"Tilsim": dünənlə bu gün
arasında qalan təhtəlşüur
Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, Xalq yazıçısı Anarın
"Vahimə" hekayəsi 2005-ci ildə öz ekran həllini
ssenarist və quruluşçu rejissor Kamran Qasımovun
quruluşunda tapıb.
Filmin
hekayənin əsasında çəkildiyini nəzərə
alaraq onun təhlilinə başlamazdan əvvəl hekayənin
özü ilə tanış olmaq qərarına
gəldim.
Psixolojik
dram janrında çəkilən filmin ilk səhnəsində
Pakizənin (Fərqanə Quliyeva) Oruca (Muxtar İbadov) teleqram
kağızını uzadaraq Rusiyada təhsil alan oğlu
Aydına pulu bu həftə yollamalı olduqlarını
söyləməsi, teleqramın axşam Oruc işdən
yorğun gəldiyinə görə məhz indi göstərməsi
və "yorğunluğun keçdi?" deyə sual verməsi
onun qayğıkeş evdar xanımı olduğunu göstərir.
Televizorda hekayədən fərqli olaraq
"Qarabağ savaşından" deyil, 2003-cü ildə
ABŞ-ın terrorizmə qarşı mübarizə apararaq
İraqa daxil olmasından xəbərlər verməsi hadisələrin
zaman dəyişkənliyini göstərir. Əgər hekayədə hadisələr
1992-1993-cü illərdə gedirdisə, filmdə 2003-cü
ildən sonrakı dövrdə baş verdiyi aydın olur.
Bu baxımdan film hekayəni üstələyə
bilməsə də onunla bərabər səviyyədə
qalır ki, tamaşaçının bundan "heç ruhu
belə incimir". Orucun "başım
pasientlərə qarışmışdı" söyləməsi
onun həkim olması barədə təssürat yaradır.
Söhbət zamanı Pakizənin Oruca
"şənbə günü sənə bağa nə
bişirim?" sualının verməsi filmin ideyasını
bəlli edir.
Orucun evdən çıxaraq maşınına əyləşib
yola düşməsindən sonra yolun təsvir olunması,
ardından şəhər görüntülərinin verilməsi
çaşqınlıq yaratmır, təbii
görünür.
Doktor Quluzadə ilə xəstəxananın dəhlizində
rastlaşan Orucun onunla dialoqu darıxdırıcı təsir
bağışlayır. Onlar arasındakı "səmimi
dialoq", sözlər arasındakı fasilə, olması gərəkəndən
çoxdur. Həmin dialoq özündə
informasiya yükü daşısa da, sanki, söhbət edən
orta yaşlı insanlar deyil, "Ahıl yaşlı
insanlar"dır. Dialoq zamanı psixolojik problemi olan bir
xəstənin Orucun yanına göndərilməsinin söylənməsi
və ekrana "Psixiatriyanın şöbə müdiri Oruc
Zeynalov Tibb elmləri doktoru" yazısının gəlməsi
onun özünü təsdiqləmiş psixiatr olduğunu
göstərir.
Öz kabinetində Qarabağ problemini "iyirmicə
saata" həll edəcəyini söyləyən xəstəyə
səbrlə qulaq asan Orucun peşəkarlığına
şübhə qalmır. Onun arxasında divarda
görülən kalendarda "2004-cü il"
yazılması isə zaman dəyişkənliyini bir daha təsdiqləyir.
Birinci xəstəni yola saldıqdan sonra
cırtdan boylu baxıcının (Natiq Fərzəliyev) qəbula
gəlib, Oruca "Şənbə günü gəlmişdim,
dedilər yoxsuz" sözündən sonra "Mən
baxıcıyam" söyləməsi ziddiyyət təşkil
edir. Əgər o həqiqətən
baxıcı olsaydı, o zaman şənbə günü qəbula
gəlməyin mənasız olduğunu bilməli idi.
