Yaşı minilliklərlə
ölçülən ənənə: Novruz bayramı
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Bəşəriyyətin ən qədim şənliklərindən,
mərasimlərindən biri də Novruz bayramıdır.
Qədim zamanlardan başlayaraq Azərbaycan, İran,
Əfqanıstan, Özbəkistanda və bir çox şərq
ölkələrində baharın - yeni ilin gəlişini
şənliklərlə qarşılayırlar. Martın 21-i
İran və Əfqanıstanda rəsmi təqvimin ilk
günü sayılır. 2009-cu il
sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni
irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə
isə BMT Baş Assambleyasının 64-cü
sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq
Novruz Günü" elan edilib.
Bu bayramların təntənəsinə insan daxili, ruhi
oyanışın təsiri ilə hazırlaşır. Tarixi, çox qədim olan
Novruz bayramı hər il xalqımız tərəfindən
böyük təntənə ilə qeyd olunur. Novruz
bayramı təzə ili, baharın ilk
gününü qarşılamaq deməkdir. Günəş
dünyanın cənub yarımkürəsindən şimal
yarımkürəsinə keçdiyi vaxt gecə ilə
gündüz bərabərləşir. Bu
vaxt Qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə
keçirilir. Deməli, Novruz bayramı əslində
yazın, baharın ilk günü, təbiətin
canlanması, torpağın oyanması bayramıdır. Əsrlərin sınağından çıxmış
mənəvi dəyərlərimizi, adət-ənənələrimizi
özündə yaşadan Novruz insanlar arasında birliyin və
mehribanlığın möhkəmləndirilməsi,
onların bir-birinə mərhəmət və diqqət
göstərməsi kimi sağlam bir təməl
yaratmışdır. Novruz bayramı
sağlamlığın, firavanlığın
başlanğıcıdır. Novruz
başdan-başa ruh yüksəkliyi, əmək
coşqunluğu, torpağa, insana məhəbbət
bayramıdır.
Bu mövzu ilə bağlı Azərbaycan Milli Elmlər
Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru
şöbəsinin böyük elmi işçisi, fəlsəfə
doktoru Atəş Əhmədli ilə həmsöhbət
olduq. Söhbətimiz zamanı A. Əhmədli bildirdi ki,
qədim türklər qış fəslini 3 yerə
bölürdülər. Böyük
çillə 40 gün, kiçik çillə 20 gün və
bundan sonra 30 günlük boz ay gəlir. Daha
mülayim olan böyük çillədən fərqli olaraq,
kiçik çillədə havalar sərt şaxtalarla
müşahidə olunur. Həmişə
sərt soyuğuna görə kiçik çillə
mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə
kimi təsvir olunur. Yaşı min illərə
çatan bu mərasim həm də insanları qışda
keçən mülayim havaya aldanmamağa
çağırır.
"Çillə"
- çətinlik, məşəqqət, üzüntü,
sıxıntı...
Qeyd edək ki, dekabr ayının 21-dən 22-nə
keçən gecə müxtəlif bölgələrdə
Böyük Çillə mərasimi keçirilir (Fevral
ayının təxminən 1-2-si bitir). Bununla da Novruz
mərasimləri başlayır. Bu gün Azərbaycan ərazisində
gecənin ən uzun ölçüsü qeydə
alınır, 9 saat 51 dəqiqə gündüz, 14 saat 9 dəqiqə
gecə olur. Xüsusilə Naxçıvan
bölgəsində bu ənənə saxlanılır. Payızın son aylarında tağdan dərilmiş
qarpız "çillə qarpızı"
adlandırılaraq saxlanılır və çillə gecəsi
kəsilir. Farslar bu gecəyə "şəbi
yelda" deyirlər. Bu uzun gecə deməkdi.
Naxçıvanda qeyd olunan çillə gecəsində kəsilən
qarpızın rənginə,
zolaqlarına görə
qış fəslinin necə keçəcəyi barədə
məlumat verilərdi. Bunu da yalnız
ağsaqqallar, ağzı dualı böyüklər söyləyərdi.
"Çillə" - çətinlik, məşəqqət,
üzüntü, sıxıntı, ağırlıq gətirən
mənasındadır. O gecənin daxil olması da məhz
çətinliklərin başlanması ilə yadda qalır. İnsanlar çilləyə qarşı davamlı
olmağa hazırlaşırlar.
Folklorşünas bildirib ki, Novruz yeni gün, yeni həyat
mənasını daşımaqla həm də azərbaycanlıların
yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən
canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər
baş qaldırır, ağaclar çiçəklənir,
günəş istisi artır, gecə ilə gündüz bərabərləşir
və beləliklə də yeni həyat başlayır. Xalqımızın Novruza hazırlıq
dövrü mart ayının əvvəlindən
başlayır. İnsanlar bir ay öncədən həyətlərini
təmizləyir, ağacları rəngləyirlər.
Uzun əsrlər boyu formalaşan inanca görə, yeni ili necə qarşılasan, il boyu eyni şəkildə
davam edəcəksən.
Novruza qədər
insanlar 4
çərşənbə keçirir. Çərşənbələrin
daxil olduğu ay "boz ay" sayılır. Bunlar su, od, torpaq və yel çərşənbələridir.
Çərşənbə sözü fars
sözü olub şənbədən sonra dördüncü
gün deməkdir. Çərşənbələrin
sıralanması mütləq deyil. Bəzi yerlərdə
su, od, yel, torpaq. Məsələn, Qərb
bölgəsində su, od, torpaq, yel və
s. formada sıralanır. Bu cür bölgü təbii
dəyişikliyə əsaslansa da, digər tərəfdən
də mifoloji əsası var.
