Nurlu xatirəsi, parlaq izi qaldı...

 

UNUDULMAZ PEDAQOQ, ƏMƏKDAR MÜƏLLİM BABƏK XUBYAROVUN RUHUNA EHTİRAMLA

 

 

                

 

 

Qədim ulu bir keçmişə malik Şabran torpağını hətta ölkəmizin hüdudlarından kənarda da tanıdan həmyerlilərimiz arasında tarixçi alimlər az deyil.

 

Gərgin elmi tədqiqatların, araşdırmaların yekunu kimi dissertasiya müdafiə edib tarix elmləri doktoru, professor olan, bu sahədə Əməkdar elm xadimi kimi yüksək ada layiq görülən şabranlı da var.

 

Ancaq heç bir elmi titulu olmayan sıravi bir tarix müəllimi, öz haqq dünyasına qovuşan Nurbala Quliyevin adı şabranlılara daha doğma əziz idi. Azərbaycanın, xüsusilə Şabranın tarixinə dərindən bələd olan, bu torpağı qarış-qarış gəzib tədqiqatlar aparan, adlı-sanlı tarixçi alimlərlə elmi polemikaya girib dediyinin üstündə duran, elə bu torpağın başqa bir yetirməsi - şair, Əməkdar incəsənət xadimi Ağalar Mirzənin bir vaxt qürurla "Dəvəçinin Heredotu" adlandırdığı qocaman tarix müəllimi Nurbala Quliyevi Babək Xubyarov da özünün ustadı hesab edirdi. bu yaxınlarda haqq dünyasına qovuşan Babək müəllim öz ustadı kimi bölgənin tarixini öyrənərək neçə-neçə tarixi faktları tədqiq edib aşkara çıxartsa da, təəssüf ki, dissertasiya müdafiə edib rəsmi elmi titul, alimlik dərəcəsi almadı. Ancaq Azərbaycan tarixi ilə bağlı məktəb şagirdləri üçün neçə-neçə dərslik kitablarının müəlliflərindən biri oldu.

 

Zaman-zaman görkəmli şəxsiyyətlər, müdriklər, fatehlər müəllim adı, müəllim peşəsi ilə bağlı tarixin yaddaşına qızıl hərflərlə yazılan çox qiymətli sözlər qoyub gediblər. Ölkələr fəth etmiş Makedoniyalı İsgəndərin atası Filip deyirdi, mən ona görə fəxr etmirəm ki, İsgəndər mənim oğlumdur, mən fəxr edirəm ki, oğlumun müəllimi Aristoteldir... Ümummilli liderimiz Heydər Əliyev müəllim əməyini çox yüksək dəyərləndirib: "Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir".

 

Babək Xubyarov əsl müəllim idi. Həm Respublikanın Əməkdar Müəllimi kimi fəxri ada layiq görülən bir pedaqoq!

 

İki il bundan qabaq onun bir vaxt çalışdığı təhsil ocağında - Şabran şəhər M.Nəzirov adına 4 saylı tam orta məktəbdə keçirilən 60 illik yubiley tədbirində iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun öz çıxışında qeyd etdiyi kimi, əgər Babək müəllim bu fəxri ada Şabranda çalışan min nəfərə qədər müəllimin sırasında fərqlənib layiq görülsəydi, əlbəttə, buna təbii baxar, bəlkə o qədər heyrətlənməzdik. Ancaq Babək müəllim bu fəxri ada ölkənin paytaxtı Bakıda, on minlərlə müəllim arasında fərqlənib layiq görülmüşdü, bu isə olduqca qürurvericidir.

 

1954-cü ildə Şabran rayonunda müəllim ailəsində anadan olmuş Babək Ələkbər oğlu Xubyarov 1977-ci ildə BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra pedaqoji fəaliyyətinə Şabran şəhər M.Nəzirov adına 4 saylı tam orta məktəbdə başlayaraq, iyirmi il bu məktəbdə ixtisası üzrə müəllim, sonralar direktor müavini işləyib.

 

Sonralar pedaqoji fəaliyyətini Bakıda, Yasamal rayon 158 saylı tam orta məktəbdə davam etdirib.

 

B.Xubyarov pedaqoji fəaliyyətə başladığı illərdən həmişə yenilikçi - novator pedaqoq olub. O, qısa vaxt ərzində çalışdığı məktəblərdə bir-birindən zəngin tarix kabinetləri, muzey sinfi təşkil edib. Şabran şəhər 4 saylı məktəbi tarix təmayüllü təhsil ocağına çevirib. Onun fəaliyyəti nəticəsində tarix fənni üzrə məktəbin şagirdləri rayon, zona, respublika üzrə bilik yarışlarında, müsabiqələrdə, fənn olimpiadalarında fəxri yerlər tutublar.

