Ruhun baxışları altında
“ANAMA MƏKTUB”LARLA SÖHBƏT
İstənilən fikri diqqətə təqdim etmək
üçün ən azı ürəyində bir təpər,
bir istək, bir arzu olmalıdı və sən də bu istəyin,
arzunun, təpərin diktəsi ilə özünü
toparlayıb, fikrini ünvana çatdırmalısan.
Təbii ki, həmin fikrin damarında bir sevgi, bir inam, bir
güvənc olsa, onda daha sanballı, daha tutarlı alınar.
Həm fikri söyləyən, həm də onu dinləyən
daha tez anlaşar. Bax bu dediklərimə söykənib, mən
də “Anama məktub”larla həmsöhbət olmağa
çalışıram. Və elə buradaca etiraf edim
ki, söhbətimiz alınır, çünki mövzu ikimiz
üçün də doğmadı, həm məktub sahibinə,
həm də o məktubu oxuyan mənə...
Əlimdə
tutduğum beş məktubun təkcə
ünvanı və yazanı eyni deyil. Burda eyni olan həm də
ifadə olunan iç dünyadı, kağıza
köçürülən düşüncələrdi,
xitab edilən etiraflardı. Deməli, bu eynilik beş
məktubun beşində də əvvəldən axıra kimi
paralel, bəzən bir-birinə sarmaşmış halda yol
gedir. Və adama elə gəlir ki, beş
yox, əslində bir məktub oxuyur. Bu, məktub
yazanın nə qədər səmimi olduğunu göstərən
əsas şərtlərdən biridir. İkincisi, bu beş məktub ona görə bir məktub
formasında görünür ki, o etirafı qəbul edən
də həmin olduğu ucalıqda, durduğu mərtəbədədir,
yəni, Ana mərtəbəsində, Ana
ucalığındadır. Deməli, müraciət
olunan Ana hər birimizin tanıdığı,
sarıldığı, əlindən, ayağından öpdüyü
İlahi varlıqdı. Bu Ana
gözümüzü açıb necə
görmüşüksə, biz övladlara necə
yanaşıbsa, eləcə də həm evin içində,
həm də çölündə necə yaşayıbsa, o
ölçüdə-biçidə də durduğu
ucalıqda övlad məktubunu birnəfəsə, kirpiyinin
ucundakı yaşı əlinin arxasıyla silə-silə
oxuyur. Və şəxsən mən həmin məqamlarda
onun səsləndirdiyi
“can bala”, “can oğul”
pıçıltılarını da eşidirəm. Ayrı cür də mümkün deyil,
çünki bunu məktubun səmimiyyəti, məktubdakı
səmimiyyət mənə eşitdirir.
Bəli, beş məktubun birincisində oxucu, yəni mən
oğul və ana personajları arasındakı
dünyanın, məkanın, zamanın içərisində
dayanıram, həm müşahidəçi kimi, həm də
dinləyici kimi. Və elə bilirəm ki, bu müşahidə,
bu dinləmə mənə öz anamdan, öz
yaşantılarımdan gələn bir haqdı,
çünki məktubun müəllifi elə bizim
hamımız kimi, çox sadə, çox rahat, həm də
bir ürək yanğısıyla, ana təşnəsi bir
oğul sevgisiylə “Gözümün nuru, canım Anam!
Salam!” - deyə, məktubunu yazmağa
başlayır. Düşünürəm ki,
bizim hər birimiz anamıza məktubu məhz bu cür
başlayardıq. İkincisi, məktubun əvvəlində
həm etiraf, həm də sual qarışıq bir cavab umma ərki
də adamın qarşısına çıxır.
Etiraf Anayadı, onun cismani tərkinin bu ocaqda, bu qoyub getdiyi
ünvanda hər şeyin yerli-yerində olduğuna,
nizamının pozulmadığına olan etiraf. Hətta bu, bir
az hesabata da bənzəyir - Anaya məlumat
verilir, ona bildirilir ki, sənin qoyduğun düzən
pozulmayıb, hər şey sənin könlüncə
olduğu kimidi. Hər yerdə sənin əlinin
izi qalır. Üstəlik sual dolu o, bilgi almaq
çaları da Tanrı dərgahında olan Ananın
unudulmadığı, yaddan çıxmadığı, necə
deyərlər, gözdən uzaqlığının
könüldən də uzaq olması anlamını vermədiyi
etirafıdı. Müəllif Ananı bilgiləndirir
ki, biz də sənin yanındayıq, sənin ətrafındayıq,
səni düşünürük, səni
varlığımızda yaşadırıq. Ruhun bizimlədi...