Baxıcının Orucun bağı haqqında söylədikləri,
bu zaman musiqinin müşaiyət etməsi gərginliyi
artırmaqla yanaşı özündə mistik janrın
elementlərini əks etdirir. Orucun telefonla
Ofeliyanın (Lalə Mustafayeva) xəstəlik kağızlarını
gətirməsini söyləməsindən sonra qızın əlində
sənədlərlə kabinetə daxil olub,
kağızları işvə-nazla Oruca uzatması onlar
arasında kolleqalıqdan kənar əlaqələrin də
olduğunu göstərir. Onların
bağda görüşərək birlikdə şam etməsi
isə bu əlaqəni təsdiqləmiş olur.
Orucun
gözəl işi, xaricdə təhsil alan
oğlu, dilsiz-ağızsız qayğıkeş həyat
yoldaşının olması, məşuqəsi ilə
keçirdiyi şənbələr, dostlarıyla
görüşdüyü qonaqlıqlar və s. onun sakit həyat
tərzindən xəbər verir.
Doktor
Quluzadənin söylədiyi xəstəni qəbul etdikdən
sonra Orucun yanına Gələn Baləminin (Rəzzaq Məmmədov)
ondan öz bağını tələb etməsi, onlar
arasında gedən bu dialoq:
" -
O bağ mənim atamın olub.
- Xeyr, bir
erməni həkimin.
-Ermənidən
qabaq mənim atamın olub, ondan da qabaq babamın"
- özündə dərin mənanı əks
etdirir. Bu dialoqla müəlliflər
Xalqımızın yaralı yerinə - Qarabağ probleminə
toxunurlar. Başqa sözlə desək,
sözü gedən Orucun Bağı əslində simvolik
olaraq "Qarabağ"dır. Bu fikri film boyu psixi
problemi olan xəstələrin dillərindən söylənən
"Qarabağ problemini 20-cə saata həll edərəm",
"Bu millətin heç nəyi qalmayıb", eləcə
də Orucun öz dilindən "son vaxtlar, gələn xəstələrin
hamısı "müharibə edək" kimi fikirlər
söyləyirlər" dedikləri təsdiqləmiş
olur. Görünür, filmin eləcə də
hekayənin əsas ideyası bütün fikirləri
Qarabağ probleminə yönəltməkdir.
Lakin bir məqam var ki, tamaşaçıya qaranlıq
qalır.
Bildiyimiz kimi hadisələr hekayədə olduğundan fərqli
olaraq 10-12 il sonra - 2004-cü ildə cərəyan
edir. Baləmi də Oruc ilə
görüşür və ondan vaxtı ilə
atasının, atasından öncə babasının olan və
sonralar erməni həkiminin yaşadığı, ən
sonunda Qarabağ savaşından sonra Bağlar İdarəsi tərəfindən
Oruca verilən bağı geri tələb edir. Orucun Baləmiyə
"Bu qədər vaxtı hardaydın bəs?" sualına
cavabı biz növbəti səhnələrdə
Ofeliyanın dilindən Baləminin 4 il
öncə həbs olunaraq 5 il iş alması, yalnız indi
amnistiyaya düşməsini öyrənirik. Ofeliyanın
bu cavabı, zənnimcə, Orucun sualının
cavabını tam əhatələmir. Deyək
ki, Baləmi 2000-ci ildə həbs olunub, bəs ondan öncələrdə
niyə Orucdan və ya Bağlar İdarəsindən
bağı tələb etməyib? Axı
o vaxt artıq erməni həkimi çoxdan ölkədən
çıxmışdı.
Baləminin
bağdakı evin ikinci mərtəbəsinin əvvəllər
olmadığını qeyd edərək Orucun ikinci mərtəbəyə
çəkdiyi xərcini ödəməyə hazır
olduğunu söyləməsi onun halal adam
olduğunu göstərir. Baləminin Oruca iki oğlu: birinin
adı Hüseynağa, digərinin Həsənağa
olduğunu qeyd edərək "O bağı mən almasamda,
onlar mütləq alacaq" deməsi Ədalətə
Ümidi simvolizə edir. Başqa sözlə desək, simvolik
olaraq "Qarabağı biz də ala bilməsək, gələcək
nəsillər mütləq alacaq!". Baləmi ilə
görüşdən sonra qarışıq yuxular görən
Orucun eyvanda siqaret çəkərək öz daxilində bu
problemləri götür-qoy etməyə başlaması həmişə
özünü sığortalamağı bacaran birinin
özü bunu boynuna almasa da, sakit həyatının sona
çatacağından vahiməyə düşməsindən
xəbər verir. Eyvanda siqaret çəkən
zaman Pakizənin gələrək Orucu əlinin işarəsi
ilə narazı baxışlarla evə salması, Orucun da dərhal
evə keçməsi səhnəsi Pakizənin xarakterində
ziddiyyət yaradır. Bu səhnə
dilsiz-ağızsız qadın olan Pakizənin əslində
heç də belə biri olmadığını göstərir.
