“İndi biz tarixi həm yaratmalı, həm
də yazmalıyıq”
Səfir: “Qazaxıstanla əlaqələrimiz o
qədər mükəmməl səviyyədədir ki...”
Azərbaycan diplomatı Rəşad Məmmədovun
xüsusi təqdimata ehtiyacı yoxdur.
Onun Azərbaycan
və Qazaxıstan arasındakı apardığı
uğurlu diplomatik siyasətin nəticələri hər iki
ölkədə hiss olunmaqdadır. Azərbaycan
Respublikasının Qazaxıstandakı fövqəladə və
səlahiyyətli səfiri Rəşad Eynəddin oğlu Məmmədovn
43 yaşı var. İxtisası hüquqşünasdır.
1992-ci ildə könüllü olaraq Vətən
savaşına qatılıb. Ədəbiyyatımızı,
tariximizi, mədəniyyətimizi dərindən bilir. Atası Eynəddin Məmmədov Gəncədəki
Kənd Təsərrüfatı Universitetinin professorudur, bir
neçə kitab müəllifidir. Özü
ailəlidir. Üç övladı var.
Azərbaycan, ingilis, rus, qazax, dillərində mükəmməl
danışır.
“Azərbaycanla Qazaxıstanın tarixi
bağlılığın yaşı əslində min illərdir. Bizi kökümüz,
qanımız, genetik yaddaşımız ,
adət-ənənlərimiz,
türkçülüyümüz bağlayır” – bu fikirləri
Rəşad Məmmədov söhbətimizin lap əvvəlində
söylədi.
2008-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü
ilə Qərbi Qazaxıstanın Aktau şəhərində
ikinci diplomatik nümayəndəlik təsis edildi. Azərbaycan
prezidenti İlham Əliyev də Qazaxıstanda ikinci diplomatk
korpusu təsis etdi. Aktauda - dəniz
limanının dünyaya çıxış imkanı olan
şəhərdə - diplomatik korpusun açılması həm
Qazaxıstan tərəfin, həm də bu dövlətlə
təməlli diplomatik əlaqələri olan Azərbaycan tərəfin
də maraqlarına da uyğun gəlirdi. Elə
həmin ilin sentyabr ayında Azərbaycan Respublikasının
prezidenti İlham Əliyevin sərəncamı ilə
Qazaxıstanın Qərb bölgəsinin Aktau şəhərində
ikinci diplomatik nümayəndəliyimiz yaradıldı. Həmin ildən Rəşad Məmmədov gənc
diplomat kimi Aktauda baş konsul kimi fəaliyyətə
başladı. Bunla da Azərbaycan-Qazaxıstan
arasında yeni dövr başlandı. Və 2015-ci il dekabrın 23-də isə R.Məmmədov Azərbaycan
Respublikasının Qazaxıstanda fövqəladə və səlahiyyətli
səfiri təyin olundu. Azərbaycan və
Qazaxıstan arasında “yeni dövrün” nədən ibarət
olduğunu isə, Rəşad Məmmədovun cavablarından
biləcəksiniz.
Cavabları diqqətinizə çatdırmazdan əvvəl
Mangistau vilayətinə kiçik bir ekskurs edək.
Hələ
bizim eradan 1000 il əvvəl Manqistau
yarımadasından Böyük İpək yolu keçirdi. Yazılı mənbələrdə Manqistauya
“Manqışlak” da deyirlər. Qədim
Turan dövlətinin dəvə karvanlarının izləri
var bu səhra və dənizlər diyarında. Ərazilər Xivəni Avropa və Yaxın Şərq
ilə birləşdirib. Arxeoloji
tapıntılardan da aydın olur ki, burada hər zaman
köçəri və oturaq tayfalar yaşayıb. IX əsr
ərəb coğrafiyaşünası Əl İstəhari
yazırdı: “Mən o yerlərdə Siyah Kuhdan başqa
gözəl bir məkan görmədim. Siyah
Kuhda (Qara dağ deməkdir.) türk tayfaları
yaşayır, bu türk tayfaları da quz tayfaları ilə
müharibə etdiklərindən gəlib Siyah Kuh
dağının ətrafına sığınıblar.
Həqiqətən də Manqışlakda
böyük qara bir dağ var. Manqışlak həm də Səlcuq
sultanı Alp-Arslanın adı ilə bağlıdır.
