Qırx ildən sonra...
1976-cı ilin isti bir iyul günündə universitetin
Jurnalistika fakültəsinə qəbul imtahanı verməyə
gəlmiş iyirmi yaşlı Allahverdinin indi altmış
yaşı tamam olur.
O isti iyul
günündə sənədlərindəki bir möhür
çatışmazlığından təzədən
Naxçıvana göndərdiyim Allahverdinin universitetin bu tələbini
bir sutkaya yerinə yetirmək üçün təzədən
Naxçıvana necə sürətlə gedib-gəldiyini
indiki kimi xatırlamaqdayam...
İyirmi yaşından altmışıncı
yaşınadək Allahverdinin həmişə
yaddaşımda olmağının bir neçə səbəbi
var. Amma bu səbəblərdən birincisi, əlbəttə,
iyirmi yaşlı gəncin universitetin imtahanlara bağlı sənəd
qəbulunun qurtarmasına cəmi bir sutka qalmış
Naxçıvana necə gedib qayıtmasıdır. Bir sutka ərzində
təyyarə-qatar dəyişmələri ilə hər
cür yol əzablarına sinə gərməsi bu iyirmi
yaşlı gəncin jurnalistikaya məhəbbəti ilə
bağlı imiş. Uğurlu qiymətlərlə
universitetə qəbul olan bu iyirmi yaşlı gənc isti
avqust günlərində tələbə adını
qazandı və elə bil həmin gün gəncliyin sonu oldu. Niyə
on altı, on yeddi yox, iyirmi yaşlı? Allahverdi
universitetə qəzetin içərisindən gəlmişdi, mətbəədə
linotipçi işləmişdi. Qəzetçiliyin
praktikasını tam mənimsəmişdi. Qalırdı nəzəriyyə və diplom məsələsi.
Bunu tələbə yoldaşları bilirdi və
ona ağsaqqal, təcrübəli jurnalist kimi
baxırdılar.
Mən elə
həmin il Allahverdinin də təmsil
olunduğu birinci kursun - 3796-cı qrupun rəhbəri oldum. O
qrupun da qəribə bir taleyi varmış. Elə bil qrupdakı tələbələrin
hamısını Allah öz
sevgiləri ilə yaratmışdı: Alı Mustafayev -
telejurnalist, Milli Qəhrəman, İradə Tuncay -
yazıçı, “Ədalət” qəzetinin baş redaktoru,
İlqar Həsənov - indi “Xalq qəzeti”nin fəal və
bacarıqlı bir müxbiri, Mirzə Əsgərov,
İntiqam Abışov, Füzuli Mustafayev, Sadiq Məsiyev -
AzTV- nin istedadlı və təcrübəli
əməkdaşları, Cümşüd İsgəndər,
Züleyxa Nadir, Rauf Ağayev, Qərənfil Xəlilova, Nərminə
Əlixanbəyova, Araz Qurbanov,
Rafiq Nəbiyev, İradə İmranqızı - ömrünü jurnalistikaya
bağlamış əsl qələm
sahibləri! Mən bu gün həmin qrupun tələbələri
ilə sədaqətli bir dostluq əlaqələrindəyəm.
Amma o zamankı iyirmi yaşlı Allahverdi indi 60 yaşı
tamam olan Allahverdi Məmmədlidir və tale elə gətirib
ki, Allahverdinin ömür yolu, karyera inkişafı həmişə
gözümün qabağında olub və sonda hətta, hər
gün eyni iş yerində -
Jurnalistika fakültəsində, mənim rəhbərlik
etdiyim kafedrada görüşürük.
Allahverdinin
bu gün iki mühüm iş yeri var: biri Azərbaycan
Respublikası Ali Məhkəməsinin mətbuat xidməti, ikincisi Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsi. Ancaq Allahverdi Məmmədli bu
nöqtəyə qədər çox böyük bir
ömür yolu keçib: o yolun çox maraqlı nöqtələrindən
biri Allahverdinin hələ tələbəykən SSRİ Jurnalistlər
İttifaqına üzv qəbul edilməsidir, o biri Jurnalistika
fakültəsində oxuduğu beş il ərzində 53
imtahan verməsi və 51 “əla”,
2 “yaxşı” almasıdır.
