Ağrın uzanmasın!..  

 

(İstedadlı qələm qardaşım Sayman Aruza)

 

Eşitdim bir azca naxoşlamısan,

Çaşıb ki naxoşluq sənə üz tutub.

Dərd əkib, üstündən qəm xışlamısan,

Təzə fikir tapıb səni, söz tutub...

 

İndi qəribədir xəyala dalmaq;

Fikir var-sahili itmiş gəmidir.

Bu xəstə dünyanın sağlamı olmaq

Dünyanın özünə rişxənd kimidir.

 

O el , bu el sənindir, Sayman,

Kim deyə bilər ki, qürbətə düşdün?!

Həsrətlə döyüşə atıldın hər an,

Döyüşə-döyüşə həsrətə düşdün...

 

Dağdan, daşdan saldın yollarını sən

Yumruq ürəyini odlamaq üçün.

Xudafərin etdin qollarını sən

Üstündən ümidlər adlamaq üçün...

 

Vətən ağrısıyla düz düzlədin ki,

İlhamın dözümə sehrini saldı.

Ağrını o qədər Azizlədin ki,

O da sevdiyinə mehrini saldı...

 

Ağrında ağrınan Qarabağ sızlar,

Zirvə sevincimə zülmətlər çökər.

Cənubdan Şimala dikili gözlər

Güney həsrətimin şəklini çəkər...

 

Ömür az olsa da, bir anlıq deyil,

Əbədi çin olsun röyalarımız!

Gecənin yarısı qaranlıq deyil...

Sübhün bütövüdür dualarımız.

 

Könlünə azadlıq eşqi dolsa da,

Vaxt gərək yetişə bəhrə, bara da.

Arazla söhbətin uzun olsa da,

Bu ağrı uzana bilməz arada!..

 

Sən nur Savalana aşiyan dağı,

O Təbriz təbimin zəmanətisən.

Söhrab əmimizin ismarladığı,

Ustad Şəhriyarın əmanətisən.

 

Ruhunda boy atmış min duyğu qatı

O çayın həm o tay, həm bu tayından.

Nisgilli bir xalqın ürək sovqatı-

Göz ol o ürəkdən; ağrı payından!..

 

11 iyun 2016-cı il

Bakı

 

Yusif NƏĞMƏKAR

525-ci qəzet.- 2016.- 21 iyun.- S.7.