Fərəh, ümid, faciə - Birinci Türkoloji Qurultay haqqında düşüncələr

 

 

 

Bugünlərdə Xalq yazıçısı Anarın "Seçilmiş əsərləri"nin IX cildi işıq üzü gördü. Cilddə yazıçının türk dünyası ilə bağlı esseləri, məqalələri, çıxışları yer alıb.

 

Kitabın ön söz müəllifi və redaktoru kimi bu yazıları ardıcıl oxuduqca bəlli bir zaman kəsiyində, Türk dünyasının çeşidli yerlərində edilmiş çıxışlar, müəllifin bir çox məsələlərdə prinsipial, dəyişilməz mövqeyi, ziyalı münasibəti diqqətimi cəlb etdi. Kitab sanki türk dünyası ensiklopediyasıdır.

 

Mövlanədən Orxan Pamuka, Heydər Əliyevdən Süleyman Dəmirələ, türk dünyasının böyük şairləri, yazıçıları, siyasətçiləri, dahi şəxsiyyətləri haqda esselər bu kitabda yer alıb. Həmçinin, 90 il əvvəl baş tutmuş I Türkoloji Qurultay haqqında esse də xeyli maraq doğurur. Tarixi sənədlərə, stenoqrama əsaslanan müəllif qurultayın türk dünyası üçün fərəhli və faciəvi tərəflərindən söz açır, qurultayın əsas müzakirə obyekti olan əlifba məsələsində özünün orijinal mövqeyini sərgiləyir.

 

Yazıçının qurultay iştirakçılarının sonrakı aqibəti ilə bağlı şərhləri də son dərəcə təsirlidir. I Türkoloji Qurultayın 90-cı ildönümündə on il əvvəl yazılmış bu məqalənin oxucularımız üçün də maraqlı olacağına inanıram.

 

Anarın "Fərəh, Ümid, Faciə" məqaləsini "525-ci qəzet"in oxucularına təqdim edirəm.

 

PƏRVİN

 

80 il bundan qabaq Bakıda mühüm hadisə baş verdi. İndi Milli  Elmlər Akademiyası yerləşən  "İsmailiyyə" binasında fevralın 26-dan martın 5-nə qədər birinci (və nə yazıq ki, bu günə qədər sonuncu) türkoloji Qurultay keçirildi.

 

Qurultayın elə o vaxt rus dilində nəşr olunmuş stenoqrammasıyla tanış olanda və bütün sonrakı hadisələri göz önünə gətirəndə ən çox bu üç söz xəyalımda canlandı: Fərəh. Ümid. Faciə.

 

Hətta quru stenorqam hesabatından aydın görünür ki, iştirakçılar Qurultayı  böyük FƏRƏH hissiylə keçiriblər. Mübahisə də ediblər, bir-birləriylə razılaşmayıblar da, amma bütün çıxışlarda türk xalqlarının misilsiz mənəvi və mədəni intibahına böyük ÜMİD səslənir. Və qurultaydan sonra keçən müsibətli illəri, həm ayrı-ayrı  qurultay iştirakçılarının, həm də bütün türk  xalqlarının başına gələn bəlaları yada salanda FACİƏ sözü meydana çıxır.

 

Sonrakı acı nəticələrindən asılı olmayaraq bu günkü təbirlə Türk dünyası adlandırdığımız çeşidli xalqların həyatında bu görünməmiş unikal hadisə idi. Doğrudur, hələ çar  dövründə Rusiyanın əsasən türk xalqlarından ibarət olan müsəlmanlarının bir neçə qurultayı keçirilmişdi. Bu qurultaylara Krım tatarlarının və Azərbaycanın görkəmli ictimai və siyasi xadimləri - İsmayıl bəy Qasparalı  və Əlimərdan bəy Topçubaşı  rəhbərlik etmişdilər. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra 21-ci ildə Bakıda şərq xalqlarının qurultayı  çağrılmışdı. Amma 26-cı ilin ilk Türkoloji qurultayı bu toplantılardan xeyli fərqlənirdi. Əgər Çar Rusiyasında müsəlmanların qurultayı qeyri -leqal  şəraitdə, bir dəfə hətta gəmi göyərtəsində keçirilmişdisə, Türkoloji Qurultay hökumətin dəstəyi və himayəsiylə təşkil olunmuşdu, onu Azərbaycan Parlamentinin sədri Səmədağa Ağamalıoğlu açmış, Zakfederasiya MİK sədrlərindən biri - Qəzənfər Musabəyov təbrik nitqi söyləmişdi, orda  yüksək rütbəli partiya və dövlət məmurları iştirak edirdi. Qurultayın işində bütün türk xalqlarının nümayəndələri - alimlər, müəllimlər, yazıçılar, mətbuat işçiləriylə bərabər İrandan, Rusiyadan, Avropadan, Gürcüstan və Ermənistandan görkəmli türkoloqlar, şərqşünaslar, o cümlədən, Bartold, Oldenburq, Krımski, Malov, Millər, Şerba, Samoyloviç, Tomaşevski, Yakovlev, Carikov, alman Mentsel, macar Meseroş və başqaları məruzələr, çıxışlar ediblər. Qurultayda Türkiyəyə mühacirətindən sonra ilk dəfə Azərbaycana gələn böyük alim, naşir, yazar Əlibəy Hüseynzadə  də iştirak edirdi.

