General-mayor Ehsan xan Naxçıvanski ilə
bağlı yeni aşkarlanan sənədlər
BU ARXİV MATERİALLARI HƏRB TARİXİMİZƏ İŞIQ SALMAQ BAXIMINDAN DA CİDDİ ÖNƏM DAŞIYIR
Azərbaycan müstəqillik qazandıqdan sonra onun hərb
tarixinin hərtərəfli və düzgün
araşdırılması ən aktual və vacib məsələlərdən
birinə çevrilib.
Azərbaycan hərb tarixində Naxçıvanın
igid Kəngərli süvarilərinin öz yeri var.
Qeyd edək ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan Naxçıvanın tarixi taleyində hərb sənətinin
mahir biliciləri olan Kəngərli suvariləri olduqca orijinal
döyüş ənənələri yaradıblar. Çar
Rusiyasında Azərbaycanın uzun illər hərb sənətindən
kənarda saxlanmasına baxmayaraq, Kəngərli suvariləri
Rusiyanın apardığı döyüşlərdə
böyük cəsarət nümunəsinə çevriliblər.
Naxçıvanın Kəngərli tayfasının
yetişdirdiyi 6 məşhur generalın göstərdiyi sərkərdəlik
məharətləri və bacarıqları ümumdünya hərb
tarixində də layiqli yer tutur. Azərbaycanın və
onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikasında hərb elminin milli qüruru kimi anılan Kəngərli
sərkərdələrinin həyat və fəaliyyətləri
ilə bağlı hərtərəfli
axtarışlarımız davam etməkdədir. Həmin axtarışlar nəticəsində məşhur
sərkərdə I Ehsan xanın 1838-ci ilə aid xidmət
kitabçası və onun hərbçi varisləri
haqqında maraqlı sənədlər aşkar edilmişdir.
Bu sənədlər bir çox qaranlıq məsələləri
aydınlaşdırmaqla bərabər, həm də hərb
tariximizi zənginləşdirəcəkdir.
Yeni tapılan arxiv sənədlərindən biri
general-mayor I Ehsan xanın 26 mart 1838-ci ildə tərtib edilən
xidmət kitabçasıdır. Bu kitabçadakı
qeydlərdən məlum olur ki, I Ehsan xan 22 yanvar 1843-cü ildə
Zaqafqaziya müsəlman qoşunlarının hərbi
yürüş atamanı təyin edilmiş və vəfatından
sonra, yəni 3 mart 1846-cı ildə isə hərbçilərin
siyahısından çıxarılmışdır. Daha sonra isə qeydlər
aşağıdakılardır.
Ehsan xan
Kalbalı xan oğlunun 44 yaşı var (Bu qeydə görə
onun doğum tarixini dəqiq söyləmək olur: 1794-cü il - müəllif). Müsəlmandır,
şiədir. Persiyanın nüfuzlu
xanlarındandır. Farsca savadlıdır.
Bu dildə oxumağı və yazmağı
bacarır. Naxçıvan və Ordubad əyalətlərində
daşınmaz əmlakı vardır, sahib olduğu torpaq
ölçülməyib, təxminən 60 danqa (danq
ölçü vahididir - müəllif) bərabərdir.
Övladları
vardır: qızı Sonabəyim 22 yaşında (1816),
oğlanları İsmayıl xan 16 yaşında (1822),
Kalbalı xan 14 yaşında (1824) və Cəfərqulu xan 11
yaşında (1827). Hamısı müsəlman
və şiədirlər (Buradaca qeyd edək ki, Ehsan xanın
qızı Lalabəyim 1840-cı ildə anadan olduğundan bu
siyahıya düşməyib. Rusiya Hərbi Nazirliyinin 19
avqust 1848-ci il məruzəsində Lalabəyimin
8 yaşı olduğu qeyd edilib - müəllif).
Ehsan xan 1827-ci ildən Rusiya təbəəsidir və hərbi
xidmətdədir. İgidliyinə və hünərinə
görə 30 noyabr 1827-ci ildə ona polkovnik hərbi rütbəsi
verilib. 19 mart 1828-ci ildə isə
Naxçıvan əyalətinin hakimi, yəni naibi təyin
edilib. Hərbi xidmətdə fərqləndiyinə
görə ona 9 noyabr 1837-ci ildə general-mayor rütbəsi
verilib.
