Afaq Məsud dünyası - (onuncu yazı)
Afaq Məsudun
“keçid dövrü” hekayələri adamın yadına məşhur
bir fikri salır ki, ədəbiyyat tarixin özündən
daha tarixidir...
Bu isə
o deməkdir ki, həqiqi yazıçının ədəbi-
ictimai təfsirində
bu və ya digər
dövrün hadisələri elə dəqiq təqdim
olunur ki, həmin dəqiqliyi (və həssaslığı)
heç bir tarix kitabında tapmaq mümkün deyil.
Çünki tarixin (əslində,
tarixşünaslığın) çox zaman “hesabdar” məntiqinə
(və üslubuna) əsaslanan ehtirassız, yaxud əsəbsiz
təhlilləri içərisində, nə qədər
paradoksal olsa da, cəmiyyət
tarixinin başlıca predmeti sayılan İnsanın
özünü axtarıb tapmaq müşkülə
çevrilir... “Keçid dövrü” hekayələrində
isə İnsanın hisslərinin, düşüncələrinin,
inamının, tərəddüdlərinin, mübarizəsinin,
ümumən bir zümrənin (ziyalılığın)
timsalında insanı insan, cəmiyyəti cəmiyyət edən
nə varsa onun məlum dövrdəki tarixi yazılır.
Afaq Məsud
müsahibələrinin birində qeyd edir ki, ictimai (əslində,
ictimai- siyasi) mövzuda yazdığı hekayələrdə onun
özü, yəni avtobioqrafiklik yoxdur. Bu fikirlə
razılaşmaq çox çətindir... Olsun ki (deyəsən,
biz də Afaq xanımdan yaza- yaza onun yazı üslubunun təsiri
altına düşürük, “olsun ki”
yazıçının sevimli ifadəsidir), “S.V.A.C.O”, yaxud
“Müvəkkil Vaysman”da avtobioqrafiklik, müəllifin dediyi
kimi, “Duyğular imperiyası”ndakı qədər deyil, ancaq
var, özü də kifayət qədər
güclüdür...
“II
İohan”, fikrimizcə, Azərbaycan
yazıçısının yalnız Azərbaycan ədəbiyyatının
deyil, ümumən dünya ədəbiyyatının tarixinə
düşmüş əsərlərindən
biridir. Və bu əsəri ideya- estetik mükəmməlliyinə
görə müasir
dünya nəsrinin ən dəyərli nümunələrilə
müqayisə etmək mümkündür.
Hekayə-roman şair Vaqif Bayatlı Önərə həsr
olunmuşdur.
Və əsər
Papanın heç gözlənilmədən bir müsəlman ölkəsinə -
Azərbaycana məlum tarixi səfəri
barədə məlumat- mülahizələrlə başlanır...
“...Papanın
ölkəyə təşrifi ərəfəsində mənimlə
qəribə işlər baş vermişdi. Günlərin
bir günü mən küçədə köhnə bir
tanışımla - bir vaxtlar yığcam ədəbi məclislərdə
oxuduğu təsirli şeirlərindən vəcdə
gəldiyimiz, sonradan ədəbi həyatımızın
hansısa döngəsində
itirdiyimiz keçmiş həmkarlarımla
rastlaşmışdım. Qəza hal- əhvaldan
sonra məni ən çox narahat edən mövzuya - Vatikan rəsmisinin
ölkəyə gəlişinə keçərkən,
keçmiş həmkarımın halının dəyişdiyindən
çaşqınlığa düşsəm də, bunu biruzə
verməmişdim.
Mən
Vatikan rəsmisinin səfəriylə bağlı mistik
düşüncələrimi, Papanın niyyətinin ilahi
aliliyini sübuta yetirən əlaqəsiz fikirlərimi
bölüşdükcə, o, məni hansısa
uzaqlıqlardan dinləyirdi”...
Polemika
davam edir...
