Bülbül təkrarsızlığı: sehrli səs və möcüzəli ifalar

 

 

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbül 1897-ci il iyun ayının 22-də Şuşada Azərbaycanın bir çox böyük şair və musiqiçilərinin, xanəndələrinin, görkəmli şəxsiyyətlərinin vətənində doğulub.

 

Elə orada - Şuşada 8 yaşlı xanəndə oğlanın, Bülbülün sənət yolu başlanır. İlk musiqi savadını da Şuşa mollaxanasında alır. Möcüzə oğlan barədə eşidən “Qarğa” ləqəbli qarmonçalan gəncəli Müseyib Bülbülün Gəncədəki “Şamaxı” mehmanxanasında çıxış etməsi üçün iki dəfə Şuşaya gəlir. Bülbül mollaxanada oxuduğunu deyib təklifi qəbul etmir. Mollaxanada molla əlində həmişə nazik çubuq tutur və dərslərdən fikri yayınan şagirdləri bu çubuqla vururdu.Müseyib çıxıb gedəndən sonra dərsdə onun təklifi haqqında düşünən Bülbülün fikri dərsdən yayınır və “kitaba bax” deyən mollanın çubuğu əllərinə çırpılanda özünə gəlir. Çox təkəbbürlü olan Bülbül yerindən dik atılaraq sinifdən qaçaraq çıxır. Bülbülü heç vaxt vurmayan, məzəmmət etməyən mollanın bu davranışı mollaxanadan getmək üçün bir təkan olur. Səhəri gün Bülbül Gəncəyə gedir və “Şamaxı” mehmanxanasında çıxış etməyə başlayır. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin görünməmiş şöhrəti yayılır, o, Gəncədə böyük uğurla çıxışlar edir. Bülbül Gəncə İncəsənət İşçiləri İttifaqının sədri, mədəniyyət şöbəsinin müdiri, mədəni-maarif plenumunun üzvü, İncəsənət İşçiləri İttifaqı İdarə Heyəti sədrinin müavini seçilir. 1911-ci ildə onu Tiflisə,ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi Vano Saracişvili ilə tanış olur. Tez-tez Tiflisdə olan Bülbül konsert və tamaşalara, gürcü operalarına gedir, Tiflisdə qastrolda olan italyan müğənnilərinin ifasında operalara qulaq asır və fikirləşir ki, görəsən, o da bir vaxt belə oxuya biləcəkmi?

 

O, keçdiyi xanəndəlik məktəbi ilə klassik opera sənəti arasında çox böyük fərq olduğunu başa düşür, italyanlar kimi oxumaq, İtaliyanı görmək, orada təhsil almaq istəyirdi.

 

1920-ci ildə Bülbül Bakıya köçür və 1921-ci ildə Azərbaycan Konservatoriyasına daxil olur. O, Konservatoriyada vokal üzrə təhsil alan ilk azərbaycanlı tələbə idi.

 

Bülbül böyük səylə F.Polyayevin sinfində məşğul olur, təhsili uğurla nəticələndikcə, İtaliyaya səfər etmək arzusu daha da artırdı.

 

1924-cü ilin yayında İtaliyaya yay tətilinə gedən Bülbül qəti qərara gəlir ki, İtaliyada ixtisasını artırmalıdır.

 

1925-ci ildə, professor F.Polyayev Bakıdan gedəndən sonra Bülbül təhsilini professor N.İ.Speranskinin sinfində davam etdirir.

 

1927-ci ildə Konservatoriyanı müvəffəqiyyətlə bitirən Bülbülü Azərbaycan hökuməti İtaliyanın Milan şəhərinə biliyini təkmilləşdirmək üçün 4 illik ezamiyyətə göndərməyi qərara aldı.

 

Bu Bülbülə iki məktəbin sintezini - dünya və milli incəsənətin ən yaxşı nümunələrini birləşdirməyə və yeni məktəb yaratmaq arzusunu həyata keçirməyə imkan verdi. O, 1927-ci ilin noyabrından 1931-ci ilin oktyabr ayınadək Milanda təhsil aldı.