O zamankı qıpçaklar Alp Arslana tabe idilər. Alp Arslan da 1065-ci ildə burada tikdiyi müdafiə
qalasının adını Manqışlak qoymuşdu. İllər qərinələrə, qərinələr
əsrlərə çevrildi. Dünyanın
düzəni dəyişdi. Və Xəzər
ətrafında yaşayan qədim xalqların bu
günümüzə qədər gəlib çıxan
insanları həmin torpaqlardan, ərazilərdən yox
olmadı. Kökləri dərin
olduğundan yeni formasiyada yaşamaq şansı qazandı.
Tarixin hər dönəmində iqtisadi və geosiyasi
region sayılan Manqistau vilayəti 1950-ci illərdə Sovet
dönəmində də əhəmiyyətini itirmədi. Geoloqlar burada
nadir yeraltı sərvətlərin olmasının fərqinə
vardılar. Üzdən saralmış və
qumlu səhra təsiri bağışlayan bu bərəkətli
diyarda, yerin altında neft, qaz və uran tapdılar. Qazaxıstana insanların miqrasiyası, gəlib-getməsi,
heç kəsdə təccüb doğurmadı. Kimlərəsə
vətən, kimlərəsə çörək yeri, iş
və qazanc mənbəyi oldu.
-Rəşad
müəllim, Aktau bir dəniz şəhəridir. Bu şəhərin Azərbaycanla, azərbaycanlılarla
nə qədər bağlılığı var?
- Tarixdən
də məlum olduğu kimi, əsrlər ötəndən
sonra, Manqistau vilayətini 1950-ci illərdə SSRİ məkanında
sənaye şəhərinə çevirmək qərara
alındı. Qazaxıstanın Qərb vilayətinin
Aktau, Atırau və Janaozen şəhərləri xüsusi əhəmiyyət
kəsb eməyə başladı. Nəzərə
alanda ki, Qazaxıstanın ərazisi bizim Azərbaycandan dəfələrlə
böyükdür və bir vilayəti 2-3 Azərbaycan
boydadır, üstəgəl ölkənin bir vilayətindən
digər vilayətinə getmək üçün bəzən
1000 kilometr yol qət etməlisən, bu böyük yol
ayrıclarında və birləşmələrində zaman və
iqtisadi itkilər az olsun deyə, Azərbaycan Aktau, Janaozen və
Atrau şəhərləri üçün ən yaxın təchizat
və idarəçilik mərkəzi seçildi. Həmin illərdən başlayaraq, Qərb vilayətində
neft çıxarılmaı sahəsində təchizat
birbaşa Azərbaycandan təmin olunmağa başladı.
Və Qazxıstanın Neft Şirkəti də
Azərbaycanın tabeçiliyinə keçdi. Buranın şəhərsalma, neftçıxarma, dəmiryolu
nəqliyyatında daşınmalarında çalışmaq
üçün Azərbaycandan da xeyli işçi qüvvəsi
cəlb olundu. Bakıdan 300 kilometr məsafədə
yerləşən Aktauya işləməyə gələn
insanlardan kimisi taleyini bu yerlərə bağlayıb, kimlərsə
də qazanc və pul dalınca gəldiyindən, sonradan bu yerləri
tərk etdilər. Ancaq bir çoxları
şəhərin və vilayətin tarixinə öz
adlarını qızıl hərflərlə yazıblar.
Janaozen şəhərində azərbaycanlılar
ilk açıq karyer tipli yataqlardan uran
çıxarılmasında iştirak ediblər. Bundan başqa sürətli neytronlarda atom reaktoru
zavodunun tikintisində də azərbaycanlıların əməyi
çox olub. Bu yeniliklə də şəhərə
şirin suyun verilməsinə, yeni enerji ocaqlarının yaranmasına
müvəffəq oldular. Bizim mütəxəssislər
Manqiştau vilayətində həm Kaşaqanı, həm də
qurudakı yataqları kəşf ediblər. Azərbaycanlılar ilk quyuları qazıblar, şəhərsalmada
iştirak ediblər, dəmir yolunun çəkilməsində
xidmətləri olub.