Türk düşüncə sistemində,
mifologiyasında, hər günün öz sahibi, öz
qoruyucusu var idi. Çərşənbə
haqqında da xüsusi bir inanc var. Amma bunun inanc sisteminə aid
olmamışdan qabaq da bir kökü var. Xüsusən
ilaxır çərşənbə lap ağır gün
sayılıb. A.Əhmədli bildirib ki,
digər çərşənbələrlə müqayisədə
ilaxır çərşənbədə şər qüvvələr
aktiv olur. Bu çərşənbə şər
qüvvələrin fəallaşdığı bir dövr
sayılır: "Bu bayramda qış şər qüvvələr
şəklində obrazlaşdırılır. Çünki
insanlar bu dövrdə qışın getməsini, baharın
gəlişini arzulayırlar. Bu da xeyir və
şər qüvvələrin mübarizəsidir. Bu mübarizə də xeyirin şərə qalib gəlməsi
- həyatın yenilənməsi anlamında öz yerini
tapır. Kosanın ölüb dirilməsi
də bunu canlandırır".
O,qeyd edib ki, ilaxır çərşənbə
qədimdən çox təntənəli qeyd edilib. Azərbaycanın bəzi bölgələrində,
xüsusilə də qərb, şimal-qərb bölgəsində
ilaxır çərşənbə Novruz bayramı səviyyəsində
qeyd edilir. Alimin sözlərinə görə,
ilaxır çərşənbədə, o cümlədən,
Novruz bayramı günlərində kədərli olmaq, əli
qoynunda dayanmaq olmaz. Çünki inanclara
görə, insan kədərli olarsa, şər qüvvələri
sevindirmiş olacaq. Od şər qüvvələri daha
çox məğlub edən simvol olduğundan şərə
qalib gəlmək üçün də od yandırmaq
lazımdır: " İnsanlar həmin
günü sevincli olmalıdırlar. Qapı pusma adətinin
özü də insanları xəbərdar edir:
gülüb-danışmaq, yaxşı əhval-ruhiyyədə
olmaq lazımdır ki, şər qüvvələr çəkilib
getsin. Buğda bərəkət olmaqla
yanaşı, şər qüvvələri qova bilən bir
nemətdir. İnanclara görə, bayramda
qovurğanın qovrulması zamanı divlərin sanki bağri
yarılır".
Çərşənbələr ilin dəyişilməsi
anına təsadüf eliyən dövrdü. İlin 4 axır çərşənbəsi
var. Bayrama qədər ilin dəyişilməsi həyəcanlı
dövr olub. İnsanlar elə düşünürdü ki, il dəyişiləndə dəhşətli
hadisələr baş verə bilər. İlin
dəyişilməsi anında müxtəlif təbiət
hadisələri baş verirdi. Bu dəyişmələr
insan cəmiyyətində fəsadlar yarada bilirdi. İnsanlar bu qorxunu dəf eləmək
üçün bayram keçirirdi.
Yazda
torpağın oyanması, mifik kökləri etibarilə,
dirilmə, canlanma anlayışı ilə əlaqədardır
İstər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən əsas ünsürdür. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan ayin və etiqadlar bu fikri təsdiq etməkdədir. Sudan sonra istilik artdı, günəş çıxdı və su çəkildi. Od da məhz bunu əks etdirir. Yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini təşkil edir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Sonuncu - İlaxır çərşənbə isə torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi ünsürü olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşlərində, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gəlməklə müqəddəs mifoloji energetikaya da malikdir. Yazda torpağın oyanması mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır. Mifologiya bizim qədim inanc sistemimizdir.
A.Əhmədli bildirib ki, adətlərimiz vardı ki, bayram bişintilərini birgə hazırlayardılar. Bu təkcə nemət bişirməsi deyildi. Gənc qızlar nənələrdən həmin adətləri öyrənərdilər.
Novruz bayramında qulaq falına çıxmaq adəti də var. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. İlk eşidilən söz tutulan niyyətə uyğun olaraq yozulur. Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılan adətlərdən biri də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar. Onların qurşaqlarına qovurqa, boyanmış yumurta, alma, armud, ərik, gavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar.
Xalqın adətinə görə bayram günü süfrə dolu olmalı, qız-gəlin təzə yaylıq, çəkmə geyməliydir, evlərdə hanalar qoyular, bayram xalçaları toxuyardılar.
Novruz bayramının Novruz süfrəsi, Novruz xonçası var. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirnilər bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və s. aiddir. Bayram süfrəsində adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və s, çərəzlər olur. Bəzən axır çərşənbə həm də yeddiləvin gecəsi adlanır. Bu zaman süfrədə yeddi növ çərəz olmalıdır.
Çox vaxt yeddi sin süfrəsi də açılır. Yeddi sin süfrəsi sin "s" hərfi ilə başlayan sirkə (dad və zövqə işarədir), sarımsaq (sağlamlıq), səbzə(ümid), sumax (bərəkət), sikkə (varlıq), saat (uzun ömür) və su (aydınlıq) deməkdir. Süfrənin ortasında qırağı şamlarla bəzədilmiş səməni qoyulur.
Novruz bayramında kin-küdurət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın. Bu baxımdan, Novruz bayramı bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi yadda qalır.
Vəfa MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
525-ci qəzet.- 2016.- 1 mart.- S.4