Sənətin bənzərsizliyi və möhtəşəmliyi

 

MİRNAZİM ƏSƏDULLAYEV SƏNƏTKARLIĞI HAQQINDA DÜŞÜNCƏLƏR

 

 

 

Xoşbəxtlikdən, sənət adamları arasında dost-tanışım çoxdur. Bu məndə həmişə bir məmnunluq hissi doğurur.

 

Adətən, əhvalımın təlx olduğu vaxtlarda dostlarla zəngləşib, görüşürəm. Çay masası arxasında xatirələr dilə gəlir, böyük sənətkarlar anılır, onların konsert salonlarında, toy-düyün məclislərində, tutuzdurduqları anlar - "tutuzdurmaq" sözü sənət adamları arasında yüksək ifa, məclisi ələ almaq anlamındadır - yaxud başlarına gələn məzəli, eləcə öz aralarındakı şux zarafat olaylar xatırlanır.

 

Belə görüşlərdə Mirnazimlə çox oturub-durmuşam. O, gözəl müsahibdir, söz sərrafıdır, qarşısında oturanı qiymətləndirməyi bacarandır, yüksək yumor hissinə malikdir, ərki çatanlara şəbədə qoşmağı, yaxşı mənada, dolamağı başqa bir aləmdir. Sözsüz ki, hər şey əndazə daxilindədir...

 

Bəli, söhbət respublikanın Əməkdar artisti, dosent, mahir kamanzən Mirnazim Əsədullayevdən gedir. Bəs, onun sənətinə, musiqiyə olan münasibəti necədir?

 

Mirnazimin musiqi dünyasına ayrıca, özünə məxsus tərzdə bir baxışı var. Onun çalğısında saflıq, ecaz, dürüstlük daha qabarıq nəzərə çarpır. Sənətkarın qüdrəti sənətinə olan münasibətindən, ciddiyyətindən çox asılıdır. Sözsüz ki, sənətin zirvəsinə ucalmaq - bütün zamanlarda heç bir sənət adamı sənətinin zirvəsinə çatıb, onun fəthinə nail olmur -illüziyalardan keçmir, yüksəkliyə ucalmaq heç rahat hamar olmur, əksinə, mürəkkəb, olduqca keşməkeşli, əzablı bir ömrün sayəsində əmələ gəlir. Mirnazim öz sənətində iddiasız fədakardır. Məhz elə bu fədakarlıq onun sənət aləmində yerini müəyyənləşdirib.

 

Mirnazimin 50 illik yubileyində iştirak etmişəm, məclisə bütün zümrələrdən olan insanlar -elm, incəsənət xadimləri, sadə zəhmət adamları toplaşmışdılar. Məclisdə unudulmaz sənətkarımız Habil Kaman dedi:

 

- Mirnazim, gün o gün olsun, səni Mirnazir görək!

 

Sözsüz, bu kiçik təbrikin cövhərində zarafat-yumor vardı. Digər tərəfdən, böyük sənətkarın sənətdaşının sənətinə olan bələdliyi imkan verirdi ki, o, kamança oxunu düzgün ünvana tuşlasın. İroniyasız, ciddi söz gülləsi hədəfə düzgün dəyəndə insanın sənətə olan təbini yaralamır. Əksinə, onu ucaldır, ən başlıcası isə, yaradıcılıq şövqünə böyük təkan verir. Habil Kamanın da Mirnazimi Mirnazir kimi görməsi real bir hadisə idi. Bu gün qətiyyətlə demək olar ki, Mirnazimin sənətinə olan ciddi münasibəti, aşinalığı, quru ağacda - kamançada nalə yaratmağı, yaralı könüllərə məlhəm qoymağı onu öz sənətində, elə Habil Kamanın dediyi kimi, Mirnazir ucalığına qaldırıb.

 

Əsl sənətkar ürəklə beyin arasında əlaqə yaradır. Bu əlaqədə ruh, təb, fəhm böyük rol oynayır. Boş yerə demirlər ki, filan sənətkarın böyük ürəyi var. Mirnazim öz ifasında böyük ürək sahibidir. O, ruhundan, ürəyindən keçənləri öz sevimli kamanına ötürə bilmək qüdrətinə malikdir. Elə bu səbəbdən onun çalğısı hər zaman canlıdır.

 

Bəzən kamanla Mirnazim arasında heç kimin görmədiyi, heç kəsin duymadığı, hiss etmədiyi -musiqi sərrafları istisna olmaqla - döyüş-duel başlayır. Sonda onlar qucaqlaşıb barışırlar. Bir-birini yola verirlər. Belədə qazanan dinləyici, tamaşaçı olur.