 

Bu illər axtarış və kəşflərlə dolu illər oldu. 4 il keçdi. Bülbül artıq öz məqsədinə çatmışdı. 1931-ci ildə İtaliyanın məşhur musiqi jurnalı “Arte Nostra” Bülbülün şəklini və “Bulbul dell Azerbedgian” adlı məqalə çap etdi. Məqalədə deyilirdi: “Bülbül müsəlman aləmindən İtaliyaya təhsil almaq üçün gəlmiş ilk vokalçıdır. O, spesifik Şərq oxumasından Avropa oxuma məktəbinə keçmişdir.

 

Maestro Rafele Qrani Bülbülün italyan oxuma məktəbini, tədris üsulunu mükəmməl yiyələndiyini etiraf etdikdən sonra Bülbül Avropada topladığı bilikləri xalqa çatdırmaq, öz arzusunu - iki məktəbin sintezini həyata keçirmək üçün vətənə tələsir. Belə sintezin gözəl sübutu Bülbülün yaradıcılığıdır”.

 

Təhsil aldığı müddətdə dövrünün tanınmış musiqiçilərindən - Cüzeppe Anselmi, Delli Ponti və Rafaele Qranidən dərs alır.

 

Bir gün Maestro Anselmi Bülbüldən muğam oxumağını xahiş edir. Üçüncü oktavada si və do notlarını götürən Bülbül C.Anselmini çox təəccübləndirir. C.Anselmi Bülbülə deyir: “Siz bu cür oxuma tərzini, məktəbi atıb adi tenor olmaq istəyirsiniz? Bu sənətlə siz bütün dünyanı gəzib uğurlar qazana və milyonçu ola bilərsiniz”. Bülbül cavab verir: “Maestro, mən sənətimi atmaq istəmirəm. İstəyirəm ki, mənim xalqım bu gün muğam oxuduğunda sabah “Toska”, “Karmen” oxumağı bacarsınlar. Mən iki məktəbin sintezini həyata keçirmək istəyirəm”.

 

1931-ci ildə Bülbülün İtaliyadan qayıtmasından, Konservatoriyadakı ilk məruzəsindən və Xalq Maarif Komissarlığının müşavirəsindəki çıxışından sonra Azərbaycan musiqi sənəti inkişafında yeni mərhələ, musiqi dramaturgiyasının yeni tipi və buna uyğun kadrların hazırlanması üçün çətin iş başlanır.

 

Bülbül Avropa professional vokal məktəbi üsullarının Azərbaycan vokal ifaçılıq mədəniyyətinə qovuşmasının mümkünlüyünü elmi surətdə sübut etmişdir.

 

Bəstəkar, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, SSRİ Xalq artisti, professor Qara Qarayevin yazdığı kimi, “İtaliyada vokal təhsili almış Bülbül yüksək belkanto üslubunun Azərbaycan milli oxuma üslubu ilə sintezini yaratdı, bu da istedadlı və tələbkar ustadın çox böyük yaradıcılıq nailiyyətlərindən idi.

 

Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi Bülbülün çoxillik məhsuldar pedaqoji fəaliyyəti bənzərsiz Azərbaycan vokal sənətinin yaranmasına səbəb oldu, bunun da ənənələri ustadın şagirdləri və ardıcılları tərəfindən uğurla inkişaf etdirilir”.

 

1932-ci ildə Bülbül Azərbaycan musiqi folklorunun ən yaxşı nümunələrinin toplanması, tətbiqi, tədris edilməsi üçün Elmi-Tədqiqat Musiqi Kabineti yaradır. O, tarixi qədimlərə gedib çıxan xalq mahnılarını üzə çıxarmaq, Azərbaycan rayonlarına bol-bol səpələnmiş xəzinəni toplamaq üçün Qarabağa ilk elmi ekspedisiyaya Elmi-Tədqiqat Musiqi Kabinetinə işləmək üçün dəvət etdiyi, ilk Azərbaycan romanslarının müəllifi Asəf Zeynallı ilə gedir. Onların topladığı zəngin materiallar Musiqi Kabinetinin əsasını qoydu.

