Böyük irsdən səhifələr:
Ceyhun bəy Hacıbəylinin publisistikası
Dünyanın müxtəlif ölkələrində və
xalqlarında mühacirət problemi mövcuddur.
Bu sırada Azərbaycan xalqının taleyinə nəzər
saldıqda aydın görmək mümkündür ki, tarixən
soydaşlarımız vətən, qürbət, yurd
ağrı-acıları ilə baş-başa qalmış və
bu səbəbdən ədəbiyyatımızda vətən
həsrəti, qürbət nisgili, yurd yaddaşına
bağlı notlar əhəmiyyətli yer tutmaqdadır. XIX əsrin sonu XX əsrin əvvəllərindəki
ictimai-siyasi hadisələrlə əlaqədar olaraq eyni taleyi
yaşayan azərbaycanlı mühacirlər sırasında
böyük bəstəkar və ictimai xadim Üzeyir bəy
Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy
Hacıbəylinin (3 fevral 1891-2 oktyabr 1962) özünəməxsus
yeri vardır.
Onun adı və əsərləri SSRİ hakimiyyəti
illərində ictimaiyyətə geniş
tanıdılmayıb, siyasi senzuranı həmişə milli
düşüncə dövriyyəsindən kənarda
saxlayıb. XX əsrin əvvəllərində mətbuat, ədəbiyyat
və mədəniyyət aləminə gələn Ceyhun bəy
Hacıbəyli yaradıcılığa publisistika ilə
başlayıb, özünün çoxsaylı məqalələri
ilə milli fikir və ideologiyanın təkmilləşməsində
fəal rol oynayıb. Onun "Kaspi"
(rus dilində), "Həqiqət" qəzetlərində dərc
etdirdiyi məqalələri bu qənaəti birmənalı
söyləməyə ciddi əsas verir.
"Həqiqət"
qəzetində publisistik silsilə kimi dərc olunan "Avropa
məktubatı"nda C.Hacıbəyli milli maarifçilik, məişət
mədəniyyəti, milli adət-ənənələr, ədəbiyyat
və mətbuat məsələlərinə aydınlıq gətirir,
Avropanın müasir mütərəqqi inkişaf meyllərini
təbliğ edir, həmvətənlərimizin ədalət,
cəhalət, xürafat və dini fanatizmdən qurtuluşunu
vacib vəzifə sayırdı. Bunun
üçün Avropa və Azərbaycan gerçəkliyi
arasında tarixi-müqayisəli təhlil aparan C.Hacıbəyli
qurtuluşun əsas vasitələrindən hesab etdiyi ədəbiyyat
və mətbuatın əhəmiyyətini xüsusi olaraq
vurğulayırdı.
Mövcud milli yaşantı tərzini tənqid edən
C.Hacıbəyli qəzet və jurnalın ictimai faydalı tərəflərinə
şərh verir, bunların siyasi şüur
formalaşdırmasını nəzərə çatdırırdı. O yazırdı:
"Avropalılar öz xüsusi ev və ailə məsələlərindən
başqa siyasiyyatı dəxi yemək-içmək kibi
özlərinə fərz bilirlər. Aləmi-siyasiyyatdan
agah olub həm öz vətəninin və həm də əcnəbi
məmləkətlərin nə tərzdə müvazinə
etməsini bilmək Avropada ümumi şərtlərdən
biridir.
Odur ki, mütəəddid (çoxlu) qəhvəxanələr
sübhdən gecə yarısınadək müxtəlif
adamlar ilə doludur. Burada hər bir silk, hər bir sinfıyyə nümayəndəsi
tapılar: doktor, mühəndis, zabit, tacir, tələbə,
baqqal, vəkil və qeyrə-hamısı gündə bir dəfə
də olmuş olsa gərək qəhvəxanəyə bir
baş çəksin.
Böylə
güman etməyin ki, qəhvəxanəyə keyf və ya qəhvə
içmək üçün gediyorlar! Xeyr! Böylə
şeylər ancaq bizlərdə istemal olunur ki, çayxanalara
gedən ya qumar oynayacaq və ya başqa "keyflər" ilə
gününü keçirəcək.