Universiteti bitirən kimi çox sevdiyi jurnalistika peşəsinin
məsuliyyətli sahəsində fəaliyyətə
başlayıb. Əvvəlcə Naxçıvan Dövlət
Televiziyasında, sonra Naxçıvanda nüfuzlu “Şərq
Qapısı” qəzetində, daha sonra “Xalq qəzeti”ndə məsul
vəzifələrdə işləyib, “Azad Azərbaycan” qəzetinin
Baş redaktoru, eyni adlı radionun məsul redaktoru olub.
Qəribədir, bütün bu vəzifə
karyerasının hamısında mən sanki Allahverdinin
yanında olmuşam. Çünki
bizim müəllim - tələbə əlaqələrimiz
çox tezliklə dostluğa çevrilmişdi və xətrini
çox istədiyim bu gənc jurnalistin taleyi mənim
üçün maraqlı idi. Bəlkə elə buna görəydi
ki, günlərin bir günü Allahverdi Məmmədli Azərbaycan Televiziyasında
işə başlayanda bir reportyor
kimi ilk müsahiblərindən biri mən oldum. Ömrünün Bakı həyatını
yaşamağa başlayan Allahverdi çox keçmədən
Azərbaycan Televiziyasında “Xəbərlər”
redaksiyasının Baş redaktoru vəzifəsinə irəli
çəkildi. O zaman yenə mən bu sədaqətli
dostumla Az.TV-nin bufetində tez - tez televiziya
jurnalistikasının peşəkarlıq məqamlarından
söhbət edirdik. Elə həmin vaxtlar mən bu cavan
jurnalistin yüksək səviyyəli praktik
bacarığından başqa, peşənin nəzəri
problemlərinə də bələd olduğunu hiss etdim və
yəqin ki, Allahverdi Məmmədlinin sonralar bizim kafedraya
müəllim keçməsində mənim bu müşahidələrim
də rol oynadı...
Amma hələ
bu mərhələyə bir az var idi.
Allahverdi bundan əvvəl elmi yaradıcılığa
xüsusi meyli olan bir jurnalist kimi klassik yazıçı və
jurnalistlərimizin bədii - publisistik irsi ilə çox
maraqlanırdı. Mən bunu onun tələbəlik illərindən
hiss etmişdim deyə günlərin bir günü Cəlil Məmmədquluzadə
yaradıcılığında azərbaycançılıq
ideyalarını tədqiq etmək istəyini bildirəndə
heç tərəddüd etmədən bunun maraqlı, aktual
bir ideya olduğunu bildirdim. Həmin anlarda Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev azərbaycançılığın
milli ideologiya kimi əsaslarını hazırlayaraq öz məruzə
və çıxışlarında bu məsələyə
xüsusi diqqət yetirirdi. İstedadlı alimlərimizdən
olan Sona Vəliyeva bu sahədə maraqlı tədqiqatlarını
ortaya qoymuşdu. Allahverdi Məmmədli bu ideyalar, bu tədqiqatlar
fonunda millət fədaisi “Cəlil Məmmədquluzadə
yaradıcılığında azərbaycançılıq”
məsələsini birbaşa tədqiqata gətirdi. Onun tezliklə ərsəyə gətirdiyi
bu tədqiqat əsəri İsa Həbibbəyli, Yavuz Axundov,
Əflatun Saraclı, Yusif
Seyidov, Arif
Əmrahoğlu, Nizami Cəfərov və digər alimlərin
yüksək qiymətinə səbəb oldu.
Allahverdi Məmmədlinin bu mövzuda namizədlik dissertasiyasının
Naxçıvan Dövlət Universitetindəki müdafiəsində
şəxsən mən də iştirak edirdim və o
müdafiənin necə uğurla keçdiyinin şahidi
olmuşam. Ancaq ona qədər heç
şahidi olmamışdım ki, müdafiə edən şəxsə
həm də diplom verilsin. Azərbaycan Jurnalistlər Birliyinin
Baş katibi Ramiz Əsgər
Allahverdi Məmmədlinin müdafiədən əvvəl
çap olunan “Cəlil Məmmədquluzadə
yaradıcılığında azərbaycançılıq” monoqrafiyasına görə ona elə
müdafiədəcə
Jurnalistlər Birliyinin Həsənbəy Zərdabi
diplomunu təqdim etdi.