Beləcə, qardaş Qazaxıstanın təkcə
iqtisadiyyat deyil, hər sahəsində azərbaycanlıların
imzasını görmək olar. Lakin bunları indiyə
qədər arayan, axtaran, üzə çıxaran
olmamışdı. Aktauda Baş
konsulluğumuz yarandığı ilk gündən Qərb
vilayətində yaşayan soydaşlarımızın üzləşdikləri
problemlər, həyat tərzi, diaspora quruculuğu
yönmündə fəaliyyəti ilə maraqlanmağa
başladıq.
Bu gün
Aktauda, Atırauda əsas tikinti sektorlarında azərbaycanlı
iş adamları öz vəsaitləri ilə mühüm və
vacib iqtisadi layihələrini tətbiq etdilər. Azərbaycan və Qazaxıstan Dəniz limanları
arasında ilk layihənin həyata keçirilməsində
iştirak etdik. Layihə “Qazaxıstan Dəmir Yolu” SC,
“Çin Dəmir Yolları”, “Azərbaycan Dəmir Yolları”
QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə
həyata keçirilir. Layihə çərçivəsində
tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi,
həmçinin yükdaşıma həcminin
artırılması məqsədilə rəqabətə
davamlı vahid dəmir yolu tarifləri və hərəkətin
təşkili yanaşmasının tətbiqi nəzərdə
tutulur. Bu marşrutun işə
düşməsi üzv ölkələrin ixracat və
tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq
Transxəzər Nəqliyyat Marşrutunun rəqabət
gücünün artırılmasına təkan verəcək.
Eyni zamanda, Beynəlxalq Transxəzər Nəqliyyat
Marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər
üçün də cəlbedici və sərfəli olmaq
imkanlarına malikdir. Sentyabrda ikinci konteyner
qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə
marşrutu üzrə hərəkət etməsi
planlaşdırılır.
- Azərbaycan
həqiqətlərinin yayılması yönümündə
də bir çox işlər görmüsünüz. Bəlkə bu haqda da danışasınız?
-
Türklər tarixi yaradıb, ancaq yazmayıb. Bizim
torpaqlarımızı işğal edən düşmən
ermənilər tarix yaratmayıb, ancaq tarixə sahib
çıxıb, ağlına gələni yazıblar.
İndi isə biz tarixi həm yaratmalı, həm
də yazmalıyıq. Bu tarixi həqiqətlərin
təhrif olunmaması üçün Manqistau və Atrau vilayətlərinin
iki böyük şəhərinin universitetlərində Azərbaycan
Tarixi və Mədəni İrsinin Öyrənilməsi Mərkəzləri
yaratmışıq. Bu mərkəzlərdə
tariximiz, ədəbiyyatımız öz əksini tapıb.
Dövlətimizin və qardaş dövlətin bayramlarını ,
ağrılı-acılı tarixlərini də təhsil
ocağındakı mərkəzlərdə qeyd edirik. Qonşuluğumuzda yaşayan monoetnik dövlət
olan erməni düşmənlərimiz bizi qeyri-xalqlara
qarşı dözümsüz kimi qələmə vermək
istəsələr də, biz onların bu təbliğatını
doğru həqiqətlərimizlə ifşa edirik. Bu gün Azərbaycan multikulturalizmi dünyada bir
nümunə kimi öyrənilir, ölkəmizdə min illər
boyu yaşayan xalqlar öz dinlərini, dillərini, mədəniyyətlərini
qoruyub saxlayıblar. Biz artıq
Qazaxıstan ictimaiyyətinə və burada yaşayan xalqlara,
diplomatik nümayəndəliklərə İrəvanda
başqa millətin yaşaması üçün heç
bir imkanın olmamsını sübutlarla çatdıra
bilmişik.
-
Qazaxıstanda 140-a yaxın millət yaşayır. Bu qədər çoxmillətli bir ölkədə
azərbaycanlılar necə görünür?
-
Qazaxıstanın başı da ötən əsrin əvvəllərindən
etibarən çox zülmlər, faciələr çəkib.
