Afaq Məsud
(doqquzuncu
yazı)
Afaq Məsudun
bir sıra hekayələri Azərbaycan cəmiyyətinin
tarixində məlum “keçid dövrü”nün sosial-siyasi
mənzərələrini əks etdirir ki, həmin hekayələrdə
konflikt milli (ənənəvi) dəyərlərlə ölkəyə
labüd şəkildə müdaxilə edən, yerli
intellektual, mənəvi- mədəni ukladı, fürsətdən
istifadə edərək, qaba bir şəkildə öz
eqoizminə tabe eləməyə çalışan xarici
(beynəlxalq) iddialar arasındadır. Lakin yazıçı
bu qədər ictimai mövzularda da mətləbi nəinki
siyasiləşdirir, heç sonacan sosiallaşdırmır
da...
Kontekst yenə də insan fərdi, onun hissləri,
düşüncələri, reaksiyalarıdır.
Ümumiyyətlə,
Afaq Məsud üçün insandan, onun daxili
dünyasından, ruhundan keçməyən sosial münasibət,
fərdi, siyasi- ideoloji proses yoxdur. Və fikrimizcə,
yazıçı haqlıdır... Ən azı ona görə
ki, insandan uzaq düşmüş bir ədəbiyyatın
(Sovet ədəbiyyatının) öz ideoloji- inzibati
dayağını itirən kimi yaxın tarixdə gözlərimiz
qarşısında necə çökdüyünü
gördük... Onu heç kim müdafiə
eləmədi... Niyə?.. Çünki
insanı müdafiə edərlər, orada isə insan yox idi...
“Müvəkkil
Vaysman” hekayəsində söhbət müstəqilliyin ilk illərində
Elmlər Akademiyası əməkdaşlarının
yaşamaq (və Akademiyanı yaşatmaq) üçün
xaricilərlə “əməkdaşlığ”a can
atmasından gedir...
Və Qulam Hüseynlinin yadına alman səfirliyinin “məsul
işçisi- narıncı çilli üzü nifrətdən
savayı heç nə ifadə eləməyən müvəkkil
Vaysman” düşür. “Alman ədəbiyyatı antologiyası”nın
nəşri ilə bağlı maddi yardım
üçün Almaniya səfirliyinə müraciət edəndə
bu adamla görüşməli olmuşdu... Özü də
istəmədən, əlacsızlıqdan, ehtiyac üzündən...
“...Niyə
o - bu qədər əsərin, ssenarilərin, irihəcmli tərcümələrin
müəllifi beş- on manat puldan ötrü Almaniyanın,
Allah bilir, hansısa ucqar vilayətində, xırda elektron
cihazlar komplektinə bənzər bir ailəsində
böyüyüb, ala- babat təhsil almış bu dar
düşüncəli əcnəbinin qarşısında
müttəhim kimi oturmalıdı, onun təhqiramiz
suallarına ölüb yerə girə- girə cavab verməlidi,
bütün bu məşəqqətdən üzülsə
belə, o ölüm havalı idarəni yaddaşından
silib ata bilməməlidi, hər görüşdən xəstələnib
üzülsə belə, yenə ora qayıtmalıdı?..
Niyə
özləri ağırlığında elmi əsərlərin
müəllifi olan bu çalsaç professorların,
adlarını belə bilmədikləri bu ütük əcnəbi
uşaqlara bu qədər pərəstişlə
baxmalıdılar?..
Bunlar ki,
rus deyildi?!.”
Təhkiyə
davam edir...
“...Vaysman
bu dəfə tək deyildi. Yanında
üzü Ştrausun üzünü xatırladan
hündürboy, gözəl bir alman oturmuşdu. Hər ikisi ona baxa- baxa alman dilində astadan nə
haqdasa danışırdılar.
Dili bilmədiyindən, ya son günlər Vaysman
haqqında çox düşündüyündən Qulam
Hüseynliyə birdən- birə elə gəldi ki, almanlar
onu müzakirə edirlər. Düşdüyü yöndəmsiz
vəziyyətini, gülünc görkəmini, dili bilmədiyindən
qoyun kimi oturub onların nə vaxt yorulub susacağını
gözləməyini...
O biri
almanın ala gözlərinin dərinliyində, xüsusən
qız dodaqlarına bənzər yaraşıqlı
dodaqlarında kinayəli gülüşə bənzər nəyinsə
başlanğıcı görünürdü”...
Qulam
Hüseynli dözə bilmir...
