Türkiyə qeydləri
II yazı
Ankaranı
sevmək...
Türkiyənin
diqqətdən kənar qalmış, sevgisi əskik düşmüş
övladı kimidi Ankara. Mərkəzdi,
paytaxtdı, amma nədənsə İstanbulun kölgəsindədi.
Otelə yaxınlaşdıqca bütün diqqətimi
cəmləyib şəhəri, onun küçələrini
gözlərimə “doldururam”. Yəhya Kamalı başa düşməyə
çalışıram. Məşhur deyimini
yadıma salıb, şairin ehtiyatsızlıq etdiyini fikirləşirəm.
“Ankaranın nəyini sevirsən?” - sualına “İstanbula
dönüşünü”- cavabını vermişdi Yəhya
Kamal. İndi bu cavab bir növ atalar məsəlinə
çevrilib. Bəlkə Yəhya
Kamalın özünü tanımayanlar da deyimini dillər əzbəri
ediblər. Olsun ki, İstanbul şairin ən
sevdiyi şəhər imiş. Buna söz
yox, sevgi bir olar hər halda. Amma axı Ankara da minlərlə
adam üçün gözünü dünyaya
açdığı, ilk addımlarını
atdığı, ilk dəfə aşiq olduğu, sevgilisi ilə
küçələrində dolaşdığı,
yaşadığı,
vəzifəyə yüksəldiyi, bir sözlə
yüzlərlə unudulmaz xatirəsini bağladığı
şəhərdir. Ona görə Ankaraya bu
cür insanların gözüylə baxmaq, anlamaq, şəhərin
xarakterini tutmağa çalışıram. Və ilk müşahidə etdiyim xarakter özəlliyi
qayğısızlıq, təmkindi. İstanbuldan
fərqli olaraq, bu şəhər məsafəsi kilometrlərlə
ölçülən tıxaclardan azaddı, sakinləri də
çox sakit və təmkinlidirlər. Həm
də qəribə bir sərinlik duyulur buranın havasında.
Həm məcazi, həm də həqiqi mənada
sərinlik. Hava necə günəşli olur-olsun,
kölgəyə çəkilən kimi sərin, hətta bir
az da soyuq hiss edirsən, eyni zamanda şəhərin
görkəmində, adamların simasında da sərin bir
mehribanlıq duyulur. Hay-küy, coşqu yaddı
Ankaraya. Adama elə gəlir ki,
bütün böyük işləri bu cür sakit-sakit, təmkinlə
həyata keçirmək olar. Yaqub Öməroğlu
kimi...
Yaqub
Öməroğlu... Üç kitab, üç nəsil...
Otelə
yerləşəndən bir saat sonra Anar müəllimin
“Göz muncuğu”, Rəşad Məcidin “Bir daha gəlməyəcək”
və mənim “Anar dünyası” kitablarımızın təqdimatına
gedirik. Yolboyu düşünürəm, hələ
üzünü görmədiyim kitabıma aid xəyallar
qururam. Və etiraf edim ki, həyəcanlanıram.
Bu həyəcanımın, təlaşımın
səbəbi özümə aydındı. İllərdir ki, Türkiyədə Anara olan sevgini,
marağı görmüşəm, əsərlərinin
insanlara təsirini müşahidə etmişəm, türk tənqidçilərinin
onun haqqında yazılarını oxumuşam. Bu mənada
Azərbaycanda “Anar dünyası”nı
yazmaq, oxucuya təqdim etmək nə qədər məsuliyyətli
idisə... burda da eyni hissləri
keçirirəm. Təqdimat, imza günü
Ankaranın qədim hissəsində, Altındağ bölgəsində,
fərqli memarlığı, dizaynı ilə seçilən
kitab evində keçirilir. Məkanda
ilıq, xoş, sənət atmosferi duyulur. Amma birdən
masanın üstündəki kitablara gözüm
sataşanda... Rəssam Arif Həsənovun “Anar”
tablosu kitabın üz qabığından ağır, dərin
baxışlarıyla oxucusunu çağırır. Kitabı götürüb vərəqləyirəm.
Düşünürəm, həyatda ən böyük
möcüzə, xoşbəxtlik odu ki, sən minnətdarlığını
ifadə etmək üçün söz tapmırsan, heç
bir əməlin
duyduğun borcluluq hissinin cavabı olmur.