Sovet rejiminin “xalq düşməni”
adlandırdığı, sürgün etdiyi insanlar özlərindən
asılı olmayaraq, dövrün qanunlarına və
qaydalarına uyğun olaraq, buraya sürgün olunublar. Ən müxtəlif millətlər burada həm əzab
çəkib, həm də yerli qazaxların mərhəməti
hesabına yaşaya biliblər. Qazxıstanın milli
lideri Nursultan Nazarbayevin müdrik siyasəti, həyat təcrübəsi
nəticəsində, çoxsaylı millətlər, xalqlar
dinindən və irqindən, millətindən asılı
olmayaraq bu böyük ölkənin içərisində
sülh və əmin-amanlıq şəraitində yaşayırlar,
hamısı öz etnik mənsubiyyətini qoruyub saxlaya-saxlaya
Qazaxıstanın vətəndaşı olub,
Qazaxıstanın çiçəklənməsi naminə də
çalışıblar. İndi onların
hamısı bir şanırak altında Qazaxıstan Xalq
Assambleyası İnstitutunda birləşiblər. Bu ölkəyə taleyini bağlayanlar, indi də əməkləri
ilə ölkənin çiçəklənməsinə
tövhələrini verirlər. Onlar
ölkənin qanunvericilik orqanlarında da təmsil olunurlar.
Ölkənin tarixində ilk dəfə olaraq, bu il etnik azərbaycanlımız Məhərrəm
Məhərrəmov Qazaxıstan Məclis Parlamentinə deputat
seçilib. Ölkənin 5 vilayətində isə
Vilayət Məslixatına 5 deputatımız seçilib.
Bu isə qazaxların və Qazaxıstan cəmiyyətinin
azərbaycanlılara olan münasibəti və inamının
göstəricisidir. Təməli ümummilli liderimiz Heydər
Əliyev və qazaxların milli lideri Nursultan Nazarbayev tərəfindən
qoyulmuş , Azərbaycan prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilən mükəmməl
dostluğun və etibarın bəhrəsidir.
- Bu ilin
yazında, 2-5 aprel günlərində ermənilərin cəbhə
xəttində törətdiyi təxribat və onlara Azərbaycan
Ordusunun verdiyi cavab, Qazaxıstan ictimaiyyətində də birmənalı
qarşılanmadı. Sözün əsil mənasında
qardaş ölkədən ancaq dəstək sədaları gəldi.
- Elədir
ki, var. Həmin günlərdə bütün insanlar, sosial
şəbəkələr Qazaxıstanın və Azərbaycanın
bayraqlarına büründü. Qazaxıstanın
informasya məkanları, mətbuatı həmin hadisələri
çox dəqiqliklə və həyəcanla izlədi.
Buradakı rusdilli saytların vasitəsilə
bizim haqq savaşımız barədə doğru informasiyalar
bu mərkəzdən də dünyaya yayıldı. Bir səfir kimi, bu məni də çox məmnun
etdi.
- Onu da
bilirik ki, Siz Qazaxıstana fövqəladə və səlahiyyətli
səfir təyin olunduiqdan sonra ermənilərin burada
keçirmək istədikləri bir neçə tədbirin
qarşısını almağa nail olmusunuz.
- Ermənilər
tarixən onlara çörək verən, onlara yaşamaq
üçün şərait yaradan, onların
sözünü deyən ölkələrə qarşı
çıxıb, bayraqlarını yandırıblar. Bu da
onların iç üzünü göstərir. Təbii ki, Qazaxıstan cəmiyyətində də
ermənilər yaşayırlar. Və
zaman-zaman özlərinin yalan uydurmalarına, torpaq
iddialarına doğru don geyindirərək, nəyəsə
nail olmaq istəyirlər. Həm həmin
2-5 aprel günlərində, həm də, ondan əvvəl və
sonra onlar öz yalanlarını yaymaq üçün burada tədbirlər
keçirmək istəyiblər. Uydurma
soyqırımdan danışmaq, Qarabağı özlərinin
tarixi torpaqları elan etmək məqsədilə çəkilmiş,
Türk dünyasına böhtan dolu filmlər nümayiş
etdirmək istəyərkən vaxtında və çevik
olaraq xəbər tutmuşuq. Müvafiq təşkilatlarla
danışıqlar apararaq dövlət orqanlarına xəbər
verdik. Birgə keçirdiyimiz qarşılayıcı tədbirlər
sayəsində onların pis niyyətlərinin həyata
keçirilməsinə mane ola bildik. Əlimizdəki tarixi faktlar və sübutlarla yalan
danışdıqlarını əsaslandırdıq. Qazaxıstanda sülhün və sabitliyin
qorunması üçün ermənilərin yanlış
addım atmasına imkan vermərik. Qazxıstanın millli
maraqlarının , sabitliyinin qorunması
bizim üçün prioritetdir. Tərəfimizdən olunan hərəkətləri
həm qazax ictmaiyyəti , həm də
dövləti anlayır, başa düşür,
atdığımız addımlara dəstək verir .