“...Mən Papanın bir vaxtlar müqəddəs Pyotr
meydanından yayımlanan moizə vaxtı qəfildən
duasını kəsib, ucsuz- bucaqsız izdihama sarı
çönərək:
- Qorxmayın... - deməsini
xatırlayır, onun, insanlığı bütün ərazilərin
və sərhədlərin, təriqətlərin və dinlərin
fövqündə, bu
dünyadan əsrlər və qərinələrlə
köçüb getmiş saysız- hesabsız ruhlarıyla birgə duyduğunu ona
anlatmağa çalışırdım.
O, qətiyyətlə
susurdu. İçində laxlamaq istəyən hansısa əsaslı
hörgülərin nizamını itirib
dağılacağından çəkindiyi bilinirdi”...
Və
Papanın qeyri- adi (dinfövqü!) demokratizmi xatırlanır...
Hekayənin
ortalarından sonra “analitik fraqmentallıq” başlanır...
“...Mənim
bu xəstəhal əşya qorxum nə iləsə, məmur
həmkarımın həmin o gizli Ədəbiyyat qorxusunun
davamına, ya bəlkə də, əvvəlinə bənzəyirdi.
Bəzən mən bu qorxular kəsiyində bircə şeyi dəqiq
anlayırdım ki, dostumla mən, bu dünyanın bir- birinin
qəsdinə duran və eyni zamanda,
biri o birini qəribə bir uyarlıqla tamamlayan
hansısa zidd qütbləri ilə - bədənin ruhla, şüurun duyğuyla,
aşkarın gizliylə bir- birinə qənim kəsildiyi,
yaxud bir- birini, necəsə, istisna etdiyi hansısa sirli qanunauyğunluqlar üzrə bir-
birimizdən qorxuruq”...
“Reportaj”
üslubu “fraqmentallığ”ı daha da gücləndirir...
“...Papanın
titrək səsi salona yayıldıqca, onun bura, bu duyğusuz,
küləkli məmləkətə bizləri anlamadığımız
nələrdənsə - hansı uçurumlardan və təhlükələrdən
qorumaq, gizli ağrılardan və
darısqallıqlardan azad etmək naminə, yoxsa, tək bir məndən
ötrü - bu dünyada məhv olmadan yaşamaqdan
ötrü zəruri olan köndələn
duyğularımın həqiqiliyini təsdiqləməyə
gəldiyini anlayır, böyük İlahi Rəhmin
hüdudsuzluğunu dərk edirdim...
...Pontifik
danışdıqca, fikirləri tez- tez qırılır,
gözləri məchulluğa zillənib qalır, sanki dediklərini
ordan oxuyur, danışanda əzab çəkdiyi bilinirdi.
Çıxışının sonunda o, kahinlərin köməyi
ilə ayağa qalxdı, titrək əlini havada saxlayıb
kiməsə qəzəblə:
-
Acların qabağında yemə!.. - dedi, sonra dayandığı yerdə heysiz ləngərtiylə yellənib,
- yeyirsənsə, onları da süfrənə dəvət
elə... - deyib susdu.
Papanın bu qəfil çağırışından
sonra salona pıçhapıç düşdü. Bayram təntənəsi
saçan qırmızı örtüklü səhnə bir müddət
hərəkətsiz donuqluqda qaldı...
Ortaya
düşən pərtliyi səhnəyə
çıxarılan uşaq xoru pozdu”...
Yazıçı
irreallıqdan reallığa keçir...
“...Papadan
sonra ölkədə, həqiqətən, nəyinsə dəyişdiyi,
nəyinsə sona yetib bitdiyi bilinirdi... İl uzunu gah
şimaldan, gah cənub istiqamətindən əsən küləklərin
bulandırıb bozartdığı dənizin,
tozanağın altında bozara qalan yaşıllıqların rəngi
dəyişmişdi. Papanın şəfqətli
yağışlarından sonra elə bil, insanlar da dəyişmişdi.
Şəhərin küçələrini yorğun izdihamla
dolduran paytaxt əhlinin seyrəlməsi müşahidə
olunurdu”...
Və
hekayə- roman sona çatır...