 

Bülbül Musiqi Kabineti ilə əməkdaşlığa bəstəkar Ü.Hacıbəyovu, S.Rüstəmovu, Ə.Bədəlbəylini, Niyazini, Z.Stelniki, daha sonra tələbələr: T.Quliyevi, Z.Bağırovu, Ərtoğrol Cavidi, M.İsmayılovu, Q.Qarayevi, C.Hacıyevi, F.Əmirovu dəvət etmişdi. Bu da Azərbaycan musiqi irsinin öyrənilməsində, yayılmasında, bəstəkar və musiqişünasların yetişməsində böyük rol oynamışdır.

 

Bülbül aşıq yaradıcılığına da böyük sevgi ilə yanaşmışdır. O, aşıq yaradıcılığı nümunələrini toplamış, respublikanın müxtəlif rayonlarına xüsusi ekspedisiyalar təşkil etmişdir. Onun təşəbbüsü ilə 25 aşığın müşavirəsi çağırılmış, şifahi aşıq yaradıcılığı materiallarının toplanması üçün briqada yaradılmış, 250 çap vərəqindən artıq dastan, nağıl, qoşma və aşıq musiqisi nümunələri yazılmışdır.

 

1933-cü ildə Bülbül pianoçuların, skripkaçıların, violonçel çalanların və vokalçıların Birinci Ümumittifaq Moskva müsabiqəsində iştirak edir. O, vokalçıların Birinci Ümumittifaq Moskva müsabiqəsində ilk azərbaycanlı laureat olmuşdur.

 

Bülbül opera studiyasının, səsyazma kabinetinin, not nəşriyyatının yaradılmasının, parlaq istedadların aşkara çıxarılması üçün Azərbaycanda I Musiqi Olimpiadası çağırılmasının, musiqişünaslığa vahid rəhbərliyi təmin etmək məqsədilə SSRİ-nin ən məşhur musiqişünaslarının geniş müşavirəsinin keçirilməsinin təşəbbüsçüsü və təşkilatçısı olmuşdur.

 

1935-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Bülbülə Azərbaycan SSR Əməkdar artisti adı verilmişdir.

 

Bülbül heyrətamiz, çoxcəhətli sənətkardır. Xalq mahnıları, ariyalar, rus və Azərbaycan klassikası... Aşıq Qərib, Kavaradossi, Hersoq, Aslan, Əliyar, Əsgər, Fərhad, Nizami...

 

Zirvədə isə Bülbülün Koroğlusudur. Bu operanı Ü.Hacıbəyov məhz Bülbül üçün yazmışdır. Rövşən partiyasının tələb etdiyi o çox çətin tessituranı ustalıqla, rahat yalnız Bülbül oxuya bilirdi. Təkcə “si-bemol”, “si”, üçüncü oktavanın “do”, “re” notları “Koroğlu”da onlarcadır. Obrazın bu mürəkkəb ahəngini aktyor öz oyunu ilə, əlbəttə ki, açıq, sərbəst axan, gözəlliyi, qüdrəti ilə, insanı valeh edən səsi ilə tamaşaçıya çatdırırdı.

 

Bülbül xalq bahadırı Koroğlunun unudulmaz surətini yaratmışdır.

 

1938-ci il, aprelin 5-də Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası Ü.Hacıbəyovun “Koroğlu” operası ilə açıldı. Elə ilk tamaşadan Bülbül haqqında hərarətlə, heyranlıqla danışırdılar. O öz sənəti ilə musiqiçiləri də, adi tamaşaçıları da məftun etmişdi. Paytaxt mətbuatı Bülbülün çıxışına çox sayda məqalələr həsr etdi.

 

Azərbaycan SSR opera sənətinin inkişafı sahəsində görkəmli fəaliyyətinə görə 1938-ci ildə Bülbül SSRİ Xalq artisti kimi yüksək ada layiq görüldü.

