Xarı-bülbül əfsanəsi və
Ağabəyim ağanın hüznlü taleyi
Nadir şahın yanında xidmət etdiyi dövrlərdə
özünü qüvvətli, qüdrətli sərkərdə
kimi göstərən Pənahəli xan həm də şəxsiyyəti
ilə, rəhmli və ədalətli davranmasıyla hörmət,
rəğbət qazanmışdı.
Məlumdur ki, Pənahəli xan şeirə, musiqiyə
böyük maraq göstərib, məhəbbətlə
yanaşıb.
Övladlarının təhsilli, savadlı
yetişməsinə xüsusi diqqət ayırıb. Bu ənənə onun sülaləsində nəsildən-nəslə
keçib və yeni parlaq simaların yetişməsinə yol
açıb. Onlardan biri olan Ağabəyim
ağa Pənahəli xanın nəvəsi, İbrahim
xanın qızı və Xurşidbanu Natəvanın
bibisidir. O, təxminən 1780-cı ildə Pənahabad
şəhərində (İndiki Şuşada) anadan olub. Gənc yaşlarından sözə, sənətə
böyük həvəsi olduğu üçün həm
şeir yazar, həm də ara-sıra zümzümə edərmiş.
Məşhur şair Molla Pənah Vaqif sarayda İbrahim xanın
vəziri olmaqla yanaşı, həm də istedadlı
uşaqları müəyyənləşdirərək
xüsusi dərslərə cəlb edərmiş. Ağabəyim
ağa da Vaqifdən dərs almış, böyük qabiliyyət
sahibi olmuşdur.
Əfsus
ki, yarım gecə gəldi, gecə getdi,
Heç
bilmədim ömrüm necə gəldi, necə getdi...
Bu bircə beytdə, elə bil ki, musiqi kədərə
qarışıb, kədər də bütün ömrün
ifadəsinə çevrilib. Nədir müəllifi
kədərləndirən? Təkcə yar
vüsalımı?...
Böyük
qəlbli bir şairə xanımın bu beyti əsrləri
aşıb, zəmanəmizə qədər gəlib, özü ilə
şairin kədərini bizə gətirib
çatdırıb. Onun diplomatik fəaliyyəti
də olmuşdur, fransız, rus dillərini bilmişdir.
Ağabəyim ağanın həm həyatı, həm də
yaradıcılığı haqda az qala əfsanələrə
qarışmış az sayda məlumatlar bir şair təbli
azərbaycanlı xanımın incə təbiəti
haqqında çox söz deyir...
İran şahı Qarabağ xanlığına
hücum edir, müharibə zamanı çox itki hesabına
olsa da, Ağa Məhəmməd şah Qacar Şuşanı
alır. Buranın ab-havası, füsunkar gözəlliyi onun
çox xoşuna gəlir. Ancaq şah
burada çox qala bilmir. 1797-ci ildə
Ağa Məhəmməd şah Qacar sui-qəsdlə
öldürülür. Bu hadisə
Qarabağ xanlığı ilə İran arasında
ixtilafı daha da dərinləşdirir. Bundan sonra
Ağa Məhəmməd şah Qacarın iki bacısı
hakimiyyət başına gələn Fətəli şahdan
qardaşının intiqamını almağı tələb
etməyə başlayırlar, onu rahat buraxmırlar...
İbrahim xan yenidən qanlı müharibənin
başlanmasının qarşısını almağa
çalışır, məsələni sülh yolu ilə
həll etməyə çağırır. O, Qarabağ
xanlığı ilə İran arasında münasibətləri
düzəltmək üçün qızı Ağabəyim
ağanı, Fətəli şahın istəyini qəbul edərək,
ona ərə verməyi qərara alır.
Çox böyük cehizlə Ağabəyim ağa
Tehrana gəlin köçürülür. İran
Şahlığında saray əhli bu izdivaca
qısqanclıqla yanaşır. Qarabağdan
gələn, təzəcə həddi-buluğa
çatmış bu gözəl xanımı - Ağabəyim
ağanı ilk gündən Fətəli şahın
gözündən salmaq üçün yollar axtarırlar.
