"Mənə elə gəldi ki, bütün Azərbaycan Aşağı Veysəllidədir..."

 

Yazıçı Seyran Səxavət ön cəbhədə əsgərlərlə görüşüb

 

 

 

Tanınmış yazıçı Seyran Səxavət bu günlərdə cəbhə bölgəsində olub, əsgərlərimizlə görüşüb.

Yazıçı görüşlə bağlı təsuratlarını Moderator.az-la bölüşüb:

Bir neçə gün bundan qabaq Füzuli bölgəsinə getmişdim. Orada dostlarla, tanışlarla, camaatla fərdi qaydada, bəzən bir neçə nəfərlə birlikdə görüşlərim oldu. Sonra üzümü tutdum cəbhə bölgəsinə. Cəbhənin Haramı düzündə, Aşağı Veysəlli kəndi istiqamətində, təmas xəttinin qaynar yerində əsgərlərimizlə görüşdüm. Heç onlar məni gözləmirdilər. Təxminən 30 nəfərə yaxın əsgər idi, bir gülərüz komandirləri vardı. Hamısının üzlərindən, gözlərindən kişilik yağırdı. Bilmədim bu kişilik onlarda anadan gəlmədir, yoxsa təmas xəttində adam istər-istəməz çevrilib kişi olur. Amma mənə elə gəldi ki, onlarda bu keyfiyyətin ikisivar, həm qanlarında var, həm də erməniylə üzbəsurət dayanmaları böyük rol oynayır.

Daha sonra əsgərlərin şəraiti ilə tanış oldum. Sovet vaxtında nümunəvi hərbi hissələr var idi. Orada ideal təmizlik, yaşamaq üçün, hərbi sirlərə yiyələnmək üçün hər cür şərait olurdu. Burada da mən onun lap yüksək formasını gözümlə gördüm. Mən qulağımdan çox gözümə inanam adamam. Yataq otaqları, yeməkxanaları ideal təmiz, ideal hərbi vəziyyətdəydi. Uşaqlarla bir qədər söhbət elədim, onlara məhəbbət şeirləri oxudum. Hamısının gözündən məhəbbət yağırdı. Mənə elə gəldi ki, o yaşda uşaqlar üçün Vətən elə məhəbbət deməkdir və yaxud da Vətənlə məhəbbət ikisi bir yerdədir. Əsgərlər əvvəlcə bir qədər sıxılırdılar, sonra elə etdim ki, çox sərbəst söhbət elədik. Hamısı da subay uşaqlar idi, hətta komandirləri də subay idi. Onlarla söhbətimiz o qədər səmimi alındı ki, telefon nömrəmi də onlara verdim. Dedim ki, bu, mənim teelfon nömrəmdir, inşaallah toyunuz olanda, kişi deyilsiz məni toyunuza çağırmasaz. Məndən təxminən 50 yaş balaca uşaqlar kişilik edib məni toyuna çağırandan sonra yəqin ki, mən də özümdə kişilik tapıb sizin toyunuza gələrəm.

Sonra onlardan xahiş elədim ki, sıraya düzülsünlər. Dedim ki, hamınızı bir-bir öpəcəm, mən sizə yaxınlaşanda adınızı və hansı rayondan olduğunuzu deyin. Onlara yaxınlaşıb bir-bir öpürəm, adların dedikdən sonra Qazax, Astara, Zaqatala, Şamaxı, Bakı, Şirvan, Gəncə, Şəmkir, Tovuzs. söyləyirlər. Elə bil ki, orada bütün rayonlardan uşaq var idi. Mənə elə gəldi ki, bütün Azərbaycan oradadır. Füzulidə, cəbhənin Aşağı Veysəlli istiqamətindəki təmas xəttində. Bu da mənim çox xoşuma gəldi ki, Azərbaycan bir yerdədir, hamısı da bir məqsədlə dayanıblar. Uşaqların əhval ruhiyyəsi də çox xoşuma gəldi, hamısı elə bil zəncir gəmirirdi.

Əsgərlərə dedim ki, uşaqlar, bu dəfə bir az tələsik gəlmişəm, gələn dəfə lap arxayın gələcəm, əməlli-başlı bir söhbət edərik. Uşaqlardan biri dedi, Seyran müəllim, gələn dəfə gələndə ola bilər ki, bizi burada görməyəsiz. Düzü təəccübləndim, soruşdum ki, nə məsələdir. Cavab verdi ki, bu ermənilər sözə baxmırlar, mənə elə gəlir siz gələn dəfə gələndə bizi ona görə burada görməyəcəksiz ki, biz artıq İrəvan tərəfdə olacağıq. Bu söz o qədər xoşuma gəldi ki, danışanda da tüklərim biz-biz olur.

Səngərdən durbinlə qarşıdakı torpaqlarımıza baxdım, çox yerləri gördüm. Məşhur Qaraköpək təpəsini, Lələtəpəni gördüm. Kəndimizi isə görə bilmədim, kəndimizin Qaraquzey deyilən bir dağı var, o girdi aramıza. Qara Quzey həmişə mənlə üzbə-üz olub, mən Qara Quzeylə üzbə-üz doğulmuşam. Amma bu dəfə mənlə kəndin arasına girdi, kəndimizi görə bilmədim. Onlardan ayrılanda fikirləşdim və inandım ki, lap yaxın vaxtlarda bu uşaqlar məni Qaraquzeyin təpəsinə qaldıracaq, oradan bütün Azərbaycan ovcumun içi kimi görünəcək...”.

 

Qeyd edək ki, yazıçı S.Səxavətin əsgərlərimizlə görüşü zamanı maraqlı və dəyərli şəkillər də çəkilib. Hərbi əhəmiyyətli mövqelərimiz göründüyünə görə şəkilləri yayımlamırıq.

 

525-ci qəzet.- 2016.- 25 iyun.- S.13.