Fədakar ictimai-siyasi xadim Fərəməz Mahmudbəyov haqqında
qeydlər
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın dövlətçilik
tarixində muxtariyyət
statusu olduqca mühüm və aktual məsələdir.
Naxçıvanlılar 1918-1924-cü
illərdə də öz qəhrəmanlıqları
ilə sübut etdilər ki, onlar vətənə, azərbaycançılıq yoluna
sadiqdirlər.
Torpaqlarımıza göz dikən erməni daşnaklarına
və onların havadarlarına qarşı
mərdliklə döyüşən
naxçıvanlılar Mehridən
Sürməliyə (indiki
İqdır) qədər
ərazini yağılardan
qoruyur və hər qarış torpaq uğrunda canlarını qurban verməkdən belə, çəkinmirdilər. Tarixi sənədlərdən və
canlı şahidlərin
yazdıqlarından məlum
olur ki, erməni daşnaklarının
çoxlu qırğınlar
törətdiyi yerlərdən biri də İrəvan quberniyasının Vedibasar
mahalı olmuşdur. Əvvəlcə tarixi sənədlərdən bəzi
faktları xatırlayaq:
"Naxçıvan diyarı
üçün böyük
əhəmiyyət kəsb
edən Araz-Türk Demokratik Respublikasının
yaranması oldu. Respublikanın paytaxtı Naxçıvan
şəhəri oldu.
Onun ərazisinə Naxçıvan
və Şərur-Dərələyəz
qəzaları, Sərdarabad,
Uluxanlı, Vedibasar, Kəmərli, Mehri və sair bölgələr
daxil idi".
1918-ci ilin yazından başlayaraq erməni daşnakları Şərur-Dərələyəz
qəzasına bitişik
olan Vedibasar rayonuna aramsız hücumlara başlamışlar.
İlk gündən
başlayaraq vedililər
erməni daşnaklarına
qarşı mərdliklə
vuruşmuşlar. Həmin illərin canlı şahidi olan unudulmaz tarixçi-alim Əli Əliyev yazırdı:
"1918-ci ilin iyul ayında Aydoğmaz kəndi ilə Dəvəli və Şəfəqli kəndləri
arasında 17 nəfər
mauzerçi daşnak
öldürülür. Öldürülənlərin qanı Vedi
əhalisindən tələb
olunur. Daşnaklar
vedililərə ultimatum verir
ki, hər öldürülən mauzerçiyə
17 min manat bac
və hər bir öldürülənin
əvəzində bir
nəfər adam verilməlidir. Vedililər daşnak ultimatumunu
rədd edirlər.
Bundan hiddətlənən daşnak
hakimlərindən Dro
Arampaşa, Dəli Kazonun başçılığı
altında Bek Primovun polku Vediyə basqın edir. Qəflətən
basqını görən
Abbasqulu bəy yerli
əhaliyə müraciət
edərək belə deyir: "Hərgah biz qabağa çıxmasaq,
bütün kənd məhv olacaq". Əhalinin hamısı ayağa qalxır. Vedi ətrafında bütün
gün döyüş
gedir. Dəyanətli komandir kimi Abbasqulu bəy Şadlinski özünün
cəsarəti ilə
kəndin döyüşçülərini
ruhlandırır. Gecə Şadlinski
qəti döyüşə
girir. Təzyiqə davam gətirə
bilməyən daşnak
mauzerçiləri qaçır,
döyüş meydanında
bir neçə top, 8
pulemyot, çoxlu miqdarda silah, patron və sair hərbi
sursat qalır".
Qeyd edək ki, bu
rəsmi məlumatı
"Kommunist" qəzeti
də (rusca) 16 avqust 1970-ci il
tarixli nömrəsində
təsdiqləmişdi.
Tarixçi-alim daha sonra bu döyüşdə bütün vedililərin hünərlərini qeyd etməklə bərabər,
xüsusilə fərqlənən vətənpərvərlərin
adlarını da çəkir: "Bu döyüşdə
çoxlu adam qırılır. Dəstə başçılarından
bir neçəsi öldürülür. Qeyd etmək
lazımdır ki, bu vuruşlarla əlaqədar Vedi ətrafındakı kəndlərin
- Çəmənkənd, Cığın dərəsi,
Vedibasarın bütün
əhalisi buraya toplaşmışdı. Abbasqulu bəy
özünü rəşadətli
sərkərdə kimi
göstərirdi. Onun
ətrafında Fərəməz
Mahmudbəyov, Əli Eyvazov, İbrahim Fərzəliyev, Ələsgər
Kərimov, Yetim Əlioğlu, Xəlil və sair vətənpərvərlər
toplaşmışdı. Onların hər
biri xalq cəbhəsinin əsl cəngavəri idi".
İrəvanda ağalıq edən ingilislər daşnakların
məğlubiyyətindən narahat olurlar. Onların köməkliyi
ilə daşnakların
Vediyə ikinci hücumu başlayır.
Vedi hər tərəfdən mühasirəyə alınır.
İngilislər Naxçıvanda
Araz-Türk Respublikasının
ləğvinə nail olur
ki, naxçıvanlılar
Vedinin müdafiəsinə
kömək edə bilməsinlər. Və bundan
sonra Vedibasar mahalının sağ qalan əhalisi Şərurda və Naxçıvanda məskunlaşır.
