"Türkologiya" jurnalının
tarixində yeni mərhələ
1970-ci ildə
Azərbaycanın elmi həyatında mühüm bir hadisə
baş verdi.
Həmin il ölkəmizin dünya miqyaslı ilk elmi-nəzəri
nəşri olan "Sovetskaya tyurkologiya" jurnalı
yayın həyatına başladı. Bu əhəmiyyətli
olayın kiçik bir tarixçəsi vardı.
1959-cu ildə SSRİ-də keçirilən
siyahıyaalma zamanı ölkədə 25 milyon türkün
yaşadığı ortaya çıxdı. Bunlar özbək, qazax, azərbaycanlı,
qırğız, türkmən, tatar, başqırd,
çuvaş, yakut, tuva, uyğur, altay, xakas, qaraçay,
balkar, qaraqalpaq, qumuq, qaqauz və digərləri olmaqla türk
dilinin müxtəlif qruplarında danışan 25 xalq idi. Beləliklə, türklər ölkədə şərqi
slavyanlardan sonra say etibarı ilə ikinci yerdə idilər.
Həmin illərdə SSRİ-də şəxsiyyətə
pərəstiş, yaxud stalinizm dövrü sona
çatmış, yeni Sovet lideri Nikita Xruşşovun hakimiyyəti
ilə (1953-1964) üst-üstə düşən siyasi
mülayimlik mərhələsi başlanmışdı.
Xarici ölkələrdə türkoloji mərkəzlərin
fəaliyyətində bir coşğunluq müşahidə
olunduğu halda, SSRİ-də türk xalqlarının dili, ədəbiyyatı,
folkloru, etnoqrafiyası və başqa elm sahələri ilə
məşğul olacaq müştərək bir mətbu orqan
yox idi. Üstəlik, türkologiya elmi
artıq antisovet imicindən xilas olmuşdu. Bütün
bunlara baxmayaraq belə bir orqanın yaranması
üçün on il gözləmək
lazım gəldi.
1970-ci ildə
müxtəlif instansiyalarla (ehtimal ki, həm də gizli servislərlə)
aparılan ciddi müzakirələrdən, yazışma və
razılaşdırmalardan sonra SSRİ Elmlər
Akademiyasının rəyasət heyəti "Sovetskaya
tyurkologiya" jurnalının Bakıda nəşrə
başlaması haqqında tarixi qərar qəbul etdi. Bu, təsadüfi deyildi. Çünki
I Türkoloji Qurultay (1926) və bir sıra mötəbər
elmi məclislər ölkəmizin paytaxtında təşkil
edilmiş, Bakı elə o vaxtdan dünyadakı ən
aparıcı türkoloji mərkəzlərdən biri kimi
şöhrət qazanmışdı. Üstəlik,
Azərbaycan elmi idarə və müəssisələrin, alim
və mütəxəssislərin, eləcə də
türkoloqların potensialına və sayına görə
SSRİ-dəki ən qabaqcıl respublikalardan biri
sayılırdı. Jurnalın baş
redaktoru məsələsi barədə də heç bir tərəddüd
yaranmadı. Sovet Türkoloqlar Komitəsinin
sədri A.N.Kononov və SSRİ EA-nın ədəbiyyat və
dil bölməsinin katibi akademik M.Xrapçenko jurnalın
baş redaktoru vəzifəsinə akademik Məmmədağa
Şirəliyevin təyin olunmasını təklif etdilər.
"Sovetskaya
tyurkologiya" jurnalı SSRİ EA və Azərbaycan
EA-nın müştərək elmi-nəzəri orqanı kimi
1970-ci ilin aprel ayında Nəsimi adına
Dilçilik İnstitutunda nəşrə başladı. 1987-ci ilin iyuluna kimi jurnala görkəmli türkoloq,
dünya şöhrətli alim Məmmədağa Şirəliyev
rəhbərlik etdi. Daha sonra Rusiya EA-nın müxbir
üzvü, Rusiya EA Dilçilik İnstitutu türk dilləri
bölməsinin müdiri Əthəm Tenişev (1987-1993),
görkəmli dilçi akademik Ağamusa Axundov (1994-2015) və
məşhur alim Tofiq Hacıyev (2015) jurnalın baş redaktoru
vəzifəsində çalışdılar.
