“Mənimlə evlənmək
üçün dinini dəyişdi”
XALQ ŞAİRİNİN ABŞ-DAKI QIZI: “AZƏRBAYCAN ÜÇÜN BURNUMUN UCU GÖYNƏYİR”
Moderator.az saytı “Qürbətdəki məşhurlar”
layihəsində Xalq şairi Fikrət Qocanın Amerika Birləşmiş
Ştatlarında (ABŞ) yaşayan qızı Günay
Qocayeva ilə müsahibə yayıb.
Müsahibəni ixtisarla “525”-in oxucularına təqdim
edirik.
-
Günay xanım, qürbət həyatını nə zaman
seçdiniz və necə oldu ki, ABŞ-a getdiniz?
-
Düzünü desəm, qürbət həyatını
seçməyim gözlənilməz oldu. Heç
ağlıma da gətirməzdim ki, mən ABŞ-a gedib, orada
qalacağam. Amma onu da deyim ki, Amerika mənim
uşaqlıq arzum olum. Anam da hər zaman
yadıma salır ki, sən uşaq vaxtından Amerikaya getməyi
xəyal edirdin. Bağda olanda
başımızın üstündən keçən təyyarələrə
baxardım və barmağımı təyyarələrə
uzadıb deyərdim ki, mən o təyyarələrdən
birində Amerikaya uçacağam. ABŞ-ın
klassik filmlərini çox sevərdim, Amerikanın
qışı, təbiəti çox xoşuma gələrdi
və hər zaman da özümü orada təsəvvür
edirdim. Arzu edirdim ki, bir gün mənim də orada belə
bir evim, bağçam olsun, iş elə gətirdi ki, mən
həyat yoldaşım Corcla (Cebrum George) tanış
oldum. Mən ona dinimizdən, adət-ənənələrimizdən
danışdım. O da məni yaxından tanıdı,
adətlərimizi öyrəndi, Bakıya gəlib bizim adətlərə
uyğun atamdan evlənməyimiz üçün
razılıq aldı. 2004-cü ilin aprel
ayında da məni klassik filmlərdə görüb xəyal
etdiyim ABŞ-a qovuşdurdu. Həm buna
görə, həm də mənə olan qayğısına,
sevgisinə, arzularımın bir hissəsini gerçəkləşdirdiyinə
görə ona minnətdaram.
- Demək
ki, Günay xanım ABŞ-a gəlin köçdü. İstərdim səmimi etiraf edəsiniz, sevdiniz deyə
əcnəbi vətəndaşla ailə həyatı qurdunuz,
yoxsa ki, uşaqlıq arzunuzu gerçəkləşdirmək
üçün bu izdivaca razılıq verdiniz?
- Elə
olmuş olsaydı, həqiqəti söyləyərdim, mən
heç vaxt gerçəyi deməkdən çəkinmirəm,
yalanı xoşlamıram. Bunu ətrafımdakı
qohumlarım, tanışlarım da bilir. Əslində
mən özüm ABŞ-a getmək, orada işləmək, həyat
qurmaq haqqında düşünürdüm. Amma
ağlıma gəlməzdi ki, Amerika vətəndaşı
ilə tanış olaram. Bu,
təbii ki, Allahın qismətidir. Onunla tanış
olanda ürəyimə çox yatdı, mənə öz
millətimizi xatırlatdı. İndinin özündə də
bizə kim qonaq gəlirsə, deyir ki, bu
insanda amerikalı əlaməti yoxdur, azərbaycanlıya
oxşayır. Onu da deyim ki, mən xarici gözəlliyə
o qədər önəm vermirəm. Əsas xasiyyəti,
xarakteri, iç dünyası, daxili gözəl olsun və mənim
də bu insanın məhz bu keyfiyyətləri xoşuma gəldi.
Çox mehriban, qayğıkeş insandır və
mən də elə bu xasiyyətlərinə görə onu
sevdim. Sevdim deyərkən, dəli-divanə
oldum, Leyli oldum, çöllərə düşdüm, yox,
elə bir şey olmadı, sadəcə olaraq onu insan kimi bəyəndim.