“...Mənsə
az qala, yuxuda da yazır, bəzən yazdıqlarımın xəstəhal
yazıçı
uydurması olduğundan xofa düşür,
yazılı vərəqləri cırıb zibil qutusuna
atır, sonra cırdıqlarımı yenidən
yazırdım. Bəzənsə yuxularıma xüsusi
uniformada gələn
keçmiş həmkarımın sərt göstərişlərini
və düzəlişlərini yerinə yetirir, qızdırmalı sayıqlamaları
andıran bu darısqallığın cəngindən qurtula bilmir, ona təslim olurdum. Bəzi yuxularda isə mənim
bədii yağışlarımın içinə
düşüb başlarını itirən, xof dolu üzlərlə
harasa tələsən qələm dostlarımla rastlaşır, onları nələrdənsə
xilas eləməkdən ötrü həyəcandan boğula-
boğula:
-
Qorxmayın... qorxmayın... - deyir və niyəsə,
özüm- özümdən vahimələnirdim”...
Yazıçı
müsahibələrindən birində deyir:
“... “Duyğular imperiyası”nda da tez- tez “O məni sevir” adıyla rastlaşırsız yəqin... Bu, mənim ilahidən aldığım sevgi təəssüratlarımın yalnız kağıza köçə bilənləridir. Ola bilsin kimlərsə bu yazıların mənim yazıçı təxəyyülümün məhsulu olduğunu düşünürlər. Lakin bu belə deyil. “II- ci İohan” əsərimdə yağışları idarə etdiyimi, küçə ilə getdiyim yerdə istənilən yerdə onu dayandırıb sonra yenidən yağdırdığımı yazmışdım. Bəlkə də, çox adam bunu əsərin bədii gücünün artırılması üçün istifadə etdiyim ədəbi priyom kimi qəbul etmişdi. Əslində isə, bu, həqiqətən baş vermişdi. Roma Papasının Bakıya gəlişiylə başlanan leysan yağışlarının ölkədə möhtəşəm təmizlik işi apardığını anlayan mən, olsun ki, həmin o yağışlarla necəsə, kontakta gedə bilmişdim... Yağışlar mənim ürəyimdən keçən həmin o istəklə dayanır, digər istəklə yenidən çiləməyə başlayır və bununla, sanki, mənim yanılmadığımı, bu ölkədə həqiqətən durultma işləri apardıqlarını mənə bildirmək istəyirdilər”...
Əsl yazıçı həm də sehrkardır...
Afaq Məsudun “Can üstə” hekayəsi onun yaradıcılq bioqrafiyasında bir neçə baxımdan xüsusi hadisədir... Birincisi ona görə ki, həmin hekayədə “müəllif” “dörd divar” arasında özünə qapılmaqdan nəinki xilas oldu, hətta etirazlara baxmayaraq başqasının evinə (və həyatına!) müdaxilə etməkdən çəkinmədi... İkincisi, “can üstə” ifadəsinə elə bir ideya- estetik məzmun verdi ki, bütövlükdə yazıçının yaradıcılıq texnologiyasını əks etdirən motivlənmiş bir ədəbi məfhuma çevirdi (“mən yazanda can üstə oluram” dedi)... Və nəhayət, bu hekayə ilə dramaturgiyaya (teatra) gəldi...
“...Mənim gəlişimi o ötən dəfə də beləcə- başını balışdan ayırmadan, əvvəllər elədiyi kimi, azca da olsa, dikəlib aralıqdan görünən dəhlizə boylanmadan, elə gözüyumulu halda uzandığı yerdə bilmişdi. Ötən dəfə də onu oyatmamaqdan ötrü otaq boyu barmaqlarımın ucunda gəzişdikcə, özünü ölülüyə vurmuş, axşamacan canüstü konvulsiyalarda vurnuxmuş, mən onun oyanmağını gözləməkdən əldən düşüb üzülmüş vəziyyətdə evə gedənəcən, gözlərini bircə dəfə də olsun açmamışdı. Onun, bu qurama “can üstə” tamaşalarıyla məni hürküdüb bu evdən, ətrafından didərgin salmaq istəyi mənə çoxdan bəlli olsa da, özümü o yerə qoymur, səbrlə tamaşanın axırını gözləyirdim”...