-
Qazaxıstanın apardığı türkçülük
siyasəti türk dünyasının birləşməsinə
töfhə verə bilərmi?
-
Qazaxıstan ərazisi Türkiyədən böyükdür.
Bu baxımından bütün dünyanın
türkləri üçün belə bir dövlətin
olması qürurvericidir. Qazxıstanın çox
müdrik, geniş həyat təcrübəsi , dünyəvi
biliklərə malik olan, dünyanın reallıqlarını
qəbul edən bir prezidenti var. O türk dünyasının,
türk dövlətlərinin bir-birinə inteqrasiyası, həm
xalqların bir-biri ilə əməkdaşlığının
artırılması istiqamətində iqtisadi və mənəvı
cəhətdən yaxınlaşmasında böyük siyasət
aparmaqdadır. Bu baxımdan da, 2010-cu ildə
Beynəlxlaq Türk Akademiyasını burada açdı.
Akademiyanın prezidenti Darxan bəy Kıdırəli
çox ağıllı, savadlı,
dünyagörüşlü, bir siyasətçi və
diplomatdır. Onun keçirdiyi
çoxsaylı tədbirlər, elmi-praktik konfranslar, akademik
dairələr üçün keçirilən tədbirlər,
arxeoloji qazıntılar, buraxılan kitablar - bunların
hamısı türkdilli ölkələrin, türk dilində
danışan insanların bir soy-kökə qayıtmasında
böyük rol oynayır. Zaman-zaman
Türk dünyasına çağırışlar etməsi
də, simpozium və konfranslarda Avrasiya məkanında Türk
birliyinin yaranması kimi mühüm bir məsələni
önə çəkməsinin özü Türk
dünyasının birləşməsinə verilən mesaj və
töfhədir.
- Bəzən
Qazaxıstana gələn azərbaycanlılar viza
vaxtının az olmasından şikayətlidirlər.
Onlar vaxtın uzadılmasını istəyirlər.
Çünki iş üçün gələnlər, istər-istəməz
hər 1 aydan sonra yenidən vaxt artırarkən, dediklərinə
görə onların problemləri də yaranır.
-
Dünyada qloballaşma gedir. Bu gün ölkələrin
infrastrukturları, xalqalrı, yolları bir-biri ilə birləşdirilir.
Ona görə də hər bir ölkədə
qəbul edilmiş qanunlar dövlətin milli qanunvericiliyi ilə,
milli maraqları ilə yanaşı, beynəlxalq sazişlər,
müqavilələr və götürülmüş öhdəliklərlə
tənzimlənir. Bu qanunlar ziddiyyət təşkil
etməməlidir. Unutmaq olmaz ki, dövlətin
imzaladığı saziş və müqavilələrin
hüquqi qüvvəsi , həmin dövlətin
milli qanunvericiliyindən daha üstün qüvvəyə
malikdir. Bu qaydalar hər bir ölkənin
Konstitusiyasında da təsbit olunur. Azərbaycan
Avrasiya İttifaqının üzvü deyil, üzv olmayan
ölkələrlə isə hər hansı bir imtiyazlı
sazişin bağlanması çətindir. Yeni yaradılan Avrasiya İttifaqı daxilində sərhəd
mövcud deyil. Bu ittifaqa daxil olan ölkə
vətəndaşları üzv ölkələrin hər
birinə istədiyi vaxt gedib, istədiyi qədər qala bilir.
