TÜRKSOY-dan müstəqilliyimizə ərməğan
Hər bir mədəni hadisənin, incəsənət olayının
arxasında ideya, məqsəd durur.
TÜRKSOY-un Mədəniyyət və Turizm nazirliyimizlə birgə təşkil etdiyi konsert Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Türkmənistan və
Özbəkistan Respublikalarının
müstəqilliyinin 25 illiyinə
həsr olunub. 25 iyunda Filarmoniya salonunda keçirilən bu təntənədə
TÜRKSO-Yun Xalq Çalğı Alətləri
orkestri çıxış
edir. Bu ansambla
türk dünyasının
çeşidli ölkələrindən
sənətçilər, musiqiçilər
daxildir. Hərəsi türk ruhunu bir cür ifadə
edir, fərqli vasitələrlə çatdırır.
Kimsə
bənzərsiz boğazlar
etməklə, kimsə
qopuzda, başqası tarda, digəri dombrada, komuzda, kanunda ifa etməklə,
kimsə muğam, kimsə türk sənət musiqisiylə,
bir ayrısı rəqsi ilə. Və bütün bu musiqi alətləri, ifalar, səslər, boğazlar, rəqslər bir yerdə, cəm halda ümumtürk incəsənətinin,
mədəniyyətinin, musiqisinin
möhtəşəm nümunəsinə
çevrilir. Bu sözün əsl mənasında möhtəşəmliyin
yaranmasına isə səbəb TÜRKSOYun (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının)
mədəniyyət sahəsindəki
növbəti böyük
layihəsidir. Təxminən altmışa yaxın musiqiçini (bura müxtəlif alətlərdə
ifa edən musiqiçilər, müğənnilər,
xanəndələr, rəqqasələr
daxildi) bir araya gətirən bu orkestr çox
bənzərsiz ifaları,
qeyri-adi nömrələri
ilə düşündürür
insanı, düşüncələrini
uzağa aparır, fikirlərini arıtlayır.
... Məhz Filarmoniyadakı konsertlərin maraqlı, klassik ab-havası olur. Bəlkə binanın qədimliyi, bəlkə divarlara hopmuş aura, bəlkə də memarlığın insanda yaratdığı ovqatdı, bilmirəm. Ancaq hər halda buranın öz ruhu var elə bil, konsert hələ başlamamış həyəcanlanır, səbrsizliklə gözləyirsən, musiqi elə ilk notlardan içini tərpədir, ruhunu oyadır və nədənsə keçmişə aparır səni. Özünü ötən əsrin əvvəllərində maarifçi ruhun, inqilabi ovqatın hakim kəsildiyi, insanların sənətlə görüşə xüsusi hazırlaşdığı zamanda hiss edirsən. Bu dəfəki konsertdə isə bu ovqat birə-beş artıqdı. Musiqi nəinki ötən əsrin əvvəllərinə, hətta çöllərə də salır səni, mağaraya da aparır. Və görünür təşikaltçıların da məqsədi məhz bu çoxqatlılığı, dərinliyi, qədimliyi göstərməkdi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında türkdilli ölkələr mədəniyyətinin təbliğatında TÜRKSOYun gördüyü böyük işlərdən danışır, bu böyük layihənin – konsertin məhz Bakıdan başlamasına görə TÜRKSOY sədri Düsen Kaseinova minnətdarlığını bildirir: “Biz bilirik ki, TÜRKSOY-un Xalq Çalğı Alətlərinin bu konserti müstəqilliyinin 25 illiyini qeyd edən bütün ölkələrdə
tamaşaçılara təqdim olunacaq. Amma bu layihəyə məhz Bakıdan başlamağınız bizi çox sevindirir. Həm də biz hörmətli Düsen Kaseinovdan xahiş etdik ki, bu konsert Şəki “İpək yolu” musiqi festivalının da açılış mərasimində ordakı dinləyicilərə təqdim olunsun. Nə gözəl ki, bu təklifimiz qəbul olundu və “İpək yolu” iştirakçıları da bu nadir inciləri dinləyə biləcəklər. Türk dünyası, həmçinin Azərbaycan mədəniyyətinin təbliğatı, mədəniyyətlərimiz arasında əlaqələrin yaranması üçün gördüyünüz böyük işlərə görə təşəkkür edirik”.