İldə altı dəfə işıq üzü
görən "Sovetskaya tyurkologiya" nəşrə
başladığı ilk gündən etibarən Sovet və
dünya türkoloqlarının ən mötəbər
tribunasına çevrildi. Burada adlı-sanlı türkoloqlar tərəfindən
qələmə alınan məqalə və yazılar
"Dilçilik nəzəriyyəsi və dil tarixi",
"Dilçilik əlaqələri", "Folklor, ədəbiyyat,
mədəniyyət", "Müzakirələr",
"Xəbərlər və xülasələr", "Elmi fəaliyyətlər",
"İcmal", "Tənqid və biblioqrafiya",
"Şəxsiyyətlər", "Günün hadisələri"
və digər bölmə və rubrikalar altında dərc
edilirdi.
Türk dilçiliyi qarşısında duran bir sıra
mürəkkəb nəzəri və təcrübi məsələlər,
fonetik, leksik, semantik, qrammatik problemlər, dialektologiya, ləhcə
və şivələrlə bağlı müzakirələr
mütəmadi olaraq jurnalın səhifələrinə
çıxarılır, mütəxəssislərin və
oxucuların mühakiməsinə verilirdi.
Orxon-Yenisey
abidələrinin, "Kitabi-Dədə Qorqud",
"Divanü lüğat-it-türk", "Qutadğu
bilig", "Manas", "Altın yaruk" və s. klassik
yazılı abidələrin bütün türk
dünyasında populyarlaşdırılması, müqayisəli
şəkildə tədqiqi sahəsində jurnalın müstəsna
rolu özəlliklə qeyd edilməlidir. Bu abidələrin
bəzilərinə xüsusi yubiley nömrələrinin həsr
olunması ayrıca vurğulanmalıdır.
Jurnal yalnız dilçiliklə bağlı məsələləri
işıqlandırmır, ədəbi proseslərə, eləcə
də türk xalqları arasında ədəbi-bədii əlaqələrə
xüsusi diqqət yetirirdi. Ədəbiyyatın inkişaf
qanunauyğunluqlarını, qohum xalqların ədəbi-bədii
zəmində bir-birinə təsir göstərməsini və
qarşılıqlı şəkildə zənginləşməsini
ön plana çəkən jurnal bir sıra mənəvi
mövzulara geniş yer verirdi.
Türk xalqlarının son dərəcə zəngin
folkloru vardır. Burada əsatir, əfsanə və dastanlar, nağıl, atalar
sözü və məsəllər, ovsun, tilsim və andlar,
dua, qarğış və alxışlar, digər epik janrlar,
habelə lirik folklor janrları geniş yer tutur. Türk
xalqları folklorunun ortaq və bənzər cəhətləri,
mətn, motiv və süjetlərin üst-üstə
düşməsi onu göstərir ki, bu örnəklər
vahid etnocoğrafi
məkanda meydana gəlmişdir. Bütün
bunlar, folklorun yazılı ədəbiyyata təsiri və
folklorşünaslığın digər problemləri daim
jurnalın diqqət mərkəzində idi.
SSRİ-nin
süqutundan sonra tamamilə yeni siyasi bir mühit yarandı: ya
biz jurnaldan imtina edərək onu təsisçilərindən
biri olan keçmiş SSRİ EA-nın varisi Rusiya Elmlər
Akademiyasına verməli, ya da müstəqil Azərbaycanın
elmi-nəzəri orqanı kimi özümüz nəşr etməli
idik. Azərbaycan EA Rəyasət Heyəti 16 yanvar 1992-ci il tarixli iclasında bu məsələ ilə
bağlı tarixi qərarını qəbul etdi. Qərarda deyilirdi:
"Keçmiş SSRİ EA ilə Azərbaycan EA-nın
müştərək orqanı olan "Sovetskaya
tyurkologiya" jurnalının adı dəyişdirilsin və
1992-ci ilin ilk nömrəsindən etibarən jurnal
"Türkologiya" adı altında buraxılsın".
