İmperiyalar və onların süquta sürüklənməsi

 

 

 

Böyük Britaniyanın Rusiyaya qarşı Türkiyəni dəstəkləməsi isə uzun müddət ərzində davam edən ingilis-rus antaqonizminin cəhətlərindən biri idi.

 

Britaniya Rusiyanı Aralıq dənizindən və Yaxın Şərqdən uzaqlaşdırmaq qayğısını çəkirdi, çünki ruslar Orta Asiyadan Hindistana və ya Sibir vasitəsilə Çinə doğru irəliləyə bilərdilər. Həmin ölkələrlə ticarət isə Britaniya kommersiyası üçün böyük əhəmiyyət daşıyırdı. Həm də Böyük Britaniya Afrikanın bölünməsi üstündə Fransa ilə kəskin rəqabət aparırdı. Böyük Britaniya artıq 1882-1883-cü illərdə Misir üzərində də nəzarəti əldə etmişdi.

 

Fransanın Böyük Dövlətlər arasında izolyasiyası tamamlanmışdı. Bismark Fransa ilə Böyük Britaniya arasında müstəmləkə cəbhəsində gedən ciddi münaqişəni görürdü. Bu isə Böyük Britaniyanı Almaniya ilə alyansa çəkirdi.

 

Almaniya dənizlərdən o tərəfdəki müstəmləkələr əldə etmək məsələsi ilə yalnız 1880-ci illərdə maraqlanmağa başlamışdı. Yeni alman imperatoru II Vilhelm 1888-ci ildə taxt-taca çıxdı. O, Bismarkın siyasətdə aparıcı rolunu qəbul etmirdi və 1890-cı ilin martında Bismarkı kansler vəzifəsindən azad etdi, Almaniyanın xarici siyasətini “yeni kursu” həyata keçirilməyə başlandı, Avropa işlərində Avstriya-Macarıstana yaxın ittifaq münasibətləri gücləndi və Almaniya “Dünya dövləti” statusunu qazanmaqda irəliyə doğru addım atdı. Rusiyaya qarşı münasibət isə sərtləşdi. Rusiya isə qəflətən izolyasiyaya məruz qaldığından Fransa ilə danışıqlara girdi.

 

Alman-ingilis müqavilələri özünün bəhrəsiz olduğunu göstərdi. Bu “yeni kurs” britaniyalıları artıq dərəcədə narazı salırdı. II Vilhelm həm də Türkiyə sultanı ilə dostluq etməyə başladı, “300 milyon müsəlmanın bu xəlifəsinə” (türk sultanları bir neçə əsr əvvəldən həm də islam xəlifəsi hesab olunurdular) Almaniyanın himayəsini təklif etdi.

 

Rusiyanın dünya siyasətində mövqeyi zəifləməkdə davam edirdi. 1904-1905-ci illərdə Yaponiyanın Rusiyaya qarşı qalibiyyətli müharibəsi bunu daha da intensivləşdirdi.

 

Almaniya imperatoru Fransaya qarşı hərəkət etmək üçün gəmi ilə Tanjerə gəlib, 1905-ci ildəki buradakı çıxışında Mərakeşin müstəqillik əldə etməsinə Almaniyanın razı olduğunu bildirdi. Bu vaxt fransızlar hələ də Mərakeş sultanı ilə danışıqlar aparırdı, bundan yeddi il sonra isə Mərakeş Fransanın protektoratına çevrildi. Əsas ölkələr də Mərakeş məsələsində Fransanı müdafiə edirdi, təkcə Avstriya-Macarıstan Almaniyanı dəstəkləyirdi.

 

Osmanlı imperiyasında da siyasi təlatümlər davam edirdi. 1908-ci ilin iyulunda Gənc Türklər demokratik inqilab həyata keçirdilər, onlar Böyük Dövlətlərin Osmanlı imperiyasının işinə müdaxilə etmələri üçün onları bütün bəhanələrdən məhrum etmək istəyirdilər. Gənc Türklər əsasən Türk millətçilərini təmsil edirdilər.

 

1913-1914-cü illərdə Rusiya ilə Almaniyanın mübahisəsi hələ də davam edirdi. Bu vaxt Balkanlarda baş verən hadisə onları münaqişəyə daha çox yaxınlaşdırdı. Bu, yerli serb Qavrilo Prints tərəfindən Avstriya-Macarıstan taxt-tacının varisinin qətlə yetirilməsi idi. Bu qətl hadisəsinə görə Avstriya-Macarıstan preventiv müharibəyə başlayacağı təqdirdə, Almaniya imperatoru II Vilhelm ona dəstək verəcəyini vəd etmişdi.