Həm də yaşımın o vaxtı idi ki,
artıq ailə həyatı qurmalıydım, valideynlərim
də bunu istəyirdilər. Deyirdilər ki, nə vaxtsa
çıxıb xaricə gedəcəksənsə, təkbaşına
getmə, ailə qur və həyat yoldaşınla bərabər
get. Bu evlilikdən sonra həm valideynlərimin,
həm də mənim arzularım gerçəkləşdi.
Bir şeyi də deyim ki, həyat yoldaşım Corcun
bizim millətə, dinimizə böyük məhəbbəti
var və bu da məndə ruh yüksəkliyi yaradır. Mənimlə evlənərkən
namaz qıldığımı bilirdi və mən də ona
dedim ki, mənə Allahın kəbini də lazımdır, kəbin olmadan ərə gedə bilmərəm.
Hətta qeyd etdim ki, Allahı o qədər sevirəm
ki, onun kəbini mənimçün dövlət kəbinindən
də vacibdir. Xristian olduğu
üçün də bizim kəbin kəsdirməyimiz
mümkün deyildi. Corc buna görə
İslamı qəbul etdi, müsəlman oldu.
- Belə
anlaşıldı ki, bu izdivacda Corcun sevgisi daha güclü
oldu?
- İnsan ürəkdən sevməsəydi, bu
addımı atmazdı, onun sevgisini çox dəyərləndirirəm. Mən
ABŞ-da çox şeylər gördüm, burada qadınlar
öz həyat yoldaşına Azərbaycan qadınları kimi
münasibət göstərmirlər. Bunlarda
münasibətlər çox kobud alınır. Ona görə də qohumları yoldaşıma
tez-tez deyirlər ki, biz də Azərbaycandan evlənmək istərdik.
Onlar mənim yoldaşıma münasibətimi
görürlər və belə bir azərbaycanlı
xanımın həyat yoldaşı olmasını
arzulayırlar.
-
Günay xanım xarici vətəndaşla ailə qurmaqla
yanaşı həm də bir xristianı müsəlman elədi.
Yaşadığınız şəhərdə
necə, sizi tanıyandan sonra İslamı sevənlər, qəbul
edənlər olubmu?
- Həyat
yoldaşımın əmisi oğlu və bacısı
oğlu da İslam dinini qəbul eləyib. Bir rəfiqəm
var, xristiandır. Mən hər
sözümdən sonra inşaallah deyirəm, rəfiqəmlə
yoldaşımın qohumu o inşaallah sözünü elə
ürəklə təkrar edirlər ki. Bu
sözü sevməkdən əlavə inanaraq təkrar edirlər.
Öz dillərində danışıb hansısa işlə
bağlı plan qursalar da belə inşaallah deyirlər.
Burada yaşayandan bəri millətimizə məxsus bütün gözəllikləri təbliğ etdim. Məni tanıyan insan millətimi də, dinimi də, bayrağımı da, Vətənimi də tanıdı. Burada yaşayan azərbaycanlı tələbələr var idi ki, onları öz balam kimi ağuşuma aldım. Hansı azərbaycanlı tələbəni görüb tanıyırımsa, onlara ana qayğısı göstərirəm, ABŞ-da ikinci anaları oluram. Çünki onlar da burada oxumaqla yanaşı ölkəmizi gözəl təbliğ edirlər. Sərdar Bağırzadə, İmmi Cəlilova burada təhsil alıb Bakıya qayıtdılar. İndi burada iki balam qalıb, biri öz oğlum Pərvizdir, o biri də Həci balamdır. Həci balam da burada tələbə olub, indi də mühəndis işləyir. Qapım millətimin üzünə açıqdır, millətimi çox sevirəm, heç vaxt da heç kimin ayağına vermərəm.
- Demək, Azərbaycanı, azərbaycanlılığı da özünüzlə ABŞ-a aparmısınız...
- Amerikada yaşamağı uşaqlıqdan xəyal etsəm də, ölkəmi, millətimi çox sevirəm. Burada yaşamaq istəməyim o demək deyil ki, Vətənimdən xoşum gəlmir. Vətənim həmişə ürəyimdədir, Azərbaycanımı da özümlə bərabər bura gətirmişəm. Burada balaca bir Azərbaycan yaratmışam.
- ABŞ-da diliylə, diniylə, adətiylə tam bir azərbaycanlı kimi qalmağı bacarmaq çətin deyilmi?
