını par-par parıldayan metal kotanla əvəz eləyib
qoşqu üçün də bir çüt yerli
öküz aldı. Komasına da əl gəzdirib
bir xanə böyütdü. Damını
da kirəmidlə təzələdi. Dicvicində
qoyub gəldiyi boz ulağın da yerini yəhərli-yüyənli
köhlən bir atla doldurdu.
Güleyşənin
məharəti ilə xalça -kilimlə döşənib
naz balışlar da səliqə ilə düzülən
geniş otaqda mütəkkəyə dirsəklənib rahat nəfəs
aldığı günlərin bir günü Qoytuləlini qəfildən
fikir götürdü...
Qurduğu bu dəbdəbədən sanki birdən-birə
xoflandı.
Allaha şükranlığı hər an
dilinin ucunda olsa da, belə bir xəzinəyə sahib olub
qovuşmağının da şəksiz bir hikmətlə
bağlı olduğunu düşündü.
...Bu elədiklərim
özüm üçündür, xəzinə də ki, elə
bu dudimanda, arvadımla özümün bildiyimiz əmin-aman
bir yerdə.
Ancaq bu
qisməti qonşu bacadan, qohum-qardaşdan gizlətsək də,
Yaradandan ki, gizlədə bilmərik - deyə kişi
elə gündən-günə əməlli-başlı
fikir-xəyal eləməyə xiffət çəkməyə
başladı.
Və bir
gün də Güleyşəni qənşərində əyləşdirib:
- Arvad,
axı, ağlıma bir fikir gəlib, - dedi. - Allahın qismətindən
yeyib enləndiyimiz daha bəsdir. Gərək hamının gərəyi
olan bir xeyirxah iş də görəm...
Arvadı
Qoytuləliyə çox yalvar-yaxar edib dilə tutmaq istədi:
- Ay kişi, etmə-eləmə,
özünü dilə-dişə salma, qismətini havaya
sovurub yenə də bizi qara günlərə qoyma, - desə də
Qoytuləli qulaq asmadı. Qətiyyətlə:
- Arvad,
bir iş görməsəm verən Allah elə o asanlıqla
da verdiyini geri alar, - deyə dilləndi.
Sonra da:
-Arvad, məni
Ərdəbilə göndərən o nurani kişi
vardı haa, o kişi yenə hələ nə qədər
ki, yuxuma girməyib, qoy bir xeyir iş də görüm. Yoxsa
yuxuma bir də girsə, ya məni o dünyalıq edər, ya
da bu dəfə Səmərqəndə göndərər, sən
də qalarsan ayaza!
Elə bu xəbərdarlıqdan Güleyşə necə
bir təlatümə düşdüsə, indi də arvad gecələr
vahiməli yuxular görür, haray çəkib
oyanırdı. Elə yuxulu-yuxulu da Qoytuləliyə: “Qurban olum ay kişi, haydı, tez ol bir xeyirxah iş
gör”, - deyə yalvarır, xahiş-minnət edirdi.
Beləcə,
Qoytuləli Köçbəyin kənarı ilə axıb
gedən, elin quzeyi ilə güneyini iki hissəyə bölən,
hər yaz, hər payız sellər-sular coşanda öz
qurbanlarını qoyununa alıb aparmaqdan doymayan
Cığıçayın üstündə bir körpü
saldırmaq qərarına gəldi
Qoytuləli
arayıb-axtarıb görəcəyi bu iş
üçün bir neçə nəfər usta tapdı. Niyyətini onlara açıb
Çığıçayın sahilinə yollandı.
Neçə
il əvvəl Canəmir adlı
qonşusunun bığ yeri yenicə tərləyən
aman-zaman balasını alıb aparan çayın o yerinə
gəlib: - Bax, buradan, elə bu yerdən çayın
üstündə körpü saldırmaq istəyirəm, -
dedi.
Ustalar bir
çaya, bir də Qoytuləliyə baxıb: - Ay qardaş,
çayın bu yeri çox enli, həm də
sıldırımın ağzı olduğundan axın
çox sürətlidir. Burdan körpü atmaq
olmaz - deyə kişini fikrindən daşındırmağa
çalışırdılar. Ustalar nə
illah etdilərsə, onu fikrindən döndərə bilmədilər.