Lakin burada qəhvəxanalar, demək olar ki,
"siyasiyyatxanə"lərdir ki, orada hər bir qəzetə
və jurnallar mövcuddur. Bir stəkan qəhvə
içib də 20-30 qəzetə və jurnalı oxuya bilərsən.
Amma bizim çayxanalarda adamın qabağına qəzetə
və jurnal əvəzinə dördaşıq ilə nərtaxta
və kart qoyurlar" ("Həqiqət" qəzeti 25
dekabr 1909, №1).
C.Hacıbəyli mətbuat vasitəsilə milli-siyasi
şüurun formalaşdırılması məsələsinə
xüsusi diqqət yetirir, abunəçi-müştəri
qıtlığından əziyyət çəkən Azərbaycan
mətbuatının problemlərini yaxından bildiyinə
görə əhalinin, xüsusən gənc nəslin qəzet
və jurnala meylini artırmağı təxirəsalınmaz
vəzifələrdən sayırdı. Avropalıların
həyat tərzi və gündəlik məşğuliyyətində
bəhs açan C. Hacıbəyli yazırdı ki, "bunlar
çörək əvəzinə qəzet yeyirlər".
Obrazlı deyilən bu fikrə aydınlıq gətirən
publisist "Avropalıların məişət və güzəranları
və xalq və xasiyyətləri haqqında"
yazırdı: "Buranın qəhvəxanələrində
adamlar cəm olub həm dünyada nə olmağından agah
olurlar və həm də bir-birilə üns tapıb
gözümüzün önündə icra edilən
siyasiyyatı müzakirə edirlər. Baxırlar görək
vətənlərinin səadət və rifahətinə xələl
yetirəcək bir şey filan yoxdurmı ki, haman
dəm önünü alsınlar.
Hətta
qəhvəxanənin qapısında küçədə
faytonunu saxlayan faytonçu qozlidə əgləşib qəzetə
mütaliə eliyor və öylə bir diqqətlə oxuyur
ki, adam faytonuna minib əl ilə tərpətməsə,
xəbərdar olmuyor. Balaca-balaca uşaqlar,
küçə ilə cəhd getdikləri əsnada qəzetə
əllərindən düşmüyor. Bir
restorana gedib nahar etsəniz, görərsiniz ki, avropalı
nahar üstündə dəxi qəzetə ilə
üzünü örtmüşdür. Bir
loxma çörək arasında genə qəzetə
mütaliə eliyor. Böylə ki, deyə
bilərsiniz ki, bunlar çörək əvəzinə qəzetə
yegirlər.
Qəzetə satanlar müştəri üçün bulurmuyor. Müştərilər qəzetə
satan üçün yügürürlər.
Qəzetə satanın başına milçək
qənd üstünə yığılan kimi cəm olur.
Odur ki, Vyanada məşhur "Vyafri Press" qəzetəsinin
bir milyondan çox müştərisi vardır.
Ondan savayı Vyanada 20-30-dək qəzetələr nəşr
olunur ki, hərəsinin 20 mindən-yarım milyonadək
müştərisi vardır. Hələ bu öylə
bir yerdə ki, hamı qəhvəxanələrdə və
başqa yerlərdə qəzetə oxumağa imkan
yardır" ("Həqiqət" qəzeti 25 dekabr 1909,
№1).
Göründüyü kimi C.Hacıbəyli mətbuatın
ictimai rolu və faydasına mühüm əhəmiyyət
verir, "qəzetə satanın başına milçək
qənd üstünə yığılan kimi cəm olan"
bir cəmiyyətin mütaliə həvəsini ümumxalq
maarifçiliyinin əsası kimi qiymətləndirirdi. O göstərirdi ki, mətbuatın
yaşaya bilməsi müştəriyə, abunəçiyə
bağlıdır. Onun Avropadakı qəzetlərin
tirajı haqqında söylədiyi rəqəmləri oxuyanda
XX əsrin əvvəllərində Azərbaycanda abunə
üçün bölgələrə səfər edən
redaktorların taleyi yada düşür və "qaranlıq
gecədə bir-birinin ardınca yanıb sönən"
(Abdulla Şaiq) milli mətbuat orqanlarını xatırlamaq
lazım gəlir. C.Hacıbəyli mətbuatı
"yeddinci dövləti əzimədir"- deyə qiymətləndirən
avropalıların həyat təcrübəsinə istinad etməyi
vacib bilir və göstərirdi ki, top-tüfəngin görmədiyi
işi mətbuat ilə görmək mümkündür.
