Qarabağ mövzusu İlyas Əfəndiyev
dramaturgiyasında
XX əsr Azərbaycan ədəbi-bədii fikrinin və
ictimai-mədəni həyatının zənginləşməsində
diqqətəlayiq xidmətləri olan təkrarsız şəxsiyyətlərdən
biri də Xalq yazıçısı, görkəmli nasir və
dramaturq İlyas Əfəndiyevdir.
İ.Əfəndiyevin yaradıcılığı daim
yüksələn xətt üzrə inkişaf edib. 1980-ci illərin
əvvəllərindən başlayaraq onun bədii
axtarışlarında xalqımızın yaxın tarixi
keçmişinə, ziddiyyətli inkişaf yoluna, mədəni
və mənəvi həyatın müxtəlif sahələrində
qazandıqlarımıza və itirdiklərimizə
marağı daha da güclənib.
Yazıçının 1970-ci illərin sonu və 80-ci illərin
əvvəllərində bir-birinin ardınca tarixi mövzuda
yazdığı "Şeyx Məhəmməd Xiyabani",
"Xurşidbanu Natəvan", "Mahnı dağlarda
qaldı", "Bizim qəribə taleyimiz" və sair
pyesləri onun yaradıcılığında sosial-ictimai hadisələrin,
daha da genişləndiyini, xarakter və obrazların zənginliyini
göstərirdi.
İlyas Əfəndiyev ədəbiyyata gəldiyi ilk illərdən
qələmə aldığı hekayə, roman və dram əsərlərinin
əksəriyyətini Qarabağ mövzusuna həsr edib. Ömrünün
sonuna qədər də bu mövqeyini qoruyub saxlayıb.
Cəfər Cabbarlıdan sonra, İlyas Əfəndiyev
dramaturgiyasında da nəcib təbiətli qadın
obrazları bir silsilə təşkil edir və onun pyeslərində
xüsusi cazibədarlıq və maraq yaradır. Bütövlükdə
yazıçının Qarabağ mövzusunda
yazdığı həm kiçikhəcmli, həm də nisbətən
geniş əsərləri dramatik janra keçmək
baxımından əhəmiyyətlidir. İlyas
Əfəndiyev insan xarakterində yeniliyi həssaslıqla
araşdırırdı. Bədii ideya yeni
mərhələdə qarşıya çıxan problemlərin
həlli, maneələrin ləğvi ilə bağlı
çətinlik və ziddiyyətlərin konflikti maraqla ifadə
edilirdi. İlyas Əfəndiyev
dramaturgiyası əsərdən-əsərə püxtələşir,
müəllif daha dərin, mənalı konfliktlər
tapmağa çalışırdı. Bu
baxımdan yazıçının axtarışları
1964-cü ildə yeni bir əsərin "Sən həmişə
mənimləsən" lirik-psixoloji dramını meydana gətirir.
Əsərdəki surətlərin daxili aləmi
maraqlı açılsa da, əsərdə gərgin psixoloji
situasiyalar yaradır. Digər bir dram əsəri
olan "Atayevlər ailəsi" bütövlükdə
psixoloji dramdan çox, satirik, publisist dram janrının
yüksək nümunəsi sayılmışdır.
Yazıçının bədii ustalıqla mənəvi-sosial
problemləri qaldıran dram əsərləri Azərbaycan
Dövlət Akademik Dram Teatırında uğurla
oynanılıb. Heç təsadüfi deyil ki, İlyas
Əfəndiyevin dram əsərləri müxtəlif
xalqların dillərinə tərcümə olunaraq müəllifinə
böyük müvəffəqiyyət qazandırıb. İlyas Əfəndiyev "Büllur sarayda"
dramında güclü müasirlik ruhu aşılayır.
Bu dram Ağa Hüseyn Nəcəfovun yaylaq
mülkündə cərəyan edir. Və "Min bir
gecə" nağıllarındakı malikanələri xatırladan
bu imarət halal zəhmətlə yox, əyri yollarla mənimsənilən
sərvətin, rüşvətin hesabına
ucaldılıb...
Yazıçının "Tənha iydə
ağacı" dramında hadisələr Türkiyədə
mühacirətdə olan Kərim bəyin malikanəsində cərəyan
etsə də, əsas ideya və süjet Azərbaycanın tərkib
hissəsi olan Qarabağla sıx əlaqədardır. Əsərdə
Azərbaycanın azadlığı, müstəqilliyi,
bütövlüyü problemi ön plandadır. Diqqət
mərkəzində olan iki nüfuzlu şəxsin - həkim Kərim
bəylə, Professor Behbud bəyin obrazı, nəcib arzu və
xəyallarla yaşamış iki səmimi dostun
görüşü və söhbətləri bir çox
tarixi və həyati həqiqətləri yazıçı kəskin
drammatik məqamlarla açıqlayır. Biri vətəni
tərk etməli, digəri vətəndə qalmalı
olduğu üçün xoşbəxtliyini itirən bu iki
şəxsin taleyi Sovet rejiminin fəlakətli nəticələrini
real faktlarla əyaniləşdirir. Qarabağa ata-baba
yurduna səyahətə getmiş Sürəyya xanım da (Kərim
bəyin böyük qızı) mülklərində salamat
qalmış tənha iydə ağacının
doğurduğu hisslər, yaratdığı təsirli vətən
məhəbbəti ilə dolu motivlər əsərə daha da rəngarənglik
vermişdir.