 

Şərq xalqlarının birinci  qurultayında  əsasən inqilabi  ritorika hakimdisə, ən mötəbər alimlərin iştirak etdiyi və məruzələrlə çıxış etdiyi Türkoloji qurultay elmi, nəzəri səviyyəsiylə, qaldırılan problemlərin konkretliyi və qarşıya qoyulan məqsədlərin reallığı ilə seçilirdi. Nəhayət adlarını çəkdiyimiz toplantılardan Türkoloji qurultayın  əsas fərqi ondan ibarətdi ki, bu yığıncaq uzun əsrlərdən bəri ilk dəfə  məhz Türk xalqlarının taleləriylə bağlıydı, onların tarix, dil, ədəbiyyat, iqtisadiyyat məsələlərini müzakirə edirdi. Beləliklə, bu qurultayı yalnız ilk Türkoloji qurultay deyil, İLK TÜRK QURULTAYI  da adlandırmaq olardı.

 

Məşhur Türkiyə alimi M.F.Köprülü "Türk xalqlarının ədəbi dilinin inkişafı", görkəmli dilçi - alim B.Çobanzadə "Türk ləhcələrinin yaxın qohumluğu" mövzusunda məruzələr etdilər. Bundan başqa  tarix, ədəbiyyat, dilçilik, etnoqrafiya, türkolojinin keçmişi və hazırkı vəziyyəti, orfoqrafiyanın əsas prinsipləri və sairə məsələlər barədə məruzələr səsləndi.

 

Çap olunmuş stenoqramla tanış olanda aydın görünür ki,  çox problemlər müzakirə edilib, amma diskussiyaların mərkəzində dayanan və həll olunan ən əsas məsələ əlifba məsələsidir. Latın ya ərəb əlifbası? Daha doğrusu islah olunmuş ərəb əlifbasındanmı istifadə etmək yaxud yeni latın əlifbasına keçmək?

 

Qaldırılan məsələlər, söylənilən fikirlər, qarşılaşan, toqquşan müddəa və əks müddəalar yalnız o gün üçün deyil, bu günümüz  üçün də o qədər  önəmlidir ki, bu məsələlər haqqında daha ətraflı düşünmək və danışmaq ehtiyacı duyursan.

 

Ərəb əlifbasının çətinliklərini bilənlər bilir. Bu əlifba ərəb dilinə uyğun olaraq yaradılıb və mütəxəssis ərəbşünasların rəyincə məhz bu dilin özəlliklərini çox kamil şəkildə və gözəl əks etdirir. Ərəb dilinin tələbatını bu gün, çağdaş şəraitdə belə gərəkincə ödəyir.

 

Bu əlifbanın ərəb dünyası üçün böyük xidməti ondan ibarətdir ki, müxtəlif ərəb ölkələrinin-şifahi danışıqları bir-birindən çox fərqlənən ləhcələrini vahid yazı məkanında-müqəddəs Quran  ədəbi dili fəzasında birləşdirir.

 

Türk dillərinə tətbiq edilərkən ərəb əlifbasının bir çox uyğunsuzluqları meydana çıxır və Füzulinin XVI əsrdə "gözü" "kor" edən bədtəhrirdən etdiyi giley  də, X1X əsrdə Mirzə Fətəlinin "pəncşənbə" kəlməsinin nöqtələrini qoymaq barədə kinayəli zarafatı da bu əlifbanın dilimiz  üçün müəyyən yarıtmazlığına işarə idi. (Görəsən, Mirzə Fətəli bugünkü Azərbaycan əlifbasında, məsələn "ölümcül" sözündə altı nöqtə qoyulmasına nə deyərdi). Mirzə Fətəli bu narazılığını əməli işdə tətbiq etməyə çalışırdı, çünki yazı çətinliklərindən başqa bir sıra Şərq maarifçilərinin (Azərbaycanda M.F.Axundzadə, İranda Mirzə Məlkum xan, Tatarıstanda Saqid Rameyev) fikrincə ərəb əlifbası həm də müsəlman millətlərinin tərəqqisi yolunda ciddi əngəl imiş. Diqqətdəyərdir ki, bu mövqedə Azərbaycanın, Türkiyənin, başqa türk xalqlarının əksər ziyalıları yekdildirlər - millətçilər də, Avropa meylli maarifçilər də, XX əsrdə müsavatçılar da, hümmətçilər də, pantürksitlər də, kommunistlər də "ərəbi atıb latına keçməliyik" -deyirdilər. Türkiyəyə mühacirət etmiş ardıcıl türkçü Əhməd Ağaoğlu bu fikri Mustafa Kamal paşaya təlqin edir, kommunist Ağamalıoğlu bunu Leninə izah etmək istəyir. Lenin bunu Şərqdə inqilab adlandırır. Atatürk də bu fikrin tərəfdarıdır, Nəriman Nərimanov da, Məmməd Əmin Rəsulzadə də...

 

Söyləyirlər ki, İsmət İnönü əvvəllər latınlaşmanın əleyhinə olub, amma Atatürkün inadını gördükdə: -Paşam, -deyib, -bu barədə qanun qəbul olunarsa,  mən haman  latın hərfləri ilə yazmağa başlaram, amma sən ömrünün sonuna qədər ərəb əlifbasıyla yazacaqsan.

 

 

Deyilənə görə belə də olub. Dəqiq bilmirəm, doğrudan da belədirmi...