Bu vaxtından dünya təcrübəsini xüsusən də
Avropa və Amerika mətbuat tarixini örnək kimi qiymətləndirən
C.Hacıbəyli "Mətbuat xəlayiqin səsi və rəyidir"
deyir və yazırdı: "Avropalılar mətbuatı
böylə bir şərafətdə turular və gərəkdə
tutsunlar. Çünki mətbuat-yeddinci dövləti-əzimədir.
Mətbuatın etdigi işi top, tüfəng edə
bilməz. Avropada mətbuat vasitəsilə iş
görüyorlar.
Öz
milləti ucundan şəhid olan ispaniyalı Ferrir Runun biinsafən
öldürülməsinə qarşı cümlə
dünyanı: Avropanı, Amerikanı, Afrikanı, hətta
Avstraliyanı böylə həyəcanə gətirib, bu
bimürvəvvət işə qarşı minlərcə
protesto nümayişləri icra edib və hətta bir
adamın qətli üçün böyük bir dövlətin
mallarını boykotaja etdirən (dəvət etdirən)
qüvvət - mətbuat olmuyub nə oldu?!
Bəli, çünki mətbuat xəlayiqin səsi və
rəyidir.
Bunun üçündür ki, burada hər bir şey, nəinki
pis və murdar, bəlkə nahəmvar köntü olan bir
hadisəyə haman dəm çarə
tapıb onu düzəltdirirlər. Daha
başlı-başına buraxmıyorlar" ("Həqiqət"
qəzeti 25 dekabr 1909, №1).
Mətbuatda
fikir mübadiləsini və diskussiyaların ictimai əhəmiyyətini
vurğulayan C.Hacıbəyli onun siyasi dəyərini də
yüksək qiymətləndirir, qəzet və jurnal vasitəsilə
tərbiyə alan kütlənin intellektual
cəmiyyət qura biləcəyinə diqqət yönəldir,
Avropada olduğu kimi uşaq yaşından əhalinin mətbuata
meyl göstərməsini vacib sayırdı. O bildirirdi ki,
yalnız bu yolla "sadiq və ciddi vətən oğlu"
yetirmək mümkündür. Avropanın mövcud həyatını
müşahidə edən C.Hacıbəyli yazırdı: " Avropada 12 yaşında uşaq sənə
hər bir siyasi məsələlərdən bəyanat verər,
öz vətənində nə qədər siyasi fırqələr
vardır, onların başçıları kimlərdir və
axırda hansı tərəf qalib gələcəkdir
hamısını xəbər verir.
Bunlar böylə tərbiyə alırlar.
Güman
etmiyin ki, bu tərbiyəni ona məktəbdə ögrədirlər!
Xeyr!
Bunu özü qəzetələrdən oxuyur və ya
ata-anası oxuduğu qəzetədən eşidir və
uşaqlıqdan qulağı böylə siyasiyyat ilə dolur
ki, böyüyəndə dəxi ondan sadiq və ciddi bir vətən
oğlu çıxır" ("Həqiqət" qəzeti
25 dekabr 1909, №1).
C.Hacıbəyli Azərbaycanda ictimai-mədəni, eləcədə siyasi həyatda islahatların tərəfdarı kimi çıxış edir, ölkəsinin Avropa dəyərlərinə sahib olmasını arzulayır, mühafizəkar qüvvələrin ifşasına çalışırdı. Bunun üçün o, böyük ziyalılar ordusuna arxalanır, demokratizmi fəaliyyət strategiyası seçən "Füyuzat" "Molla Nəsrəddin" jurnalistika məktəblərindən faydalanır, yeni mədəniyyət quruculuğu hərəkatının önündə getməyə çalışırdı. Buna görədir ki, o böyük Azərbaycan demokratı C.Məmmədquluzadə kimi "elmsizlik, dilsizlik, vətənsizlik" əleyhinə barışmaz mübarizə aparır və bu ümumxalq faciəsinin əsas səbəbinin əsrlərdən bəri formalaşan qəflət olduğunu müəyyənləşdirirdi. O deyirdi: "Biz gözümüzü açdıqda başqa şeylər, başqa dünya görürük... Məgər bu ömürdür ki, biz aparıyoruz? Əstəğfirüllah! Bu ömür degil, bu bir yükdür öz boynumuza qoymuşuq, bu qəflətdir!