 

Sənətkarın televiziya radionun fonotekasında solo ifaları yetərincədir. O, "Rahab", "Şüştər" sair muğamları özünəməxsus şəkildə ifa edir. Onu dinləyəndə çalğı manerasını, öz dəst-xəttini hiss edirsən. Özünü, üzünü görmədən ifanın Mirnazimə aid olduğunu duyursan. Bu da Mirnazimin sənət uğurudur.

 

Oxuyanı - xanəndəni hər çalğıçı müşayiət edə bilmir. Xanəndəni oxutduran, ona ruh coşqu verən tarzənlə kamanzəndir. Müqtədir sənətkarlarımızdan Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Ağaxan Abdullayevi bir çox ifaçıları Mirnazim müşayiət edib.

 

Sevindirici haldır ki, bəzi məqamlarda Mirnazimin ifasında sanki kamançanı deyil, onunla üzbəüz oturub guşəxanlığı, xırdalığı ilə məclisə təravət verən xanəndəni dinləyirsən. Bu da yenə Mirnazimin sənətdəki uğurudur, qabiliyyətidir.

 

Böyük xanəndə pedaqoq Hacıbaba Hüseynovu uzun illər qastrol-konsertlərdə, toy-düyünlərdə Mirnazim Xalq artisti Ağasəlim Abdullayev müşayiət etmişlər. H.Hüseynovu müşayiət etmək, onun ifa manerasını, "him-cim"ini havada tutmaq, ifa zamanı fəhmlə onu anlamaq hər müşayiətçinin işi deyildi. Xanəndənin gözlənilmədən modulyasiya etməsi, ağlagəlməz guşəxanlıqları qarşısıalınmaz - fors-major idi. Bir çox müşayiətçilər xanəndə ilə çıxış etməkdən ehtiyatlanırdılar. Hacıbaba Hüseynov, Ağasəlim Abdullayev Mirnazim Əsədullayev üçlüyü isə hər çıxışlarında tamaşaçıları ovsunlamaq güc-qüdrətinə malik idi.

 

Bir gün söhbət əsnasında dostum, gözəl ziyalı, görkəmli iqtisadçı alim, millət vəkili, eyni zamanda musiqinin xiridarı olan Ziyad Səmədzadədən Mirnazimin sənətinə olan münasibətini soruşdum. O, sənətkarla bağlı yüksək fikirlərini ifadə etməklə yanaşı qeyd etdi ki, Mirnazim Azərbaycan mədəni irsini ləyaqətlə qoruyan ifaçıdır. Dəyərli tarzən, Əməkdar artist Vamiq Məmmədəliyevin Mirnazim barədə fikirləri dəqiq maraqlıdır: "Mirnazimin sənəti sifətində yazılıb, hətta onun imzasında da kamança şəkli var. Çox böyük sənətkarlarla oturub-durub. Zəhmətkeşliyi hər kəsdə olan məziyyət deyil..."

 

Mirnazimin kiçik oğlu Toğrul atasının yolunu şərəflə davam etdirir. Respublikanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Böyük oğlu Elnur da gözəl musiqiçidir. Məclislərin birində onun kanonda "Çahargah" kompozisiyasını dinlədim. Əslində o, ifasıyla məcbur etdi ki, ətrafındakılar ona diqqət kəsilsin. Kanonda çox ifalar eşitmişəm. Doğrudur, yaxşı ifaların şahidi olmuşam. Elnurun o çıxışınısa hələ unuda bilmirəm. Yüksək sənətkarlıqla çalınan kanonda yeni imkanlar, bənzərsizlik duyulurdu. Əfsus ki, Elnur müəyyən səbəb üzündən bu gün başqa bir sahədə çalışır. Arzu edirəm ki, o, sevimli kanonunu pərəstişkarlarını unutmasın... Oğullarının belə pərvəriş tapmasında, kamil musiqiçi kimi yetişməsində ata Mirnazimin böyük əməyi var. Bəzən onların çıxışı zamanı Mirnazim haldan-hala düşür, yerində sakit otura bilmir, qurcalanır. Onların ifa yükünü çiynində hiss edir Mirnazim. Bu da səbəbsiz deyil. Çünki o, sənətkardır, sənətin ciddiliyini, ağırlığını, məsuliyyətini dərk edir.

 

Bu günMirnazim böyük məhəbbətlə, şövqlə, yeni improvizələri ilə yorulmadan öz dinləyicilərinin qəlbində kövrək, lirik, həzin hisslər oyadır. Əziz dostum, qoy bu təb və coşqu açılan yeni sabahlarda hər an səninlə olsun!

 

 

 

Əkrəm Qaflanoğlu

525-ci qəzet.- 2016.- 23 iyun.- S.6.