Sovet imperiyasının dağılma ərəfəsində
xalqımızın taleyinə işıq salmaq, ən ibrətli
hadisələri gənc nəslə çatdırmaq ədibin
ümdə vəzifələrindən biri idi. Şeyx Məhəmməd
Xiyabani ədəbiyyatımızda Azərbaycan xalqının
birliyi probleminə həsr olunmuş ilk dram əsəri idi.
Sovetlər dövründə Şeyx Məhəmməd
Xiyabani hərəkatına milli deyil, dini hərəkat kimi
baxırdılar. Əslində isə
yazıçının təbirincə desək, Xiyabani hərəkatı
bu taydakı Demokratik Respublikanın bilavasitə təsiri ilə
cənubda yaşayan azərbaycanlıların hüquqları
uğrunda mübarizəyə qalxmışdır. Xiyabaninin pyesdə səslənən monoloqları
milli qeyrət və mübarizə ruhu, Azərbaycan sevgisi ilə
doludur. O, deyir :-"Ey qüdrətli
Azərbaycan xalqı! Ey azadlıq uğrunda
çarpışan mücahidlər! Bu
alqışlar verdiyin qurbanların səsidir. Qoy bu
qüdrətli səslər sənin ürəyində
güclü tufanlar qopartsın! Mənim əzablar, sitəmlər
çəkmiş böyük xalqım! And olsun sənin
şərəfinə, heç bir hədə-qorxu bu
qiyamı sarsıda bilməyəcəkdir! Biz şəhid
olacağıq, lakin bu yoldan dönməyəcəyik":
Alovlu sözlərlə xalqa üz tutan Xiyabani oxucu və
tamaşaçı tərəfindən hədsiz bir məhəbbətlə
qarşılanırdı. Bu qarşılanma
yazıçının qələbəsi və uzaqgörənliyi
idi. Cəmi iki il sonra Ermənistanın
Qarabağ torpağına işğalçı hücumu
başlananda Xiyabaninin bu sözləri gəncləri torpaq
uğrunda döyüşlərə səfərbər edən
çağırış kimi səslənirdi. Şeyx Məhəmməd
Xiyabani obrazı azadlıq və müstəqillik uğrunda
şəhidliyi belə şərəf kimi qəbul edən misilsiz
bir vətənpərvər obrazı idi.
İlyas Əfəndiyevin xalqımızın taleyi və
birliyi problemini əks etdirən ən yaxşı tarixi əsərlərindən
biri də Qarabağ xanının qızı Xurşidbanu Natəvanın
həyatına həsr olunmuşdur. Bu əsər səksəninci
illərin əvvəllərində böyük ədəbi
hadisəyə çevrilir. Geniş
auditoriyasının rəğbətini qazanır. İlyas Əfəndiyev ilk dəfə olaraq qadın
surətini tarixi dramın baş qəhrəmanı kimi
seçmişdir.
Dramın uğur qazanmasının bir səbəbi tarixi
hadisələrin müasir səslənməsidirsə, digəri
yazıçının yetkin sənətkarlıq məharəti
olmuşdur.
Xurşidbanu Natəvan sonuncu Qarabağ xanının
qızı, təmiz və bəşəri hisslərin
qadın duyğularının incə nəğməkarı
olan bir şairədir. Onun hüzn və kədərlə
yazdığı qəzəlləri öz ağır
taleyinin, həmçinin Qarabağ xanlığının XIX
əsrin birinci yarısındakı süqutunun
ağırlığını ifadə edir. Onun əsərlərindəki kədər sosial səciyyə
daşıyır. Elə
yazıçını da Natəvanın taleyinin məhz bu tərəfi
daha çox cəlb etmişdir. Dramaturqun əsas
niyyəti Natəvanın həm ictimai xadim, həm də elinə-obasına
bağlı şairə kimi dolğun obrazını
yaratmaqdır. Əsərdə dramatik
konflikt ən çox Natəvanın taleyi üzərində
qurulur.