Amma yenə də vətənpərvərlər silahı
yerə qoymur və Naxçıvanın,
Şərur-Dərələyəzin, Culfanın, Ordubadın müdafiəsində yaxından
iştirak edirlər.
28 iyul 1920-ci ildə
Naxçıvanda bolşeviklərin
iştirakı ilə
Sovet hökuməti qurulur. Rəsmi olaraq Naxçıvan
İnqilab Komitəsi yaradılır. Onun tərkibi aşağıdakı
heyətdə idi: M.Bektaşov, Q.Səlimov, A.Kazımov, F.Mahmudbəyov
və Q.Babayev.
Qeyd edək
ki, bu illərdə
siyasi proseslər tez-tez dəyişirdi. Naxçıvan
1921-ci ilin martından
Naxçıvan Sovet Sosialist Respublikası,
1923-cü il iyunun 16-dan Naxçıvan
diyarı, 1924-cü il
fevralın 9-dan Naxçıvan
Muxtar Sovet Sosialist Respublikası adlandırılmışdı.
1919-1925-ci illərdə Naxçıvanın ictimai-siyasi
və mədəni həyatında mühüm
rol oynayan insanlardan biri də Fərəməz Mahmudbəyovdur. Lakin onun haqqında
ensiklopedik nəşrlərdə
məlumat yoxdur.
Öz ömrünün gənclik
illərini Naxçıvanın
müdafiəsinə və
inkişafına həsr
edən Fərəməz
Mahmudbəyov haqqında
axtarışlar apardıq.
Tapdığımız rəsmi məlumatları
və onun fotoşəklini qəzetimizdə
dərc etdirməyi özümüzə mənəvi
borc bildik.
Fərəməz Əskərbəy oğlu
Mahmudbəyov, təxminən,
1900-cü ildə Vedidə
doğulmuşdur. Arxiv sənədlərində onun ata tərəfdən
babasının adı
Baxşəli bəy kimi qeyd edilmişdir.
Fərəməz Mahmudbəyov 1906-1912-ci illərdə
Vedi ikisinifli məktəbini bitirmişdir. Sonralar İrəvan
Müəllimlər Seminariyasında
oxumuşdur. O, 1917-ci il martın 22-də İrəvan Müəllimlər
Seminariyasını bitirmişdir.
Amma yaşanan siyasi hadisələr onun müntəzəm olaraq müəllimlik etməsinə
imkan verməmişdir.
1919-cu ildən etibarən Naxçıvanın,
Şərurun və Ordubadın erməni daşnaklarından qorunmasında
yaxından iştirak etmişdir.
1919-cu ildə Mir Hidayət
Seyidovun vəfatından
sonra Ordubadda müdafiə komitəsinə
rəhbərlik etmiş
və şəhərin
erməni daşnaklarından
müdafiə edilməsi
uğrunda gedən döyüşlərin fəal
iştirakçısı olmuşdur. Naxçıvanda Sovet hökuməti
qurulandan sonra bir müddət Naxçıvan İnqilab
Komitəsinin üzvü
olmuş, sonralar isə Şərur və Ordubad rayonlarının icraiyyə
komitəsinin sədri
vəzifələrində çalışmışdır.
Naxçıvan diyarının
təhqiqi üzrə
xüsusi komissiyanın
iclasının 6 nömrəli
protokoluna (4 aprel
1925-ci il, Naxçıvan stansiyası)
əsasən, məlum
olur ki, Fərəməz Mahmudbəyov
həmin ildə Naxçıvan diyarının
xalq torpaq komissarı vəzifəsində
fəaliyyət göstərirmiş.
Birbaşa M.C.Bağırovun və Əliheydər Qarayevin rəhbərliyi ilə keçirilən xüsusi
iclasda qeyd olunur ki, Vedibasarın
qubernatoru işləyən
Fərəməz Mahmudbəyov
antisovet təbliğatında
təqsirkar bilinərək
tutduğu vəzifədən
azad edilmiş, həbs olunaraq Bakıya aparılmışdır.
Tarixçi-alim Əli Əliyevin yazdığına görə,
1937-ci ildə Nargin adasında digər silahdaşları ilə birlikdə güllələnmişdir.
Fərəməz Mahmudbəyovun İrəvan
zadəganlarından olan
Kazımbəyovun qızı
Şövkət xanımla
nikahından Şamil və Məryəm adlı övladları olmuşdur. Oğlu Şamil (5.12.1924, Naxçıvan - 20.05.1997, Bakı)
Azərbaycanın görkəmli
kinorejissoru idi. Qızı Məryəm 2
yanvar 1921-ci il
tarixdə Naxçıvanda
doğulmuşdur. Azərbaycanın görkəmli mikrobioloq-immunoloq
alimi olmuşdur.
Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan Naxçıvanın müstəqilliyi
və azadlığı
uğrunda mübarizlərdən
biri - Fərəməz
Mahmudbəyovun həyat
və fəaliyyətinin
öyrənilməsi mənəvi
borcumuzdur.
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan
Bölməsinin aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 29 iyun.- S.6.