- Çox çətindir. Burada hər kəs bal içində yaşamır, çətinliklər də olur, əziyyətlər də. Heç nə birdən qurulmur, hər şeyi yavaş-yavaş qurmağı bacarmalısan, güclü olmalısan. Mənə elə gəlir ki, bu ölkəyə gələndən sonra daha da güclü olmuşam. Burada həyatın çətinliyini görə-görə gücləndim. Bakıda Fikrət Qocanın ailəsində olduğum üçün hara gedirdimsə, hər şey hazır olurdu. Mənsə hər şeyə özüm nail olmaq, güclü olmaq istəyirdim, düşünürdüm ki, sərbəst yaşamağı bacarmalıyam. Bakının adət-ənənələrinə görə isə valideynlərim məni onlardan ayrı yaşamağa qoymazdılar, heç mən də orada ola-ola onlardan ayrı düşə bilməzdim. Şükürlər olsun ki, mən ABŞ-a gəldim, sərbəst yaşamağı da bacardım.
Bəzi simalar var ki, insan onları heç vaxt görməyi arzulamaz, amma o silamaları da gördüm. Demək olmaz ki, Amerika ideal bir ölkədir. Düzdür, insanlara, kimsəsizlərə, heyvanlara yardımlar edirlər. Ancaq başqa millətlərə münasibətləri fərqlidir, elə insanlara rast gəlmişəm ki, bəlkə mənim ləhcəmi, dərimin rəngini, başqa bir ölkədən olmağımı xoşlamayıblar. Mən onlara rast gəldikcə, o simaları gördükcə, o yollardan keçə-keçə gücləndim və onlara öz qüvvətimi göstərdim. İndi sevinirəm ki, mən o kələ-kötür yollardan keçmişəm və Allahın izni, köməkliyi ilə bu gözəl günə gəlib çıxmışam.
- Yaxşı ki, çətinlikləri geridə qoymağa gücünüz yetib və bu gün biz nikbin bir xanımla həmsöhbətik. İndi də bir qədər oğlunuz barəsində danışmağınızı istərdik. Oğlunuzu bir azərbaycanlı kimi böyüdə bilirsinizmi?
- Təbii ki, oğlum azərbaycanlı kimi böyüdürəm, heç imkan vermərəm ki, amerkalılar kimi böyüsün. Buradakı uşaqların yarıdan çoxu tərbiyə, mədəniyyət, ünsiyyət sarıdan kasıbdır, çox kobuddurlar. Şükürlər olsun ki, oğlum onlar kimi deyil, o da mənim kimi millətpərəstdir.
- Eşitdiyimə görə, yaşadığınız ərazidə balaca bir cənnət var. Həmin cənnətin cəlalından danışa bilərsinizmi?
- Yaşadığım ərazidə balaca bir cənnət var, düzdür, deyirlər ki, Allahın cənnətinin yerini heç nə verə bilməz. Ancaq bura da bizim bu dünyadakı balaca cənnətimizdir. 2005-ci ildə aldığımız bu evi ona görə seçdim ki, evin ətrafında çox gözəl mənzərə var idi. Burada gözəl göl, müxtəlif heyvanlar, quşlar var ki, onları həddindən çox sevirəm.
Özüm üçün burada balaca bağça yaratmışam, rəngarən güllər əkmişəm. Burada arı quşları var, o quşların qidalandığı gülləri almışam ki, hər səhər arı quşlarını görüm. Hər səhər qəribə səsləri ilə məni yuxudan oyatsınlar. Buranın səhərini çox sevirəm, səhərlər durub eyvana çıxıram, oturub xeyli düşünürəm, xəyallara dalıram.
Çox xoşbəxtəm! Tanrı mənə çəkdiyim bütün çətinliklərin qarşılığını verdi, bizə çox pul xərcləmədən belə bir ev qismətimiz oldu. İndi də bu gözəlliyin ətrafında xoşbəxt yaşayırıq. ABŞ-da xoşbəxt olmaq o qədər də çətin deyil, burada insanların balaca da olsa, öz evlərinin, öz künclərinin olması onları daha xoşbəxt edir.
- Amerikalılara milli mətbəximizi nə qədər sevdirə bilmisiniz?