Əgər mən səhv ediyoramsa gözlərinizi açıb bir dörd tərəfinizə baxın, görünüz ki bir tərəf rifah və səadətdə və o biri tərəf xar və zəlalətdə!
Birincilər - avropalılardır, ikincilər biz, müsəlmanlarız! Onları böylə bir tərəqqi və təali pilləsinə çıxardan nə olmuşdur?-Mədəniyyət, mədəniyyət və mədəniyyət!
Haman mədəniyyət ki, biz onu lazımsız bir şey bilib atırıq, istəmirik... İştə haman mədəniyyətdir ki, avropalıları cümlə dünyaya müsəllət edib onları hər bir cəhətdən bizdən əfzəl etmişdir. Nə üçün bunu düşünmək istəmirik? Yoxsa xidmətçilik bizim qanımızda vardır..." Dağıstani (Ceyhun Hacıbəyli) Vyana ("Həqiqət" qəzeti 25 dekabr 1909, №1).
Göründüyü kimi, tarixən qanımızda kök salan qəflət və xidmətçilik-nökərçilik psixologiyasının əleyhinə çıxan C.Hacıbəylinin arzuları -
Turana
qılıncdan daha kəskin,
ulu
qüvvət,
Yalnız
mədəniyyət, mədəniyyət,
mədəniyyət!
- fikri ilə üst-üstə düşür,
görkəmli publisistin yaradıcılığını
ümummilli, ədəbi-mədəni hərəkat məcrasında
qiymətləndirməyə ciddi əsaslar verir.
İctimai-siyasi fəaliyyətini mətbuatla sıx əlaqə
saxlayan C.Hacıbəyli istər redaktorluq işində, istərsə
də silsilə publisistik yazıları və bədii əsərlərində
milli-mənəvi dəyərlər, müstəqil, suveren
dövlət, azad vətəndaş ideyasını ön
plana çəkir, ölkəsi və həmvətəninin
qayğılarını əks etdirirdi: 1918-ci il sentyabrın
15-də Gəncədə ilk nömrəsi nəşr olunan
"Azərbaycan" qəzetinə redaktorluqdan tutmuş
mühacirətdəki son yazılarından hər bir qələm
nümunəsi deyilənləri təsdiq edir. Ayrıca onu da
qeyd etmək lazımdır ki, C.Hacıbəylinin AXC-yə qədərki
publisistikasında milli-maarifçilik, məişət və
mədəniyyətdə islahatlar, yeniləşmə və
müasirlik duyğusu, bədii sənətkarlıq
axtarışları yaradıcılıq keyfiyyəti kimi
ön plandadır. Lakin AXC-dən sonra bu özəlliklər
arxa plandadır və onun publisistikasında siyasi
düşüncə, istiqlal uğrunda mübarizə, Azərbaycanın
tarixi və müasir vəziyyəti ilə bağlı təbliğat
işi bolşevizm və kommunizmə qarşı demokratik
düşüncənin yürüdülməsi mühüm əhəmiyyət
daşıyır.
Ömrünü
mühacirət acıları içərisində keçirən
Ceyhun bəy Hacıbəylinin mətbuat və publisistikaya
bağlılığı onun taleyi və şəxsiyyətini
əks etdirmək baxımından maraqlıdır. Qardaşı Üzeyir Hacıbəyli ilə birgə
gənclik illərindən mətbuata böyük rəğbət
göstərən Ceyhun bəy Hacıbəyli XX əsrin əvvəllərində
müxtəlif mətbuat orqanlarında şeir və məqalələrlə
çıxışlar etmiş, elm-təhsil, maarif barədə
mülahizələr söyləmiş, dövrünün
müvəqqəti inkişaf meyllərini tərənnüm
etmişdir. Onun milli mətbuata birmənalı
bağlanması 1918-ci ildə sentyabrın 15-də Gəncədə
nəşr olunan "Azərbaycan" qəzeti ilə
başlayır. Əvvəlcə 14 sayı Gəncədə
nəşr olunan həmin qəzet Bakıya
köçdükdən sonra da C.Hacıbəyli burada redaktor
kimi çalışır və AXC-nin Avropaya göndərdiyi
nümayəndə heyətinin üzvü olur, nəhayət
Cümhuriyyətin süqutu səbəbindən mühacir həyatını
Fransada yaşamağa məcbur olur. Bütün
həyatı boyunca Azərbaycanı tanıtma yolunda
çalışan C.Hacıbəylinin fəaliyyətinin və
yaradıcılığının mahiyyətində
publisistika əsas əhəmiyyəti təşkil edir.