Xidmətçilər bilirdilər ki, Fətəli
şah öz anasını çox sevir, ona tayı-bərabəri
olmayan gözəl, bahalı paltarlar tikdirir. Rəvayətə görə, onlar bundan istifadə
edərək ilk gecə, bəylə gəlinin
görüşü zamanı, Ağabəyim ağaya Fətəli
şahın anasının paltarını geyindirirlər.
Görüş zamanı Fətəli şah məyus
olaraq o gündən onunla ər-arvad ünsiyyətində
olmur.
O, 1801-ci
ildən 1832-ci ilədək - ömrünün sonuna kimi Vətən
həsrəti çəkə-çəkə Tehranda
yaşayır. Ancaq bir azərbaycanlı qızının
Vətən həsrətinə qatlaşması minlərlə
vətəndaş qanının tökülməsinin
qarşısını alır. Minlərlə
qız-gəlinin, ağbirçək ananın göz
yaşı tökülmür. Buna görə də
şairənin bizə gəlib çatmış bu beytində
tək yar vüsalının həsrəti yox, həm də
böyük bir Vətən nisgili, doğma yurddan uzaqda
yaşanan bir ömrün təəssüfü duyulur. Ağabəyim ağaya
isnad verilən bir bayatı da vardır:
Mən
aşiqəm, qara bağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə
dönsə,
Yaddan çıxmaz Qarabağ.
Bu
bayatı haqqında
dillərdə bir tarixi rəvayət də
dolaşır...
Deyirlər
ki, Qarabağdan gəlib Tehranda şaha zövcə olmuş
Ağabəyim ağanı gözü götürməyənlər
Fətəli şaha bu bayatını
çatdırmış, üstəlik də demişdilər
ki, qarabağlı bu "qızcığaz" Tehranda oturub
Tehranı bəyənmir. Şah incik halda
Ağabəyim ağanı hüzuruna
çağırtdırır. Şairə
hazırcavablıq edərək şahın fikrini
yayındırmağa çalışır:
- Mən
elə deməmişəm, Şahım! Sizə başqa
cür çatdırıblar, mən belə demişəm:
Mən
aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə
dönür,
Yaddan çıxır Qarabağ.
Bu hazırcavablıq Fətəli şahın xoşuna
gəlir, eyni zamanda, Ağabəyim ağanın gözlərindəki
kədəri də görür. Ona daha artıq hörmət bəsləməyə
başlayır, bu kədəri azaltmaq istəyir:
-
Qarabağa qayıtmaqdan başqa nə arzun varsa, de, yerinə
yetirim.
Ağabəyim
ağa bir qədər fikirləşdikdən sonra cəsarətini
toplayır:
- Şah
sağ olsun! Qorxuram arzum sizə toxuna, ona əməl
etməkdən boyun qaçırasınız.
- Fətəli
şah bir qədər də təkəbbürlənir:
- Nə
vaxtsa mənim sözümü geri götürdüyüm ya
sənin sözünün yerə düşdüyü olubmu?
- deyir.
- Elə
isə, icazə verin, ata evindən gətirdiyim qiymətli
daş-qaşları, cehizlərimi satım.
Fətəli
şahın təəccübü böyük marağa
çevrilir:
- Məgər
mənim xəzinəmdə pul qurtarıb, ya var-dövlətim
sənə azlıq edir? Bütün İran məmləkətinin
var-dövləti sənin əlinin altında olduğu halda,
atanın sənə qoşduğu cehizi satmaq nəyinə
lazımdır ki?
Ağabəyim
ağa yenə ağıllı cavabı ilə şahı
susmağa məcbur edir:
- Şahım, mən sizin sarayınızda
yaşayıram, geydiyim paltar da sizindir, yediyim çörək
də. Bəs onda bəzək-düzəyim niyə atam
evindən gətirdiyim olsun? Bəs Sizin mənə
bağışladığınız daş-qaşlarla nə
vaxt bəzənəcəyəm? Sizin mənə
bəxş etdiyiniz daş-qaşlar atamın verdiyindən həm
çoxdur, həm də gözəldir. Hər
dəfə üstümdəki bəzəklərə baxanda
sizin yadınıza köhnə ədavət, mənim də
yadıma mərhum atam, Vətənim Qarabağ
düşür. Mənim, keçmişi
xatırlamağım sizi sıxdığı kimi, sizin də
keçmişi xatırlamağınız məni
sıxır. Bu sıxıntıdan birdəfəlik
qurtarmaq yaxşı olmazdımı?!