TÜRKSOY sədri Düsen Kaseinov da öz növbəsində Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinə mədəni layihələri dəstəklədiyinə görə təşəkkür edir və bu orkestrin yaranma tarixçəsindən danışır: “Türk dünyasının Xalk Çalğı Alətləri Orkestri müstəqilliklərini qeyd etdiyimiz dövlətlərdən, Türkiyədən, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan, Saxa-Yakut, Tuva Respublikaları, Moldova Qaqauz yeri və Monqolustandan olan sənətçilərin də iştirakı ilə 2016-cı ilin Novruz bayramı tədbirlərində TÜRKSOY tərəfindən qurulmuşdur. Orkestrin ilk konserti BMT rəhbərliyinin ve daimi nümayəndələrimizin də iştirakı ile mart ayında Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı baş qərargahında həyata keçirilmişdir”. Daha sonra Düsen Kaseinov türk mədəniyyətinin qədimliyindən və bu bənzərsiz mədəniyyətin təbliğatının vacibliyindən danışır: “Mədəniyyətimiz dünyanın çox bölgələrinə yayılmışdır. Amma nə gözəl ki, türk xalqlarının musiqisi, tarix boyu öz kökünü qoruyaraq inkişaf etmiştir. Türk musiqisi ve çalğı alətlərinin bütün dünyada tanıdılması ve gələcək nəsillərə ötürülməsi məqsədi ilə qurulan TÜRKSOY Xalq Çalğı Alətləri orkestri bu zəngin mədəniyyətin bir parçasıdır”. Düsen Kaseinov çıxışının sonunda 25 yaşlı gənc ölkəmizi təbrik edib səhnəni musiqiçilərin ixtiyarına verir. Konsertin dirijorları Azərbaycanın Xalq artisti Ağaverdi Paşayev və Qazaxıstandan Marat Jalbirovdu.
Bütün konsert boyu bir sual beynimi tərk etmir; görəsən, bu musiqi, ifalar, rəqslər, bərq vuran səhnə geyimləri bizim yüz illik, min illik genlərimizi oyatdığı, onları qidalandırdığı üçün belə təsirlənirik, yoxsa bu sənətdən hamı bizim kimi həyəcanlanır?! Amma konsert boyu onu da başa düşürəm ki, bu monotonlaşan, eyniləşən, birrəngləşən dünyada bu qədər rəngarənglik, dibsiz dərinlik, ucalıq, genişlik, ucsuz-bucaqsız sənət ənginlikləri ürəyi, ruhu, düşünən beyni olan adamı təsirləndirməyə bilməz. Bir gün sonra TÜRKSOY əməkdaşı Volkan Yeşilay da BMT baş qərargahındakı konsertin nə qədər böyük maraqla qarşılanmasını söyləyəndə buna yenə də əmin oldum.
... Axı Səid Rüstəmovun musiqisinə, gənc xanəndə Babək Quliyevin “Oxu gözəl” mahnısını ifasına necə biganə qalmaq olar? Yaxud Qırğızıstanlı iki gənc qızın – Gülşən Talaybəyova və Rahat Erqaliyevanın milli alət komuzda ifa etdikləri “Maş botoy” kompazisiyası... ürəyi olan insanı coşdurmaya bilməz. Sanki əllər alətin dörd dövrəsində havada uçur, sanki barmağın ucuyla belə toxunmurlar alətə, amma elə əsrarəngiz musiqi çalınır ki... Sonra qızların özlərindən bunun sirrini soruşanda “bundan qəliz, bundan möcüzəvi ifalarımız olur, siz hələ əllərin daha sürətli ifasını görməmisiz” – dedilər. Sözün bitdiyi, məntiqin işləmədiyi, soyuq düşüncənin gücsüzləşdiyi məqamdı, bütün gücü, məntiqi, sehri musiqi alır ona görə. Və bu ardıcıl ifalarda ən təsirli məsələlərdən biri də “süjeti” duymaqdı. Musiqi bütün təsəvvür qapılarını döyür sanki. Bəzən geniş, ucsuz-bucaqsız çöllər, bəzən yamyaşıl göylər, bəzən ananın laylası, bəzən sevgilinin pıçıltısı gəlir beyninə...