Orucun
öz kabinetində Ofeliyaya şənbə günü
görüşə bilməyəcəklərini söyləyən
zaman filmin müəllifi olan Kamran Qasımovun təsadüfi
şəxs kimi otağa daxil olması psixolojik dram, mistika və
horror janrında filmlər ustadı olan Alfred Hiçkoku
xatırladır. Bildiyimiz kimi, Alfred Hiçkok
demək olar ki, bütün filmlərinin ilk səhnəsində
epizodik rollarda iştirak etmişdir. Bu baxımdan
filmin müəllifində Alfred Hiçkokun təsiri
özünü göstərir. Fərq ondadır ki, A.
Hiçkok filmlərinin əvvəlində, K. Qasımov isə filmlərinin
ortalarında epizodlarda iştirak edir.
İki həftədir bağa dəyməyən Orucun
daxilində yaranan konflikt, ehtiyatı əldən vermək
qorxusu Baləminin onun evinə zəng vurub əgər fikrini dəyişərsə
deyə telefon nömrəsini verməsindən sonra daha da
güclənir. Mehdinin ailə problemlərini həll edən Orucun ona
maşında ikən bağın işıq və
qazının kəsildiyini söyləyərək bağda
görüşməyi təxirə salmasından sonra Mehdinin
bağın həyətindəki yüksək cərəyanlı
xətt barədə Orucu xəbərdar etməsi filmin qəhrəmanının
aqibətini öncədən proqnozlaşdırmağa imkan
verməklə yanaşı, həmin yüksək cərəyanlı
xətlərin ekrana gəlməsi audiovizuallığı
artırır.
Filmin əvvəllərində Mehdinin Orucun yanına gələrkən
kabinetini nə vaxt dəyişəcəyini sualına onun
"15-20 günə" deməsindən iki həftədən
çox vaxt keçməsinə rəğmən hələ
də köhnə kabinetində qalır. Ofeliyanın
şənbə günü görüşmək barədə
verdiyi suala bəhanə gətirən zaman Orucun cibindən Baləminin
telefon nömrəsini yazdığı kağızı
çıxartması və kağızı masanın
üstünə tullaması onun əhvali-ruhiyyəsindən xəbər
verir.
Baləminin infarktdan keçindiyini öyrənən
Orucun özü etiraf etməsə də sevincək halda
bağa getməsi öncəki sakit həyatına
qayıdacağına dair inam yaradır. Bağdakı evi gəzişərkən
yataq otağına çatanda qapının cəftəsinin
özü-özünə burulması, otağa daxil olduqda isə
Albinosun yataqda uzandığını görməsi, Albinosun
özünün Hüseynağa olduğunu söyləməsi,
daha sonra Orucla Albinos arasındakı mübahisənin əlbəyaxa
davaya çevrilərək Orucun Hüseynağanı
öldürməsi və gərgin musiqinin müşaiyət
etməsi gərginliyi artırmaqla vəziyyəti mürəkkəbləşdirir.
Qətli törətdikdən sonra Orucun beldəki
qanı silməsi çaşqınlıq doğurur ki, bu baxımdan
film hekayəni üstələyə bilmir. Məlum mənbəyə əsasən Oruc beldəki
qanı deyil, belin dəstəsindəki öz barmaq izlərini
silməli idi. Lakin barmaq izləri qalır.