 

Bu, həm də Rusiya ilə müharibə olacaqdı. Bismark isə xəbərdar etmişdi ki, “Ruslarla düzgün oynamaq və ya heç oynamamaq lazımdır”.

 

Avstriya Serbiyaya qəbulu mümkün olmayan ultimatum verdi ki, sonra ona müharibə elan etsin. Bu vaxt Rusiya öz növbəsində elan etdi ki, Avstriya-Macarıstanın Serbiyanı məhv etməsinə heç də yol verilməyəcəkdir. Almanlar imperator Frants-İosifi Serbiyaya qarşı müharibə aparmaq səlahiyyətinə malik olduğuna inandırdılar. Bunu Rusiya cavabsız qoymadı və səfərbərlik elan etdi. Bununla əlaqədar olaraq Almaniya da Rusiya və Fransanın tələblərinə məhəl qoymadı. 1 avqustda Almaniya səfərbərlik, həmçinin Rusiyaya, iki gün sonra isə Fransaya müharibə elan etdi. Avstriya-Macarıstan isə 5 avqustda Rusiyaya müharibə elan etdi. Fransa və Böyük Britaniya isə öz növbəsində Avstriya-Macarıstana qarşı müharibə elan etdi.

 

2. I Dünya müharibəsinin başlanması

 

Militarizm, millətçilik və daxili fikir ayrılığını boğmaq arzusu yaxınlaşan I Dünya müharibəsində mühüm rol oynadı. 1914-cü ilin yayında Avropa liderlərinin qətiyyətliliyi birbaşa münaqişəyə gətirib çıxardı.

 

Avropanın cənubi-şərqindəki xalqlar Osmanlı imperiyasının idarəçiliyindən azad olmaq üçün mübarizə aparırdılar. Lakin yeni yaranan dövlətlərə ağalıq etmək üstündə Avstriya-Macarıstanla Rusiya arasında gedən rəqabət regionunda ciddi gərginliklər yaratdı. 1908-ci və 1912-ci illər arasındakı böhran, antaqonizmi yalnız gücləndirdi. 1914-cü ildən Rusiyanın dəstəklədiyi Serbiya Balkanlarda iri, müstəqil slavyan dövlətini yaratmağı qərara aldı. Avropalıların çoxu inanırdı ki, Serbiyanın ambitsiyasını Avstriyaya qarşı olan Rusiya qızışdırır. Avstriya özü də inanmışdı ki, Serbiyanın uğuru imperiyanın sonu demək olacaqdır.

 

Belə qarşılıqlı inamsızlıq şəraitində və Avstriya-Macarıstanla Rusiya arasındakı nifrət bir tərəfdən, Avstriya-Macarıstanla Serbiya arasındakı eyni münasibət digər tərəfdən, 1914-cü ilin yayındakı hadisələrdə mühüm rol oynadı.

 

Avstriya hökuməti ershersoqunun öldürülməsində Serbiya hökumətinin birbaşa rolu olub-olmadığını bilməsə də, bu imkandan istifadə etməyə çalışdı. Serbiya naminə Rusiyanın müdaxiləsindən qorxan Avstriya liderləri alman ittifaqına bel bağlamağı axtarırdılar. İmperator II Vilhelm və onun kansleri Avstriya-Macarıstanı əmin etdilər ki, onlar Almaniyanın “bütöv köməyinə” arxalana bilərlər. Bundan ruhlanan Avstriya iyulun 28-də Serbiyaya müharibə elan etdi və güman edirdi ki, müharibə yalnız Serbiya ilə aparılmaqla məhdudlaşacaqdır. Lakin bu ümidlər tezliklə yoxa çıxdı.

 

Hərbi müharibə planları diplomatik və siyasi qərarları dağıtdı. Müharibənin başlanğıc səhnəsində alman müharibə planları Fransanın müharibəyə cəlb olunması ehtimalını da nəzərə alırdı. Bu plana görə, Rusiyaya qarşı olan cəbhədə minimum qoşun vuruşduqda, alman ordusu sürətlə Fransanın qərbinə, neytral Belçika yolu ilə müdaxilə edəcəkdi. Fransanı tez məğlub etdikdən sonra alman ordusu şərqdə Rusiyaya qarşı ikiqat qüvvə ilə vuruşacaqdı.