 

Bülbül simfonik muğamların yaranmasının təşəbbüskarı və bilavasitə iştirakçısıdır. Fikrət Əmirovun “Şur” və “Kürd-ovşarı” simfonik muğamları məhz Bülbülün təşəbbüsü ilə yaranmışdır. Hal-hazırda Fikrət Əmirovun Bülbülə ünvanladığı “Şur” və “Kürd - ovşarı” partituraları üzərində təşəkkür bildirən sözlər muzeydə nümayiş olunur: “Mən Bülbülə iri simfonik əsərlərin yeni forması - simfonik muğamların yaranmasına görə borcluyam”.

 

Bu simfonik muğamlardan sonra Niyazinin “Rast”, Süleyman Ələsgərovun “Bayatı-Şiraz” simfonik muğamları yarandı.

 

Bülbül Azərbaycan musiqi mədəniyyətini nəhəng sıçrayışla irəli apardı.

 

Dahi bəstəkarımız Qara Qarayev “Bakinskiy raboçiy” qəzetində yazırdı: “Respublikamızın musiqi həyatında əlamətdar hadisə gənc, istedadlı bəstəkar Fikrət Əmirovun yeni simfonik əsərlərinin - Azərbaycan muğamları “Şur” və Kürd-ovşarı”nın ifası oldu. Yeni əsərlərin əsasını Fikrət Əmirov, professor Bülbülün rəhbərliyi altında musiqi folklorunun görkəmli bilicilərinin oxuması, xalq çalğı alətləri ifasının dəqiq yazılışı ilə Azərbaycan muğamlarını daxil etmişdir.

 

Azərbaycan musiqisinin yeni əsərlərinin yaranmasında SSRİ Xalq artisti Bülbülün böyük rolunu qeyd etmək lazımdır. O, muğamların simfonizə edilməsinin təşəbbüskarıdır, bu fikri gənc bəstəkara o demişdir. F.Əmirovun bu işində - materialların seçilməsi, qiymətli məsləhətləri, bəstəkara verdiyi elmi məsləhətlərilə Bülbül çox fəal iştirak etmişdir.

 

Azərbaycan musiqi folklorunun böyük bilicisi professorun gənc, istedadlı bəstəkarla yaradıcı əməkdaşlığı Sovet musiqisinə qiymətli töhfə olan gözəl simfonik əsərlərin yaranmasını təmin etmişdir. Azərbaycan bəstəkarları Bülbülə çox borcludurlar”.

 

Lirik-dramatik tenor, geniş diapazonlu, nadir səsi ilə Bülbül dinləyicilərin qəlbinə hakim kəsilirdi. O, öz ifa ustalığı ilə xalqın böyük məhəbbətini qazanmışdı.

 

Çoxillik zəhməti, konsert fəaliyyəti 1950-ci ildə Bülbülə Stalin mükafatı verilməklə qeyd olundu.

 

Bülbül ömrünün son günlərinədək xalqına doğru can atırdı. Bülbül öz xalqını sonsuz məhəbbətlə sevirdi. O, doğma incəsənəti dar çərçivədən azad etmək, Azərbaycan musiqi xəzinəsinin dərindən öyrənilməsi üçün böyük işlər görmüşdür. Konservatoriyada vokal üzrə ilk azərbaycanlı professor Bülbül çoxlu istedadlı müğənnilər yetişdirmişdir. Onun yaratdığı Elmi - Tədqiqat Musiqi Kabineti Azərbaycan bəstəkarlarının yaradıcılıq inkişafında əhəmiyyətli və məhsuldar rol oynamışdır. Bu günkü Azərbaycan Respublikası Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu məhz bu kabinetin bazası əsasında yaradılmışdır. Bülbül irsi bu gün də Azərbaycanın və dünyanın həm maddi aləmində, həm də mənəvi dünyasında yaşayır.

 

Fərqanə CABBAROVA  

Bülbülün Memorial Muzeyinin direktoru

525-ci qəzet.- 2016.- 25 iyun.- S.24.