"Yuva axtarıram -
olmayan yerdə..."
KƏLBƏCƏR HƏSRƏTLİ ŞAİR YUSİF HÜSEYNİN ŞEİRLƏRİNDƏN ALINAN TƏƏSSÜRATLAR
Onun yaradıcılığı haqqında çoxdan
yazmaq istəyirdim. Məndəki kitablarını bir də təkrar oxudum
və nəhayət, belə bir yazı alındı...
Yaxın
dostum, istedadlı şair, "Qızıl qələm"
mükafatı laureatı Yusif Hüseyn müxtəlif illərdə
nəşr olunmuş "Ömrün ətri", "Bir
parça ömür yolu", "Ömür ağacı
var, dar ağacı var", "Günlərin birində",
"Məndə bu dünyadan beləcə
keçdim",
"Ömür bir nağıl imiş", "Kəlbəcər
ağrılı dünyamdı mənim" kimi bir-birindən
maraqlı kitabların müəllifidir.
Yusif
Hüseyn 1951-ci ilin may ayının 10-da Azərbaycanın
füsunkar guşəsi Kəlbəcərdə doğulub,
orada da orta təhsil alıb. 1975-ci ildə
Bakıda Azərbaycan Politexnik İntitutunu bitirib Kəlbəcərə
qayıtdıqdan sonra 1993 - cü ilin aprel ayına, yurdumuzun bu
incisinin düşmən əlinə keçdiyi günə qədər
orada yaşayıb.
Uşaqlığı çox ağrı-acılı
keçib. Səkkiz yaşında atasını itirən Yusifi
anası - Yetər ana böyüdüb. Atasız
böyüsə də, atalı-analı olanlara heç vaxt həsrətlə,
həsədlə baxmayıb, atasızlığı bir
alın yazısı, tale, qədər kimi qəbul eləyib.
Elə o yaşından evin kişisi olub, zamanın sərt
sınaqlarına kişi kimi sinə gərib.
Unudulmaz
şairimiz M. Aslan Yusifi boya-başa çatdıran ana
haqqında yazır: "...Rəhmətlik Yetər ana, eldə
deyildiyi kimi, saçının birini ağ,
birini qara hörmədi, elə ikisini də dümağ
hördü. Bir ağ gün görmədi
fağır.
Təki övladları bay olsunlar". Yusif özü isə əzab-əziyyətlərlə,
olmazın çətinliklərlə
üzləşən anasını belə xatırlayır:
Perik
düşdü gecələrin yuxusu,
Dərd
içində ömrün-günün çoxusu,
Duyğumdadı
nəvazişi, qoxusu,
İndi
bildim yolumuzda nə çəkmiş,
Mənim anam çox kişidən zirəkmiş.
Doğrusu, Yusif Hüseyn haqqında yazı yazmaq
üçün onun istənilən şeirini oxuyub fikir
yürütmək, xarakterini açmaq mümkündür. Lakin bir
şeirinin sehrinə düşdünmü, o biri şeirləri
oxumadan durmaq mümkün deyil.
Onun
yaradıcılığıyla tanış
olduqca nə qədər həssas, kövrək, ilhamlı, təəssübkeş,
yurdsevər şair olduğunu gördüm. Şairin
yaradıcılığında vətən sevgisi, yurd həsrəti, bu həsrətdən
yaranan ağrı- acılar, ana məhəbbəti, təbiət
şeirləri, məhəbbət şeirləri mühüm
yer tutur. 2004-cü ildə Bakıda nəşr olunmuş
"Bir parça ömür..." kitabı
üçün qələmə aldığı
önsözdə böyük Xalq şairimiz M. Araz yazır:
"...Bir neçə kəlbəcərli şair və
saz-söz xiridarlarının da yaradıcılığı
ilə yaxından tanışam. Deyərdim ki, İlahinin bu
ulu ozan yurduna verdiyi əvəzolunmaz nemətlərdən biri
də məhz burada doğulanların dilinin poetikliyi, qəlbinin
və ruhunun lirik bir ümman olmasıdır!..
Yusif Hüseynin də şeirlərində mən bütöv
bir Kəlbəcər obrazını, sonra isə Azərbaycan
dünyasını gördüm.Yusifin şeirlərinin hər
sətrində vətənpərvər bir oğulun ürəyinin
döyüntüləri eşidilir..."
Həqiqətən də Yusif Hüseyn elinə-obasına,
doğma Azərbaycanına, candan artıq sevdiyi, lakin uzun illər
bizim üçün əlçatmaz, ünyetməz olan həsrətiylə
yaşadığımız Kəlbəcərimizə
bağlı olan bir şairdir. Bəlkə yeniyetmə illərindən
başlayaraq hər yerini, dərəsini, dağını -
düzünü, yaylaqlarını, zümrüd meşələrini
qarış- qarış gəzdiyindəndir ki, bütün
yaradıcılığında
Kəlbəcərin
gözəlliklərini oxucunun
gözü qarşısında
canlandırır.