 

Avqustun birinci ongünlüyündə bütün böyük Avropa dövlətləri müharibədə idi. Elə görünürdü ki, bütün böyük dövlətlər müharibə riskinə hazırdır. Axı imperializm onu dünyaya gətirən anaya - müharibəyə qarşı heç vaxt sədaqətsizlik etmir, ən kiçik imkan meydana gələn kimi, bəzən onun yoxluğunda hansısa bəhanəni əsas götürərək öz gücünü başqalarına sübut etdirmək üçün döyüş cəbhəsinə girməkdən də çəkinmir. Çünki müharibə ən böyük rüsumu xalqdan alır, insan həyatı qurbanları ilə öz yanğısını söndürür. Xalq dövlətə məxsus olduğundan imperatorlar bu yanacağı müharibə sobasına aramsız olaraq atmaqdan çəkinmirlər. Ayrı-ayrı dövlətlər, ölkələr yox, qoy lap bütün Avropa viran qalsın, məgər belə dəhşətli nəticə imperatorları düşündürürmü? Axı Napoleon onlara təkcə Marsa məxsus olan mütləq qüvvə və həm də cəsarət nümunəsi göstərmişdi, lakin o da qələbələr seriyasını məğlubiyyətlərlə başa vurmuşdu. İmperatorların düşüncəsinə görə, o dünyadakı cəhənnəmə yollanmamışdan əvvəl yüz minlərlə, milyonlarla insan müharibə alovunda piy kimi əriməklə yerüstü cəhənnəmlə tanış olmaq imkanından yan keçməməlidir. I Dünya müharibəsinə başlayanlar heç olmasa, öz aqibətlərini azacıq nəzərə alsaydılar, bu dəhşətli hadisənin meydana gəlməsinə əl atmazdılar.

 

Müharibədə vuruşan xalqların cavan nəsilləri, yaşıl meşənin təzə pöhrələri məhv olur. Onlar düşünmürlər ki, vaxtilə Stsipion Emilian Karfagenin yanmasını seyr edərkən, öz doğma Romasının da bu taleyi yaşayacağını göz önünə gətirib qüssələndiyi kimi, öz ölkələrinin də nəticədə “qırıq təknə” yanında qaldıqlarının şahidi olacaqlar. Son imperatorlar dünyaya öz sələflərindən tam fərqli olan bir yeni “töhfə” verdilər, tarixə dünya müharibəsi praktikasını “bəxş etdilər”. Marksın təbirincə deyilsə, tarix ilk dəfə faciə şəklində təkrar olunduğundan, Hitler dünyanı daha böyük fəlakətə düçar etdi. O, gələcək minillik imperiyanın başında dayanması ilə qürrələnirdi, altı il sonra ümidləri bütünlüklə puç oldu.

 

1914-cü ildən əvvəl siyasi liderlərin çoxu belə bir inama yiyələnmişdi ki, müharibə o qədər çox sayda siyasi və iqtisadi riskləri əhatə edir ki, onlara görə heç vuruşmaq da lazım olmayacaqdır. Digərləri isə inanırdı ki, “rasional” diplomatlar istənilən situasiyanı nəzarətdə saxlayacaq və müharibənin başlanmasının qarşısını alacaqlar. 1914-cü ilin avqustunun başlanğıcında yeni illüziyalar onların yerini tutmaqla, onların bərabər qaydada səfehliklərini sübut etdi.

 

3. Müharibə 1914-1915-ci illərdə: İllüziyalar və pat vəziyyəti

 

1914-cü ildə çox sayda avropalılar müharibəyə həvəslə yollanırdılar. Hökumət təbliğatı müharibədən qabaqkı milli antaqonizmləri kəskinləşdirməkdə uğurlu gedirdi. Müharibə başlayan vaxt əksər xalqlar öz millətinin müharibəyə girmək səbəbinin ədalətli olduğuna həqiqətən inanırdılar.