 

Latınlaşma fikrinin tərəfdarları sırasında Mirzə Cəlil Məmmədquluzadə də var və mənə görə elə bu fakt həmin fikri dəstəkləyənlərin tam səmimiyyətinə inanmaq üçün yetərlidir. Mirzə Cəlil hətta yeni əlifbanı təbliğ etmək üçün Ağamalıoğlunun rəhbərlik etdiyi  heyətin tərkibində SSRİ-nin başqa respublikalarına da səfərə çıxıb. Onu da eşitmişəm ki, Əfqanıstanın o vaxtkı kralı Əmənulla xan Bakıda olarkən Ağamalıoğlu onu  təhrik edirmiş ki, əfqanlar bu əlifbaya keçsinlər. Görünür saqqızını oğurlayıbmış, çünki Əmənulla xanı vağzalda yola salarkən Ağamalıoğlu perrondan: - Əmənulla, Əmənulla, əlifba məsələsini unutma, -deyə çığırırmış.

 

Qurultayda  ən çox müzakirə edilən, ən çox mövqe, fikir toqquşmasına səbəb olan  - əlifba məsələsidir. Qurultayın 17 iclasından yeddisi bütünlüklə bu məsələyə həsr olunub.

 

Mübahisələr əsasən iki mövqedən edilir, iki əsas fikir və təklifin tərəfdarları arasında gedirdi. Onları şərti olaraq  "latınçılar" və "islahatçılar" adlandırırdılar. Bu başdan deyim ki, Qurultay Dağıstandan "latınçı" C.Korkmazovun (Qorxmazovun) təklifinə 101 səs, "islahatçı" Tatarıstan nümayəndəsi Qəlimcan Şərəfin təklifinə 7 səs verdi və beləliklə Qətnamə aşağıdakı şəkildə qəbul olundu:

 

"1.Yeni türk latın əlifbasının ərəb və islah olunmuş ərəb əlifbasından üstünlüklərini və texniki məziyyətlərini nəzərə alaraq, eləcə də yeni əlifbanın ərəb əlifbasına nisbətən böyük tarixi, mədəni və mütərəqqi əhəmiyyətini təsdiq edərək qurultay yeni əlifbanı və onun ayrı-ayrı türk-tatar cümhuriyyətlərində və millətlərində tətbiq olunmasını hər respublikanın və vilayətin öz işi olduğunu hesab edir.

 

2.Bununla belə Azərbaycanda və SSRİ-nin bəzi başqa respublika və vilayətlərində yeni əlifbanın tətbiq olunmasının böyük müsbət əhəmiyyətini qeyd edərək və salamlayaraq qurultay bütün türk-tatar və başqa (?!-A.) xalqlara Azərbaycanın təcrübəsini və metodlarını öyrənməyi tövsiyə edir ki, onlar  da özlərində  bu reformaları keçirsinlər".

 

Göründüyü kimi, bir az məntiqsiz olsa da (bir yandan "öz işidir", bir yandan "tövsiyyə edir ki, reformalar keçirsinlər"),  hər halda çox yumşaq bir qətnamədir, yəni qəti inzibati hökm yoxdur. Əslində buna Qurultayın səlahiyyəti də yox idi.

 

On üç il keçəcək   Azərbaycanın, başqa türk xalqlarının latından kirilə keçməsi artıq qurultaysız, uzun-uzadı diskussiyalarsız, müzakirəsiz-filansız - Stalin hökmüylə, inzibati yolla həyata keçiriləcəkdir.

 

Kiçik bir haşiyə. Üç il bundan qabaq Qırğızıstanda Bişkekdə Avrasiya platforması deyilən qurumun işində iştirak edirdim. Tatarıstan nümayəndələri ürək ağrısıyla şikayətlənirdilər ki, Parlamentlərinin qərarına rəğmən Rusiyanın Dövlət Duması onların kirildən latın əlifbasına keçməsini yasaqlayıb. Toplantıda iştirak edən Moskva alimləri Dumanın düzgün qərar verdiyini iddia edir, tatar nümayəndələrinin mövqelərinə  qəti surətdə  etiraz edirdilər. Mən də çıxış etdim və üzümü Rusiya nümayəndələrinə tutaraq dedim: Sizcə hansı yaxşıdır, tatarlar öz istəklərinə uyğun olaraq latın əlifbasını qəbul edib ruslara xoş münasibət bəsləsələr, yaxud kirili saxlayıb ruslardan rəncidə olsalar? Tatarıstan nümayəndələri dəstək üçün  mənə təşəkkür etdilər, amma qəribədir ki, ruslar da mənimlə razılaşdı. (Razılaşmağa razılaşdılar, amma bu məsələni onlar ki həll etmirdi). Ukraynalı türkoloq Xolimonenko hətta ruslara sataşdı ki, gec-tez siz özünüz də latın əlifbasına keçəcəksiniz.

 

Bizim yenidən latın əlifbasına qayıtmağımızın ərəfəsində İrandakı ziyalılar da bunun qəti əleyhinə idilər. Bircə bu yaxınlarda rəhmətə getmiş Fərzanə açıq şəkildə bu təşəbbüsümüzü dəstəkləyirdi. Görüşdüyümüz adamların çoxusu isə "latına keçməkdənsə elə rus əlifbasını saxlasanız yaxşıdır" -deyirdilər. -Axı niyə? -deyirdim - siz kirili bilmirsiniz, latını isə hamınız bilirsiniz, deməli bizi də daha asan oxuya biləcəksiniz.

 

Əslində mən onların səmimi ya qeyri səmimi şəkildə niyə belə dediklərinin səbəbini yaxşı başa düşürdüm. Amma bu ayrı söhbətdir. Nə isə, mətləbdən uzaq düşdüm...