Deməli, bax bu cür başlayan məktubun əvvəlində
müəllif Ananın rəsmini də çəkir, onun
cizgilərini, böyük Səməd Vurğunun təbirincə
desək, “çadrasız, boyasız gözəlliyini” elə
incələyir ki, şəxsən mən bunu yüzə
yüz qəbul edirəm, çünki həmin o
çalarları öz anamın timsalında bu gün də
görürəm. Mən burada onu da diqqətə
çatdırmaq istəyirəm ki, müəllifin rəssamlıq
duyumu, bacarığı bu təqdim olunan cizgilərdə
aydınca hiss olunur. Zənnimcə, bu da elə
həmin o övlad sevgisinin qabartdığı bir təqdimat
üslubudu. Yəni, sözlə rəsm
bir-birini tamamlayır. Bu üslubda davam edən
məktubun digər önə çəkilən məqamı
Ananın, daha doğrusu, onun ruhunun narahatlığı,
nigarançılığıdı. Müəllif bu
nöqtədə Ananın iç dünyasından onun
narahatlığını,
nigarançılığını oxucuya çatdıran
söz boxçasını açıb ortaya qoyur. O söz
boxçası oxucuya kifayət qədər şərait
yaradır ki, Ana narahatlığını, Ana
nigarançılığını anlasın. Onun nədən
qaynaqlandığını təkcə duymasın, həm də
görsün.
Deməli, birmənalı şəkildə
anlayırıq ki, övlad hansı yaşda olursa olsun, valideyn
üçün uşaqdı və valideyn də o uşaq
üçün həmişə bir əndişə
yaşayır.
Bunu birinci məktubda aydın şəkildə
görmək və necə deyərlər, gördüyünə
də inanmaq danılmazdı. Axı, Ana həmişə
gözü, ürəyi övladın üstündə
olmaqla onun ayağına dəyən kiçik daşın
ağrısına qədər hər əziyyətini
özünə çəkən bir maqnit kimi özündə
toplayıb və sonda həmin ağrını öz
ağrısı kimi yaşayan varlıqdı. Bunu, övladı Allah payı kimi qəbul edən
Ana mütləq bu və ya digər formada büruzə verir.
Onun ən kiçik bir hərəkəti, ən
yanıqlı, ən təlaşlı bir qırıq cümləsi
göstərir ki, Ana nələrdən keçir, nələri
yaşayır, nələrdən göynəyir, nələr
üçün sevinir. Əgər bu
dediklərim oxuduğum məktubun içində təkrarlanırsa,
mən bunu məktubdakı cümlələrin üst
qatından alt qatına qədər hər yerdə
görürəmsə, deməli, müəllif öz istəyinə
çatıb, oxucu onun aurasına düşüb və ona
inanır. Üstəlik, birinci məktubda
gənc ailə üçün qurulan yuvanın
görüntüləri sözlə ifadə olunur. Bu da çox səmimi və
inandırıcıdı, özü də bu yuva neçə
dəfə ünvan dəyişir. Tutaq ki,
Naxçıvanda qurulub özünü təsdiq edib,
özünü sevdirməyə başlayanda köç
düşür ortaya. Bütün bunlar
Ağdamda təzədən qurulmağa başlayır, sonra
Bakıda. Bu prosesin özündə
Ananın rəfiqəsi də, dostu da övladlarıdı,
ailəsidi. Bunu müəllif deyir. Özü də elə səmimiyyətlə deyir
ki, obrazı gözümün qarşısında olan
Ananın bu mövqeyinə həm heyran oluram, həm də
inanıram.
Adətən məktublaşmalarda bir hal-əhval tutmaq
istəyi, missiyası əsas xətt olur. Bu məktublarda
da belədir, lakin burada təkcə hal-əhval tutmaq yox, həm
də xatırlatmalar var, həm anaya, həm də özünə.