Azərbaycanla Qazaxıstan arasında mövcud
olan sazişlərə görə, vətəndaşın
ölkədə qalması üçün 1 ay müddət
müəyyənləşib. Bu da bir
turistin gəlib qalması üçün kifayət qədər
normal vaxtdır. Axı Qazaxıstanın
kifayət qədər liberal qanaunvericiliyi mövcuddur. Bu qanunlara əsasən gəlmə vətəndaş
sənədlərini müvafiq qaydada rəsmiləşdirərək,
burada həm yaşaya, həm işləyə bilər. İnsanlarımız artıq anlamalıdırlar ki,
qanunu pozmaqdansa, ona riayət etmək lazımdır. Biz Aktauda Baş konsulluqda işləyərkən
bütün Qazaxıstanda yaşayan azərbaycanlıların,
hətta sovetdən qalma qırmızı pasport problemlərini
həll etdik. Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin mobil pasportlaşdırma qrupu
gəlib Aktauda, daha sonra Astanada oturub, yüzlərlə vətəndaşımızın
problemini həll etdi. Bu gün də səfirliyimizdə
qurulan avadanlıqlar vasitəsilə sənədləşmə
məsələləri çox asan və qısa zamanda həll
edilir, vətəndaşlara hərtərəfli hüquqi məsləhətlər
verilir.
- Ölkələrimiz
arasında turzim məsələləri nə yerdədir? Son 15 ildə meqapolisə, ən gözəl şəhərə
çevrilmiş Astanadan Azərbaycana səfər etmək istəyənlər
varmı? Səfirlik bu istiqamətdə
hansli tədbirləri həyata keçirir?
- Azərbaycan
turistlər üçün ən maraqlı ölkələrdən
biridir. Ölkəmiz postsovet məkanında
Günəşli Azərbaycan kimi turistləri cəlb edirdisə,
bu gün Odlar Yurdu kimi cəlb edir. Diplomatik
nümayəndəlik olaraq, tədbirlərimizdə həmişə
ölkəmizin maraqlı yerlərini, təbiətini,
infrastruktrunu özündə əks etdirən videoroliklər
nümyiş etdiririk. Bundan əlavə,
ölkəmizin məhsullarının və mətbəxinin sərgilərini
gələn qonaqlara təqdim edirik. Hər il Azərbaycana maraq göstərib istirahətə
gedən qazaxların sayı yüksək templə
artmadadır. Onların artıq Naxçıvandakı Duz
dağından, qış kurortlarımızdan, dəniz
kurortlarımızdan xəbərləri var. Novruz və Yeni il bayramları öncəsi ölkəmizə
səfər edən turistlərin sayı da çoxalıb. Bundan əlavə Azərbaycandan tranzit ölkə
kimi istifadə edən qazaxıstanlı vətəndaşlar
mütləq Bakıya və görməli məkanlarımıza
da baş çəkirlər.
Mədəniyyət və Turizm Nazirliyi Qazaxıstanda keçirilən sərgilərdə iştirak edir. Müalicəvi turzim obyektlərimizin sərgiləri təşkil olunur. İyun ayında isə 10 nəfər yerli turizm şirkətinin nümayəndələrindən ibarət qrupun Bakıya turunu təşkil etdik. Onlar artıq Azərbaycanı öyrənib gəlilər. İndi özləri Qzaxıstandan Azərbaycana marşrutlar müəyyən edəcəklər. Burada tariflər də nəzərə alınacaq. “Air Astana” Hava Yollarına da ölkəmizə uçan turistlər üçün güzəştli bilet tarifləri barədə təkliflər vermişik.
- Akatauda baş konsul olarkən, hətta həlli mümkün olmayan layihələrə və yeniliklərə imza atdınız? Paytaxt Astanada Azərbaycan dövlətinin səlahiyyətli səfiri kimi, Azərbaycan prezidentinin inandığı nümayəndəsi kimi hansı işləri görəcəksiniz?
- Vətəndaşlarımızın hüquq və mənafelərinin qorunması diplomatik korpusun əsas vəzifələrindən biridir. Qazaxıstanın Qərb bölgəsində konsulluq dairəsinə 4 vilayət daxıl idi. Son 7 ildə onların hər birində mükəmməl Azərbaycan icması yaradılıb. Daha icmalar arsında narazılıq yoxdur. Azərbaycanın prezidenti cənab İlham Əliyev deyir ki, “mən bütün azərbaycanlıların prezidentiyəm. Azərbaycan bütün azərbaycanlıların vətənidir”. Bu prinsipləri rəhbər tutaraq, mən də deyirəm ki, Qazaxıstandakı Azərbaycan səfirliyi bütün azərbaycanlıların evidir, buradakı səfir də hər bir vətəndaşın səfiridir. Qapılarımız hamının üzünə açıqdır. Bu prinsipləri rəhbər tutaraq indi icmalarla işlərin qurulması ətrafında işləyirik. İnanıram ki, tez bir zamanda Qazaxıstanın hər yerində sözün əsil mənasında bütöv, bir əldə beş barmaq kimi birləşən vahid, güclü bir icma yaradılacaq. Hamının amalı eynidir, sadəcə müxtəlif yanaşmalar var.