...Çıxış
etdim, kitabın araya-ərsəyə gəlməsində əməyi
keçənlərə, Avrasiya Yazarlar Birliyinin
başçısı Yaqub Öməroğluna,
yazıların tərcüməçisi doktor Aysun Demirez
Güneri xanıma, Bengü yayınlarına təşəkkürlərimi
bildirdim. Amma... Yenə də! Hər halda! Başda Yaqub Öməroğlu
olmaqla, Avrasiya Yazarlar Birliyinin gördüyü işləri,
türkdilli ölkələr, xüsusən də Azərbaycan
ədəbiyyatının təbliğatı
üçün çabalarını, xidmətlərini bir
çıxışa, bir tədbirə, bir yazıya necə
sığışdırasan. Rəşad Məcid öz
nitqində bunların bir hissəsindən, hər il
keçirilən Dərgilər Konqresində
qazandığımız dostlardan, qurulan
qarşılıqlı əlaqələrdən,
Kaşğarlı Mahmud hekayə yarışmasının gənc
nasirlərə verdiyi stimuldan, Türk dünyasında İlin
ədəbiyyat adamı ödülünün ayrı-ayrı
şəxsiyyətlərin tanıdılmasında rolundan və
s. və s. böyük işlərdən danışdı. Və tamam xəbərsiz, sürpriz olaraq
işıq üzü görən, tərcüməçi
Seyfəddin Altaylının çevirdiyi “Bir daha gəlməyəcək”
kitabına görə minnətdarlığını dilə
gətirdi.
Anar müəllimin Türkiyə sevgisi bura aid hər
yazısından, hər çıxışından duyulur. Və bu
sevginin bütövlüyü, tamlığı, dərinliyi
adamı heyrətləndirir. Məncə,
Anar Türkiyəni tarixi ilə, ədəbiyyatı ilə,
bir-birindən fərqli, gözəl şəhərləri, kəndləri,
insanları ilə bir yerdə sevir. İnsan
yalnız vətənini bu cür sevə bilər. Dəfələrlə “Türkiyə ikinci vətənimdir”
- desə də, məncə zamanla ardıcıllıq
sıradan çıxıb. Yəni Türkiyə ikinci
vətən yox, sadəcə Vətəndir... Bunu
tədbirdəki çıxışımda söyləyincə
auditoriya alqışlayır və mən ötən ilə
kimi Türkiyənin Azərbaycandakı Mədəniyyət
müşaviri vəzifəsində
çalışmış Seyid Əhməd Arslanı
görürəm.
Bakı
havası... Seyid Əhməd Arslan... 28 Mall!
Seyid
Əhməd bəy məhz indi, burada, Ankaranın qədim
bölgəsində,
kitablarımızın təqdimat mərasimində,
son dərəcə doğma siması, maraqlı
çıxışı ilə mənə Bakını
xatırladır, Bakı ilə bağlı düşüncələrimi
oyadır. Bəlkə də “Bir millət, iki dövlət”
aforizmi həm də bu cür incə, xırda detallarda öz
təsdiqini tapır; Türkiyə Azərbaycanda
doğulanlardan ötrü vətən sayılır, Azərbaycanda
cəmisi bir neçə il
çalışmış insan Bakıya aid xoş xatirələr
oyadır. Bax belə qarışırıq bir-birimizə, sənin-mənim
qalmır... Ona görə də Seyid Əhməd
bəy üçün kitab imzalayanda “Gerçək
bakılımıza” - yazıram və üzündəki
sevinci, həm də Bakıya aid nostaljisini sezirəm. Avtoqrafımı təbəssümü ilə təsdiqləyir
və balaca oğlunun ən böyük arzusundan, hər
axşam “28 Mola gedək, nolar!” - deyib
durmasından danışır. Seyid Əhməd
bəy “Oğlum, paramız yoxdu” - deyə uşağı
fikrindən döndərməyə çalışsa da,
alınmır, hal-hazırda balaca bakılı 28 Mola getmək
üçün pul yığır. Əminəm ki,
tezliklə yor xərcini də, 28 Molda istirahət, əyləncə
üçün lazım olan məbləği də
“toplayacaq” və biz Bakıda görüşəcəyik... Vətən
çəkir axı!
Qala...
Avrasiya Yazarlar Birliyi... Şairlər bağçası...
Ankaranın qədim şəhərini, Qala ətrafını
gəzdikcə zövqümüzün,
memarlığımızın eyniliyinə, bənzərliyinə
heyrət edirəm. Sanki İçəri şəhərdə
gəzirsən. Eyniylə Bakının qədim
məhəllələri kimi dar küçələri,
daş döşənmiş yolları, taxta eyvanlı
alçaq, balaca evləri var buranın. Gəzdikcə məhz
türk xarakterini, sadədə dərinlik, adidə qeyri-adilik,
rahatlıq hiss edir adam. Avrasiya
Yazarlar Birliyinin xudmani, amma son dərəcə zövqlü, səliqəli
bağçasına girəndə isə nədənsə
ağlımdan müxtəlif şeir misraları keçir və
Yaqub bəyə - “Burda yalnız şeir yazmaq olar” - deyirəm.