 

Ölkədə test sisteminin tədris prosesində öyrədici möhkəmləndirici vasitə kimi ilk tətbiq edənlərdən idi Babək müəllim. Təhsil Nazirliyinin kurrikulumun tətbiqi ilə əlaqədar işçi qrupun üzvü olaraq o, yeni dərslik, tədris materiallarının hazırlanmasında da yaxından iştirak etmiş, öz tövsiyələrini vermişdi.

 

Babək müəllimin pedaqoji fəaliyyətində şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsi əsas yer tuturdu. Onların arasından neçə-neçə hərbçinin, hətta Roman Yusifov kimi Milli Qəhrəman adına layiq görülmüş igidin yetişməsi heç təsadüfi deyildi.

 

Babək müəllim üç qız atası olandan sonra dünyaya gələn sonbeşik övladını - oğlunu hərbçi kimi görmək istəyirdi. Axı, tarixçi idi bilirdi ki, Vətən üçün, xalq üçün tarix yazanlar sırasında hərbçilər ön cərgədə dayanırlar. iki humanist peşənin sahibləri - həkim Tövsiyə xanımın müəllim Babək Xubyarovun əziz-xələf oğlanları, kapitan rütbəli Çingiz Xubyarov da, əlbəttə, Vətənin qeyrətli oğlanları ilə birgə tariximizə şanlı bir qəhrəmanlıq səhifəsini yazacaq...

 

B.Xubyarovun təcrübəsi öyrənilərək rayon respublika səviyyəsində yayılmışdı. Hələ gənc müəllim ikən ona, pedaqoqların layiq görülə biləcəyi, demək olar ki, bütün fəxri adlar verilmişdi.

 

B.Xubyarov respublika müəllimlər qurultaylarının dəfələrlə nümayəndəsi olmuşdu.

 

Babək müəllimin pedaqoji fəaliyyəti ictimaiyyət dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Onun fəaliyyəti barədə məqalə, oçerk, kitab yazılıb. Azərbaycan Televiziyası onun rəhbərlik etdiyi bilik komandası haqqında "Çıraqqalanın Tusi zirvəsi", İctimai Televiziya isə onun özü barədə "Müəllim ömrü" televiziya filmlərini çəkib.

 

2014-cü ildə 60 yaşının tamamını doğma Şabranda, doğulub boya-başa çatdığı yurdda keçirmək istəyirdi. Onun bu istəyindən xəbər tutan rayon rəhbərliyi bu tanınmış pedaqoqun Şabranda öz yubiley tədbirini keçirmək arzusunu məmnunluqla qarşıladı və həyata keçirilməsinə yaxından dəstək verdi. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun iştirakı ilə qeyd olunan o yubileylə bağlı tədbir Babək müəllimin bir vaxt çalışdığı doğma məktəbdə təntənə ilə keçirildi. B.Xubyarovun keçmiş şagirdləri - indi respublikada tanınan adlı-sanlı şəxslər, bir vaxtlar ADU-nun Tarix fakültəsində onunla tələbə yoldaşı olmuş, indinin nüfuzlu tarixçi alimləri, usta pedaqoqlar, dəyərli müəllimlər də həmin tədbirə böyük həvəslə qatılmışdılar. O gün sanki bütün dünya Babək müəllimin idi, nurlu çöhrəsi gülür, qəlbi pərvazlanırdı və bunlar onun halal haqqı idi...

 

Babək müəllim elə-obaya bağlı, xeyir-şərdən qalmayan bir insan kimi daima doğma bölgəylə təmasdaydı, illərdən bəri Şabrandan uzaq düşsə də, gözü-qulağı bu yurdda idi. Qəribə bir adəti vardı ki, hüzr məclisinə bəlkə də mərhumun qohum-qardaşından qabaq, bir həmdərd kimi özünü çatdıran Babək müəllim yaxınların toy məclislərinə nədənsə çox zaman bir qədər yubanardı. Bu da bir təvazökarlıq, sadəlik əlaməti idi, yəqin ki. Ancaq Babək müəllim toyun axırına yaxın da olsa, mütləq özünü məclisə çatdırardı. Və... Babək müəllim məclisə girəndə əllərini yuxarı qaldırıb, özünəməxsus bir ədayla yelləyə-yelləyə, çöhrəsində də toy sahiblərinin sevinc-fərəhinə şəriklik ifadəsi, tanış-bilişini salamla-salamlaya, onun üçün saxlanılan yerə keçərdi... Bəli, Babək müəllim yaxınların şad məclislərinə gecikərdi. Amma nədənsə doğmalarını, dostlarını özünün hüzr məclisinə tələsdirdi... Sağlığında el-obada, kollektiv içində özü vardı, dost-tanış arasında o işıqlı, mehriban üzü vardı Babək müəllimin. İndi - yoxluğundan sonra isə yaddaşlarda, könüllərdə parlaq, silinməz izi var...

 

 

Aydın Tağıyev

525-ci qəzet.- 2016.- 1 mart.- S.8