GÖY QURŞAĞI

 

Bir gün dəli külək kimi

Sənin arxanca əsəcəm,

Bir səhər qəlbinə dolub,

Yollarını da kəsəcəm.

İzləyəcəm qarış-qarış,

Addım-addım izləyəcəm...

Həm dözəcəm ayla-illə,

Ürəyimdə olan eşqə,

Səndən cavab gözləyəcəm.

Görsəm əgər  sənə qarşı könül eşqin...

Sən də  cavab verərsənsə...

O ürəyə, o sevgiyə,

Bax o zaman, dəli külək

Fırtınatək çağlayacaq.

İldırımlar  çaxdıracaq,

Leysan yağış yağdıracaq...

Elə orda o sevgini dəfn eləyib,

Həzin-həzin ağlayacaq,

Sevgisini dağlayacaq...

Peşman-peşman əsib-əsib,

Sonra geri qayıdacaq,

Xeyli zaman inandığı

Bu sevginin yaxasına

Qara yaylıq bağlayacaq...

Nəhayət ki, açılacaq yenə səma,

Bənövşələr düzüm-düzüm,

Xatirələr çözüm-çözüm,

İstəmirəm varlığıma zülm eləyim,

            canım-gözüm!

Qəlbə hökm etmək olmaz,

Sevən ruhum heç vaxt solmaz...

Nəhayət ki, göy qurşağı görünəcək

             göy üzündə,

Şehli çəmənlərə günəş doğacaq,

Yenə könlümə sevgi dolacaq!

 

SƏMANIN AL GÜNƏŞİ

 

Yağış yağır, damcı-damcı,

Ürəklərə qəm ələnir,

acı-acı...

Həm zülmətə bürünmüş bu gecəyə

Kədər verir, yağan yağış,

Damlaları naxış-naxış.

Amma mənə elə gəlir, vallah bu heç

yağış deyil,

Səma adlı bir gözəlin,o mənalı gözlərindən

axan yaşdı!

İtirdiyi sevgisinə sadiq  qalıb, saxladığı

qara yasdı!

Yəqin  səma itirdiyi günəş üçün

 yas saxlayır,

Görən hara getdi günəş?

Bəs üçün itdi günəş?

Görən vaxt qayıdacaq səmasına?

vaxt qovuşacaq səma,

Günəş adlı isti, qaynar, həzin

sevgi dünyasına?

Görən səma dözəcəkmi günəşinə

 qovuşmaqçın?

Yoxsa elə sübhə kimi ağlayacaq?

 

BU HƏYAT YOLUNDA

 

Neçə ürəkləri varaqlamışam,

Neçə çəmənləri  oraqlamışam,

Neçə sevənləri soraqlamışam,

Heç demə naşıyam, ruhum bir incim,

Dünya sevncimdən olub bir əlçim.

 

Mən sevən biriyəm, sözə bağlıyam,

Cüt qoşa qanada, gözə bağlıyam,

Kədəri, qüssəni atmağa var,

Ürəyi sevgiylə vuran insanın,

Ruhuna bulaqtək axmağa var?!

Qəlbini bir sözlə almağa var?!

 

Yurdumun bu ilıq, od nəfəsindən,

Mən ilham alaraq cilalanmışam,

Qəlbi bədxahların daş qəfəsindən,

Kədərdən ələmdən uzaqlaşmışam.

Çəməndə çiçəklə, aranda güllə,

Meşədə kəkliklə, bağda bülbüllə,

Dərələr keçmişəm, dağlar aşmışam,

Qayada bulaqla dodaqlaşmışam.

Uzaq səfərlərdə yaraqlaşmışam.

Bu həyat yolunda bulaqlaşmışam.

 

Kədəri, qüssəni atmağa var,

Ürəyi sevgiylə vuran insanın,

Ruhuna bulaqtək axmağa var?!

Qəlbini bir sözlə almağa var?!

 

DÖYƏCƏM QAPINI

 

...Bir gün xəbər eləmədən,

Döyəcəm sənin qapını,

Gizli olan məhəbbətə,

Heyran qoyacam hamını.

 

Bir cüt sevən qovuşacaq,

Ürəkdə sevgi daşacaq,

Alov kimi alışacaq,

Həsrətin bitən zamanı.

 

Ruhuma olmusan qida,

Ürəkdə qopur min nida,

Allah, nədir bəs bu sevda?!

Unudub, pisi, yamanı,

Heyran qoyacam hamını.

...Döyəcəm sənin qapını!

 

ÜRƏYİMDƏ SAXLARAM

 

Milyon-milyon insanların

əhatəsində,

Özümü tənha hiss edirəm...

Sanki duman

bürüyüb cahanı,

Yalan, laqeydlik,

xəyanət görürəm!

Bacardıqca qaçıram

insanlardan,

İçimdə odlu bir sevda

ola-ola...

Gözlərimə nisgil yaşı 

dola-dola...

 

Başımıza gələn işlər xatirələr

       adlanır,

Oxunmuş bir kitab kimi

        qatlanır...

Bütün bu olanları,

        tale yazısı bilmişəm,

Sonra da uşaq kimi,

          şirin-şirin gülmüşəm...

Amma niyə görəsən, bütün bu olanlardan

         sonra,

Səni səndən onlardan,

 

sızıldayan  canımdan çox

           sevdim???

Səni bu ruhuma qədər yaxın bildim!

Yoxsa ki, sən gülürsən bütün bu olanlara?

İcazəsiz, sualsız  ürəyə dolanlara.

Səni elə beləcə saf  sevgimə bələyib,

Gözlərimdən ələyib,

ürəyimdə saxlaram!

Söylə, daha kimə könül açarsan?

Yoxsa ordan da qaçarsan?!

 

Mayisə ƏSƏDULLAQIZI

525-ci qəzet.- 2016.- 1 mart.- S.7