Belə ki, müəllif hər fikri dilə gətirəndə,
yazıya köçürəndə bir sözdən, bir
işarədən istifadə edir və vurğulayır ki,
“Yadındadırmı?”. Bax, bu nöqtədə
məktub bir az da xatirəyə
çevrilir, çünki o “yadındadırmı?”nın arxasınca
təkcə anaya xatırlatmaları dilə gətirmir, həm
də o xatirələr müəllif üçün də təzələnir,
özü də o xatirələrin içərisində
analı günlərinə - hadisənin baş verdiyi məkana
üz tutur və beləcə məktub-xatirə oxucu
üçün bir süjetli filmə çevrilir. Təbii ki, filmin hər iki qəhrəmanı cismən,
ruhən ana-bala, valideyn-övlad sevgisinin
işığında izləyənin, oxuyanın canına,
qanına, varlığına hopur. Bununla
da müəllif bir istəyini də gerçəkləşdirə
bilir. O da Anaya olan sevgisinə iynə ucu
boyda da şübhə yeri qoymamaqdı. Səmimiyyətə
kiminsə etinasızlıq göstərmək istəyinə
imkan verməməkdi.
Bəli, əvvəldə xatırlatdım ki, məktubların
hər birində özəl nüanslar var. Bu nüansların
içində biz valideynlərin özəl etirafları bəzən
gizlədilsə də, dilə gətirilməsə də,
bunun olduğunu hamımız çox gözəl bilirik, sadəcə
demirik. Amma
burada Ananın etirafı göz önündədi
: “Yusif mənə Allahın öz payıdır!”. Göründüyü kimi, biz - şəxsən mən
üç övladımın heç birinə daxilən
sevgimin qədərini bildirən ölçünü
büruzə vermirəm, söyləmirəm, amma yuxuda nurani
bir insanın Yusifi ona bağışladığını
söyləyən Ana digər övladlarının inciməyəcəyinə
tam əmindir. Ona görə ki, onların
sevgi payına toxunmur, onlardan kəsib, Yusifə olan sevgisinə
əlavə etmir, sadəcə Ana səmimiyyəti ilə, Ana
inancı ilə ürəyindəkini dilinə gətirir.
Eləcə də ikinci məktubda məhz bu dediyim nüans
Ana sevgisini ailədə, qohum-əqrəba arasında
nizamlı şəkildə paylamaq, hər kəsə layiq olduğu qədər
bağışlamaq məharəti vurğulanır. Üstəlik ömür-gün yoldaşına dayaq
olmaq, onun qürurunu hər şeydən üstün tutmaq və
evin kişisini də həmin mərtəbədə
qayım-qədim olmaq, yaşamaq ruhunda kökləmək hər
qadının bacarığı deyil. Ana
bunu bacarır. Övladlarına da ataya bu
cür baxmağı təkcə təbliğ və təlqin
etmir, həm də onu övladlarında da bir borca, vəzifəyə
çevirir.
Məktublarda bir məqam da diqqətimə “ilişib
qaldı”. O
da gəlin- qaynana-qaynata münasibətidir. Ana atasız
böyüsə də ata adına layiq bir
övlad kimi həmişə əxlaqı,
böyük-kiçik yerini bilmək xüsusiyyətini
özünə elə aşılayıb ki, necə deyərlər,
südlə gəlibdi. Bu nümunəni o, ər
evində də yaşadıb, cilalayıb. Ona görə də onun and yeri həm
atasının adı idi, həm də qaynatasının.
Ömrünün sonuna kimi müharibədən
qayıtmayan atası Bəbirin “itkin canına”, bir də
qaynatası İldırımın canına and içirdi.
Bu, onun ürəyinin böyüklüyünə,
valideynə olan sevgisinin sonsuzluğuna olan bir işarə idi.
Ona görə də qaynata gəlini bir dəfə
də olsun gəlin gözündə görmədi, onu
doğma qızı saydı, doğma qızlarından
çox sevdi. Hər sirrini, hər
ağrısını gəliniylə bölüşdü.