Söz
yazdığım xınalı daş dəftərim,
Yol boyunca
nəğmə deyir Tərtərim,
Qonağım
ol, sənə heyrət göstərim,
Yorğun
düşsən, duman dönər balınca,
Daşa dönüm burdan ayrı qalınca.
Yaxud:
Nəfəsində,
ləşək-ləçək gül açar,
İlmələnər, çiçək-çiçək
tül açar?
Bülbüllərin
cəh-cəhində dil açar,
Qızılgülün yarpağında gələr yaz.
Ya da:
Kəlbəcər!
- Daşımdı, qayamdı mənim,
Kəlbəcər!
- Kökümdü, mayamdı mənim,
Kəlbəcər!
- Ömrümün dərd yapıncısı,
Kəlbəcər!
- Gözümdə ziyamdı mənim.
Yusif Hüseyni uzun illərdi tanıyıram, ilk
tanışlığımız 80-ci illərin əvvəllərindən
Kəlbəcərdən başlayıb. Mən o vaxt
Moskvada Ədəbiyyat İnstitutunda təhsil alırdım,
yay tətillərində evimizə, Kəlbəcərə
gedirdim. O vaxt Yusif Hüseyn məndən böyük
qardaşım - adaşı Yusiflə bir idarədə
çalışırdılar. Elə bizi qardaşım tanış elədi, dedi ki, yaxşı adamdır,
yaxşı şeirlər yazır, şairdir, həm də Bəhmən
Vətənoğlunun xalası oğludur. Sonra bu tanışlıq
dostluğa gətirib çıxardı. Sonralar
öyrəndim ki, hələ qohumluğumuz da varmış.Yusif Hüseynlə tez-tez
görüşmək bizə nəsib olmasa da, yönüm Azərbaycana
düşəndə vaxt tapıb zəng edirəm,
görüşürük.
"Kəlbəcər ağrılı dünyamdı mənim"
kitabını oxuyuram. Kitabda müəllifin müxtəlif
qoşmaları, gəraylıları, təcnisləri,
müxtəlif illərdə müxtəlif mövzularda
yazdığı şeirləri toplanıb. Tanınmış publisist "Qızıl qələm"
mükafatı laureatı Vəlyəddin Misiroğlu kitaba
"Qürbət yorğanında qızınmayan
şair" başlığı altında maraqlı,
dolğun önsöz yazıb.
Hər kəsə
məlumdur ki, içi mən qarışıq Kəlbəcər
ədəbi mühitində yer alan
şairlərin əksəriyyətinin
yaradıcılığı aşıq poeziyasından bəhrələnib.
Onun istənilən bir şeirini oxuyanda duyursan
ki, şairin poeziyası şifahi söz xəzinəmizdən
necə barınıb, yararlanıb. Doğma
xalqının həyatından, ruhundan və ənənələrindən
bəhrələnən şair, yaxşı ki, sünilikdən
qaçır, oxunaqlı, ürəyəyatımlı şeirləriylə
ruhumuzu oxşayır, belə sadə deyim tərzi
onun şeirlərinin xalq arasında yayılmasına, sevilməsinə
səbəb olur. "Vətəndi, ay oğul, vətəndi-torpaq"şeirində
oxuyuruq:
Torpaq qorudunsa, papaq sənindi.
Yurdunda od sənin, ocaq sənindi.
Sonucda bir
qarış torpaq sənindi,
Yaxşını,
yamanı örtəndi torpaq,
Vətəndi,
ay oğul, vətəndi torpaq!
İnsanın
qəlbinin odu, ocağı,
Behiştin ünvanı ordan aşağı.
Cismin son
gümanı, dayanacağı,
Şəhid
ruhlarına kəfəndi torpaq!
Vətəndi,
ay oğul, vətəndi torpaq!
Onun qoşma, gəraylı və digər şeirləri
hissin, duyğunun, ağlın süzgəcindən
süzülüb gəlir. Heca vəznində
yazdığı şeirlərində Aşıq Alı,
Aşıq Qurban, Aşıq Ələsgər, Dədə
Şəmşir ənənələri özünü
göstərir. Bu şeirlərdə şairin
könlü Dəlidağdan pərvazlanaraq Gəncədən,
Şamaxıya, İsmayıllıya, Bakıya uçur, bütün Azərbaycanı
gəzib dolanır, Qarabağ dərdini, Kəlbəcər dərdini,
işğal olunmuş torpaqlarımızın nisgilini aləmə
yayır. İşğal altında inildəyən
dağlarımızın nisgili Yusifin bütün şeirlərinin
baş mövzusudur:
Yuva
axtarıram - olmayan yerdə,
O
dağlar özüymüş ocaq da, pir də.
Qayıda
ömrümə, qayıda bir də,
O
güllü, çiçəkli yamacın ətri.
İtdi
arzuların ümid boxçası,
Soldu bu
dünyanın bağı, baxçası,
Qayıtmaz
anamın taxtı-taxçası,
O
qucağın ətri, o sacın ətri.
Bütün
Kəlbəcər şairlərində olduğu kimi
Qarabağın və digər torpaqlarımızın
işğalından sonra şairin yaradıcılığında bir dönüş yarandı,
onun yaradıcılığında qəmli notların
sayı çoxaldı.
