Ürəyin
işığı, sözün rəngi
YAZIÇI NAHİD HACIZADƏNİN 80 İLLİYİNƏ
"Nahid Hacızadənin kitablarında
işıqlı bir dünya yaşayır.
Bu işıqlı dünyanı işıqlı ürəklərin
gözəlliyi bəzəyir".
Əlibala
Hacızadə
Uzaq
dağlıq rayonun buz nəfəsli ucqar kəndindən
paytaxtın qaynarına düşən ucaboy, şüvərək,
gur saçlı, xoş sifətli bu oğlan heç cür
ağlına sığışdıra bilmirdi ki, elə bir
gün gələcək, ustad Rəsul Rza ona deyəcək:
"Nahid, sənin o yazıların lirik miniatür deyil, bəyaz
şeirlərdir. İstəyirsən, gətir,
onları misralara düzüm. Yaxşı olar ki, belə
yazıların olanda "Mənsur şeirlər"
başlığı altında verəsən"...
...Yarım
əsri arxada qoyan o çağlar sanki dünən olub. Biz - universitetin "təzə" tələbələri
"köhnələrə" - yuxarı kurslarda oxuyanlara qəribə
bir maraqla baxardıq. Yaşar Qarayevi, Şamil Salmanovu,
Ağacavad Əlizadəni, Famil Mehdini, Şamil Qurbanovu...
tez-tez görürdük, yazılarını oxuyurduq. Əlibala Hacızadənin lirik hekayələri
universitet qəzetində çap olunurdu. Onun yaxın
dostu Nahidin səsini efirdən eşidirdik, Azərbaycan
radiosunun efirindən!
İllər
ötdükcə bu səs gurlaşdı, Nahid qələm və
söz sahibi oldu, əvvəl Azərbaycan radiosunun, sonra
televiziyasının yaradıcı kollektivlərinə rəhbərlik
etdi...
Tale elə
gətirdi ki, onunla çiyin-çiyinə işləmək
mənə nəsib oldu: altmışıncı illərin
axırlarında Azərbaycan Televiziyasının Gənclik
Baş Redaksiyasında. O, baş redaktor idi, mən şöbə
müdiri. Mərhum şair Tofiq Mütəllibov
məktəblilər, yazıçı Fuad Tarıverdiyev
kiçik yaşlı uşaqlarla bağlı redaksiyalara rəhbərlik
edirdilər.
Məni üçüncü mərtəbəyə (o
vaxt radio ikinci, televiziya üçüncü mərtəbədə
yerləşirdi) baş redaktor qaldırmışdı. O, özünəməxsus
operativlik və istiqanlılıqla az vaxt içərisində
Komitə sədri İmran Mirzəyev, müavin Nəbi Xəzri,
radionun Xəbərlər və Təbliğat Baş
redaksiyasının baş redaktoru Hacı Hacıyevlə
danışıb (o vaxt həmin redaksiyada redaktor idim)
onların razılığını almış, məni
özünün dediyi kimi "aləmin bir-birinə
qarışdığı" "Gənclər"
redaksiyasına gətirmişdi.
Nahidin
sonralar xatirələrində yazdığı kimi:
"Yaşımızın, ömrümüzün gözəl
çağları idi. Ürək-ürəyə
verib işləyirdik. "Gənclər"
redaksiyası az vaxtda önə çıxdı, şöhrətləndi,
tamaşaçıların rəğbətini
qazandı..."
Baş redaktorun təşəbbüsü ilə "Gənclər"
redaksiyası həftəlik "Səhər" verilişi
hazırladı. Moskvada nəşr olunan "Radio i
televideniye" jurnalı bu proqram haqqında qoşa səhifəlik
reportaj dərc etdi. Respublika qəzetləri,
jurnalları, xüsusilə də gənclər mətbuatı
baş redaksiyanın ayrı-ayrı verilişləri
haqqında vaxtaşırı olaraq materiallar verməyə
başladı.
Hələ
qələmi bərkiməmiş, təcrübəsiz
cavanların çalışdığı "Gənclər"
redaksiyası üçün baş redaktorumuz əsl
nümunə, örnək idi: təvazökarlığı,
redaktəsi, yazıları - əlindən düşməyən
qələminin "məhsulu" ilə!