 

Yeni yaradılan illüziyalar müharibə üçün olan entuziazmı qidalandırırdı.1914-cü ilin avqustunda hər bir adam inanırdı ki, müharibə bir neçə həftəyə başa çatacaqdır. Qısa müharibə illüziyası həmçinin digər illüziya ilə dəstəklənirdi, belə inam var idi ki, müasir sənaye erasında müharibə milli iqtisadiyyatı məhv etmədən, bir neçə aydan artıq çəkə bilməz. O vaxtlar müharibə hələ də çox adamlar üçün məhvedici cazibədarlığını saxlayırdı. Bəziləri üçün müharibə şərəfli macəra idi. Bir gənc alman tələbəsinin valideynlərinə yazdığı kimi: “Mənim əzizlərim, fəxr edin ki, siz belə bir vaxtda və belə bir millətin sırasında yaşayırsınız və siz... öz sevdiyiniz adamları belə şərəfli döyüşə göndərmək kimi imtiyaza maliksiniz”. Müharibə barədə bütün bu illüziyalar I Dünya müharibəsinin döyüş meydanlarındakı əzablı ölümlərlə birlikdə öldu.

 

Almaniyanın müharibəni tez başa çatdırmaq ümidləri hərbi oyun üzərində qurulmuşdu. Qərargahın planına görə, alman ordusu geniş dairəvi hərəkətlə Belçikadan şimali Fransaya daxil olacaq və Paris ətrafına gəlib çıxmaqla Fransa ordusunun əksəriyyətini mühasirəyə alacaqdır. Lakin plan başlanğıcdan bir başlıca defektdən əziyyət çəkirdi, ona görə Parisi dövrəyə almaq üçün güclü sağ flanq lazım idi. Lakin şərqdə Rusiyanın müdaxiləsi ilə əlaqədar olaraq sağ flanqdan ora qüvvələri köçürmək lazım gəldi.

 

4 avqustda alman qoşunları Belçikaya girdilər və kiçik müqavimətlə rastlaşdılar. Almanlar kəndləri yandırır, mülki adamları öldürürdülər.

 

Sentyabrın ilk həftəsindən almanlar Marna çayına çatdılar, bu, Parisdən yalnız 20 mil aralı idi. Almanlara elə görünürdü ki, onlar uğurun kənarındadırlar, həm də Britaniya qoşunlarının Fransadakı döyüşə girmələrini qiymətləndirməmişdilər. Fransız generalı Jozef Jofrun başçılığı altında Britaniya və Fransa qüvvələri almanları dayandırıb, geri oturtdular, lakin taqətdən düşmüş fransız ordusu da öz irəliləməsini davam etdirmək iqtidarında deyildi. Müharibə tezliklə pat vəziyyətinə düşdü. Nə almanlar, nə də fransızlar sığınacaq kimi qazdıqları tranşeylərdən bir-birini çıxarıb qova bilmirdilər. İki xətt üzrə tranşeylər La-Manş boğazından İsveçrə sərhədlərinə qədər uzanırdı. Qərb cəbhəsi tranşey müharibəsinə keçdi, hər iki tərəf onlarda faktiki olaraq eyni mövqeləri bir neçə il ərzində saxladı.

 

Qərbdəkinin əksinə, şərqdə müharibə daha mobil olması ilə seçilirdi, baxmayaraq ki, insan həyatı ilə haqq verilməsi bərabər qaydada nəhəng ölçüdə idi. Müharibənin başlanğıcında rus ordusu Şərqi Almaniyanın içərisinə girdi, lakin döyüşə komandanlıq edən general Paul fon Hindenburqun və onun qərargah rəisi general Erix Lyundendorfun nüfuzunu yüksəltdi. Ruslar artıq Almaniya ərazisinə təhlükə törətmirdilər. Almanların müttəfiqləri olan avstriyalılar az təşəbbüskar idilər. Onlar ruslar tərəfindən Qalisiyada məğlub edilmiş və Serbiyadan kənar atıldılmışdılar. İtalyanlar isə almanlarla və avstriyalılarla ittifaqı pozub, müttəfiqlər tərəfindən müharibəyə girərək 1915-ci ilin mayında Avstriyaya hücum etmişdilər. Alman-Avstriya ordusu Qalisiyada rus ordusunu məğlub edib, rusları geri, öz ərazilərinə oturtdurmuşdular. Rusların itkisi həlak olanlardan, yaralılardan və əsir götürülənlərlə birlikdə 2,5 milyon nəfər idi.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2016.- 25 iyun.- S.20.