Yusifin şeirlərini oxuyanda xəyal əllərimdən
tutub məni qarış-qarış Kəlbəcəri,
dağlarımızı, yaşıl donlu meşələrimizi,
ilməsi maralçiçəyindən olan göz oxşayan,
könül açan allı-güllü
yaylaqlarımızı gəzdirir.
Körpəliyindən
anasının şirin-şirin bayatılarıyla,
nağıllarıyla böyüyən uşaq dünyanın
necə şirin olduğuna, ananın,- dünya gözəl
dünyadı deməsinə inanır, qəm-qüssəsini
bir anlıq unudub bu gözəl, şirin dünyada yaşadığına ürəyində
şükr etsə də, böyüyəndə, həyatın
ağır zərbələriylə üzləşəndə,
dünyanın nə qədər amansız, haqsız, ədalətsiz olduğunu dərk edəndə
dünyadan gileylənir:
Sevinci zərrə-zərrə,
dərdi dağından böyük,
Sinəmdəki
yarası yurd ocağından böyük,
Dünyanın
nəyi var ki,
dərd
otağından böyük,
Yox, bu
dünya dediyin dünya deyilmiş, ana!
Yusif
Hüseynin şeirləri içərisində Kəlbəcərin
tanınmış insanlarına, şairlərinə,
dostlarına, öz övladlarına, doğmalarına,
söz-sənət adamlarına
həsr olunmuş səmimi
ithaflar da az deyil.
"Dünyanın
ağzından qan iyi gəlir", "Beşikdən məzara
qədərdi dünya", "Ömür ağacı
var,dar ağacı var", "Burdan ayrı qalınca",
"Kəlbəcər haqqı", "Ağlatdı",
"İllərdir gecələr yol gedirəm mən",
"Gözlərim yol çəkir vətənə
sarı"," Qeyrət qanda ulayar" və başqa
şeirlərində isə
ictimai-siyasi və mədəni həyatımızda baş vermiş hadisələr, müstəqillik dövrünə
xas olan keçid mərhələsinin sosial
sıxıntıları, çətinliklər,
qaçqınlıq-köçkünlüyün
yaratdığı əzablar, Qarabağ işğalından
yaranan ruhi sarsıntılar öz əksini tapıb. Belə əsərlərində şair bütöv
əqidəsi, yurdsevərliyi, azərbaycançılığı,
ocağa, yurda bağlılığı ilə seçilir.
Pərvanə şamın başına dolanan kimi Yusif də
dərdinin başına dolana-dolana yaşayır. Qarabağ boyda dərdinə,
Şuşa, Kəlbəcər, Laçın nisgilinə
poetik abidə yaradır və özünü söz memarı
kimi təqdim edə bilir!
"Mənim
qala yurdum, qalaçam dağlar" adlı bir şeirində
şair dağlar həsrətinə, ayrılığına
tab gətirməyin ağırlığını
vurğulasa da, ümidini itirmir:
Sizsiz
dünya mənə haramdır, haram,
Sizsiz qəbirdə
də sağalmaz yaram,
Əlacım
varmı ki, səcdənə duram,
Daşına, qayana əl açam, dağlar?
Yusif
Hüseynin yaradıcılığında məhəbbət
şeirləri sayca az olsa da məzmun
gözəlliyi ilə oxucuları valeh edir:
Gəl,
yetməz bir kimsəyə harayım,
Xəzri
olum, tellərini darayım,
Ay vəfasız,
indi kimi arayım,
Kimə açım varaq-varaq dərdimi?
Könül
həsrət, dərdim pünhan, görən yox,
Sonam tənha,
zülf pərişan, hörən yox,
Mən
Yusifə səndən xəbər verən yox,
Artırırsan bax bu sayaq dərdimi.
Onun təbiət
haqqında yazdığı şeirlər də təbiiliyi
ilə diqqəti çəkir:
Cığıra
iz düşüb, ləpir-ləpirdi,
Ləpirlər bulağı arxac eyləyib.
Şaxta
suları da "gömgöy kəsibdi",
Şaxta suları da ağac eyləyib.
Güzgülər
çəkilib ayna sulara,
Sular naxış-naxış naxışlanıbdı.
Şəlalə
asılıb hörüklərindən,
Elə yerindəcə donub qalıbdı.
Sonda
üzümü Yusif Hüseynə tutub deyirəm ki: Sən əsl
şairsən, dilimizə, ədəbiyyatımıza layiq
insansan. Öz dünyaduyumu olan qələm sahibisən,
qardaş! Sənə uğurlar arzulayıram.
Özün dediyin kimi, gün o gün olsun ki, tale
üzümüzə gülsün, yaxında olan qələbəmizi
öz gözlərimizlə görək:
...Tale
gülsə yaxındadı qələbə,
Ana yurda
bir şəhid can borcluyuq.
Moskva, 12.02.2016
Nəsib NƏBİOĞLU
525-ci qəzet.- 2016.- 1 mart.- S.8.