Bizə
elə gəlirdi ki, onun qələmində qeyri-adi bir sehr var.
Sanki nağıllardakı "sehirli çubuq" kimi qələmini
hazırladığımız materialların, süjetlərin,
müsahibələrin, kompozisiyaların, müxtəlif
verilişlərin üstündə gəzdirərək
yazıların elə bil "rəngini" dəyişdirirdi:
dili rəvan, səlis, tamaşaçıları özünə
cəlb edən baxımlı, maraqlı verilişlər
yayınlanırdı.
Baş
redaktor televiziya tamaşaçılarının ürəyinə
yol tapmağı bilirdi və bunu gənc jurnalistlərə
öyrədirdi: özünəməxsus qayğı ilə,
səylə, səbrlə, yorulmaq bilmədən. O, qələminin
fəhləsi, əsl zəhmətkeş idi. Və
bu zəhmətin, gərgin işə dözümün
kökü onun uşaqlığına kölgə salan
müharibə illərinə gedib çıxırdı.
Nahid anasını bir yaşında itirmişdi, sonra
atası vəfat etmişdi. O, arxa cəbhə deyilən zillətdə
boy atmışdı: sal daşlar arasından sivişib
boylanan şiv kimi. Ruzigarın qovğasında hər cür əzaba
dözmüş, bir əlində kitab, o birində çubuq,
qabağında quzular, üfüqdə başı buludlu
dağlar, sonralar həsrətini çəkdiyi, yuxularında
gördüyü dağlar...
Yarıac-yarıtox
dolanıb çörəyə həsrət qalsa da, dərsdən
qalmadı, analığının "Bəs quzuları kim otaracaq?" sualına sinif müəlliminin
"dərsini də oxuyar, quzulara da baxar" cavabını
qulağında sırğa elədi. Zəhmətinə
güvəndi, məğrur böyüdü,
aclığın əzrayıl üzü onu özgə
qapısı döyməyə məcbur edə bilmədi.
Ancaq tələbə vaxtı qapı döyməli oldu:
üçüncü kursda oxuyanda statdankənar müxbir
kimi, baş redaktorun tapşırığı ilə, əsərlərini
oxuyub özlərini görmədiyi məşhur sənətkarların
qapılarını açdı, Rəsul Rza, Mir Cəlal,
Süleyman Rəhimov kimi görkəmli qələm sahiblərindən
müsahibələr aldı. 1957-ci ilin yazında ilk
oçerki efirdə səsləndi və az
sonra verilişlərinə görə aldığı qonorar
əlaçı tələbə təqaüdünü
üstələdi.
Beləcə, taleyini efirlə, ekranla bağladı. Yaddaşına silinməz
izlər həkk edən uşaqlıq çağları
arxada qalsa da, unuda bilmədi o illəri, cəbhəyə yola
salınan oğulları, ataları, bir də... atları: lap
axırda kəndin atlarını yığıb müharibəyə
göndərəndə atlar kəndə, örüşə,
dağlara sarı boylanıb elə kişnəmişdi ki,
arvad-uşağı qəhər boğmuşdu...
Zaman keçdi, o çağlar, o mənzərələr
necə varsa, eləcə Nahidin mənsur şeirlərinə,
hekayələrinə, povestlərinə köçdü. O, yalnız radio dinləyicilərinin,
televiziya tamaşaçılarının deyil,
çoxsaylı oxucuların ürəyinə yol tapan əsərlərin
müəllifi - istedadlı yazıçı kimi şöhrətləndi.
Bakıda və həmçinin Sovet dönəmində
dünyaca məşhur olan "Sovetski pisatel" (Moskva) nəşriyyatında
kitabları çapdan çıxdı.
Öz zəhmətinə
güvənən, yaradıcı işindən zövq alan, vəzifə borcuna məsuliyyətlə
yanaşan Nahid Hacızadə səlahiyyət pillələrində
də yüksəldi. Vaxtilə Azərbaycanda yeganə
efir-ekran məkanı olan Dövlət Televiziya və Radio
Verilişləri Komitəsində rəhbər vəzifələr
daşıdı: 30 il gənclər və
ədəbi dram verilişləri baş redaksiyalarının
baş redaktoru, Komitə sədrinin birinci müavini.