Həbsdə olmayıb və cərimə edilməyib. Ona görə
də yuxarı hərbi rütbə almağa layiqdir (daha sonra
Ehsan xanın Abbasabad qalasında, Ordubadda, Vənənddə və
digər yerlərdə Rusiyanın apardığı
döyüşlərdə iştirakından
danışılır - müəllif). Naxçıvan
əyalətinin naibi vəzifəsində olarkən
general-feldmarşal knyaz Varşavskinin (qraf Paskeviç -İrəvanski)
14 yanvar 1830-cu il tarixli 47 nömrəli əmri ilə ona ildə
2200 gümüş pulla təqaüd təyin edilmişdir. 26
may 1831-ci ildə 2-ci dərəcəli Müqəddəs Anna
ordeni ilə təltif edilmişdir. 6 oktyabr
1837-ci ildə Rusiya çarının müsəlman Kəngərli
polkuna baxışından sonra ona yüksək etimad göstərilmişdir.
Ona noyabr ayında general-mayor hərbi rütbəsi
verilib.
Tapılan
ikinci sənəd Hərbi Nazirliyin departamentdə poseleniyalar
(I Aleksandrın dövründə general Araksayev tərəfindən
həyata keçirilən qoşun təşkili üsulu, bu
üsula görə bir sıra yerlərin kəndliləri əsgərliyə
çağırılaraq, hərbi mükəlləfiyyətlə
bərabər əkinçiliklə də məşğul
olmalı idilər) haqqında məruzəsidir (18 iyul 1847-ci il).
Qeyri-nizami qoşunların manqası. Əmr №753.
Sankt-Peterburq şəhəri. Əlahiddə
Qafqaz korpusunun Baş komandanı xəbər verdi:
General-mayor Ehsan xanın vəfatı ilə Kəngərli
tayfası öz başçısını itirdi. Naxçıvan əyaləti Rusiya imperiyasına
birləşdirildikdən sonra o, bu tayfanı idarə edirdi.
Ehsan xanın atası I Kalbalı xan ruslarla əlaqə
saxladığına görə Ağa Məhəmməd xan
tərəfindən kor edilməsinə baxmayaraq
ömrünün sonuna kimi Naxçıvan əyalətini və
Kəngərli tayfasını idarə etmişdi. Həmin illərdəki
qanun-qaydaya uyğun olaraq hakimiyyət Kalbalı xandan sonra Ehsan
xanın qardaşlarına keçmişdi.
1827-ci ildə Naxçıvan əyaləti bizim
qoşunlarımız tərəfindən tutulandan sonra
general-feldmarşal knyaz qraf Paskeviç-İrəvanski
(Varşavski), Ehsan xanı Naxçıvanın naibi və Kəngərli
tayfasının rəisi təyin etmişdi.
Rəhmətlik
Ehsan xanın göstərdiyi xidmətlər müqabilində
general-adyutant knyaz Vorontsov ərizə verib
aşağıdakıları xahiş etmişdir:
1.Mərhum general-mayor Ehsan xanın böyük oğlu, süvari
ordusunun ştabs kapitanı İsmayıl xanın Kəngərli
tayfasına rəis təyin edilməsi haqqında. Ancaq bu təyinat Ehsan xana məxsus qaydada həyata
keçirilsin. Kəngərli süvarilərinin
hərbi xidmətə hazırlanması İsmayıl
xanın iştirakı olmadan cəmiyyətin özü tərəfindən
həyata keçirilsin.
Əlahəzrətin əmri ilə Əlahiddə Qafqaz
korpusunun keçmiş komandirinə 22 yanvar 1843-cü ildə
elan edilmişdi ki, kəngərlilər
aşağıdakı qaydalar əsasında general-mayor Ehsan
xana tabe edilsinlər.
1)General
onlarla özünə tabe olan adamlar kimi davranmasın.
2)Heç kimə imtiyaz vermədən, ədalətlə və
növbə ilə onların hərbi xidmətlərini təşkil
etsin.
3)Xidmətə gedən kəngərlilərin yaxşı geyindirilib
saz silah və atla təmin edilməsinə nəzarət etsin.
4)Kəngərlilər arasında intizam hökm
sürsün və kiçiklər böyüklərə
tabe olsunlar.
Bununla belə general-mayor Ehsan xana kəngərlilərdən
öz məqsədi üçün istifadə etməsi
qadağan edilmişdir. Özünün yanında ancaq 8 nəfərdən
ibarət fəxri qarovul saxlaya bilər. Generala
kəngərlilərdən vergi almağı və itaətkarlıq
göstərməyi tələb etməyə icazə verilmir.