Məktub müəllifi etiraf edir ki,
ağlımız kəsəndə bildik ki, Anam atası Bəbiri
qaynatası İldırımın simasında ikinci dəfə
tapıb. Burdan başlamışdı evdə
də, ailədə də ata-övlad münasibətlərinin
nizamlanması. Ana hər hərəkətiylə
atanın böyüklüyünü, atanın zabitəsini,
atanın kəsərini və evdə yerini uşaqlara diktə
edir, vərdiş yaradırdı. Bu da
övladların tərbiyəsində xüsusi bir üsuldu, yəni
ana-ata bir-birinə ehtiramları, diqqətləriylə
uşaqlarına da bunu aşılaya bilirlər. Üstəlik yazı adamları daha həssas
olduqlarından bu məqama üzdə olmasa da, daxildə daha
çox diqqət yetirirlər. Müəllifin
yazdığı kimi, Əli İldırımoğlunun məqalələri
çıxan qəzetləri xəlvətə çəkilib
oxuyan Ana o qəzetləri, o yazıları müqəddəs
bir şey kimi qoruyur, ona əl vurulmasına icazə vermirdi.
Burda da Ana nümunə göstərirdi...
Mən
oxuduğum məktubların önəmli tərəflərini
özüm üçün qırmızı xətlə
işarələyəndə onu da gördüm ki, müəllif
Ananın qarşısında hesabat verərkən tez-tez elə
ifadələrdən, elə təqdimetmə formalarından
istifadə edir ki, oxucu Ananın həm cismən, həm ruhən
yaşadığına inanır, çünki etiraflar elə
formadadı, elə yoğrulub-yapılıb ki, onu ancaq
qarşısında durduğun adam üçün edə bilərsən,
yəni, etirafına anındaca münasibət bu məktublarda
çox qabarıqdı. Zənnimcə, elə
Ananın Cənnətdə, ruhlar dünyasında sevdiklərinin
- atasının, anasının, qaynatasının yanında
olmasına işarənin böyük Füzulinin adından
istifadə etmək ştrixiylə səsləndirilməsi
dediyim fikrə real nümunədir. Müəllif
yazır ki, bu dünyada qovuşmayan Leyli və Məcnun ruhlar
dünyasında bir yerdə olurlar. Elə
birlikdə olmağın bir ucu da inanclarımızdan,
inamımızdan doğan cümə axşamı məsələsidir.
Axı inancımıza görə,
dünyasını dəyişən əzizlərimizin
ruhları cümə axşamları öz ocaqlarına qonaq gəlirlər.
Ana da cümə axşamları ailəsinə
baş çəkdiyi kimi, məktub müəllifi də onun
məzarına baş çəkməyi unutmur. Və onların cümə axşamları
dialoqları, söhbətləri oxucunu həm kövrəldir,
həm düşündürür, həm də bu
qarşılıqlı sevginin, bu qarşılıqlı əbədiyaşarlıq
inancının qarşısında susdurur. Axı, həmin görüşlərdə də
hal-əhval tutmaqla yanaşı etiraflar da göz önündə
sərgilənir.
Ananın
evdarlığı, bir-birindən ləziz yeməklər
bişirməsi, Novruz Bayramı hazırlığı,
löyün-löyün şirniyyatlar... eləcə də hər
kəsin adına bağlanan xonçalar, boxçalar, hər
kəsə çatdırılacaq hədiyyələr...
bütün bunlar Mərdəkan bağındakı tut
ağacının dibində bütün ailənin bir araya gəlməsi,
çırpılan tut, dərilən meyvələr,
tüstülənən samovar... və nəhayət, bu məktublarda
mənim üçün müəllifin, yəni, Yusif
İldırımzadənin anasına olan böyük sevgini
ifadə edən cümlə: SƏN CƏNNƏTDƏ
DEYİLSƏNSƏ, BƏS KİM VAR ORDA?!! - hökmü
demək olar ki, mən oxucuya hələ haqqımı ödəyə
bilmədiyim heç ödəyəcəyimə də tam əmin
olmadığım Anam qarşısında lal,
boynubükük durmaq mesajıdı. Çünki
bütün anaların yeri Cənnət, ayaqlarının
altı Cənnət, ruhlarının yaşadığı
yer Cənnət sayılsa da, Yusif müəllimin verdiyi
hökm tamam fərqlidir. Bunu içinlə
duymalısan, ruhunla hiss etməlisən. Və
onda müəllifin hökmü məni, səni, bizi susduracaq,
düşündürəcək.