Türkiyədən gəlmiş kanun ifaçısı Ahmet Baran özünün bəstəlidiyi melodiyanın adını “İki kəlmə” qoyub. Dinlədikcə dünyanın bütün iki kəlməlik möcüzələri sıraya düzülür başında, birincilik üçün mübarizə aparırlar.
Ahmet bəy də sonrakı söhbətimizdə dinləyiciyə təsir etmək sirrini bununla bağlayır: “Kanun yeganə alətdir ki, dinləyici qarşısında sədd qoymaz. Siz hansı ovqatdasınızsa, hansı düşüncədəsinizsə, onu gücləndirəcək, o aləmə aparacaq sizi. Biz dünyanın çeşidli yerlərində konsertlərdə bu melodiyanı ifa edirik və çox zaman musiqi bitdikdən sonra tamaşaçılara keçirdikləri hissləri iki kəlmə ilə demək təklif edirik. Çox maraqlı hisslər çıxır ortaya...” Doğrudan da, eyni kökdən olan millətlərin fərqli, həm də bənzər musiqilərinin oyatdıqları hisslər çox maraqlıdı. Amma bu konsert təkcə hisslərin, emosiyaların oyanışına hesablanmayıb. Dünyanın bir neçə ölkəsində ifa olunacaq proqramda kifayət qədər mesaj var. Məsələn, Sarı gəlinin iki dildə - qazax və Azərbaycan dillərində, solistlər Qarifə İgissinova və Səbinə Vahabzadə tərəfindən ifası və rəqqasə xanımlar – Ayjan Junissova və Aytən Bünyatovanın bir-birindən seçilən rəqsləri ciddi bir mesajdı əslində.
Rusiya Federasiyasına daxil olan Tuva, Saxa-Yakutiya, Başqırdıstan sənətçilərinin konsertdə iştirakı son vaxtlarda baş verən siyasi olaylara görə hər kəsi maraqlandırıb. TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi, həm də bu tədbirlərin təşkilatçısı Elçin Qafarlı ilə söhbətimdə bu məqamı soruşuram və Elçin bəy bu siyasi ovqatın mədəniyyət məsələlərinə də mənfi təsir etdiyini, amma TÜRKSOY-un hər vəziyyətdə çıxış yolu axtarıb tapmağa çalışdığını söyləyir. Təki bütün düyünlər mədəniyyətin vasitəsiylə açılsın – deyir.
... Konsertin sonuna doğru isə bütün zalı, tamaşaçını nirvana vəziyyətinə salan Saxa-Yakutiyadan Yuliyana Krivoşapkinadır. Musiqi aləti xomuzla təbiətin minbir səsini, möcüzəsini ifa edir bu xanım. Və bu xaotik səslər əsrarəngiz melodiya, musiqi yaradır. Zal heyrət içində dinləyir, sonda alqışlardan lərzəyə gəlir divarlar. Və yəqin ki, elə bu sadə təbiət səslərinin musiqiyə, bənzərsiz melodiyaya çevrilməsi də TÜRK qədimliyinin göstəricisidir.
Heç şübhəsiz 25 yaşlı cavan respublikaların azadlığına həsr olunmuş bu konsertin də əsas niyyəti bu idi; qədimliyi, dərinlərə gedən kökləri göstərmək, 25 rəqəminin bizim üçün nə qədər kiçik olmasını demək – musiqinin, rəqsin, təbiətin dili ilə...
Sonda Azərbaycan ifaçı xanımları – Afaq Abbasova, Səbinə Vahabzadə, İlahə Əfəndiyeva, Çinarə Şirin və Fəridə Məmmədova Əhməd Cavadın “Çırpınırdın Qara dəniz” sözlərinə Üzeyir bəy Hacıbəylinin bəstələdiyi mahnını ifa edirlər... “Yol ver türkün bayrağına” – deyirlər... Yol isə üzü Şəkiyədir... “İpək yolu” Musiqi Festivalının açılışına...
PƏRVİN
525-ci qəzet.- 2016.- 29 iyun.- S.4.