 

26-cı ilin türkoloji Qurultayında "islahatçılar" ərəb əlifbasını saxlamaqla onu islah etmək, ayrı-ayrı türk ləhcələrinə uyğunlaşdırmaq istəyirdilər. Ərəb əlifbasının islahatının tərəfdarları əsasən Qazan tatarlarından Qəlimcan Şərəf, İbad Alparov və qazaxlardan Əhməd Baytursun, Bilal Suleyev idi. (Hamısı Stalin repressiyalarının qurbanı oldular). Arqumentlərinin inandırıcılığı, mövqelərinin sərtliyi, dəlillərinin məntiqi baxımından ali məktəb müəllimi  Q.Şərəfin və elmi işçi  Ə.Baytursunun dönə-dönə etdikləri çıxışlar daha çox yadda qalır. Məşhur tatar yazıçısı, "Aclıq" romanının müəllifi, alim, siyasi xadim, kommunist Qəlimcan İbrahimovun (o da repressiya qurbanı oldu) mövqeyi ikibaşlı idi. Qurultayda deyildiyi kimi vaxtilə N.Nərimanovun təsiri  altında o, latın əlifbası ideyasını müdafiə etmişdi. Qurultayda isə mövqeyi o qədər də dəqiq deyildi. Bir tərəfdən latın əlifbasının üstünlüklərindən danışır, digər tərəfdən latınlaşmanın gələcək təhlükəsini dürüst hiss edərək: "bunun nəticəsində türk xalqları çox kiçik qruplara parçalana bilər" - deyirdi.

 

İkinci qrupa - "latınçılara" Azərbaycanın çıxış edən bütün nümayəndələri, eləcə də Şimali Qafqazın, Dağıstanın türk xalqlarının, Krım tatarlarının nümayəndələri daxil idi. Məsələ onda idi ki, hər  iki qrupun  təmsil etdiyi yerlərdə artıq bu proses -iki istiqamətdə başlamışdı. 22-ci ildən etibarən Azərbaycanın, bir qədər sonra Şimali Qafqazın, Krımın  bəzi qəzetləri artıq latın əlifbasıyla nəşr edilirdi. (Məsələn, Azərbaycanda  "Yeni yol" qəzeti). Qazan tatarları   qazaxlar isə ərəb əlifbasında müəyyən islahatlar apararaq bu yeniləşdirilmiş hürufatdan istifadə edirdilər. Maraqlıdır ki, hər iki tərəf qarşı tərəfi mühafizəkarlıqda ittiham edirdi. Tatarları, qazaxları ona görə ki, ərəb əlifbasından əl çəkmək istəmirlər, Azərbaycan, Şimali Qafqaz, Krım  türklərini ona görə ki, ərəb əlifbasında hər hansı islahatdan, yeniləşmədən imtina edirlər.

 

Əhməd Baytursun deyirdi: Azərbaycanlıları və osmanlıları götürək -indiyə qədər yazılarında ənənəvilik, tarixilik prinsipinə riayət edirlər, nəyisə dəyişməyi küfr sayırlar. Belə münasibət düz deyil. Bununla bərabər başqalarını mühafizəkarlıqda ittiham edirlər. Bunu burda deməliyəm, çünki çoxları elə hesab edir ki, əgər biz ərəb əlifbasından yapışmışıqsa, deməli, mühafizəkar elementlərik. Azərbaycan nümayəndələrinə eyni ittihamı daha kəskin şəkildə  Qəlimcan Şərəf də verir: "Azərbaycanlılar SSRİ-nin türk xalqları arasında ərəb əlifbası əsasında orfoqrafiya islahatı sahəsində demək olar ki, hərəkətsiz qalan, yəni ayrı sözlə desək mühafizəkar mövqedə dayanan yeganə xalqdır, amma bu o demək deyil ki, günahkar ərəb şriftidir, əgər onlar əlifbada islahat aparmaq istəmirlərsə bu əlifbanın təqsiri deyil".

 

"Latınçıların" əks-müddəaları isə ondan ibarət idi ki, ərəb əlifbası xalqlarımızın mədəni inkişafına, elmi tərəqqisinə əngəldir, təhsili, savadlanmanı yubadır, həm də türk dillərinin xüsusiyyətlərinə uyğun gəlmir. Qaraçay alimi Umar Əliyev də bu mövqedən çıxış edirdi. (Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, repressiya qurbanı olmuş Umar Əliyev Azərbaycan nəsri haqqında  dəyərli kitab yazmış Moskva ədəbiyyatşünası Svetlana Əliyevanın atasıdır. Svetlana da  ailəsi ilə bərabər sürgün həyatı yaşamışdır. Onun Stalin dövründə dədə -baba yurdlarından didərgin salınmış xalqların müsibəti haqqında sənədlərə, faktlara əsaslanan üç cildlik  qiymətli kitabı var).

 

Umar Əliyev deyir ki, ərəbcə  Qəzənfər (şir) sözünü yazın, - beş samitdən ibarətdir Q Z N F R. Ərəb olmayan bu sözü necə düzgün oxuya bilər?

 

Elmi mülahizələr bəzən məzəli dəlillərlə də əsaslandırılırdı. "İslahatçılar" deyirdilər ki, solaxaylardan başqa hamı sağ əlini işlədir, sağ əllə yazır, ona görə də sağdan sola yazılan ərəb əlifbası əlin fiziki hərəkətinə daha münasibdir. "Latınçılar" cavab verirdilər ki, ərəb əlifbasıyla sağdan sola yazanda yenə də nöqtələri düzmək üçün soldan sağa qayıtmalı olursan.

 

"Latınçılar" iddia edirdilər ki, not sistemi soldan sağadır, buna görə də, opera ariyalarının, mahnıların mətnlərinin notların altında yazılması qeyri-mümkündür. "İslahatçılar" rişqəndlə sual edirdilər: indi türk xalqlarının arasında notla ariyalar, romanslar oxuyanlar əhalinin neçə faizini təşkil edir?