Belə ki, xalqı, vətəni, tarixi barədə həqiqətləri
dünya ictimaiyyətinə çatdırmağı tale borcu
sayan C.Hacıbəyli müstəqilliyi əlindən
alınan xalqının və vətəninin
azadlığını düşünür, onun Sovet
imperatorluğundan qurtuluşunu məqsəd sayır,
dünyada və xüsusən
"Avropada dolaşan kommunizm kabusu"nun (K.Mars) törətdiyi
bolşevizm taun və terroruna qarşı mübarizə
aparanların sırasında özünəməxsus yer
tuturdu. Elə buna görədir ki, C.Hacıbəyli
mühacirətdə qurulan istiqlal təşkilatlarının
işində fəal iştirak edir, həm siyasi
görüşləri, həm də bədii-publisistik
yazıları ilə xalqı və ölkəsinin
azadlığı uğrunda mübarizə aparırdı.
Onun Qafqaz mühacirləri tərəfindən yaradılan
"Prometey", "Qafqaz İstiqlal Komitəsi",
"Qafqaz Konfederasiyası Şurası"nın
işində yaxından iştirak etməsi, məqalələri
ilə Qafqaz xalqlarının birlik və bərabərlik
ideyasını yürütməsi, onların müstəqillik
haqq və hüquqlarının qorunmasına
çalışması deyilənlərə aydınlıq gətirir.
Deyilənləri C.Hacıbəylinin Rusiya demokratları
hansı məqamlarda bolşeviklərələ qovuşurlar? Paris, 1953
Şimali Qafqaz və Azərbaycan. "Qafqaz
almanaxı", 1936 Mənəvi parkt. "Qaqaz
almanaxı", 1936 Visabdendən-Ştamberqə. "Azərbaycan"
(Münhen), 1952, №3 Koordinasiya mərkəzi. "Azərbaycan"
(Münhen), 1953, №6-7 adlı məqalələri aydın şəkildə
təsdiqləyir. Avropada SSRİ əleyhinə
mübarizə aparan və antisovet mühacirlərin təşkilatlanması
işində fəal çalışanların
sırasında C.Hacıbəyli publisistik mülahizələri
ilə seçilir və demokratik dünyanın
siyasi-hüquqi təcrübəsini təbliğ edirdi. Məqalələrində
milliyyəti, dini fərqlərindən asılı olmayaraq
mühacirlərin birliyi və vahid cəbhədə
mübarizəsi ideyasına haqq qazandıran C.Hacıbəyli
Ştramberqdəki kontran təəssüratını belə
şərh edirdi: " Ştramberqdəki bu dəfə dörd rus və
altı qeyri-rus təşkilatı görüşdü. Müşavirə ümumən, sülhpərvər
bir atmosferdə keçdi. Yenə də ümumi
ünvan məsələsi gələcək plenuma
buraxıldı, komissiya seçildi ki: birisi siyasi digəri isə
radio işlərini yürüdüb, cari işlərin
aparılması üçün dərhal fəaliyyətə
keçdi. Hər iki komissiya hələ fəaliyyətdədir.
Bu günlərdə əsl məsələlərin
necə həll olunması xüsusunda siyasi komissiya toplantıya
dəvət edildi və bu xüsusda hər bir fıkirlər
dinlənildi. Təəssüf ki, bir qərar
çıxarmaq mümkün olmadı, məsələ gələcək
plenuma həvalə edildi.
Müsbət bir məsələ həll edildisə də,
o da radio stasionunun irəliləməsidir. Radio
komissiyası bu yolda ciddi surətdə çalışır
və bəlkə də bu yaxında yurddaşlarımızla
şifahi şəkildə dərdləşə bilərik.
