"Ustad"la ilk görüş
YENİ ƏDƏBİYYAT VƏ SƏNƏT DƏRGİSİNİN TƏQDİMATI KEÇİRİLİB
Mətbuatımıza yeni bir dərgi
qədəm qoydu. "Ustad"...
Dərginin yaradıcı kollektivi özünü şagird adlandırmalı idi, ancaq adlandırmadı. Çünki qarşıdakı məqsədləri
çox böyük idi - yüksəlmək, ucalmaq, "Ustad"lığa
doğru addımlamaq.
Elə baş redaktor Şəmil Sadiqin jurnaldakı "Bacarıqlı
şagird mütləq
bir gün USTAD olacaq" yazısında da bu barədə
daha geniş məlumat verilib. Bu ad onları hər
zaman məsuliyyətli
olub, daim məqsədləri üzərində
daha çox çalışmağa sövq
edəcək.
"Kitabevim.az"
kitab marketində
"Hədəf Nəşrləri"nin təsis etdiyi "Ustad" ədəbiyyat və sənət dərgisinin
ilk sayının təqdimatı
mərasiminə toplaşanlar,
dərginin ilk sayında
yazılanlarla tanış
olanlar da bu fikirdə, bu arzudadırlar. Belə bir jurnalın işıq üzü görməsinin ehtiyacdan doğduğu vurğulanıb.
Jurnalın ilk sayında fərqli qələm, düşüncə
sahiblərinin yazıları
dərc edilib. "Ustad" ədəbiyyat və mədəniyyət
insanları üçün
ortaq mövqedə duran bir jurnal
olacaq. Jurnalın
baş redaktoru Şəmil Sadiq də çıxışında:
"İlk sayımız
çox böyük alimimiz, akademikimiz İsa Həbibbəylinin xeyir-duası, mənim müəllimim Nizami Cəfərovun yazıları
ilə başladı.
Sıralama ilə tanış olduqda burada Jurnalistika fakultəsinin
III, IV kurs tələbələrinin
də yazılarının
olduğunu görərsiniz.
Oxuduqca həmçinin müşahidə
edəcəksiniz ki, ədəbiyyat sahəsində
fikir olaraq bir yerə gəlməyən
insanlar bu jurnalda bir yerdədir"
- deyərək, əsas
məqsədlərinin milli
ideologiyaya xidmət edəcəyini bildirib.
Ş.Sadiq dərginin ideya
və məzmun xüsusiyyətlərindən danışıb:
"Bu gün, məncə,
ədəbiyyat oxucularının
belə bir dərgiyə ehtiyacı
var. Çünki Azərbaycanda
hal- hazırda dərgilərin sayı çox azdır. Bizim, əslində, elektron dərgimiz (senet.az) artıq
bir ildir ki, fəaliyyət göstərir. Əvvəldən bu fikirdə idik ki, belə
bir dərgi yayımlanacaq. Bu gün məhz həmin niyyətimizi gerçəkləşdirdik. Adı "Ustad"dır, ancaq biz özümüzü şagird
hesab edirik. Məqsədimiz millətə və
mədəniyyətə xidmət
etməkdir. Əsas hədəfimiz
ciddi ədəbiyyatın
formalaşmasına, gənclərin
milli özünüdərkinə,
onlarda ədəbi meyarlarının püxtələşməsinə
yardımçı olmaqdır".
Professor Asif Rüstəmli dərginin nəşrinin önəmindən söz
açıb: "Dərginin
ədəbi aləmə
gəlişi böyük
hadisədir. Məncə, hər bir mətbuat orqanının öz siması olmalıdır. Arzu edirəm
ki, "Ustad" da öz dəsti-
xəttini ortaya qoyacaq və burada daim kamil,
ustad yazılar dərc olunacaq".
Sosioloq Əhməd Qəşəmoğlu
da düşüncələrini
bölüşüb: "Fikrimcə, bu dərgi tarixi bir zərurətdən yaranıb. İndiki zamanda bu formatda bir dərginin
nəşri çox vacibdir. İnanıram ki, "Ustad"
öz missiyasını
daha geniş prizmada götürərək
doğruldacaq".
İlk sayda dərc edilən yazılar - İsa Həbibbəylinin
"Ustadlığa doğru",
Nizami Cəfərovun
"Ədəbiyyatın müstəqilliyindən
müstəqilliyin ədəbiyyatına",
Alxan Bayramoğlunun
"Dövlət himnimizin
söz və mətninin müəllifi kimdir", Elxan Nəcəfovun "Sufilikdən
bir az" və digər məqalələrin jurnalla
tanış olanlarda yaratdığı müsbət
rəy onun gələcəkdə uğurlu
bir dərgi olacağından xəbər
verir.
Jurnalın redaktoru Nərgiz
Cabbarlı da "Ustad"ın öz oxucusunun olacağına inandığını dilə
gətirib: "Gənc
nəslin içərisində
də, yaşlı nəslin içərisində
də, ədəbiyyatsevərlərin
içərisində də
özümüzəməxsus oxucularımız olacaq. Digər jurnallar içərisində
bizim də "Ustad"ımızı axtaranlar
olacaq".
Jurnalın ilk sayında yazıların
rəngarəngliyi də
onu göstərir ki, hər kəs
burada özü üçün maraqlı
yazı ilə tanış ola və öz
yazılarını dərc
etdirə bilər.
Təqdimat mərasiminin iştirakçıları
qarşısına böyük
məqsədlər qoymuş
jurnalın kiçik kollektivi ilə də tanış
olublar. Gələn qonaqlara jurnalın
ilk sayı və Ş.Sadiqin yeni çapdan çıxmış
"Yuxu maşını"
kitabı hədiyyə
edilib.
Təqdimat mərasimi iştirakçıların
maraqlı fikirləri,
"Ustad"ın gələcəyinə
böyük ümidlərin
olmasının dilə
gətirilməsi ilə,
xoş arzularla yadda qalıb.
Sonda
"Ustad"ın yaradıcı
kollektivi ilə fotolar çəkdirilib.
Müşfiq
ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 1 mart.- S.7