 

"Latınçılar" bu kinayəni belə cavablandırırdılar: Bəs on il sonra? Gələcəyi də düşünmək lazımdır.

 

"İslahatçılar": latın əlifbasıyla mütaliə edərkən göz daha tez yorulur -deyirdilər, "latınçılar" sual verdilər: əgər siz məsələn 16474 rəqəmini yazmalı olsanız ərəb əlifbasına görə sağdan sola bunu necə yazacaqsınız?

 

Ə.Baytursun iddia edirdi: Heç kəs sübut eləməyib ki, latın əlifbasının  hansı üstünlüyü var. Biz, qazaxlar, indi ən ideal yazıya malikik (salonda gülüş). "Latınçıların" danışdıqları  "nağılları" biz 13 il əvvəl eşitmişik. On üç il əvvəl bizim heç nəyimiz yox idi, indi öz əlifbamız var. Ayrı heç nə deməyəcəm. Sizə görə öz yazımızı dəyişməyəcəyik (alqışlar və gülüş).

 

Dağıstan nümayəndəsi qumık Cəlaləddin Korkmazov (repressiya qurbanı) deyir: Tatarıstan və qazaxıstanlı yoldaşlardan xırda burjua qoxusu gəlir. Tatarlar latın əlifbasına etiraz eləyərək öz 500 illik mədəniyyətlərinə isnad edirlər. Amma unudurlar ki, bu mədəniyyət dini-feodal -burjua xarakterli idi. Yoldaş Baytursun isə sadəlöhvlüklə cəmisi on üç ilin sınağından çıxmış öz ideal əlifbasıyla fəxr edir. Bu məsələdə belə mövqe tutmaq - tarixə qarşı getmək deməkdir.

 

"İslahatçılar" haqlı olaraq deyirdilər ki, yaponlar kimi texniki tərəqqiyə meylli xalq özlərinin mürəkkəb heroqliflərindən imtina etmir. Belə cavab alırdılar ki, elə buna görə də yaponlar gözlərini xarab edirlər, dünyada faiz hesabı ən çox eynək taxan xalq yaponlardır.

 

Tatarlar deyirdilər ki, bizim azı 600 illik yazı tariximiz var, ədəbiyyatımız ərəb əlifbasıyla yaradılıb, biz bu sərvətdən imtina edə bilmərik. Azərbaycanlılar cavab verirdilər ki, bizim ədəbiyyatımız da beləcə qədimdir, amma Sultan Məcid Əfəndiyevin göstərdiyi kimi Yaxın Şərqdə -İranda, Əfqanıstanda və başqa ölkələrdə indiyəcən yazılmış kitabların hamısını yeni əlifbay1a nəşr etmək üçün bir zirehli gəminin düzəldilməsinə çəkilən xərc qədər vəsait tələb olunur. S.M.Əfəndiyev onu da vurğulayırdı ki, latın əlifbasının işlədilməsi ərəb əlifbasının qadağan etmək deyil. Ərəb əlifbasından da gərəkli məqsədlər üçün istifadə etmək olar.

 

Yazıq Sultan Məcid 26-cı ildə nə biləydi ki, 10-11 ildən sonra evində ərəb əlifbasıyla nəşr olunan hər hansı kitab (istər lap Marksın əsərləri olsun) tapılan adamı cəsus və xalq düşməni elan edəcəklər və NKVD zirzəmilərində lap elə onun özünü - qocaman bolşevik S.M.Əfəndiyevi "prezident" deyə lağa qoyaraq rezin dəyənəklərlə döyəcəklər.

 

Gətirdiyim sitatlardan da göründüyü kimi 26-cı ilin elmi, ictimai mübahisələri hələ sırf siyasi xarakter almamışdı, nadir istisnalarla heç kəs heç kəsə siyasi damğa, yarlıq vurmurdu. Əgər damğa, yarlıq ehtimalı vardısa, bundan ən çox rus alimləri qorxub çəkinirdi. Qorxurdular ki, onları şovinist və rusifikator sayarlar, bu da o dövrün ab-havasını duymaq üçün çox önəmlidir. Qurultaydan bir epizodu, bir mükaliməni  gətirmək istəyirəm, çünki bu həm  dediyim ab-havanı hiss etmək cəhətdən, həm də hadisələrin sonrakı inkişafı, istiqaməti baxımından maraqlıdır.

 

Sonadək inadla öz mövqeyində dayanan Qəlimcan Şərəf: Burda professorlar Carikov və Yakovlev latın əlifbasının qəbul olunmasını müdafiə edirlər -deyir və əlavə edir. Bu yoldaşların "Novıy Vostok" və ya "V borbe za Novıy Tyurkskiy alfavit" məcmuəsində çap olunmuş məqalələrinə müraciət edək. Orda oxuyuruq:  "Rus əlifbasının elə üstünlükləri var ki, bu latın əlifbasında yoxdur". Belə çıxır ki, bu adamlar bir şey düşünür, bizə isə müvəqqəti olaraq başqa fikir soxuşdururlar ki, ərəb əlifbasını dağıtsınlar. İzn verin professor Carikovun bəyanatlarının səmimiyyətinə şübhə edim. Burda professsor Yakovlev, professor Carikovun və bu mövqedə dayanan başqalarının əsl sifəti açılır. Burda əsgi ərəb əlifbası üzərində ictimai məhkəmə qurulub. Biz bilirik ki, ictimai məhkəmələrin çıxardığı hökmlər  hakimlərin kimlərdən ibarət olmasından asılıdır".