Fətəli şah fikrə gedir, bu ağıllı
sözlər qarşısında deməyə söz
tapmır, bilmir ki, nə cavab versin, razılaşmağa məcbur
olur. Amma bir məqam
onu narahat edir:
- Bəs
sənin daş-qaşlarını satdığını bilsələr,
mənə nə deyərlər? Məni xalq
içində rüsvay etmək istəyirsən?
-
Arxayın olun, şahım! Siz məndən
nankorluq görməmisiniz, ölənəcən də
görməyəcəksiniz. Bu sirri yerdə
ikimiz, göydə isə Allah-təala biləcək.
Lakin Fətəli
şah yenə tərəddüd edir:
- Axı
pul sənin nəyinə gərəkdir? Nəyin
çatmır? Sənə nə
lazımdırsa, nə qədər pul istəyirsənsə,
mən verə bilərəm. Bütün xəzinəm
həmişə sənin üzünə açıqdır!
Ağabəyim
ağa bu sözlərdən şahın
yumşaldığını duyur, tez cavab verir:
- Elədir,
şahım! Siz sabahdan bütün saraya elan edərsiniz
ki, xəzinəni mənim üzümə
açırsınız. Mən isə xəzinə
əvəzinə daş-qaşlarımı, cehizlərimi xərcləyərəm,
buna özüm üçün bir bağ salmaq istəyirəm.
Elə bir bağ ki, orda ancaq mən gəzim.
Bu bağ ancaq mənə məxsus olsun, bu
bağda hər çiçək, hər kol ancaq mənim
zövqümlə əkilsin, buyurun ki, heç kəs mənim
işimə qarışmasın.
Fətəli şah razılığını bildirir,
səhəri gün elan edir ki, şah xəzinəsini Ağabəyim
ağanın üzünə açıbdır. Dünyanın
hər yerindən ən bacarıqlı bağbanlar saraya dəvət
olunurlar. Ağabəyim ağa öz fikrini bağbanlara
bildirir: "Elə bir bağ salacaqsınız ki,
Şuşada bitən hər bir ot,
ağac, gül burada bitsin".
İş başlanır, Şuşanın dağ-dərəsindən,
karvan-karvan torpaq daşınır. Şuşada bitən
hər bir ot-ələf, gül-çiçək, kol,
ağac bu bağda da əkilir, diqqətlə becərilir.
Nəhayət, bağ hazır olur, şairənin
arzusuna əməl edərək bağın adını
"Vətən bağı" qoyurlar. Hər
şey hazır olduqdan sonra Ağabəyim ağa bağı gəzməyə
çıxır. Bağ, doğrudan da
gözəl idi. Məharətli bağban əlləri
gül-çiçəklə bərabər, sanki
Şuşanın dağ-dərəsinin havasını da, ətrini
də bura gətirmişdi.
Şairə bağı gəzib-dolanır, hər şey onun zövqünü oxşayır. Lakin nə qədər axtarırsa, bağda Xarı-bülbül çiçəyini tapa bilmir. Bağda işləmiş bütün bağbanları çağırtdırır, məsələni onlara bildirir. Bağbanlar yenidən ikiqat səylə işə başlamalı olurlar. Lakin nə qədər edirlərsə, Xarı-bülbül "Vətən bağı"nda bitmir ki, bitmir. Bağbanların zəhməti hədər gedir...Xarı-bülbül Şuşadan Tehrana "Vətən bağı"na köçmür ki, köçmür...
Bəs qərib bir şairənin Vətən həsrətini azaltmaq istəyən xarı-bülbül necə gül idi?
"Vətən bağı" əl-əlvandır,
Yox içində Xarı-bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbül?!
Müəllif demək istəyir ki, qəfəsdə uzun müddət oturduğu üçün, gülə qovuşmaqdan ötrü həsrət çəkən bülbül iztirablarını, dərdini bədənindən çölə sızdırıb, köksünün altı saralıb, sarı rəngə boyanıb. Bu hadisələri Ağabəyim ağa özünə şamil edərək, yəni Şah sarayında Vətən həsrəti ilə ürəyinin alışıb-yanmasına bənzətmişdi.
