Salih Yılmaz: "Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var"

 

"İKİ ÖLKƏ ARASINDA YAŞANAN BU BÖHRANDAN ABŞ ÇOX MƏMNUNDUR"

 

 

Müsahibimiz Türkiyənin aparıcı tədqiqatçılarından biri, Ankaradakı İldırım Bəyazit Universitetinin professoru Salih Yılmazdır.

 

- Salih bəy, Rusiya prezidenti Vladimir Putin bu günlərdə Afinada verdiyi açıqlamada Türkiyə ilə münasibətlərin yoluna qoyulmasında ilk addımın Türkiyə tərəfindən atılmasının vacibliyini bildirdi. Əlbəttə, bununla bağlı Türkiyə tərəfindən dövlət səviyyəsində açıqlamalar verildi.  Belə bir nəticə çıxarmaq olar ki, təyyarə böhranından sonra bu məsələdə yeni bir dövr başlayır?

 

- Əslində, bu, Vladimir Putindən asılıdır. Əgər o bu gün desə ki, mən Türkiyə ilə sülh istəyirəm bu istiqamətdə siyasət yürüdək, ertəsi gün iki ölkə arasında münasibətlər heç bir şey olmamış kimi yenidən davam edəcək. Amma bu heç asan deyil. Rusiyanın Türkiyə ilə planlı şəkildə iqtisadi münasibətləri var idi. Putinin iqtidara gəlməsindən sonra iki ölkə arasında iqtisadi əlaqələr surətlə irəlilədi. Amma başqa əlaqələr planlı deyildi. Rusiya Federasiyasında böyük şəhərlərdə inşaat sektorunda Türkiyədən gedən insanlar çalışır Türkiyə turizmində son rəqəmlərə görə, 4 milyon turisti ruslar təşkil edir.

 

Ukrayna Krım böhranı başlayanda ABŞ Avropa Birliyinin Rusiyaya iqtisadi embarqo tətbiq etməsindən sonra Rusiyada bir hazırlıq başlamışdı. Bu böhrandan çıxmaq üçün çarə axtarırdı. Bu baxımdan Suriya bu planlar içərisində bir çıxış nöqtəsi idi. Əslində, problem təyyarə problemi deyil. Ondan öncə problemlər var idi. Bildiyiniz kimi, Putin G20 üçün Antaliyaya gələndə ABŞ Türkiyəni İŞİD-ə yardım etməkdə günahlandırmışdı. Çünki Suriya Rusiya üçün Yaxın Şərqin təməlini təşkil edir.

 

- Dediniz ki, Putin istəsə, bu böhran aradan qaldırıla bilər. O halda sizin fikrinizcə, Putin nəyi gözləyir?

 

- Afinadakı çıxışında Putinin əvvəlki mövqeyinə nisbətən çox yumşaldığını görürük. Bu böhran ortaya çıxdığı gündən biz xəbərdar edirdik ki, bu, Rusiyaya daha çox ziyan vuracaq. Çünki Rusiya üçün Türkiyə həm Qərbə açılan bir qapı, həm ABŞ Avropa Birliyi kimi bir balans, tarazlıq, həm Qara dənizdən dənizə qədər olan tarixi isti dənizlərə enmək üçün bir qapı olaraq görünür. Rusiyanın Türkiyə ilə uzun sürən bir böhranı davam etdirməsi Rusiyanın Qara dənizə həbs edilməsi təhlükəsi ilə üz-üzə qalmasına gətirib çıxara bilər. Çünki NATO istəsə Türkiyəyə dəstək olaraq Qara dənizi Rusiya üçün bağlaya bilər.

 

- Necə düşünürsüz, sizcə, ötən ildən başlayan böhran Türkiyə, yoxsa Rusiya iqtisadiyyatına daha çox təsir göstərdi?

 

- Böhran başlayan gündən ilk 3 ay müddətində Türkiyə iqtisadiyyatında təsirlər təbii ki, hiss olundu. Amma sonrakı dönəmdə Rusiya iqtisadiyyatının daha sürətli təsir etdiyini görürük. Çünki inflyasiya çox sürətlə yüksəldi, rublın dəyəri inanılmaz dərəcədə düşdü, insanların əmək haqlarında da enmələr oldu, alıcılıq qabiliyyəti aşağı düşdü, ölkədən böyük həcmdə xarici sərmayə çıxdı. İnsanların Misirə, Türkiyəyə istirahətə getmələri qeyri-rəsmi qadağan edildi. Rus toplumu üçün ən gözəl turizm yerləri Türkiyədədir. Ruslar Türkiyədə rahat istirahət edir, özlərini öz evlərindəki kimi hiss edirdi. Bu vəziyyət indi davam edir. Qeyd etdiyim kimi, xalqlar arasında heç bir problem yoxdur hər iki toplum sülh istəyir. Çünki bu iki dövlətin bir-birinə ehtiyacı var. Onların bir-biri ilə rəqabəti, çəkişmələri fəlakət gətirir. Yəni tarixə baxsaq, Osmanlı Balkanları, Krım çevrəsini, Qafqazı Rusiyaya görə  itirdi.

 

- Bu arada Türkiyə son hadisələri nəzərə alaraq TANAP-ı sürətləndirdi..