Ümumi mərkəz olarmı və ya
olmazmı, buna yüz faiz nə hə və nə yox demək
qeyri-mümkündür, lakin radio ilə təbliğatımızın
davamı artıq yüz faiz təmin edildi. Təbii, ruslarla müəyyən şərait
daxilində anlaşmağı biz də istərdik. Bu, bizim üçün indidən bir qarantiyadır.
Lakin nə etməli? Bu anlaşma
mümkün olmasa da, əldə etdiyimiz müsbət nəticələr
az deyildir: bu gün məmləkətimizi
və millətimizi Batı demokratiyası daha da çox
tanıyar və bəşəri hüquqlarımızı
müdafiə edər.
Təbliğatımız
qüvvətlənir və yurddaşlarımızın
yaxın zamanda ən dəhşətli bir əsarətdən
qurtaracaqlarına imanları artar" ("Azərbaycan"jurnalı,
iyul 1952-ci il, №3).
C.Hacıbəylinin mühacirətdə qələmə
aldığı əsərlərinin janr müxtəlifliyinə
baxmayaraq burada əsas qəhrəman Azərbaycandır. Onun hekayə, pyes, məqalə
və başqa əsərlərində Azərbaycan
coğrafiyası, onun əzabkeş insanı, təbii sərvətləri,
tarixi, mədəniyyəti və s. böyük rəğbətlə
xatırlanır, bu zəngin Şərq ölkəsinin
müstəqillik ideyası tərənnüm olunur. Azərbaycan mühacirətinin Parisdə məskunlaşan
üzvləri sırasında mühüm yer tutan C.Hacıbəyli
də ölkəsinin tanıdılması yolunda ciddi
addımlar atır, Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə
ilk müstəqil demokratik dövlət olduğunu dünyaya
tanıtmağı müqəddəs vətəndaşlıq
vəzifəsi sayırdı. Bu mənada
Ə.Topçubaşovun xidmətləri ilə eyni sırada
dayanan C.Hacıbəylinin "İlk müsəlman
respublikası Azərbaycan" adlı məqaləsi diqqətəlayiqdir.
Publisist Azərbaycana bağlı duyğularını
ifadə etməklə məhdudlaşmır, öz ölkəsi
və xalqı haqqında ətraflı məlumat verir, onun
"hüzr yaşamaq" və dünyaya olduğu kimi
tanıdılmaq imkanlarını bəyan edirdi. C.Hacıbəylinin Münhendə nəşr olunan
"Azərbaycan" jurnalında (1952, №2) dərc etdirdiyi
"28 May hissiyyatı" məqaləsi deyilənlərə
parlaq sübutdur. Eyni istiqamətdə düşüncələrini
bölüşən C.Hacıbəyli "Azərbaycan" (Münhen)
jurnalının 1953-cü il tarixli 12-ci nömrəsində
yazırdı: "O mənhus 28 aprel günündən bəri
Azəri milləti öz milli bayramını yalnız qəlbində
qeyd etməyə məcbur qalmış, mühacirətə
qaldıqda, bizlər də bu bayramı ümid və iztirablar
içində qeyd etmək məcburiyyətindəyik... bəzən
oturduğumuz isti künclər bizimi hissiyyatımızı
korlaşdırır. "O qədər ümidsizliyə
düşməyəlim... min cür fədakarlıq nəticəsində
əldə etdiyimiz neməti birdən-birə qeyb etdik. Əvət, istiqlahmızı bir rahatlıqla
qazanmadıq. Parlament rəisi rəhmətlik
Həsən bəyin söylədiyi kimi, "başqaları
yüz il ərzində vermiş olduqları qurbanları biz
bir il ərzində verdik". Rahatlıqla
itirdiyimiz yurdumuzun istiqlalı üçün daha nə qədər
qurbanlar verəcəyik - bunu Allah bilir. Hər halda, bizə
düşən vəzifə bu qurbanları mümkün dərəcə
azaltmaq və bəlkə də məsələni qan tökməməklə
həll etmək: zatən 27 Aprel faciəsindən bəri millətimizin
qanı axmaqda davam edir, tənəffüs yox..."