Xarı-bülbül adi çiçəkdən çox, bir möcüzəyə bənzəyir, bu gülü ancaq görmək onun haqqında tam təsəvvür yarada bilər. Onun heç ətri də yoxdur. Xırda bənövşəyi rəngli ləçəkləri otların, başqa gül-çiçəklərin içərisində çox çətinliklə seçilir. Gülün üç ləçəyi olur, simmetrik quruluşuna görə aydınca görmək olur ki, gülün dörd ləçəyi olmalı imiş. Bu dördüncü ləçəyin yerində isə arıya bənzəyən, üstündə, cücülərdə, böcəklərdə olduğu kimi naxışları, məxmər kimi nazik tükcüklərlə örtülü bir böcək -xar var. Belə bir təsəvvür yaranır ki, böcək gülün dördüncü ləçəyini yeyib. İndi isə başını gülün ortasına soxub, çünki böcəyin başı da görünmür. Gülün düz ortasında isə sanki bir bülbül oturub. Bülbülün çiynində iki balaca ləcək var, gülün öz ləçəklərinin rəngindən bir azca tünddür. Ləçəklərdən bir xeyli balacadır. Aydınca görünür ki, bu ləçəklər bülbülün qanadlarıdır. Hətta gülü əlinə alanda belə inanmırsan ki, bülbül də, gülün bir ləçəyinin yerində bitmiş arıya bənzər bir böcək də canlı deyil, sadəcə çiçəyin bir elementidir.
Təsadüfi deyil ki, Xarı-bülbül haqqındakı rəvayətdə deyilir:
Bir zamanlar bütün bitkilər insanlar kimi danışırmışlar, sevə bilirmişlər. Sevinib gülə bilirmişlər. Bülbül o zamanlar gülü sevir, bütün gül-çiçəklər də bu məhəbbəti alqışlayır. Hər gün sübh tezdən bülbül gülün üstünə qonub ona məhəbbət mahnısı oxuyarmış, gül-çiçəklər də bu nəğmənin təranələri altında rəqs edərdi, şənlənərmiş. Amma xar belə bir şadyanaqlığa, sevgiyə, məhəbbətə dözə bilmir, qısqanır, paxıllıqdan az qalır bağrı çatlasın. Gülü bülbüldən ayırmaq üçün gəlib ona öz ürəyini açır, sevgisini bildirir. Gül xarı rədd etməyə çalışır. Acıqlanan xar gülün saplağı ilə yuxarı dırmaşır, onun bir ləçəyini yeyir. Bülbül gülün məhv olduğunu görüb fəryad qoparır. Bütün gül-çiçəklər də bu fəryada qoşulur. Lakin xarın daş qəlbi yumşalmır, yenə gülü yeməkdə davam edir, onda hamı Allah-təalaya yalvarır ki, onların canını alsın, amma güllə bülbülün eşqinə, məhəbbətinə qıymasın. Onların ah-naləsi qəbul edilir. Hamısı sadəcə bitkiyə çevrilir. Gül, bülbül və xar üçlükdə bir çiçəyə çevrilirlər. O zaman ki, gül-çiçəklər fədakarlıq edib canlarını bülbüllə gülün eşq- məhəbbətinə qurban vermişdilər, Xarı-bülbül də söz vermişdi ki, bu fədakarlığa cavab olaraq yalnız onların bitkiyə çevrildikləri yerdə bitəcək. Belə də olur. Xarı-bülbüllə bitkiyə çevrildiyi Şuşa torpağından başqa, dünyanın heç bir yerində rast gəlmək mümkün deyildir. Hətta ən məharətli bağbanlar da bu gülü başqa torpaqda yetişdirə bilmirlər. Xarı-bülbül hətta alovlu vətənpərvər, gözəl şairə Ağabəyim ağanın Vətən həsrətini, qəriblikdə çəkdiyi əzabları yüngülləşdirmək üçün də onun saldırdığı bağda bitmir ki, bitmir...
Bütün bu əfsanəvari olaylarla dolu bir qürbət həyatı yaşayan Ağabəyim ağa ömrünü nisgil içində, Vətən, Qarabağ həsrəti çəkə-çəkə Tehranda başa vurur.
Nemət
BƏXTİYAR
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.- 2016.- 24 iyun.- S.4.