 

Professor Carikov dərhal söz alıb and-aman eləyir ki, belə fikri, yəni türk xalqlarına əvvəlcə latın, sonra rus əlifbasını qəbul etdirmək fikri yoxdur. "Mənə qarşı tətbiq olunun son üsul (Şərəfin ittihamı) çox dəhşətlidir -deyir- Belə çıxır ki, bir şəxs kürsüdən bir şey deyir, mətbuatda, kitabda başqa şey yazır. Gəlin burda Şərəf yoldaş etdiyi kimi nəticə çıxaraq. Hansı nəticəni? Gəlin türk yoldaşlardan soruşaq: Siz rus əlifbasını qəbul etməyə razısınızmı? Cavab ya sükut olacaq ya da yox. Heç kəs razı olmayacaq. Belədirsə siz niyə elə sitatlardan istifadə edirsiniz ki, onlar ancaq polemika üçün yararlıdır. Mən buna yaxşı üsul deməzdim. Əgər yoldaş Şərəf məqaləmin başqa yerindən sitat gətirsəydi, görərdi ki, mən orda latın əfifbasının rus əlifbasından üstünlüyündən danışıram. İki dilemmadan real olanının üstündə dayanmaq lazımdır. Mən realistəm və miflə reallıq arasında reallığı seçirəm".

 

Göründüyü kimi 26-cı ildə  türk xalqlarının rus əlifbasına keçməsini moskvalı professor qeyri -real mif hesab edir. O məqamda onun səmimiyyətinə şübhələnməyə əsas yoxdur. Amma 12-13 ildən sonra  bu "mif" amansız həqiqətə çevrildi.

 

Professor Yakovlev də özünü "təmizə çıxarır": "Yoldaş Şərəf elə sübut-dəlil üsuluna əl atdı ki, bu üsulu ancaq dəlil-sübut olmayanda tətbiq edirlər (gülüş). O, məruzəçilərin şəxsiyyətindən yapışdı, baxın nə pis məruzəçilərdir. O dedi ki, professor Yakovlev və Carikov gizli rusifikatorlardır. Əgər mənim çap olunmuş əsərlərimə baxsalar, o cümlədən, yoldaş Şərəf də baxsa, aydın olar ki, Şimali Qafqazda  fəaliyyətə başladığımız vaxtdan  bəri biz rus əlifbasından vaz keçdik. O səbəbdən ki, bu xalqlar üçün uyğun deyil və onların milli hissiyyatlarına görə qəbuledilməzdir. Çünki bir vaxtlar zorla tətbiq olunurdu" (Bu günkü Çeçenistan olaylarını xatırlasaq o  illərdə milli hissiyyata bu qədər həssas münasibətə təəccüb qalmaya bilmirsən). Professor sözünü belə tamamlayır: "O vaxtdan biz latın əlifbası mövqeyində dayanır və ardıcıl surətdə bu işi həyata keçiririk".

 

Bax belə... Professor Carikovun və professor Yakovlevin taleləri haqqında məlumatım yoxdur. Çox güman ki, milliyyətindən asılı olmayaraq Qurultay iştirakçılarının əksəriyyəti kimi onlar da repressiya qurbanları olublar.

 

İlk Türkoloji qurultayın faciəvi nəticələrindən danışmaqdan öncə bir məsələyə şəxsi münasibətimi  bildirmək istərdim.

 

Məlumdur ki, 26-cı il qurultayının qərarıyla türk xalqları latın əlifbasına keçdilər. O cümlədən, Azərbaycandan da bir il əvvəl Türkiyə buna qərar verdi. Bəlkə elə buna görə, Stalinin şeytan beynində SSRİ-dəki türk xalqlarını Türkiyə türklərindən birdəfəlik ayırmaq üçün yenidən əlifba dəyişdirilməsi - indi   kiril-rus əlifbasına keçmək  fikri oyandı və qısa müddətdə  həyata keçirildi.

 

İndi bu iki hadisəyə -latına və kirilə keçməyə tarixi perspektivdən baxarkən mənə elə gəlir ki, 39-cu ildə rus əlifbasına keçmək Azərbaycan mədəniyyətinə qarşı zorən, məcburən törədilən cinayət idisə, 26-cı ildə latın əlifbasına keçmək haqqında könüllü və səmimi qərar da səhv qərar idi. Belə bir ifadə var: bu cinayət deyil, bu cinayətdən betərdir-səhvdir. Doğrudan da elə səhvlər, yanlış hərəkətlər var ki, sonrakı nəticələrinə görə cinayətdən pisdir. Bir də altını cızıram ki, bu qərarı türk aydınlarının böyük əksəriyyəti özləri, kənardan təhrik, təzyiq və təsir olmadan vermişdilər. 28-ci ildə Türkiyənin ərəbdən latın əlifbasına keçməsi buna ən yaxşı dəlildir - Atatürkə ki  Moskva təsir göstərə bilməzdi.

 

Yekəxanalıq kimi görünsə belə deməyə bilmərəm -Mirzə Fətəlidən Mustafa Kamala qədər türk dünyasının ən böyük şəxsiyyətlərinin irəli sürdüyü və həyata keçirdikləri bu əməli -yəni latın əlifbasına keçməni mən strateji  nəticələri baxımından tarixi səhv hesab edirəm.

