Gəncədə Nigar
Rəfibəyli Poeziya günü
Gəncə şəhər İcra
Hakimiyyəti, Mədəniyyət
və Turizm İdarəsinin dəstəyi,
Azərbaycan Yazıçılar
Birliyi Gəncə bölməsinin təşəbbüsü
və təşkilatçılığı
ilə Nigar Rəfibəylinin adını
daşıyan 43 saylı
tam orta məktəbdə
Nigar Rəfibəyli Poeziya günü keçirilib.
AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova çıxışında N.Rəfibəylinin çoxşaxəli, rəngarəng yaradıcılığı barədə danışıb, Rəfibəylilər nəslinin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərini vurğulayıb.
O deyib ki, Xalq şairi N.Rəfibəyli əzablı, keşməkeşli, lakin çox şərəfli həyat yolu keçib. Həmçinin Xəzangül Hüseynova vurğulayıb ki, ulu öndərimiz Heydər Əliyev bu ailə haqqında danışarkən bir evdən üç görkəmli şəxsiyyətin çıxdığını, iki Azərbaycan xalq şairinin, bir Azərbaycan xalq yazıçısının yetişdiyini deyib: “Bu gün isə öz istedadı ilə bu ailənin estafetini Günel Anarqızı uğurla davam etdirir”.
Məktəbin dil-ədəbiyyat müəllimi Vəfa Cəfərova N.Rəfibəyli poeziyasının gözəlliyi, tərcümə sahəsində fəaliyyəti barədə fikir və düşüncələrini bölüşüb.
43 saylı məktəbin şagirdləri N.Rəfibəylinin şeirlərindən ibarət maraqlı kompozisiya ilə çıxış ediblər.
Şair və yazıçılardan Ramiz Təmkin, Sahib İbrahimli, İnqilab İsaq, Elməddin Nicat, Ofelya Mədətqızı, Gülafət Bayramova,Nadir Ovçu, Ceyhunə Mehmanqızı, Cahandar Aybər, Zaur Quluyev, Arzu Paşayev, İmam Cəmilli, Oqtay Abdulla, İmamverdi Məmmədov, Banu Qarayeva, Oruc Göyçəli və Aləmzər Əlizadə N.Rəfibəyli barədə öz ürək sözlərini deyiblər və ona həsr etdikləri şeirlərini oxuyublar.
525-ci qəzet.- 2016.- 25 iyun.- S.12.