Qazaxıstan öz müstəqillyini qazandıqdan sonra, hüquqi bir dövlət kimi özünün miqrasiya qanunlarını və proqramlarını da işləyib hazırladı. Bu proqram çərçivəsində Uralman qazaxları— yəni hər hansı səbəbdənsə nə vaxtsa Qazaxıstandan nəsilləri və ya özləri köçüb gedən, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Çin, Monqolustan, İran və digər ölkələrdə yaşayan etnik qazaxların ölkəyə çağırılması prosesi başlandı. Bu Uralman qazaxlarin isə sabiq SSRİ, azərbaycanlılar, neft sənayesi haqqında təbii ki, bilgiləri yox dərəcəsindədir. İndi uralmanlar artıq Qazaxıstanın tam hüquqlu vətəndaşıdırlar. Bu baxımdan onlara yaxın tarixi keçmişimizi, ölkənin ictimai siyasi həyatındakı rolumuzu tanıtmaq məqsədi ilə bir çox maraqlı layihələrə imza atdıq. Görkəmli azərbaycanılar, onların həyat və yaradıcılıqları, iki xalq arasında tarixi köklərimizi əks etdirən 4 kitab çap etdik. Bu kitablarda azərbaycanlıların Qazaxıstana göstərdikləri tarixi xidmətlər öz əksini tapıb. Onlar biləndə ki, azərbaycanlıların belə xidməti olub, o zaman bir birinə qarşılıqlı hörmət artır, tolerantlıq yaranır, münasibət dəyişir.
Səfirlik qarşısında duran ən önəmli məsələlərdən biri də ticari məsələlərdir. Çalışırıq ki, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələri möhkəmləndirək. Manqistau vilayətində Azərbaycanlılar bu ölkənin qeyri neft sektorunda ən böyük investor sayılırlar.
Azərbaycanlı investorların böyük layihələri var. Ölkəmizdə istehsal olunan, yetişən kənd təsərrüfatı məhsullarının, sənaye məhsullarının Qazaxıstan bazarına çıxarılması üçün Aktauda yaranmış loqistik mərkəzin imkanlarını genişləndirəcəyik. Ölkənin bütün vilayət rəhbərləri, şəhər merləri, nazirliklərin nümayəndələri, hüquq-mühafizə orqanı əməkdaşlarının rəhbərləri ilə görüşlər keçirərək, vərəndaşlarımızın hüquq və mənafelərinin qorunması sahəsində söhbətlər aparmağa başlamışıq. Çünki hər bir vətəndaşımızın problemini həll etmək borcumuzdur. Sentyabr ayında Azərbaycanın hərbi sənayesinin istehsal etdiyi eksport yönümlü məhsulların sərgisini keçirəcəyik. Azərbaycanın tranzit potensizalı, Dəmir yolları, limanlarının yük dolurub-boşaltma imkanlarını müvafiq təşkilatlarla müzakirə edirik.
Qazaxıstanın KazMedia qurumunda birləşən 17 televiziyası, 4 radiosu ilə sıx əməkdaşlıq yaratmışıq. Kütləvi informasiya vasitələrində demək olar ki, mütəmadi olaraq, Azərbaycan haqqında maraqlı yazılar, xülasələr dərc edilir.
Bizim Qazaxıstanla əlaqələrimiz o qədər gözəl və mükəmməldir ki, onu ancaq qoruyub saxlamaq lazımdır. Sadəcə çalışmalıyıq ki, necə ki, Türkiyə insanının yanında “Azərbaycan” deyəndə qarşı tərəf “Can” sözünü işlətdikləri kimi, qazax insanında da bu sevgini, vərdişi yaradaq.
Aida EYVAZLI
525-ci qəzet.- 2016.- 18 iyun.- S.7.