 

Məsələ ondadır ki, yaşca mən onların hamısından böyüyəm, yəni təbii ki, ömür möhlətim çox sonrakı illərə düşdüyü üçün bu əlifba dəyişməsinin nəticəsini, nələrə gətirib çıxardığını onlardan yaxşı  bilirəm. Əlbəttə bir anlıq fərz etsək ki, mən 26-cı il  qurultayının iştirakçısıyam, şübhəsiz o zaman  "latınçıların" tərəfində olardım, yəni o dövrün təsəvvürlərinə görə mütərəqqi qüvvələri dəstəkləyib  onların təklifinə səs verərdim. Amma başqa bir möcuzəni xəyalımızda oyada bilsək, mən, tariximizin bugünkü təcrübəsiylə o vaxtkı Qurultayda iştirak etsəydim şübhəsiz "islahatçılara" haqq qazandırardım. Fəqət fantastik fərziyyələrə nə hacət? Olan olub. Tarixdə "belə olsaydı"  yox, "belə olub" anlayışı var. Amma insanın tarixi  sonrakı dövrlərin baxışıyla təhlil və təftiş etmək hüququ da danılmazdır.

 

Məsələ heç də hansı əlifbanın - ərəbinmi, latınınmı, kirilinmi daha üstün olmasında deyil. Məsələ hətta dilimizin xüsusiyyətlərinə hansının daha uyğun olmasında da deyil. Ona qalsa mötəbər mütəxəssislərin rəyincə türk dillərinin ən  uyğun  əlifba Orxon-Yenisey yazılarıdır.

 

Beləliklə, söhbət ərəb əlifbasının üstünlüyündən yaxud dilimizə  uyğun olub olmamasından getmir. Söhbət ondan gedir ki, Tarixin hökmüylə bu əlifba bizim  , başqa türk xalqlarının da  min ildən artıq istifadə etdiyi hurufatdır. Bütün yazılı irsimiz bu əlifbadadır və ondan imtina etmək keçmişlə indimiz arasında dərin uçurum yaratmaq deməkdi. Bu uçurumun üstündən yalnız tək-tək mütəxəssislər  körpü salıb geriyə keçə, arxada qalmışları araşdıra bilər. Mədəniyyət, ədəbiyyat  yalnız mütəxəssislər üçün yaranmır axı...

 

Deməli, əhalinin əsas hissəsi öz keçmiş yazılı irsindən keçilməz uçurumla  aralanırdı. Doğrudur bu irsin müəyyən hissəsi sonrakı əlifbalarla nəşr olundu, amma  "müəyyən hissə"- böyük dəryada  damladır. Hələ ərəb əlifbasının xüsusiyyətlərindən doğan bir çox obrazların, təşbehlərin itməsini, xəttatlığın sənət növü kimi sıradan çıxmasını, hurifilik və başqa fəlsəfi təlimlərim məğzinin və mənasının anlaşılmaz  müəmmaya çevrilməsini demirəm. 90-cı illərdə latına keçməyin qızğın tərəfdarlarından olan dəyərli ziyalımız mərhum Tofiq Bağırov "Ədəbiyyat qəzeti"ndə (7dekabr 1990) çap etdirdiyi "İtirmirik, qazanırıq" adlı məqaləsində qeyd edirdi ki, ərəbdən latına keçməkdə əsas məqsəd bizi Qurandan, əqidəmizdən, dinimizdən ayırmaq, assimilyasiyaya uğratmaqdan ibarət olub. Bu düz sözlərə bircə o əlavə edilməlidir ki, o vaxt bu öz xoşumuzla olub.

 

Əsgi əlifbanı atmağın başqa, məncə daha böyük bəlası türk xalqlarının yazılı mədəniyyətinin bir-birindən ayrı düşməsidir. Bu barədə I Türkoloji Qurultayda Alimcan İbrahimovun təlaşlı ehtimalı tamamilə özünü doğrultdu. İsmayıl bəy Qaspiralının Krımda nəşr etdiyi "Tərcüman" qəzetini bütün türk dünyası  oxuyurdu və naşirin "İşdə, fikirdə, dildə birlik" çağrışı mümkünsüz xülya kimi səslənmirdi. Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalında "Ey mənim müsəlman qardaşlarım" deyə xitab edəndə onun səsini bütün  türk aləminin oxumuşları, özü demişkən "işıqlıları" eşidirdi. Əlibəy Hüseynzadə "Füyuzat"ı demək olar ki, tamamilə osmanlı türkcəsində nəşr edirdi, amma onun dilini anlamaq Azərbaycan ziyalıları üçün problem deyildi.

 

Paradoks ondan ibarətdir ki, özgə bir millətin - ərəblərin yaratdıqları əlifba türk xalqlarını bir-birinə yaxınlaşdırırdı, çünki tutalım Azərbaycan türkünün ərəb əlifbasında "mən" deyə oxuduğunu, başqa türk xalqlarının nümayəndələri "min" yaxud "minq" kimi oxuya bilərdilər. Ərəb əlifbası tələffüz, qrammer formaları, lüğət tərkibiylə  müəyyən dərəcədə fərqlənən türk dillərini vahid əlifba müstəvisində birləşdirirdi. Latına keçmək bu prosesin qarşısını aldı, kirilə keçmək isə düşünülmüş və ardıcıl şəkildə bu işi kökündən dağıtdı, yəni hətta bir əlifba zəminində belə müxtəlif türk xalqlarının fərqlərini aradan götürmək deyil, daha da qabartmaq, şişirtmək işinə yönəldildi. Azəri türkü Nəvaini əvəllərdə olduğu kimi orijinalda yox, tərcümədə oxumağa, özbək Füzulini özbəkcəyə çevirməyə məcbur oldu. Halbuki hətta Firudin bəy Köçərli məşhur ikicildliyində Nəvaidən Azərbaycan şairləri sırasında bəhs edir, onun çağataycasını türkcənin bir ləhcəsi kimi qavrayır (məlumdur ki, cağatay ləhcəsində yazan xalis Azərbaycan şairləri də olub). Özbək şairəsi Zülfiyyə xanım anama danışarmış ki, əri, məşhur şair Həmid Əlimcan vəfat edəndən sonra yeganə təsəllisini Füzulinin Təbrizdə ərəb əlifbasıyla basılmış kitabından alırmış. Qazax şairi Abay  Füzulini, tatar şairi Qabdulla Tukay Sabiri orijinalda, Azəri türkcəsində oxuyurlarmış. Latın əlifbasına keçməklə bütün bunlara son qoyuldu, kiril əlifbası isə yalnız bu işin davamı və yeni, daha amansız mərhələsi idi. Latın əlifbasının qəbuluyla Türk dünyası yazıb-oxumaq cəhətdən artıq pərən-pərən düşmüşdü. İndi SSRİ-də yaşayan türk xalqlarını, ilk növbədə Azəri  Türkiyə türklərini aralamaq, bir-birindən yadırğatmaq lazımdı ki, bu işi də kiril əlifbası gördü.  