“...Birdən-
birə içində nəyinsə, çoxdan, lap çoxdannan
bəri zəifləyib, öləziyib sönən nəyinsə
ləngər vurub onu harasa irəli itələməyindən
dik atıldı, ayağa qalxıb:
- Bura
baxın, siz nə demək istəyirsiniz?..
- dedi və öz səsindən elə bil bir az
da qəhərləndi. Azərbaycana aidiyyatı
olmayan bu yad otaqda, bir cüt cansız almanın hüzurunda səslənən
doğma səsindən kövrəldi, - bəlkə, o təşkilatlardan
da sizə arayış gətirim ki... - burada dayandı, nə
deyəcəyini unutdu. - Siz... siz məni nə hesab
edirsiniz, hə?..
Almanlar
Qulam Hüseynlinin həyəcanlı səsindən, qəhərdən
boğula- boğula dediklərindən zərrəcən dəyişmədilər,
kor gözünə oxşar şüşə gözlərlə
üzünə baxmaqlarına davam etdilər”...
Qulam
Hüseynli ayağındakı (və ayağını
sıxan) alman ayaqqabılarına baxır, arvadının “təzədir,
açılacaqlar” deməsini xatırlayır... Və “ən
qəribəsi o idi ki, bütün bu miskinliyin, bu qaba ədalətsizliyin
canında həm də elə bil onun bu “zərərçəkənlik”
vəziyyətinin əleyhinə işləyən nə isə
də var idi. Qulam Hüseynli gedə- gedə
fikirləşdi. Bütün qəddarlığı və
əclaflığı ilə birlikdə Vaysman elə bil həm
də nədə isə haqlı idi”...
Qulam Hüseynli Almaniya səfirinə Vaysmandan şikayət
yazır. Bu dəfə
onu məsələni araşdırmaq üçün mədəniyyət
işləri üzrə müvəkkil Frau Zibek dəvət
edir...
Və əhvalat
tam bir novella sonluğu ilə başa çatır:
“...Qadın vərəqəni alıb etinasız üzlə
nəzərdən keçirdi:
- Kim dəvət
edib?..
- Frau
Zibek, - Qulam Hüseynli dedi və qabırğasının
altında çırtlamaq istəyən qıdığabənzər
nə isə hiss etdi.
Qadın
o biri telefonun dəstəyini qaldırıb düyməsini
basdı, almanca qısaca nə isə deyib susdu, sonra dəstəyi
yerinə qoyub həmin səslə:
-
Görüşə dörd dəqiqə gecikmisiz, - dedi, -
Frau Zibek məşğuldu. Əlavə
görüş üçün müraciət edə bilərsiniz.
Qulam Hüseynli girəcəyin sol divarına vurulmuş
dəyirmi saata baxdı.
Həqiqətən,
ikiyə dörd dəqiqə işləyirdi”...
Afaq Məsudun
“Müvəkkil Vaysman”la eyni ildə “alman mövzusu”nda
yazdığı başqa bir hekayəsi də var...
“Alman kilsəsi” hekayəsi qızını musiqi məktəbinə
vermək istəyən bir ananın dilindən
danışılır. İmtahandan keçməyən yeniyetmə qız
“Rekviyem”dən ayrıla bilmir...
Məsələnin
mahiyyəti isə burasındadır ki, Rənanı klassik
musiqiyə cəmisi iki il əvvəl təsadüf
gətirmişdi. “...Ciddi musiqidən çox- çox uzaq bir ərazidə,
öz sadəlövh uşaq aləmində yaşayan Rənayla
alman kilsəsinə - şəhərin mərkəzi
küçələrindən birində, izdihamlı səkidən
bir addım geriyə çəkilən tək,
bozarmış kol- kosun, sarımtıl gül
alleyasının arasında gizlənən, az qala buludlara dirənən
qaramtıl qülləsi isə lap uzaqlardan görünən
qədim tikiliyə getdiyimiz gündən
başlamışdı”...
Hansısa mistik təsir Rənanı bütünlüklə
öz ağuşuna alır. Və o, klassik musiqinin təsiri
altına düşür... “Çox keçmədi ki, Rəna
barmaq- barmaq yağı- yığa öyrəndiyi “Rekviyem”i
tezliklə iri akkordlarla, getdikcə daha mükəmməl
çalmağa başladı... Bir müddətdən sonra mən
bu musiqinin evimizdə nəyisə dəyişdiyni, ayrı-
ayrılıqda hər birimizə sirli olan nə isə təlqin
etdiyini hiss etdim”...