Onda Allahverdi Məmmədli bir alim və xüsusilə,
bir Cəlil Məmmədquluzadəşünas olaraq Jurnalistika
fakültəsində müəllim kimi də fəaliyyət
göstərirdi. Allahverdi Məmmədlini Mirzə Cəlil
dünyasına cəlb edən bir neçə amil var. Onlardan
ən başlıcası, əlbəttə, Mirzə Cəlilin
millət yanğısı, Azərbaycan maarifçiliyinin
ustad nümayəndəsi olaraq, vətən, millət, ana dili
yolunda özünü fəda etməsidir. İkincisi,
Cəlil Məmmədquluzadə bütün millətin,
bütün xalqındır - bu, aydın bir faktdır. Ancaq Cəlil Məmmədquluzadə həm də
birbaşa Allahverdi Məmmədlinin sevimli Nehrəmində
doğulmuş bir Azərbaycan ziyalısı və mütəfəkkiridir.
XIX əsr Azərbaycan kəndinin fanatizminə,
savadsızlığına üsyan edən Cəlil Məmmədquluzadənin
doğma kəndi Nehrəmdən filologiya üzrə ilk alim
kimi Allahverdi özü çıxdı.
Üçüncüsü, Allahverdinin atası, İkinci
Dünya müharibəsinin odundan - alovundan keçmiş, əlil
olmuş Məhərrəm
kişi də Cəlil Məmmədquluzadənin jurnalistika məktəbinə
vurğun bir adam kimi qırx yaşından sonra jurnalistika
ixtisası almış, (hərçənd vaxtsız
ölüm bundan bəhrələnməyə imkan vermədi)
və oğlunun da bu yola çıxmasına səbəb
olmuşdu...
Bu səbəblər mənim düşüncələrimin
məhsulu deyil, bu səbəblər Allahverdini bir ziyalı,
bir peşəkar jurnalist və bir alim kimi tanıyan azman alimlərin
gəldiyi qənaətlərdir.
Akademik
İsa Həbibbəyli: “Allahverdi Məmmədli kifayət qədər
təcrübəsi olan tanınmış jurnalistdir... Elm sahəsində
də özünəməxsus xidmətləri olan Allahverdi Məmmədli
görkəmli Azərbaycan yazıçısı və
ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin
öyrənilməsinə böyük zəhmət sərf
etmişdir. Onun “Cəlil
Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq”
adlı monoqrafiyası bu sahədə ilk tədqiqat əsəridir”.
AMEA-nın
müxbir üzvü, professor Nizami Cəfərov: “Allahverdi Məmmədovun “Cəlil
Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq”
kitabı Cəlil
Məmmədquluzadə kimi böyük bir sənətkara,
millət və xalq yolunda bütöv ömür sərf etmiş bir ziyalı mücahidə məhəbbət
və hörmətin rəmzidir”.
Filologiya
elmləri doktoru, professor Şamil Vəliyev: “Ən
böyük istedad xalqımızın min illərdir
canında - qanında yaşatdığı klassik həqiqətlər
içində çağdaş, yeni və ən yeni
olanı görmək bacarığıdır. Allahverdi Məmmədli
həmin bəsirətin sahibliyini yaşayan həmvətənimizdir”.
Allahverdi
Məmmədli, həqiqətən də, harda olur - olsun, ətrafındakıların
hörmətini, məhəbbətini qazanan adamdır. Onun bu
xarizmatik xarakteri ailədən, Nehrəmdəki orta məktəbdən
gəlib, universitetin Jurnalistika fakültəsində zühur
edib, onun iş yerində tam formalaşmışdır. Mən
Allahverdinin orta məktəb
müəllimi olmuş Məsumə xanım Əliyevanın
onun haqqında haçansa yazdığı bir təbrik məktubunu
həyəcansız oxuya bilmədim. Məsumə xanım
yazır: “Sən yeddinci sinifdə
oxuyanda mən sizə “Fermada” adlı inşa
yazdırdım... Sənin yazın bütün
uşaqların yazılarından seçilirdi... Mən o vaxt:
sənin yazından jurnalist qoxusu gəlir - dedim. Sənin
gələcəkdə yerin universitetin Jurnalistika fakültəsidir.