“Can üstə” hekayəsinin həm subyekt, həm də obyekt qəhrəmanları ilə tanışlıq belə başlayır. Və təhkiyə davam edir:
“...Hər şey günlərin bir günü Səidənin mətləbi açıb, onun vəzifədə olduğu dövrlər barədə roman yazdığımı deyəndən başlamışdı. Onun, bu xəbəri qəfil ölüm hökmü kimi qəbul etdiyini, Səidə ilə mən qocanın, oturduğu yerdə birdən-birə ağarmasından, üzündə ölüm qorxusunun kölgəsini andıran bozumtul kölgələrin dolaşmağa başlamasından anlamışdıq. Qoca avazımış bənizi ilə donub qalmış, sonra ayağa qalxıb ehmal addımlarla otaqdan çıxmışdı. Dəhlizdən sivişib hamama girmiş, qapını o biri üzdən qıfıllayaraq, axşama qədər, mən onu gözləməkdən cana doyub evə gedənəcən ordan çıxmamışdı”...
Qocanın müxtəsər tərcümeyi- halı isə bundan ibarətdir ki, müharibə illərində təhsilini başa vurub, əvvəl “yoxsul bir kəndin böyük bir kolxozuna”, sonra isə rayona rəhbərlik eləyib. Və “bu adamın həmin dövrlər at belində kəndlərin daş- kəsək yollarıyla gəzə- gəzə buğda bölümünə nəzarət etməsi, ön cəbhədən yayınan fərariləri tapdığı yerdə güllələyib, yaxud hərbi komissarlığa təhvil verib, əsgər ailələrinə, xüsusən göyçək dul qadınlara “xüsusi qayğı” göstərməsi” də məlumdur.
Qoca bütün bunları kənara qoyub ölüm qabağı özündən abırlı bir “rəsmi” tərcümeyi- hal uydurmağa çalışır...
Və yazdıqlarını (hisslərini!) qəribə bir qısqanclıqla gizlədir...
“...Başım səhifələri ayırmağa qarışmışdı ki, qəfildən qocanın xırıltı dolu səslə:
-...
Çəkil ordan! Əl vurma onlara!..- deməsindən dik atıldım.
Qocanın
gözləri yumulu idi... lakin ona diqqət kəsildiyimi necəsə,
anlayıb səsini yumşaltdı...
-... yalvarıram... işin olmasın... - dedi, sonra
özünə gəlmiş kimi, ayıq tərzdə. -
Axı sən nə istəyirsən, bala?..
- deyə əlavə elədi. Dinmədiyimi
görüb bir az da yazıqlaşdı, səsinin
isti yerinə salıb. - Nə istəyirsən məndən?.. - dedi və yorğun- yorğun nəfəs
dərdi”...
Ancaq
yazıçı marağı hər cür maneələrə
üstün gəlir... Birarxeoloq marağı ilə
insan- abidənin bütün mənəvi
süxurlarını tədqiq edib hansısa “tarixi həqiqət”i
aşkarlamağa davam edir.
“...Mən,
göz qapaqlarımı ağırlaşdıran yuxunu
qaçırmaqdan ötrü, bir- birinin ardınca fincan-
fincan tünd çay içə- içə, şəhərlərarası treylerə sığacaq “tarixi”
qovluq qalağının içində eşələnir,
burda yazılanların - ayrı- ayrı cümlələrin,
qeyd və misalların məzmunu, əlaqəsizliyi və
qırıqlığı ilə qocanın canüstü
sayıqlamalarının davamına, ya əvvəlinə bənzədiyindən
heyrətə gəlirdim...
Heç bir mənası, məntiqi
ardıcıllığı olmayan söz
yığnağıyla dolu bu saralmış səhifələr
qəribə idi ki, həm də bizlərin
anlamadığı hansısa yad ərazilərdə
yaşanan hədsiz dolu və ağrılı bir həyatın
mənzərəsini yaradırdı”...
Qoca öldükcə saflaşır, gözəlləşir...
Nizami Cəfərov
525-ci qəzet.- 2016.- 25 iyun.- S.15.