Doğrudan da çox sadə, amma həm də
yaradıcı mühit var burda. Amma
çox güman ki, bu mühiti yaradan bağçada əkilmiş
çiçəklərdən, yaşıllıqdan daha
çox burda çalışanların ovqatı,
yanaşmalarıdır. Bağçada əyləşib
mətbuat, nəşriyyat işçiləriylə söhbət
edirik. Rəfibəylilər nəslindən olan Nəsrin
Ünal xanımla yaxından tanış
oluram və əsilzadəliyindən,
kübarlığından, dilimizdə təmiz
danışmasından, xoş, mehriban söhbətlərindən
zövq alıram.
Tədbirdən, türk həmkarlarımızla sənət
söhbətlərindən, mehriban, xoş auradan ruhən və
mənən qidalanırıq.
Qabırğa
dolma... Və yenə Nazım Hikmət!
Söhbətlərimiz Ankaranın kənarında,
gözəl bir restoranda, süfrə arxasında davam edir. Başqırd,
tatar, Türkiyə və Azərbaycan türkləri ləhcələrimizin
oxşarlıqlarından və fərqlərindən
danışırıq. Yaqub Öməroğlu
Şəkinin Türk dünyası Mədəniyyət
paytaxtı seçilməsiylə bağlı
planlaşdırılan tədbirləri sadalayır.
Çoxdandı soruşmaq istədiyim bir sualı verirəm. Anarın “Kərəm
kimi” kitabına qeyri-rəsmi, mətbuatdan kənar reaksiyalar
maraqlandırır məni. Yaqub bəyin
çoxmənalı təbəssümündən hər
şey aydın olur və bu kitabın çapıyla
bağlı reaksiyalara aid bir neçə misal çəkir.
Biri xüsusən məzəlidir. Deməli “nazımşünaslardan” biri Yaqub bəyə
ağayana bir məsləhət veribmiş, “sizin xəbəriniz
olmur, altdan-altdan işlər görürlər, ətrafınızda
xəyanətkarlar var...” - deyibmiş. Adam
düşünüb ki, Bengü yayınlarında “Kərəm
kimi” romanı Yaqub Öməroğlundan xəbərsiz, gizlin
işıq üzü görüb. Yaqub bəy
bunu özünəməxsus koloriti ilə danışıb
gülür, amma onu da xüsusi vurğulayır ki, bu əsərə
solçular da ayrı cür etiraz ediblər. Anarın onların düşündüyü fanatik
Nazım Hikməti ayrı cür qələmə
aldığıyla razılaşmayıblar. Görünür, bizim kitab təqdimatımız barədə
geniş və maraqlı bir esse yazan Lütfü
Şahsuvaroğlunun da yazının başlığında
“Tanımadığınız Nazım Hikməti tanımaya
varmısınız?!” deyə sual verməsi təsadüf
deyil. Yazımın bu yerində
Lütfü bəyə gözəl və ətraflı məqaləsinə
görə təşəkkürlərimi bildirirəm; həm
də ona görə ki, hər üç kitabın, Anar
müəllimin, Rəşad Məcidin və mənim
yazılarımın mühüm, oxucunun diqqətini çəkəcək
məqamlarını yazısında incələyib.
...Axşam
düşür, zəngin günün, maraqlı söhbətlərin
təəssüratıyla türklərin gələnəksəl
yeməklərindən olan qabırğa dolmanı
dadırıq. Quzu qabırğasının
içərisində dəmə qoyulmuş düyünü
ilk dəfədi yeyirik. Hər kəsin ağız
dadına uyğun gəlir bu yemək və onu da etiraf edirəm
ki, yer üzündə heç bir dieta, heç bir pəhriz,
heç bir qadağa bu yerdə effektiv ola
bilməz. Yedikcə yeyilən bu ləzzətli
təam da Türkiyə təəssüratlarımızın
bir detalına, elementinə çevrilir.
Qarşıda
isə unudulmaz Türk Tarix Qurumu salonu, İLESAM, “Yaşamaq
haqqı”, “Sevdim səni”...
Bakı
rüzgarı... Məhməd Nuri Barmaqsız!