Paris sülh konfransına gedən nümayəndə heyətinin
üzvü C.Hacıbəyli mühacirətdə yalnız
publisist yazıçı olaraq fəaliyyət göstərmir,
həm də ictimai-siyasi xadim kimi tanınır, xalqı, vətəni
və dövlətinin beynəlxalq hüquqlarının
qorunmasını tələb edirdi. O fəaliyyətinin istiqamətindən
və məzmunundan asılı olmayaraq mətbuat və
jurnalistikaya mühüm əhəmiyyət verir, siyasi
publisistikanın gücü ilə məqsədinə
çatacağına inanırdı. Nəticə
belə də oldu. Tarixin təsdiqlədiyi
nəticə indi göz qabağındadır. Ölkəsində olduğu kimi mühacirətdə
də demokratik mətbuata arxalanan publisist siyasi haqq və
hüquqların qorunması, Azərbaycanın təbliği,
dünyaya tanıdılması üçün ictimai fikir
institutu olan dördüncü hakimiyyətin rolunu yüksək
qiymətləndirirdi. Azərbaycan sülh
missiyasının üzvü C.Hacıbəyli Fransadakı mətbuat
və publisistik fəaliyyətinə aydınlıq gətirərək
yazır: "Missiyamızın üç aydan sonra bitəcəyini
zənn edirdik.
Parisə gələr-gəlməz yenə "Azərbaycan"
ismində fransızca olaraq aylıq bir bülleten nəşr
edərək, Avropa əfkari-ümumiyyəsini məmləkət
və millətimizə dair zəngin məlumat verərək
anladırdıq. Bu bülleteni 11 nüsxə
çıxara bildik.
Gərək biz və gərəksə vətəndə
qalanlanmız üç ay müddətin uzanması sonunda
günləri çox uzun görürdük. Bilmirdik ki, bir
çoxumuz gözəl vətənimizi bir daha görməyəcəyik.
Şimaldan gələn qara dalğa
torpağımızı silib-süpürdü. Nəcib Azərbaycan-türk
milləti yabançı bir pis düşmən əlinə
keçdi. 27 nisan (aprel) faciəsinin təfərrüatı
gələcək Azərbaycan tarixində qara bir səhifə
tutacaq, o faciənin təhlilinə vətəndə
başlamaq üçün indilik açıq yaramızı
qurdalamağı özümüzə rəva görmədiyimizdən
sükut edirik" (C.Hacıbəyli "Azərbaycan"
davam ediyor. "Azərbaycan", Münhen, №1,1951).
C.Hacıbəylinin mühacirətdəki publisistika məqalələri
və bədii əsərlərində xatirə-memuar elementləri
ilə AXC nostalji və müstəqil Azərbaycan idealı vəhdətdə
ifadə olunur.
Bu mənada milli tarix və müasir həyat faktlarını eyni müstəvidə təhlil
edən C.Hacıbəyli mühacirlər arasında yaranan
müxtəlif fikir təməyüllərini birləşdirməyi
vacib bilir, siyasi birgə- partiya təəssüblərini azad
Azərbaycan idealına tabe tutmağa
çağırırdı. Bu məsələnin xüsusən
mühacirətdə aktual olduğunu görən C.Hacıbəyli
yazırdı "Məqsədimiz Milli
Birliyi qurmaqdır və
birlik mühacirətdə
başlamalıdır. Bütün azərbaycanlıları
istisnasız bu birliyə dəvət edirik.
Zatən "Azərbaycan" başlanğıcda həmin
birliyin simvolu idi. "Azərbaycan" bir firqənin, bir
sinrin və ya bir kastanın orqanı deyildi. "Azərbaycan" milli bir orqan idi və felən
rəsmi hökumət heyətinin rəy və mülahizəsini
izhar edəcəyinə, öz yolunu sərbəstcəsinə
cızıb, öz qənaətini bəyan edərdi.
Bu xüsusda vaxtında nəşriyyat işləri ilə
məşğul nazirlərimizdən rəhmətlik Nəsib
bəyin geniş nəzərliyini, təbiətinin nazikliyini və
ona məxsus məlumatlılığını hörmətlə
yad edək. Özü fırqəçi olduğu halda,
hökumətin rəsmi orqanını firqəçi olmayan
bir şəxsə həvalə etməsi həddi-zatında
bir simvolik jest idi. Onun üçün millət
firqənin önündə gəlirdi. Halbuki
şimdiki firqəçilər bəzən firqə təsirini
o qədər irəli götürdülər ki, milləti adətən
unutdular" (C.Hacıbəyli "Azərbaycan" davam
ediyor. "Azərbaycan", Münhen, №1, 1951).