 

Şükür  ki, tarixin öz xətt -hərəkəti var və bu xətt-hərəkət diktatorların iradəsinə tabe deyil. Zamanın gərdişi elə gətirdi ki, biz yenidən latın qrafikasına keçdik, mən də bunun qəti tərəfdarlarındanam və ümid edirəm ki, bu başı bəlalı yazımızın nəhayət ki, son dayanacağıdır.

 

Yuxarıda söylədiyim mülahizələri kimsə yenidən ərəb əlifbasına qayıtmaq niyyəti kimi absurd bir arzu sayacaqsa, çox böyük səhv edəcək. Qatar artıq çoxdan gedib, yenidən ərəb əlifbasına dönmək lazım da deyil, mümkün də. Söhbət yalnız iyirminci illərdə edilmiş və zənnimcə yanlış hərəkətin tarixi prespektiv baxımından dəqiq  dəyərləndirilməsindən gedir. Tarixdə elə səhvlər var ki, onları düzəltmək qeyri-mümkündür, odur ki, istər-istəməz onlarla barışmalı olursan.

 

Təqribən iyirmi il bundan qabaq görkəmli dilçi-alim rəhmətlik Aydın Məmmədovla "Ulduz" jurnalı səhifələrində dərc olunmuş söhbətimizdə mən bu məsələyə elə yuxarılarda dediyim mövqelərdən  toxunmuşdum.

 

Yenidən Birinci Türkoloji qurultaya qayıdaraq sonda onu demək istərdim ki, bu tarixi hadisənin 80 illik yubileyini həm mədəniyyət, elm, ədəbiyyat, mənəviyyat tariximizin şərəfli bir səhifəsi kimi, həm də neçə-neçə mümtaz insanın, görkəmli alimin müsibəti kimi, nəticə etibarilə ümumən bütün türk xalqlarının böyük faciəsi kimi qeyd etməliyik. Yalnız onu demək kifayətdir ki, qurultayda nümayəndələri iştirak edən qaraçaylılar, balkarlar, Krım tatarları Stalin dövründə bütöv xalq olaraq vətənlərindən, dədə-baba yurdlarından sürgün edildilər, didərgin düşdülər. Konkret şəxsiyyətlərə gələndə isə qurultay iştirakçılarının böyük əksəriyyəti (vaxtında öz əcəliylə ölüb canlarını qurtaranlardan başqa) repressiya qurbanı oldu. Elə Azərbaycan nümayəndələrini xatırlayaq: stenoqramda 17 Azərbaycan nümayəndəsinin adı var. Vaxtında (! - A) dünyasını dəyişmiş  Səmədağa Ağamalıoğlundan başqa Azərbaycan nümayəndələrinin hamısı(! A.) təkrar edirəm, istisnasız  HAMISI 37-ci ilin Stalin repressiyalarının qurbanı olublar. Güllələnən güllələnib, sürgün edilən sürgün edilib, hər halda heç biri qayıtmayıb. Stenoqramdan adları bura köçürürəm: Ağazadə Fərhad, Axundov Ruhulla, Qubaydulun Qaziz (Bakıda işləyən tatar alimi), Cəbiyev Həbib, Zeynallı Hənəfi, Zifelt Simumyagi (Bakıda işləyən eston ədəbiyyatçı), Qasımov Pənah, Quliyev Mustafa, Məmmədzadə Cabbar, Məmmədzadə Cəmil, Musabəyov Qəzənfər, Pepinov Əhməd Cövdət, Sultanova Ayna, Sultanov Həmid, Xocayev Xalid Səyid, Çobanzadə Bəkir, Əfəndiyev Sultan Məcid.

 

Allah hamısına rəhmət eləsin.

 

Stalin 39-cu ildə əvvəlcə azərbaycanlıların, sonra da SSRİ-nin bütün başqa müsəlman xalqlarının latın əlifbasından rus əlifbasına keçməsini qərara alanda hər hansı müzakirədən, mübahisədən, diskussiyadan çəkinməyə bilərdi.

 

Müzakirələr 1926-cı ildə Bakıda "İsmailiyyə" binasında başlamış, 1937-ci ildə NKVD zirzəmilərində tamamlanmışdı. "İslahatçıların" da, "latınçıların" da aqibəti eyni olmuşdu.

 

Fevral-mart 2006

ANAR

525-ci qəzet.- 2016.- 23 iyun.- S.4;6.