Mənimlə razılaşdın. Axırda da jurnalist oldun. Hələ üstəlik
alim də oldun...”.
Allahverdinin
Jurnalistikadakı tələbəlik illərindəki dostları indi
onun haqqında ürək dolusu canlı xatirələr
yazırlar. İlqar Həsənov:
“Allahverdinin həyatdakı uğurlarının kökləri
Jurnalistika fakültəsindən başlayır”. Rauf Ağayev: “Uzaq dağlar qədər yaxın
görünən o tələbəlik illərində Allahverdi
mənim təsəvvürümdə dərslərini
yaxşı oxuyan, məsuliyyətli və intizamlı tələbə
obrazını yaratmışdı”.
Züleyxa Nadir: “Allahverdi Məmmədli
mənim tələbə yoldaşım, otuz illik dostum,
qardaşımdı. Baxmayaraq
ki, bu gün alim adı kimi qiymətli bir titulu çiyinlərində
daşıyır, amma mənim üçün illər
öncə yaddaşıma hopmuş, sadə, təvazökar,
kənd havası ilə nəfəs alan təmiz, saf bir oğlan
olaraq qalıb”.
Yuxarıda Allahverdi Məmmədlini peşəkar jurnalist, alim və insan kimi qiymətləndirən elm adamlarının, müəllimlərinin tələbə dostlarının, iş yoldaşlarının sitat gətirdiyim fikirlərinin üstündən düz on il ötür. Onda Allahverdi Məmmədlinin 50 yaşı vardı, indi onun 60 yaşı tamam olur. Allahverdi bu ötən on ildə də elmi sahədə yeni uğurlar qazandı. Cəlil Məmmədquluzadənin yaratdığı Molla Nəsrəddin ədəbi məktəbinin yaradıcılıq problemlərini tədqiqata cəlb edib filologiya üzrə elmlər doktoru elmi dərəcəsi aldı, neçə - neçə elmi, publisistik kitablarıyla, nüfuzlu xarici jurnallarda dərc edilən məqalələri ilə tanındı, Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etdi, amma heç vaxt xarakterini, insanlığını, dosta münasibətini dəyişmədi. Yəqin bu səbəbdəndir ki, Allahverdi Məmmədlinin 60 illik yubileyi xarici arenada da anılır, müxtəlif qurumların və görkəmli alimlərin də diqqətindən yayınmır. Yubiley gününə xeyli qalmış Allahverdinin ünvanına gələn təbrik məktubları ona olan məhəbbətin, Azərbaycan elminə olan diqqətin örnəkləridir.
KIBATEK Türkiye Başqanı Metin Turan Allahverdi Məmmədlini sənət və elm dünyasında qazandığı uğurlarına görə 60 yaşını təbrik edir.
Türk Halk Kültürünü Araştırma Kurumu Genel Başkanı prof.dr. İrfan Ünver Nasrattinoğlu Allahverdi müəllimi Azərbaycan və Türk milləti üçün yaşayıb-yaradan ziyalı kimi qiymətləndirir.
Allahverdi Məmmədlinin ünvanına Orta Asiyanın, Ukraynanın, Rusiyanın tanınmış alimlərindən təbriklər gəlməkdədir.
İndi çox - çox illər
bundan əvvəl iyirmi
yaşında ilk dəfə gördüyüm və sənədlərindəki
bir möhür çatışmazlığı
ucbatından yenidən Nehrəmə qaytardığım, amma
sonradan xətrini çox -
çox istədiyim bu adamın 60 yaşı tamam olur.
İyirmi yaşından tanıdığım Allahverdi
indi filologiya üzrə elmlər doktoru kimi bizim
kafedramızın seçilən bir müəllimidir. Yəqin
ki, bu dünyada müəllimlikdən yüksək heç
bir vəzifə yoxdur. Allahverdi
Məmmədli bu yüksək zirvədə xoşbəxt bir
ömür yaşayır.
Cahangir
MƏMMƏDLİ
525-ci qəzet.- 2016.- 25 iyun.- S.16