Yazıçı əsərdə Natəvandan başqa
Knyaz Xasay, Seyid Hüseyn, şair Mamayı, Nəvvab, Qafqaz
canişini və başqa obrazlara da xüsusi yer vermişdir. Xurşidbanu
Natəvan dramında yazıçını Sovet dövlətinin
dağılma ərəfəsində cəmiyyəti narahat edən
əsas məsələ - xalqımızın
azadlığı və gələcək taleyi
düşündürüb. Müəllif
bu problemi xalqımızın tarixi keçmişinə
münasibət baxımından yenilikçi və cəsarətli
bir obrazın iştirakı ilə işıqlandırıb.
O, Qarabağda yuva salmış mənfur erməni millətçiliyinin
fitnəkar təbiətini, bunun xalqımız
üçün təhlükə olmasını göstərib.
Sovet ideologiyası şəraitində bu
mövzunun yazıçı tərəfindən qələmə
alınması, sözsüz ki, təqdirəlayiq bir hal kimi
qiymətləndirilməlidir. Ter-Vahan surəti
torpaqlarımıza göz dikən, xristian dünyasına
özünü qurban kimi qələmə verən erməni
fitnəkarlarının ümumiləşdirilmiş
obrazıdır. Onun yaltaqlığı, hər
dəqiqə bir cildə girib ağı qara kimi qələmə
vermək xüsusiyyəti erməni millətçiliyinin əsas
obrazı kimi ümumiləşir. Əsərdə
İlyas Əfəndiyev Xan qızı Natəvanın şəxsi
taleyini ümumən Qarabağın taleyi ilə eyniləşdirmişdir.
Onun yaratdığı Natəvan obrazı şimali və cənubi
Azərbaycanın taleyi və dərdi ilə yaşayır. İmperiyaların süngüsü ilə ikiyə
parçalanmış vətəni bütöv görmək
istəyir. Bu motiv pyesdə Natəvanın
həm Rusiya imperiyası, həm də İran dövlətinin
səfirləri ilə görüşlərində daha
açıq və qüvvətli səslənir.
Natəvan bu iki qonşu dövlətinin planlarını
Azərbaycanın azadlığı və müstəqilliyi
üçün təhlükə sayır və bu təhlükənin
dəf edilməsi üçün böyük diplomatik məharət
göstərir. O, Qafqaz canişini ilə görüşüb
Qarabağ xanlığının bütün
torpaqlarını və mülkünü tələb edəndə
canişin soruşur:
- Bu qədər
torpaq sənin nəyinə lazımdır?
Natəvan ona belə cavab verir:
- Mənim
xalqım var...
Bu ideya əsər boyu Natəvanın fəaliyyətinin
qayəsi kimi diqqəti cəlb edir.
Natəvan xalq üçün Şuşaya su çəkdirir,
kəndli balaları üçün məktəb
açdırır, yollar saldırır.
Pyesin əvvəlindəki
monoloqunda Natəvan
deyir:
- Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət
varsa, o da yalnız insanın öz vətəninə, öz ləyaqətinə
sahib çıxmasındadır. Mən
azadlığın qüdrətinə inanıram. İnsan ləyaqətinin yüksəlişi
üçün həqiqi vicdan azadlığı
lazımdır.
Bu
sözlər "Xurşidbanu Natəvan "
tarixi dramında müəllif fikrini yığcam şəkildə
əks etdirir.
İlyas Əfəndiyevin sonuncu dram əsəri olan
"Hökmdar və qızı" onun Qarabağa sonsuz məhəbbətindən,
dramaturgiyaya tükənməz sədaqətindən xəbər
verir. Yazıçının İbrahim xanın həyatına
həsr etdiyi faciə dramı Milli Akademik Dram Teatrının
səhnəsində uğurla tamaşaya qoyulmuşdur. Əsərdə cərəyan edən hadisələr
XVIII əsrin ictimai-siyasi mühitini əks etdirir. Dramaturq Azərbaycanın müstəqil
xanlıqlardan ibarət olduğu bir zamanı təsvir
etmişdir. Azərbaycanı öz tabeliyinə
almaq üçün Rusiya ilə İran arasında
amansız müharibə gedir. Rusiya-İran
müharibəsi Rusiyanın xeyrinə bitir. Rusiya Azərbaycanı öz himayəsinə
keçirmək adı altında xanlıqların
torpaqlarını zəbt edir. Milli
bütövlük uğrunda mübarizə, xanlıqların
birləşməsi ideyası gerçəkləşmir.
Yuxarıda qeyd edilənlər bir daha göstərir ki,
İlyas Əfəndiyev dramaturgiyası və ədibin
Qarabağ mövzusuna həsr etdiyi əsərləri zaman
keçdikcə nəinki dəyərini və
aktuallığını itirmir, əksinə, oxucuların,
tamaşaçıların nəzərində daha da yüksəlir.
Ədalət
RƏSULOVA
525-ci qəzet.- 2016.- 4 mart.- S.4.