“Uzaq əsrlərdə
Almaniyada dünyaya gəlmiş bu musiqi” - “Rekviyem” bir Azərbaycan
ailəsini “zəbt” edir... “Günlərin biri işdən evə
dönərkən həyətimizi başına götürən
“Rekviyem”in sədaları məni binanın girəcəyindəcə
ildırım kimi vurdu...
Mən qəlbləri
intiqam və məkr dolu qəzəbli rahibələrin
arasında idim... Onların hardan, evin hansı bucağından
oxuduğunu anlaya bilmir, Rənanın hara gedə biləcəyi
barədə düşünməkdən üzülür və
alman kilsəsinin buludlara dirənmiş qaramtıl qülləsini
xatırlayırdım”...
Yazıçının
hansı mistik mətləblərə toxunduğu, nəyə
işarə etdiyi məlumdur... “Qəlbləri
intiqam və məkr dolu qəzəbli rahibələr”in həminə
canlı ruhu dünyanın heç bir yerində susmur. Və
heç zaman də susmayacaq... Nə zamansa boğulmuş, həyatdan
məhrum edilmiş qadın (insan!) enerjisi nə vaxtsa, haradasa
“layihə” gücü ilə ortaya çıxıb sərf
olunmamış, bu dünyadan əl çəkməyəcək...
“İntiqam”ın ən “münbit” obyekti isə sadəlövh
(günahsız) yeniyetmə qızlardır...
“Müvəkkil
Vaysman” hekayəsinin qəhrəmanı yad alman rəsmiyyətçiliyi,
“Alman kilsəsi”inin qəhrəmanı- doğma alman (insan!)
ruhudur... Hər iki hekayənin ümumi qəhrəmanı isə
yazıçının böyük istedadıdır... yaxud
istedadın “oyunu”dur...
Afaq Məsud
yazır:
“Ədəbiyyat da böyük mənada oyundu. Yazıçı
əslində, demək istədiyini, başına gələnləri,
yaxud, hiss-həyəcanını öz yaxın adamına
danışan kimi qısa danışıq dilində yaza bilər.
Amma o belə eləmir. O demək istədiyini
ədəbiyyatın hüdudsuz qanunlarının köməyi
ilə bəzəyib düzəyir, ona sətiraltı sətirüstü
mənalar verə- verə oxucunu, bəzən özünü
də çaşdıra- çaşdıra uzun- uzadı,
dolama yollara əl atır.
Yazıçının
özünü bu sayaq qəlizliyə salmasının səbəbi
nədi?.. Ədəbiyyatın zəngin mətbəx
ənənələrindən xəbərsiz oxucunun
başını dumanlandırıb qəlbini fəth etmək
həvəsi, yoxsa, nəhəng ədəbiyyat ərazisində
özünə qurduğu əlverişli həyat şəraiti?..”
Və ədəbi-
nəzəri mövqeyini ustalıqla dəqiqləşdirir:
- Ədəbiyyatın insanların sarsıntı və
ağrılarını müalicə etmək gücü var.
Daha doğrusu, əslində bu, onun birbaşa vəzifəsidir. İnsanlar doğulan andan
ölənəcən yaşadıqları real həyatlarında
da, öz iç dünyalarında da baş verən irili-
xırdalı qəzalardan yayına bilmirlər. Və ən
qorxunc qəzalar çox vaxt insanın öz içində -
rahat kreslosuna yayxanıb televizora baxdığı, yaxud
çarpayısında uzanıb xəyala daldığı məqamlar
baş verir”...
“S.V.A.C.O.” hekayəsi ədəbi- ictimai fikrin diqqətini,
hər şeydən əvvəl, özünün qeyri- adi
adı ilə cəlb etdi. Və müəllif müsahibələrinin
birində həmin ada aydınlıq gətirdi:
“... “S.V.A.C.O.” şərti hərflər
yığnağıdır və açıqlansa belə,
hekayənin mahiyyətinə heç nə verməyəcək.
Bu hərflər yığnağı hekayədə
baş tutan əcaib bir gecənin təşkilatçılarının
- məsləki, amalı, əqidəsi hərflərin
özü qədər naməlum olan gizli icmanın şərti
adının abreviaturasıdır. Hekayədən
göründüyü kimi, bu, rus, yaxud rusdilli icmadır... Bu
müəmmalı abbreviatura uzun illərlə təhsil, mədəniyyət
və kitablar vasitəsi ilə ölkənin milli
mentallığına təcavüz edən, il- ildən
vüsət alıb möhkəmlənə-möhkəmlənə
ciddi ideoloji basqıya çevrilən qorxunc bir prosesin
kodlaşmış adıdır”...