Burada Azərbaycan mühacirətinin tarixinə
bağlı bir məqamı da ayrıca vurğulamaq
lazımdır. AXC-nin süqutundan sonra əsasən
Türkiyə və Avropada məskunlaşan mühacirlər
arasında şəxsi keyfiyyət və münasibətlər,
partiya mənsubiyyəti baxımından bir sıra hallarda
ayrılıqlar olsa da azad və demokratik Azərbaycan
idealı hər kəsin birmənalı müdafiə etdiyi həqiqət
idi. Odur ki, digər mühacirlər kimi
C.Hacıbəyli də publisistikasında bu həqiqəti
şərh edir, onun qorunması vacibliyini dönə-dönə
xatırladır, bunun üçün təşkilatlanmağın
təxirəsalınmaz vəzifə olduğunu deyirdi.
Mühacir azərbaycanlıların yaratdığı
"Milli Birlik Məclisi"ni həmin məqsədlə
təqdir edən C.Hacıbəyli yazırdı "Hər
halda Milli Birlik Məclisi heç bir firqə üçün
çalışıyor. Onun yalnız bir hədəfi
və bir məfkurəsi var. Yurdumuzun qurtuluşu. Azəri
türkləri bu gün bir-birindən ayrıan proqram məsələsi
deyil, onları ayıran psixolojik bir amaldır ki, məəttəəssüf
əlaqəli zəvalət o nöqteyi anlamıyorlar və anlamamazlıqda da Azəri-türkləri
türlü-türlü zümrələrə
bölüyorlar.
27 nisan fəlakətinin amillərini unutmayalım. Gözəl vətənimizi firqəçiliyin hızlanması yıxdı, uçuruma sürüklədi. Firqə təəssübü bir millətin birliyini daima pozar.
Təbii bir firqə daxilində namuslu, istedadlı ünsürlərin də mövcud bulunduğu inkar ediləməz. Biz bütün vətəndaşlarımıza hörmət və sevgi bağları ilə bağlıyız.
Onun üçün də bu gün gərək firqəcə və gərəkcə müstəqil və firqəsiz Azəri-türkləri həpsini üçrəngli bayrağımız altında toplanıb həp bərabər bir yerdə vətənimizin qurtarılması uğrunda çalışmağa dəvət ediriz.
Azərbaycan davam ediyor" (Ceyhun bəy Hacıbəyli "Azərbaycan davam ediyor", "Azərbaycan" №1, 1951, Münhen, Almaniya).
Ümumiyyətlə C.Hacıbəylinin mühacirət dövründə yazdığı bədii əsərləri və çoxsaylı publisistik əsərləri ilə tanışlıq belə bir fikri söyləməyə əsas verir ki, o milli ictimai-siyasi taleyimizə bağlı həqiqətlərə öz yaradıcılığında geniş yer ayırır, xalqının, millətinin, vətəni və mədəniyyətinin qorunmasını mənəvi vəzifəsi, hüquqi haqqı sayırdı. Onun publisistikasında elmilik, fakta, həqiqətə istinad etmək, doğru-düzgün nəticə axtarmaq və tapmaq meyli üstünlük təşkil edir. Publisistik yazılarındakı tənqidi fikir və aydın siyasi mövqe sərgiləməsi C.Hacıbəylini mühacirət dövrü yaradıcılığının əsas keyfiyyəti kimi maraq doğurur və onun fakta, həqiqətə istinad etməsindən qaynaqlanırdı. Görkəmli publisist bolşevizmə əsaslanan Sovet idarəçilik sistemini tənqid edərkən kəskin mübarizə ruhlu publisistik yazılarında kommunist ideologiyası ilə pərdələnən Azərbaycan həqiqətlərinin gizlədilməsi əleyhinə çıxır, onun müstəqilliyinin gələcəyinə inamını ifadə edir, ölkəsi və xalqının taleyüklü problemlərini publisistikasının təsvir və təhlil hədəfinə çevirməyi mühüm vətəndaşlıq vəzifəsi sayırdı.
Şamil
Vəliyev
525-ci qəzet.- 2016.- 1 mart.- S.6