Yaxınları, həmkarları həmişə Nahidə
qibtə ediblər və əslində elə indi də həsəd
aparırlar. Əlbəttə, ona görə yox ki, o,
istedadı, qələmi, bacarığı, təşkilatçılığı
sayəsində zaman-zaman inkişaf edib, püxtələşib,
yüksəlib. Həm də ona görə ki, vəzifə,
səlahiyyət heç vaxt onu bir insan kimi dəyişə
bilməyib, səmimiyyətini, sadəliyini,
düzgünlüyünü, bir sözlə, şəxsiyyət
bütövlüyünü!
İngilis
yazıçısı Tekkerey mütəfəkkircəsinə
obrazlı şəkildə deyib: "Rəftar əkərsən
- adət biçərsən, adət əkərsən -
xasiyyət biçərsən, xasiyyət əkərsən -
tale biçərsən". Tələbəlik
çağlarından tanıdığım,
çiyin-çiyinə çalışdığım, rəftarına,
adətinə, xasiyyətinə vaqif olduğum Nahid
ömrü boyu öz taleyinin əkinçisi olub.
İndi müdrik yaşında zəhmətinin bəhrəsindən
qürur duyub deyir: "Tanrıma, taleyimə minnətdaram ki,
ömrün bu çağına yetirdi məni".
Taleyinə şükür edən bəndəsinə
Tanrısı nə verməyib? İnsan, Ziyalı,
Yazıçı olmaq istedadı, Ər, Ata, Baba olmaq səadəti!
Sənət aləminə öz dəst-xətti ilə
qədəm qoyan istedadlı nasirin şeir kimi axıcı
dili müqtədir sənətkarların, çoxsaylı
oxucuların diqqətini cəlb etdi. Söz sənətinin
silahı olan Dilin Nahid Hacızadə qələmində sanki
muma döndüyü, Sözün zərgər dəqiqliyi, zərrəbinlə
öz yerində işləndiyi xüsusi vurğulandı.
Real həyat materialı, poetik duyum, hisslərin zənginliyi
- bütün bunlar yazıçının qələmindən
çıxan hekayələrin, povestlərin, pyeslərin,
romanların cövhəri, əsas məziyyətləridir. Onun əsərlərini
oxuyanda elə bil adamın ürəyinə bir işıq
seli axır. Bu əsərlərdə insana, təbiətə,
gözəlliyə məftunluqdan doğan poetik təsvir
gözümüzü, könlümüzü oxşayır,
məhəbbətin yaşarılığı, qüdrəti
("Məhəbbət ölüncə var",
"Payız leysanları"), torpağa, doğma yurda
bağlılıq ("Dağlar, sizdə gözüm
qaldı"), müharibəyə, haqsızlığa, qəddarlığa
nifrət ("Bir ana tanıyırdım",
"Köçündən ayrılan durna"), mənəvi-əxlaqi
keyfiyyətlər təbii, həyati, bədii boyalarla qələmə
alınıb.
Nahid Hacızadə yarım əsrdir ki,
yazıb-yaradır. Radio, televiziya, qəzet və nəşriyyatlarda işlədiyi
uzun illər ərzində söz-sənət adamları ilə
sıx ünsiyyətdə olan yazıçı-jurnalist
deyir: "Könül dünyamda lay-lay, bəlkə də
qalın cildlərə sığmayan xatirələr
uyuyur".
O,
görkəmli yazıçılar, şairlər, bəstəkarlar,
rəssamlar, səhnə ustaları haqqında xatirələrini
qələmə alır, mətbuatda dərc etdirir. Bu xatirələr oxucular tərəfindən rəğbətlə
qarşılanır, maraq doğurur. Onlar çoxdan
tanıdıqları, əsərlərini dönə-dönə
oxuduqları məşhur sənət adamlarını Nahid
Hacızadənin "təqdimatında" elə bil təzədən
tanıyır, özləri üçün "kəşf"
edirlər.