Kəngərlilərin hərbi xidmətə
hazırlanması sərhəd mühafizə dəstəsinin
rəisinə həvalə edilsin.
5)Kəndlərdə kəngərlilərin daxili
nizam-intizam qaydalarına nəzarət yerli mülki rəisə
tapşırılsın. İddia ərizələri
ilə bağlı, həmçinin digər mülki məsələlərdə
onlar Naxçıvan əyalətinin digər sakinləri kimi
imtiyaz daşıyırlar.
Sonra
Əlahəzrətin 8 aprel 1844-cü il əmri
ilə həmin rəisə
tapşırılmışdır:
1) Kəngərli
tayfası vergilərdən azad edilsin.
2) 200 Kəngərli
süvarisi həmişə hazır vəziyyətdə olsun
və onların yarısını sərhədlərin
mühafizə olunmasında istifadə edilsin.
3)Birinci
dəfə əvvəllərdə olduğu kimi süvarilərin
lazımi əşyalarla təchiz olunması cəmiyyətin
özünə həvalə edilsin. Əvvəllər
bu məsələdə Ehsan xan iştirak etmişdi. Sonralar isə yerli rəhbərliyə
tapşırılsın ki, süvarilərin təchiz edilməsinə
ciddi nəzarət etsin.
4)Kəngərli süvarilərinə xidmət zamanı həmişə
dövlət hesabına ərzaq, onların atları
üçün yem 16 oktyabrdan 16 aprelədək verilsin.
2.İsmayıl xana əməkhaqqı rütbəsinə
görə təyin edilsin.
Bütün
bunlara knyaz Vorontsov əlavə edir:
- General-mayor Ehsan xan Kəngərli süvarilərinin rəisi
vəzifəsini daşımaqla həm də Zaqafqaziya müsəlman
qoşunlarının yürüş atamanı idi. Bu rütbə
İsmayıl xana həvalə edilə bilməz.
- Hərbi
yürüş atamanı vəzifəsinə hələlikdə
münasib hərbçi olmadığından bir müddət
fəaliyyətini dayandırsın.
Tapılan sənədlərdə məlumat verilir ki,
İsmayıl xan gənc olduğundan ataman rütbəsini
daşımağa icazə vermirlər. Həmin sənədlərdə
qeyd edilir ki, ştabs-kapitan İsmayıl xan 8 il 2 ay hərbi
xidmətdədir, 6 il 8 aydır ki, zabit rütbəsini
daşıyır. Hərbi yürüşlərdə
olmamışdır. Məhkəmədə
olmamış və cərimələnməmişdir. Hərbi bacarığı yüksək qiymətləndirilir.
İsmayıl xana verilən arayışda bildirilir ki, kameral
siyahıya görə Kəngərli tayfası 1241 ailədən
ibarətdir, 2634 nəfər kişidir. Bu
tayfanın üzvləri Naxçıvan şəhərində
və Naxçıvan qəzasının kəndlərində
yaşayırlar. Kəngərlilər indi
kasıb olduqlarından 200 nəfərdən çox
atlını xidmət üçün hazırlaya bilmirlər.
Aşkar edilmiş arxiv sənədində Qafqaz canişininin
yazdıqlarını Rusiya çarı I Nikolay təsdiqləyib:
"Razıyam. 22 iyul 1847-ci il".
Beləliklə,
general-mayor Ehsan xanın böyük oğlu ştabs kapitan
İsmayıl xan Kəngərli tayfasının rəisi təyin
edilir.
Daha sonra sənəddə bildirilir ki, Kəngərli
tayfasının rəisliyi 22 yanvar 1843-cü ildəki əsaslarla
verilsin. Həmçinin Kəngərli süvarilərinin təchizat
məsələsi İsmayıl xanın iştirakı olmadan
cəmiyyətin özü tərəfindən təşkil
edilsin. Bu haqda 6 aprel 1844-cü ildə verilən
əmri əsas götürsünlər.
Bu sənəddən aydın olur ki, İsmayıl
xanın daşıdığı hərbi rütbəyə
uyğun qaydada əməkhaqqı da təyin edilib. 27 iyul 1847-ci
ilə Rusiyanın Hərbi Nazirliyinin əmri ilə
yuxarıdakılar təsdiqlənib.
Musa
RƏHİMOĞLU (QULİYEV)
AMEA
Naxçıvan Bölməsinin aparıcı elmi
işçisi,tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 30 iyun.- S.4.