Təxminən bir il sonra baş redaktor məsələsi
də həll olundu: Moskvada yaşayan Ə.R.Tenişevin
Bakıda buraxılan jurnalı redaktə etməsi son vaxtlarda
baş vermiş ictimai-siyasi hadisələr və mövcud
maliyyə çətinlikləri ilə əlaqədar olaraq
xeyli mürəkkəbləşdiyi üçün o,
jurnalın baş redaktoru vəzifəsindən azad edildi.
Çox keçmədən EA Rəyasət Heyətinin
29 yanvar tarixli qərarı ilə akademik Ağamusa Axunov
jurnalın yeni baş redaktoru təyin olundu, redaksiya heyətinin
tərkibində dəyişiklik edildi. Bundan sonra Rəyasət Heyəti
özünün 18 iyun 1994-cü il, 19 may
2010-cu il və 27 iyun 2012-ci il tarixli qərarları ilə
jurnalın redaksiya heyətinin və beynəlxalq məsləhətçilərin
tərkibində dəyişikliklər apardı.
Müstəqilliyin ilk illərində
"Türkologiya" jurnalı ciddi maliyyə çətinlikləri
ilə üz-üzə qaldı, 1993-cü ildə heç
bir nömrəsi işıq üzü görmədi. 1994-cü ildə
"Ulu" poliqrafiya şirkətinin sahibi Məlik
Allahverdiyevin maliyyə dəstəyi ilə yalnız dörd
nömrəsi çap edildi. 1995-ci ildə jurnalın nəşrinə
yenidən ara verildi. 1996-cı
ildə xeyriyyəçi M.Allahverdiyevin köməyi ilə
daha dörd sayı çapdan buraxıldı. 1997-1998-ci illərdə jurnalın nəşri
tamamilə dayandı. Sonra jurnal 5-6
aylıq fasilələrlə nəşr edilməyə
başlandı. Bütün bunların
qarşısını almaq üçün 1999-cu ildə
jurnalın dövlət vəsaiti hesabına maliyyələşdirilməsinə
qərar verildi.
Bu ilin əvvəlində "Türkologiya" jurnalı öz tarixində yeni bir mərhələyə qədəm qoydu. 17 fevral 2016-cı il tarixdə AMEA Rəyasət Heyəti jurnalın keçmiş şöhrətini bərpa etmək, nüfuz dairəsini genişləndirmək, elmi səviyyəsini daha da yüksəltmək, habelə maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə xüsusi qərar qəbul etdi. Bu qərara görə jurnal bundan sonra Dilçilik İnstitutunun deyil, AMEA Rəyasət Heyətinin elmi-nəzəri orqanı kimi fəaliyyət göstərəcək. Jurnala rəhbərlik görkəmli türkoloq, akademik Kamal Abdullaya həvalə edildi. Redaksiya heyətinin və beynəlxalq məsləhətçilərin yeni tərkibi də təsdiq olundu. Jurnalın redaksiya heyətində ölkəmizin ən nüfuzlu alimləri təmsil edilirlər. Onların arasında Vasim Məmmədəliyev, İsa Həbibbəyli, Rafael Hüseynov, Teymur Bünyadov, Teymur Kərimli, Yaqub Mahmudov, Gövhər Baxşəliyeva, Möhsün Nağısoylu, Əbülfəz Quliyev, Muxtar İmanov, Nizami Cəfərov, Nizami Xudiyev kimi elm adamları var. Jurnalın dilçilik, ədəbiyyat, folklor, şərqşünaslıq, tarix, fəlsəfə, incəsənət və memarlıq üzrə beynəlxalq məsləhətçiləri isə xarici ölkələrin ən tanınmış türkoloqları arasından seçildi.
"Türkologiya" jurnalının builki ilk nömrəsi oxuculara müraciətlə açılır. Burada baş redaktor akademik Kamal Abdulla nəşrin qarşısında duran vəzifələrdən bəhs edir, jurnalın səhifələrində yalnız türkoloji dilçiliklə deyil, etnoqrafiya, tarix, fəlsəfə, ədəbiyyat və mədəniyyətşünaslıqla bağlı materiallar verilməsinin vacib olduğunu xüsusi vurğulayır, eyni zamanda germanistika, slavistika, romanistika, iranistika, sinologiya, qədim və ölü dillərlə türkologiya arasında qarşılıqlı əlaqələrdən söz açılması zərurətinə toxunur, oxucu və mütəxəssislərin bu barədə düşüncələri ilə maraqlanır.