Türkiyədə ilk kitabım - “Balerin” Məhməd
Nuri Barmaqsızın sayəsində “Akçağ”
yayınlarında işıq üzü görüb. Onda heç
görüşməmişdik Məhməd Nuri bəylə.
İlk dəfə Bakıda
görüşdük və həmin gün güclü,
çox güclü bir külək əsirdi. Çox hörmət etdiyim şairə xanım
İltər Yeşilayla bərabər gəlmişdilər
ölkəmizə. İLESAM ilə AYB
arasındakı qarşılıqlı çevirmələr
və kitabların çapı barədə razılaşma
da onda imzalandı. Anarın “Yaşamaq
haqqı”, mənim “Sevdim səni” kitablarımız türkcəyə
çevrildi. Daha öncə isə Məhməd
Nuri Barmaqsızın “Həsrət, eşq və sükut”
adlı kitabı bizim dilə çevrildi, Bakıda
işıq üzü gördü, təqdimatı
keçirildi. O təqdimatda çıxış edəndə
Məhməd Nuri bəyin zahirən soyuq adam
təsiri bağışladığını söyləmişdim.
Ankarada bir neçə günlük bərabərliyimizdən,
tədbirlərdən sonra isə bu zahiri soyuqluğun
arxasındakı gerçək sənət fədailiyini,
işinə sevgini, qol qoyduğu hər işə isti
münasibəti gördüm. Amma Məhməd
Nuri Barmaqsız haqqında fikirlərimə o küləkli
gündən başlamağım da təsadüfi deyil.
“Saniyələrlə çarpışırıq” - deyən
Məhməd bəyin işə münasibətində fərqli
bir sürət və dəqiqlik var. Şairanə bir bənzətmə
işlətsəm, sadəcə yüngül meh yox, əsl
güclü külək sürəti...
Türk Tarix Qurumu salonunda düzənlənən tədbirdə də məhz bu dəqiqliyin, təşkilatçılığın nəticəsi görünürdü. Məhməd Nuri Barmaqsız Anarın və mənim kitablarımıza aid düşüncələrini bölüşəndən sonra professor Nurulla Çetin “Yaşamaq haqqı”, dosent Ayfər Yılmaz xanım isə “Sevdim səni” haqqında geniş məruzə edirlər. Yazdıqlarına kənar gözlə baxmaq, onları ayrı baxış bucağından anlamaq üçün gözəl fürsətdir. Həm də bu cür istedadlı, peşəkar alimlərin fikirləri, təhlilləri son dərəcə maraqlıdır. Daha sonra Rəşad Məcid, Yaqub Öməroğlu, Elçin Qafarlı, İltər Yeşilay, Xanım Xəlilova, hər iki kitabın tərcüməçisi Məhməd Rıza Qoçi çıxış edirlər. Çıxışları dinlədikcə keçirdiyim hisslərin adını axtarıram. Və onu başa düşürəm ki, bütün hissləri, sevinci, qüruru öz təsirindən çıxmağa qoymayan yeganə, böyük duyğu - MƏSULİYYƏTdir. Hər yeni uğurla, hər yeni kitabla böyüyən, artan məsuliyyət bütün düşüncələrə, hisslərə hakim olur, yuxusuz gecələrin sayını artırır, hər addımına ciddi yanaşmağa sövq edir. Çıxışımda da türk oxucuları qarşısında duyduğum məsuliyyətdən danışıram, minnətdarlığımı ifadə etməkdə isə yenə acizəm. Məhməd Nuri bəy zarafatla bu böyük borcu yalnız yazılarımla ödəyə biləcəyimi deyir. Əlimizdən başqa nə gəlir ki?!
TÜRKSOY...
TÜRKSOY rəhbəri Düsen Kaseinovun köməkçisi Fırat Purtaşla görüşürük. Fırat bəy özü bələdçilik edib TÜRKSOY binasını, yuxarı mərtəbədə yerləşən fotosərgini, tanıtım çarxını göstərir bizə. Tədbirlərin bəzilərində iştirak etmişik, bəzilərini mətbuatdan izləmişik. İndi bunlara ardıcıl, küll halında baxanda, izləyəndə həm nostalji keçirirəm, həm də sevinirəm. Birdən TÜRKSOYun Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı kiçik bir videoçarxa da baxmağı təklif edir. Hələ ilk qurulduğu zamanlarda Ümummilli lider Heydər Əliyevin TÜRKSOY haqqında çıxışıdır. Baxdıqca uşaqlığım yadıma düşür. Böyük şəxsiyyətlərin tarixə çevrilməsi belə olur yəqin; zamanla kiminsə keçmişi, kiminsə hansısa xatirələrini yada salmaları, xoş nostalji yaratmaları ilə...