Qulam
Hüseynli (o Qulam Hüseynli ki, Afaq Məsudun “keçid
dövrü” hekayələrindən “Dahi”nin, “Müvəkkil
Vaysman”ın da qəhrəmanıdır) şair Bitkinin
yaradıcılıq gecəsində iştirak etmək
üçün Milli Muzeyə gəlir...
Tanış məkanda adət etmədiyi cəmiyyətə düşən Qulam Hüseynli ona gələn dəvətnaməni yada salır...
“...Dəvətnamənin içindən çıxan ağ vərəqdə yağlı çap şriftləriylə səliqəylə yazılmışdı: “Hörmətli Qulam Hüseynli! Sizi görkəmli şair- publisist... (sonra saysız- hesabsız titullar, fəxri adlar, bir neçə ictimai təşkilatların adları və sair gəlirdi) Bitkinin yaradıcılıq gecəsinə dəvət edirik...”
Vərəqin axırında tədbirin vaxtı və ünvanı göstərilirdi.
...Və bir həftə bundan əvvəl stolunun üstündə peyda olan dəvətnamənin lap axırında yazılmış “S.V.A.C.O.” abreviaturasını xatırladı”...
Qulam Hüseynli düşdüyü cəmiyyəti təhlil etməyə çalışır:
“...Bu bulqakovsayağı iblisanə məclisə qələm əhlindən ondan savayı bircə adamın belə dəvət olunmamasının sirli mənası barədə düşünüb- daşındısa da, bu qəribəliyə konkret bir aydınlıq gətirə bilmədi, gözaltı stendin qarşısında dayana- dayana, öz aralarında hansısa əcnəbi dili andıran qəribə leksikonla asta- asta danışan adamlara baxdı”...
Qeyri- adiliyi qələm yoldaşının xarakteri ilə bağlamağa çalışır:
“...Bitkinin hamını çaşdırmaq, o birilərdən nə iləsə, necəsə seçilmək azarını Qulam Hüseynliylə bir ədəbiyyat sahəsində çalışan adamların çoxu bilirdi. Bunu Bitkinin şeirlərini sevənlər də, sevməyənlər də, bu salona toplaşanlar da bilirdi”...
Ancaq məlum olur ki, məclisin qeyri- adiliyi Bitkinin sadəcə “seçilmək” istəyi ilə məhdudlaşmır. Və burada daha mübhəm nə isə var...
“...Burda - saniyəbəsaniyə nəyəsə hazırlaşan bu əcaib salonda nə isə baş verməliydi, - Qulam Hüseynli ürək döyüntüləri zəifləyə- zəifləyə fikirləşdi. Bütün bu əcayib qəribəliklərin, əslində, hansısa gözlənilməz, lakin həyat əhəmiyyətli nəyəsə hazırlıq olması, qonaqların hər birinin üzündə, salonun hər küncündə duyulmağa başlamışdı”...
Yad mühitə düşmüş qəhrəmanın ağlına hər şey gəlir...
“Qulam Hüseynli gərginlikdən quruyan dilini ağzının içində zorla hərlədə- hərlədə fikirləşdi ki, bəlkə bütün bu əcaib gecə, bu səbəbi naməlum ağlaşma - vətənini tərk etməyə, ömürlük hansısa uzaq ölkəyə köçməyə hazırlaşan Bitkinin son gedişinə həsr olunmuş vida mərasimidi?.. Elə bu məqam, Qulam Hüseynlinin beynindən ötənləri sanki havada tutan Bitkin tünd şüşəli eynəyini çıxarıb burun yaylığıyla silə- silə, xırda gözlərini uzaqdan- uzağa düz Qulam Hüseynlinin gözlərinin içinə zillədi və Qulam Hüseynli ömründə birinci dəfə Bitkinin daim müxtəlif eynəklərin arxasında gizlədiyi gözlərini axır ki, gördü... və bundan ürəyi qırıldı”...
Qulam Hüseynli məclisi tərk edir. Ancaq bayaq şahidi olduğu
mübhəmlik hər yerdə var...
“...Yazıların
çoxu rus sözləri idi... Bəziləri
qara kömürlə yazılmışdı, çoxu
mıxla, ya hansısa ucuiti alətlə
cızılmışdı. Bəziləri
aydınca oxunurdu da.
“S.V.A.C.O.”
burda da həmin çap şriftləriylə, lakin iti, dəmir
alətlə cızılmışdı... kameranın rəngi
tökülmüş, hisli divarında müxtəlif sözlərin
və işarələrin arasında qorxunc damğa kimi
qaralırdı”...
Nizami Cəfərov
525-ci qəzet.- 2016.- 18 iyun.- S.15.