Qoytuləli:
“Dediyim dedikdir! Körpünü buradan tikməlisiz”,
- deyib durdu.
Qoytuləlini
inadından döndərə bilməyən ustalar: - Bu iş
baş tutan deyil, burada körpü olmaz! - deyib
dönərək geri dönmək istədilər.
Qoytuləli
də bu vaxt çağırdığı ustalara: -
Dayanın, bir durun, - deyib atının tərkindən
asdığı xurcuna əlini atıb yumaq boyda iki dəri
kisə çıxardıb ağzının ipini
boşaltdı. İçindəki
alışıb-yanan, göz qamaşdıran qızıl sikkələri
ovuclayıb ustalara göstərə-göstərə sonra da
yenə də yerinə, kisəyə boşaldıb
ağzının ipini ustufca çəkib düyünlədi.
Sonra da kisələri “Ya Allah!” - deyib var
gücü ilə bir-bir çayın o biri sahilinə
tolazladı.
Heyrətdən
gözləri bərələ qalmış ustalara tərəf
dönüb: - Hə, kisələrdəki o
qızılları, cavahiratı gözlərinizlə
gördünüz də, çayı keçib gedib
götürə bilsəniz, sizindir, halal xoşunuz olsun.
Gördüklərindən hələ də gözləri
bərələ qalmış ustalar hamısı birdən
özlərini çaya vururlar. Xatasız-bəlasız
özlərini qarşı sahilə çatdırıb
qızıl kilsələrini də düşdüyü yerdən
qaldırıb götürdülər.
Qoytuləlinin öz vədinə sadiq olduğuna əmin-arxayın
olandan sonra isə ustaların çayı təkrar keçib
sözünün ağası olan kişinin durduğu yerə
qayıtdılar.
Qoytuləli
də bu dəfə təşəxxüslə
: - Həə, bəs deyirdiniz körpünü burda tikmək
olmaz. Eləsə çayı addayıb o taya
necə keçdiniz? - soruşub sonra
da: - Hə, haydı vaxt itirməyin körpünü də elə
dediyim bu yerdə tikəcəyik. Sonra da: - Bəri başdan
burasını da bilin ki, sizə indi bağışladığımın
on misli qədər də muzd verəcəyəm. Qoytuləli
bir anlığa susub: - İndi nə deyirsiniz, tikirikmi
körpünü? - deyib onun təklifi ilə
razılaşan ustalarla əl tutuşdu.
lll
...Hə,
beləcə əxlaqı dürüstlük, amalı
saflıq, xisləti xeyirxahlıq, əməli pak olan kişi Cığıçayın
üstündə bir körpü tikdirdi. O körpüyə
el arasında elə indiyəcən də “Qoytuləli
körpüsü” deyirlər. İllər o
körpüdən Dərələyəzin Kömrü,
Çermux, Köçbək camatı, Gəncəbasardan
üzü Qarabağacan aran ellərinin ağır elatı əmin-arxayın
keçib gedirlər.
Hələlik düşmən tapdağında qalan o
körpü yenə cövhəri o torpaqda yoğrulanların
qucaqlaşmasına yəqin ki tezliklə şahid olacaq. İgidlərimizin o Qoytuləli
körpüsündən at belində Azərbaycan
bayrağı da çiyinlərində keçəcəyi
gün lap yaxındadı...
lll
Həbib
indicə fikrini çuğlayan xatirələrin
işığında lap Qoytuləli körpüsündən
at üstündə çiynində də bayraq
keçirmiş kimi ayağa qalxıb şövqlə ətrafa
baxdı. Pəncərədən
gözünü bərəldən qaranlıq bir anda
kişinin o şuxluğuna kölgə saldı.
Diksindi... Sanki Dərələyəzi, qərb tərəfindən
əhatələnmiş Səlim aşırımının
sazağı bir anlıq nəfəsinə toxundu...
Novruz Nəcəfoğlu
525-ci qəzet.- 2016.- 18 iyun.-
S.18-19.