 

- Ona görə ki, məlum böhrandan sonra təbii qazla bağlı Türkiyə Rusiyadan asılılığının fərqinə vardı alternativlər axtarılmağa başladı. Bildiyiniz kimi, bu böhran ortaya çıxdıqdan sonra Rusiya təkcə Türkiyə ilə deyil, başqa ölkələrlə problem yaşadı. Məsələn, Polşa artıq 2020-ci ildən sonra Rusiyadan mavi qaz almayacağını açıqladı. Baltikyanı ölkələr Avropa ölkələri Rusiya qazına alternativ axtarmağa başladılar. Bu, iqtisadiyyatı qaza, neftə, bəlli mədənlərə silah satışına bağlı olan ölkə üçün gələcəkdə daha çətin günlər yaşanacağını ifadə edir. Əslində, tarixdə Rusiya-Türkiyə münasibətlərində daha çox rəqabət yaşandığı müşahidə olunur. Lakin son 15 il içərisində önəmli əlaqələrin qurulduğunu gördük hər iki ölkə bundan fayda əldə etdi. Bununla belə, ABŞ-ın xüsusilə Yaxın Şərq siyasəti "ərəb baharı"ndan sonra Şərqi Avropada tətbiq etdiyi siyasət iki ölkəni qarşı-qarşıya qoydu.

 

- Bundan sonra nələr gözlənilir? Türkiyənin Suriya siyasətini nəzərə alsaq, ortaq məxrəc necə tapıla bilər?

 

 - Türkiyə Bəşər Əsədlə bir çözüm istəmir. Əgər Rusiya da Əsədin getməsinə qarşı deyilsə, müstəqil Suriya ordusu başda olmaq üzrə, digər müxalifət qruplarının da idarəetmədə təmsil olunduğu bir federasiya quruluşu içərisində anlaşıla bilər.  Təyyarənin vurulmasından sonra Putin ətrafındakılar tez-tez üzr istəmə, xüsusilə, təzminat məsələsini gündəmə gətirdilər. Lakin indiki şəraitdə Türkiyədə bunu edəcək bir siyasi lider var, türk toplumu bunu dəstəkləyər. Əslində türkləri Türkiyəni yaxından tanıyan dövlətlərdən biri Rusiyadır. Türkiyənin üzr istəməyəcəyini bilə-bilə belə bir tələb etmək böhranı daha da dərinləşdirə bilər. O zaman ortaya belə bir sual çıxır - orta yol ola bilər? Məncə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus vasitəsilə bir komissiya yaradıla bilər, onun verəcəyi qərarı isə hər iki ölkə qəbul etməlidir. Çünki  Belarus Qazaxıstan həm Avrasiya İqtisadi Birliyinin üzvüdür, Azərbaycan isə Türk Şurasının üzvüdür. Rusiya sərhədi pozduğunu buna görə səhvi olduğunu elan edər, Türkiyə Rusiyanın sərhədi pozması ilə əlaqədar təyyarəni vurmasının bir səhv olduğunu, çox tələsik qərar verdiyini söyləyər. Beləliklə, hər iki ölkə bir-birindən üzr istəmiş olur. Yəni hər iki ölkə bir həll yolu tapmaq imkanındadır.

 

Əlbəttə, biz təbii ki, Türkiyənin mənfəəti baxımından Rusiyanı dəyərləndiririk. Rusiyanın Türkiyəni günahlandırması fonunda biz Rusiyanın xətalarını ön plana çıxarırıq. Lakin Avrasiya bölgəsində iki ölkənin bir-birinə olan ehtiyacları da qaçılmazdır. Çünki tamamlayıcı xüsusiyyətləri var. Bir biz bunu gözdən qaçırırıq: Ruslar tarix boyu türklərlə birlikdə yaşayıb. Onsuz da, Rusiyanın dövlət düzəninin qurulmasında Qızıl Orda dövlətinin, tatarların önəmli bir rolu var. Hazırda Rusiyada 20 milyon müsəlman yaşayır. 22-ə yaxın fərqli etnik qrup var. Məsələyə bu baxımdan yanaşsaq, iki ölkə arasında sadəcə iqtisadi deyil, mədəni sahədə tarixi bağların olduğunu, lakin bu bağların iki ölkənin tarix boyu bir-birindən uzaq durması, bir-biriləri ilə savaşması üçün qırıldığını görürük.

 

- Türkəyə-Rusiya böhranından daha çox kim faydalanır?

 

- Bildiyimiz kimi, Türkiyənin iqtisadi əlaqələri Rusiya ilə çox sıx olduğu zaman Amerika bunu bəyənmədiyini, bundan məmnun qalmadığını tez-tez Türkiyəyə bildirirdi. Hətta NATO ölkələrinin bəziləri Türkiyənin NATO ölkəsi olması səbəbindən Rusiya ilə bu qədər yaxın olmasından narahat olduqlarını dilə gətirirdilər. İndi əminəm ki, iki ölkə arasında yaşanan bu böhrandan ABŞ çox məmnundur. Yəni buna çox sevinir. Əslində, biz mütəxəssislər Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyinin Türkiyənin yer alması məsələsini müzakirə edib, buna yönəlik strategiyalar üzərində çalışırdıq. Amma bir baxdıq ki, böhran bunların hamısını dayandırdı. Əlbəttə, bildiyiniz kimi Türkiyə bu müddətdə Rusiyaya qarşı sakit rəftarını davam etdirdi oxşar durum davam etməkdədir. Amma əgər Rusiya böhranı davam etdirsə, Türkiyəyə yönəlik belə açıqlamalar versə, Türkiyənin sakit rəftarının uzun müddət davam edəcəyini düşünmürəm.

 

Pərvanə SULTANOVA

525-ci qəzet.- 2016.- 23 iyun.- S.5.