Bunun ardınca cinayət yerindən qaçarkən
ayağı burxulan Orucun maşınla bağ evindən xeyli uzaqlaşdıqdan
sonra əşyayi-dəlil qoyduğu üçün geri
qayıtması və onları yox etməyə
çalışması mənasız görünür.
Orucun özünə alibi
qazanmaq üçün əvvəlcə xəstəxanaya
daha sonra aptekə getməsi, ən sonunda evinə
qayıtması və Pakizəyə işlərinin
olduğunu söyləməsi səhnəsi filmin hekayəni
üstələyə bilmədiyi səhnələrdəndir.
Orucun hamamda əl-üzünü yuyarkən fikrə
getməsi və bu zaman gərgin musiqi ilə bərabər
polis sirenalarının eşidilməsi onun psixolojik durumunun
ağırlaşdığından xəbər verir. Qonaq
otağına keçdikdən sonra Pakizənin Oruca Baləmi
adında birinin zəng vurmasını söyləməsi
öncəki təlaşın daha da artmasına səbəb
olur. Divanda yuxulayan Orucun qapının zənginə
ayılaraq onu açması və qapının zəngini
çalan şəxsin Baləmi olması gözlənilməzlik
effektini əks etdirir.
Baləmi ilə söhbətdən sonra hər şeyin qismən normaya düşməsinə rəğmən baş vermiş cinayətdən hələ də xəbər çıxmamasından, polislərin gəlib ondan Hüseynağayla bağlı sorğu-sualın aparmamasından narahat olan Orucun Məşhədə ziyarətə gedib-gəlmək haqqında maraqlanmaq bəhanəsi ilə Baləmiyə zəng vurması onun baş verənlərlə bağlı şübhələrindən xəbər verir. Telefonla danışarkən Orucun Baləmidən uşaqları barədə sual verməsi zamanı Hüseynağanın görüntüsünün ekrana gəlməsi audiovizuallığı artırmaqla yanaşı zəngin əsas məqsədi aydınlaşır. Söhbət zamanı Hüseynağanın sağ olduğundan əlavə onun Rusiyaya alverə getdiyini öyrənən Orucun psixi durumunun daha da ağırlaşması və daxili konfliktin artmasına səbəb olur. İşdən evə tez gələn Orucun hamamda aynanın qarşısında öz içində Hüseynağa barədə müzakirə apardıqdan sonra bağa getməyi qərara alması filmin sonunu yaxınlaşdırır.
Məlum hadisədən sonra ilk dəfə bağa gələn Orucun yenidən oxşar hadisəylə üzləşməsi: qapı cəftəsinin burulması, özünü Hüseynağa olduğunu söyləyən Albinosun yataq otağında uzanması, yenidən beli yerdən qaldıraraq Orucun üstünə hücum etməsi, gərgin musiqinin müşaiyəti ilə Orucun özünü müdafiə edərək onu öldürməsi və ən əsası hər iki hadisədə davanın ağ-qara fonda verilməsi - bütün bu baş verənlərin əslində Orucun zehnində olduğu aydınlaşır. Havanın yağmurlu və küləkli olmasının, bununla yanaşı yüksək cərəyanlı xətlərin həyətə aşmasının ekrana gəlməsi - bütün bunlar vizuallığı artırsalar da, prinsipcə gecikir. Və bu gecikmə təsirliliyi azaldır. Zənnimcə havanın yağmurlu və küləkli olmasını Oruc maşınla bağa gələrkən yolda və davam olaraq həyətin qapısından içəri daxil olarkən verilsəydi daha təsirli ola bilərdi.
Evdən çarəsiz halda çıxan Orucun pilləkana yaxınlaşaraq psixi vəziyyətinin korlandığını qəbul etməməsi, buna səbəb kimi Baxıcının ona dediyi sözləri xatırlaması, yaş torpağa ayaq basaraq yüksək cərəyana məruz qalaraq ölümündən sonra onun özündən başqa bütün personajların Qaranlıq Bağda toplanması müəllif filmlərinə xas sonluqdur. Bununla da müəllif yas mərasimini özünəməxsus şəkildə təqdim edib.
Sahib KƏRİMOV
525-ci qəzet.- 2016.- 1 mart.- S.7