Rusiya paytaxtında Anarın
yeni kitabları işıq üzü görüb
Son illər Moskvada
Xalq yazıçısı
Anarın bir çox əsəri nəşr olunub.
"Veçe" nəşriyyatı
"Navajdenie" ("Vahimə")
adlı povest və hekayələr toplusunu, "Mərcani evi" isə "Dədə Qorqud" kinodastanını çap
edib.
"Biblioteka "Oqonka" populyar seriyasında 40 min tirajla "Ya, tı, on i telefon"
hekayələr kitabı
çapdan çıxıb,
"Drujba narodov" jurnalının iki müxtəlif sayında
"Ağ qoç, qara qoç" və "Göz muncuğu" povestləri
dərc olunub.
Bu il isə
Moskvanın iki nüfuzlu nəşriyyatı
Anarın kitablarını
buraxıb. "Xudojestvennaya literatura" nəşriyyatının çap
etdiyi ikicildliyə yazıçının nəsr
əsərləri daxildir.
Çingiz Aytmatovun önsözüylə açılan
Birinci cilddə hekayələri və
"Əlaqə", "Otel otağı" povestləri verilib. İkinci cilddə "Ağ liman", "Beşmərtəbəli evin
altıncı mərtəbəsi",
"Dantenin yubileyi",
"Macal", "Ağ
qoç, qara qoç", "Göz muncuğu" roman və povestləri toplanıb. İkinci cildin sonunda filologiya doktoru Əbuzər Bağırovun
Anar haqqında bioqrafik məlumat yazısı verilib.
"Vremya" nəşriyyatının
buraxdığı "Bez
vas" ("Sissiz") kitabına
isə eyniadlı xatirə-roman, "Parisdə
höcət" ("Bunin və Banin") kinopovesti, Vladimir Mayakovski, Dmitri Şostakoviç, Konstantin Simonov, Yuri Trifonov, Yevgeni Yevtuşenko, Vasili Aksyonov, Vladimir Amlinski, Rimma Kaşakova haqqında esselər və "Gecə düşüncələri"nin tam mətni daxildir.
İyunun 14-də Moskvada Millətlər Evində kitabların təqdimatı
keçirilib. Təqdimatı "Ocaq" cəmiyyətinin sədri professor Tofiq Məlikli
aparıb. Tədbirdə çıxış
edən Xalq rəssamı Tahir
Salahov, moskvalı ədəbiyyatçılar
- nasir və tənqidçi Lyudmila Lavrova, şair-tərcüməçi
Mixail Sinelnikov, "Drujba narodov"
jurnalının baş redaktoru
Aleksandr Ebonaidze, "Xudojestvennaya literatura"
nəşriyyatının müdiri Qeorqi Pryaxin və
başqaları rus oxucusunun
Azərbaycan yazıçısıyla bu yeni görüşünün xalqlarımız, ölkələrimiz
arasında ədəbi, mədəni əlaqələrin inkişafında
böyük əhəmiyyətindən
danışıblar. Gecənin sonunda Anar naşirlərə, çıxış
edənlərə və bu təqdimatın
təşkilatçılarına,
iştirakçılarına təşəkkürünü
bildirib, çoxsaylı oxucular
üçün kitablarını
imzalayıb.
525-ci qəzet.- 2016.- 21 iyun.- S.7.