Xanım rəssam Esin Enerin TÜRKSOY binasında sərgilənən tablolarına baxdıqca isə zamanların necə qarışmasını, dövrlər arasında sərhədlərin itməsini başa düşürəm. “Əski türklərdə və bizdə halay” tablosunda qədim insanların yallıları ilə (bizim Qobustan qayalarında təsvir olunan yallılara bənzər şəkildə) müasir adamın halayı birləşib. Eradan əvvəl yaşayan adamla, bu gün rəngbərəng geyinmiş müasir insan əl-ələ tutublar. Əslində də belədir elə... Minillər, yüzillər, on illər eyni tarixə, eyni mədəniyyətə, eyni dəyərlərə malik insanları ayırmaq gücündə deyil.
Azərbaycanın Türkiyədəki Səfirliyi... Cümhuriyyət günü!
Səfərimiz 28 May Cümhuriyyət günü ərəfəsinə təsadüf edib. Türkiyədəki səfirliyimizin bu günün şərəfinə təşkil etdiyi rəsmi qəbula biz də dəvətliyik. Səfirliyin böyük zalında sözün əsl mənasında iynə atsan yerə düşməz. Türk mətbuatı, rəsmiləri, nazirlər, müxtəlif ölkə səfirliklərinin nümayəndələri, qonaqlar, Türkiyədə təhsil alan azərbaycanlı gənclər... Baxdıqca, müxtəlif adamlarla tanış olduqca öləndə də dilindən Azərbaycan kəlməsi düşməyən Məmməd Əmin Rəsulzadəni, müstəqil dövlətin qurulması üçün hər şeyə hazır olan, böyük ideyaları yolunda canlarından keçən fədakar insanları düşünürəm. Təkcə elə bu qəbul onların arzularının, ideallarının təcəssümü deyilmi?! Onlar da elə bunu arzulamırdılarmı? Azərbaycanın müstəqilliyini, dünyada tanınmasını, özünə aidliyini, nüfuzlu dövlət kimi təsdiq olunmasını. Görünür, bütün böyük amallar, böyük ideyalar keşməkeşli, çətin, daşlı-qayalı yolları adlamalıdı... Səfirimiz Faiq Bağırov da çıxışında bu günün mahiyyətini, bu günkü Azərbaycanın illər boyu keçdiyi çətin yolu anladır. Qonaqların Azərbaycana sevgisini, marağını görmək isə ayrıca zövqdür.
Məhməd Nuri bəy səfirliyin həyətini göstərib zarafatla “Buralar sizin torpağınızdır, Pərvin xanım” - söyləyir. Və mən Ankarada axırıncı gecəmiz olduğunu, sabah səhər üzü Bakıya, üzü ailəyə, üzü doğmalara doğru yola çıxacağımızı düşünürəm.
Ankarada
son axşam... Göysu - Göyçay!
Şairə xanım İltər Yeşilayın
oğlu, TÜRKSOY əməkdaşı Volkan bəyin təklifi
ilə Ankarada məşhur Göysu adlanan restorana gedirik. Rəşad Məcid
bu adın Azərbaycandakı ekvivalentini tapmaq
üçün çox da düşünmür. Göyçayı yada salıb Rəsul Rzadan
danışır. Həm
axırıncı axşamın, qarşıdakı
ayrılığın hüznü, həm də bir neçə
günün zəngin təəssüratları ilə şam
edirik. İltər xanımın meyvə-tərəvəzlərə,
Rəşad Məcidin siqaretə yazdığı şeirlərdən
danışırıq. Və birdən
işıqlar sönür. Son vaxtlarda
tez-tez baş verən terror xofu beynimi tərk eləmir. Bəlkə cəmisi beş-on dəqiqə çəkən
texniki problem nədənsə mənə uzun
görünür. Mobil telefonların
işığında davam edir məclisimiz. Amma bu qaranlıq Türkiyədə keçirdiyimiz
günlərə, yaşadıqlarımıza aid fikirlərimi
səliqəyə salmağa, işığa
çıxarmağa kömək olur. Nikbinləşirəm.
İşıqlar yanır. İnanıram
ki, bu cür gözəl günləri birgə yaşamaq
üçün, kitablar yazmaq, dostlarla görüşmək
və qeyri-adi layihələri həyata keçirmək
üçün hələ neçə-neçə illər
qarşıdadır.
PƏRVİN
525-ci qəzet.- 2016.- 18 iyun.- S.10-11.