- Millətimizin qonaqpərvərliyi çox dəyərli xüsusiyyətimizdir. Azərbaycanlılar qədər qonaqpərvər millət yoxdur. Amerika insanı bişirib-düşürməyi bacarmır, donmuş yeməkləri isidib yeməklə qidalanırlar. Mən əhatəmdəki insanlara qonaqpərvərliyi aşılamağı bacarmışam. Bizim yeməkləri sevdirmişəm, plovu, bozbaşı, küftəni, kababı, toyuq cığırtmasını, qoyun ətindən hazırlanmış müxtəlif yeməkləri çox xoşlayırlar, dolmanı o qədər də sevmirlər. Səhərlər pomidor yumurta yeməyi çox sevirlər. Oğlum üçün bozbaş, küftə, yoldaşım üçün tez-tez kotlet bişirirəm.
- Günay xanım, şeirlə aranız necədir? Atanız kimi siz də şeir yazırsınızmı?
- Şeiri çox sevirəm, xüsusən də atamın şeirlərini, amma şeir yazmıram. Xobbi kimi hərdən mahnı bəstələyirəm, ancaq özümə bəstəkar demirəm.
- Azərbaycana gəlib, gedirsinizmi?
- Sonuncu dəfə 2012-ci ildə gəlmişdim, o zaman ağır avtomobil qəzasına düşdüm. Üzümün sol tərəfi sıradan çıxmışdı. Şükür ki, indi yaxşıyam, ancaq hava dəyişəndə fəsadları hiss olunur. Həmin vaxtdan sonra müəyyən işlərə, oğlumun məktəbinə görə Azərbaycana gedə bilməmişik.
- Azərbaycan üçün, burdakı əzizləriniz üçün darıxmırsınızmı?
- Yaralı yerimə toxundunuz... Azərbaycan üçün elə darıxıram ki, burnumun ucu göynəyir... Allaha şükürlər olsun ki, valideynlərim gəlib burada mənə dəydilər. Onların bura gəlməyini çox istəyirdim, şükür ki, gəldilər. Gələn il mütləq Azərbaycana gəlməyi düşünürük. Atamı, anamı görüb onları bağrıma basmaq, doyunca qucaqlamaq istəyirəm...
- ABŞ-da yaşamağa can atan azərbaycanlı gənclərə nələri məsləhət görərdiniz?
- Onlara deyərdim ki, Amerikaya can atırsınızsa, oxumağa, təhsilinizi artırmağa gəlin. Azərbaycandan qaçıb ABŞ-da dərhal yüksəkliyə qalxmaq asan deyil. Bunun üçün də mütləq bacarıq lazımdır. ABŞ-da yaşamaq üçün mütləq əlindən bir iş gəlməlidir. Əgər Azərbaycandan kimsə ABŞ-a gələcəksə, gəlib burada Azərbaycanı doğru-düzgün təmsil etməyi bacarmalıdır. ABŞ-da hər şey yaxşı olacaq, kef olacaq, asan olacaq deyənlər yanılırlar, heç nə bal kimi olmur. Hər kəs əziyyət çəkərək nəyəsə nail olur. ABŞ yaşamağı bacaranların ölkəsidir, yaşamağı bacarmayanlar üçün hər yerdə, xüsusən də ABŞ daha çətindir.
- Nə vaxtsa Azərbaycana qayıdıb, burada yaşamaq arzunuz varmı? Yoxsa ki, oradakı balaca cənnətinizlə kifayətlənə bilirsiniz?
- Təbii ki, belə bir arzum var, ancaq həyat yoldaşımı da vətənindən ayıra bilmərəm. O da vətənindən ötrü darıxır, ayrı ölkələrdə bir-birimizdən ayrı yaşamaq da mümkün deyil. Yaşamaq üçün olmasa da, müəyyən müddətə, ara-sıra Azərbaycana gəlib, orada qalmaq arzum var. Burada yaratdığım balaca Azərbaycan Vətənimin, heç bir millət də millətimin yerini verə bilməz.
- O zaman sizinlə vətəndə görüşmək arzusuyla sağollaşırıq.
Rumiyyə MİRASLAN
P.S. İyun ayının 23-ü Günay xanımın doğum günü idi. Bu söhbət də bizim Günay xanıma kiçik də olsa doğum günü hədiyyəmiz olsun. Təbrik edirik sizi, Günay xanım! Qərib eldə öhdənizə götürdüyünüz missiyanı uğurla davam etdirməyinizi arzu edirik.
525-ci qəzet.- 2016.- 25 iyun.- S.10.