Jurnalın bu sayında Türkoloji Qurultayın 90 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2016-cı il tarixli sərəncamı öz əksini tapır. Həmin mövzunu R.Əskərin "Şərqdə Bakı şəfəqi" və F.Ələkbərovun "Azərbaycanda 90 il öncə Türkoloji Qurultayın keçirilməsinin əsl mahiyyəti" adlı məqalələri tamamlayır.
Məlum olduğu kimi, "Kitabi-Dədə Qorqud"un bir boyunun 2015-ci ildə Henrix Fridrix fon Dits tərəfindən alman dilinə ilk dəfə tərcümə və nəşr edilməsilə qorqudşünaslıq ayrıca sahə kimi formalaşmağa başlamışdır. Bu yubileyin yüksək səviyyədə qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli sərəncamı da jurnalın bu sayında dərc olunur. AMEA-nın müxbir üzvü M.Kazımoğlu-İmanovun "Kitabi-Dədə Qorqud" eposunda gülüşün magik funksiyası" adlı məqaləsi dastandakı bəzi komik məqamlara işıq tutur.
Jurnalda "Türkoloji irs" rubrikasından məşhur türkoloq V.M.Jirmunskinin "Manas" eposunun öyrənilməsinə giriş. I. Epik ənənə" adlı yazısı təqdim edilir. Türk dünyasının tanınmış dilçilərindən Ş.Akalının (Türkiyə) və M.Söyeqovun (Türkmənistan) məqalələri isə "Dilçilik problemləri" rubrikası altında verilir.
Bu nömrədə A.Baytuova və G.Jılxıbayın (Qazaxıstan) "Orxon-Yenisey və Talas abidələrinin dilində "İlahi Tanrı" ideyası", A.Nesterovun (Rusiya) "Şato türkləri və X əsrin ilk otuz ilində Çində sonuncu Tan türk imperiyası" sərlövhəli məqalələri oxuculara təqdim olunur.
"Yazılı abidələr" rubrikasından M.Nağısoylunun (Azərbaycan) XVI əsrin əlyazması "Şühədanamə" haqqında məqaləsi və H.Buşhotenin (Almaniya) AMEA-nın Əlyazmalar İnstitutunda saxlanan "Qisas-ül Rəbğuzi" nüsxəsinin təsviri ilə bağlı yazısı xüsusi əhəmiyyət kəsb edir.
"Türkologiya" jurnalının yeni sayında Albaniyadakı türkoloji mərkəzlər və araşdırmalar haqqında yazı, Xalq şairi N.Həsənzadənin və tanınmış dilçi, filologiya elmləri doktoru, professor A.Ələkbərovun 85 illik yubileyi münasibətlə təbriklər, məşhur türkoloqlar Tofiq Hacıyev, Tələt Təkin, Georgi Hazai və Fuad Qəniyevin vəfatı ilə əlaqədar nekroloqlar və başqa yazılar verilib.
Onu da qeyd edək ki, jurnal öz nəzdində xüsusi türkoloji seminar təşkil etməyi nəzərdə tutur. Ayda bir dəfə redaksiyada keçiriləcək bu seminarlarda müxtəlif elm sahələrinin nümayəndələrini maraqlandıran problemlər ölkəmizdə və dünyada aparılan türkoloji tədqiqatlar işığında müzakirə ediləcək. "Türkologiya" jurnalı ehtiyac duyulduqda ayrı-ayrı məsələlər üzrə müzakirələr, disputlar, dəyirmi masalar da təşkil edəcək. Bütün bunlar jurnalın elmi məkanının genişlənməsinə, yəni həm fəndaxili inteqrasiyaya, həm də fənlərarası sinergetikaya xidmət edəcək.
Ramiz
ƏSKƏR
Professor
525-ci qəzet.- 2016.- 29 iyun.- S.7.