Mən məktublarda ölümsüzlüyün
mövcudluğuna şahid oldum. Müəllifin ifadə
etdiyi bir məqam, yəni Ananın doğum günü və
bu günə hazırlıq, onu qeyd etmək detalları məndə
bu əminliyi yaratdı. Oxudum,
gördüm ki, ailəni cismən tərk edən öz
doğum günündə də ailəyə qayıdır, məclisdə
öz yerində oturur, ünvanına deyilən sözləri
dinləyir, əlindən öpülür. Bunu kimin necə
qəbul edəcəyini düşünmədən deyirəm:
- Sevgi
ölmür, illah da ki, Anaya sevgi! Deməli Ana da
ölmür.
Müəllifin məktublarında etirafla yanaşı,
bir bilgiləndirmə, informasiya vermə ustalığı da
diqqəti çəkir. Bir növ, Ananın cismani yoxluğundan sonra baş verənləri,
ailədəki yenilikləri ona çatdırmaq, ona söyləmək
təkcə bir istək, bir məktub yazmaq üçün bəhanə
deyil, əksinə bu, həm də olanları
bölüşmək, olanlarla bağlı Anadan fikir öyrənmək
niyyətini, məqsədini daşıyan yanaşmadır. Müəllif bu üsulla Anaya evin içindən xəbərlər
çatdırır və onun bu xəbərlərdən məlumatlı
olduğunu da söyləməkdən çəkinmir. Özü də vurğulayır ki, sən ruhən
hər gün bu evdəsən, hər gün nələr
baş verdiyini özün görürsən, amma mən
bunları səsləndirməyi özümə borc bilirəm.
İstəyirəm ki, bizim də səni
düşündüyümüzü, səni bilgiləndirmək
istədiyimizi nəzərə alasan, diqqətində
saxlayasan.
Bəli,
mən beş məktubdan ibarət olan
“Anama məktublar”ı oxuyub bitirdikdən sonra bir xeyli susub
qaldım, özümü, öz anamı
düşündüm. Həmçinin anama
yazdığım şeirləri, məqalələri
xatırladım. Yəni, özümdən
asılı olmadan bu məktublarla özümün və digər
həmkarlarımın ana soraqlı, ana ünvanlı fikirlərini
bir araya gətirdim, bir müstəvidə onları
yanaşı tutmağa çalışdım.
Gördüm ki, Yusif İldırımzadənin məktublarında
bir oxucu kimi mənim müəyyənləşdirdiyim bir
neçə xətt var. Onlardan biri Ana ilə hal-əhval
tutmaqdı, ikincisi, anaya hesabat verməkdi,
üçüncüsü ana qarşısında
etirafdı, dördüncüsü Ananı bir qadın, bir
xanım, bir valideyn kimi xarakterizə etməkdi. Beşincisi,
Ananı bir gəlin, bir qaynana, bir nənə, bir
ağbirçək kimi oxucuya təqdim etməkdir. Altıncısı, Ananın
ölümsüzlüyünə, əbədiyaşarlığına
oxucunu inandırmaqdı. Yeddincisi,
Ananın ruhən hər gün evində, ailəsində olmasıdır.
Və nəhayət, Ananın məhz ana mərtəbəsində,
Ana ucalığında yaşamasıdır. Mən bunu
bir az da obrazlı ifadə etsəm,
Ananın himayəçi, xilaskar mələk olmasıdır.
Bax, bütün bu çalarları ilə mənə
çox böyük təsir etmiş “Anama məktublar”ı
oxuyub bu qənaətə gəlirəm ki, demək hələ
biz övladlar Ana barəsində hər şeyi yazıb bitirməmişik. Hələ yazılası
çox məktublar, açılası çox mətləblər
var. Elə bu məktublar kimi...
Əbülfət
MƏDƏTOĞLU
525-ci qəzet.- 2016.- 18 iyun.- S.14.