Adətim üzrə qələm dostumun hər bir xatirəsini
oxuyan kimi zəng edib təəssüratımı
"isti-isti" onunla bölüşür, "gün o
gün olsun ki, sənin xatirələrini kitab şəklində
görək" deyirdim, hər dəfə yeri düşəndə
söhbəti təzələyirdim.
Və nəhayət, "Yada düşdü" oxuculara
üz tutdu.
"Bu, mənim üçün bir borc idi - mənəvi
borc", - deyə yazıçı vurğuladı. O, həyatı
boyu ünsiyyətdə olduğu insanlara - Azərbaycan ədəbiyyatı,
incəsənəti və mədəniyyətində
böyük xidmətlər göstərən söz və sənət
adamlarına, el sənətkarlarına, görkəmli şəxsiyyətlərə
öz mənəvi borcunu verdi.
Kitabın
redaktoru, təcrübəli jurnalist Dilarə xanım Vəkilova
"Yada düşdü"nün son səhifəsində
müəllifə müraciətlə yazdı: "Siz
müasir oxucuya, xüsusən də gənclərə
çox gərək olacaq bu kitabın nəşrini gerçəkləşdirməklə
yaddaşlarda yaşayan insanlara, həmçinin
özünüzə sözdən bir abidə qoydunuz, təməlində
nəciblik, sədaqət, etibar duran bir abidə -
İnsanlıq abidəsi!"
"Yada düşdü" cəmiyyətimizdə
artıq unudulmaqda olan çox məsələləri yada
saldı.
Oxucu qıtlığından şitkayətləndiyimiz bir
zamanda problemlərimizi ürək ağrı-acısı ilə
qələmə alan, maraqla oxunub əks-səda
doğuran publisistik yazılar müəllifi İradə
xanım Tuncay "Yada düşdü"nü
özünün dediyi kimi birnəfəsə oxuyanda
"artıq unutmağa başladığımız
olub-keçənlər" yadına düşdü. Və keçib gəldiyimiz "həqiqətən
mədəniyyətimizin intibah dövrü"nü
"maddiyyata başı qarışmış millətimiz"in
yadına saldı.
İradə
xanım Tuncayın böyük həcmli, dolğun məzmunlu,
oxucunun ağlına, ürəyinə işləyən məqaləsi
Yazıçılar Birliyinin “Natəvan” klubunda "Yada
düşdü" kitabının təqdimatı mərasimində
birmənalı olaraq təqdir edildi.
Xalq
şairi Fikrət Qoca, filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayev, "Azərbaycan" jurnalının baş
redaktoru İntiqam Qasımzadə, tənqidçi Vaqif Yusifli,
yazıçı Elçin Hüseynbəyli, şair Oqtay Rza
"Yada düşdü"nü Nahid Hacızadənin
yaradıcılığında və ümumən ədəbiyyatımızda
təqdirəlayiq hadisə kimi dəyərləndirdilər.
Son illərdə
dünyada ən çox memuar ədəbiyyatının
oxunduğunu diqqətə çatdıran şair Fikrət
Sadıq Nahid Hacızadənin "Yada düşdü"
kitabı ilə bu janrın Azərbaycan ədəbiyyatında
"yüksək mərtəbəyə
qalxdığını" diqqətə
çatdırdı.
Səksəni haqlayan qələm dostumuzun həyatı xatirələr xəzinəsidir. O, "Yada düşdü"nün ikinci kitabını yazıb tamamlayıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaşımda yaşayanlar" kitabı çapa hazırlanır. Nahid Hacızadənin baş redaktoru olduğu "Azərbaycan Respublikasının Xatirə Kitabı" redaksiyası İkinci Dünya müharibəsində, Əfqanıstanda, 20 Yanvar faciəsində və Qarabağ uğrunda döyüşlərdə həlak olmuş soydaşlarımız haqqında iyirmi cildlik ensiklopediya üzərində işləyir.
lll
Nahid Hacızadənin səksəni haqladığını eşidəndə yola saldığımız əsrin 60-cı illərində birlikdə işlədiyimiz unudulmaz çağları xatırladım. O zaman hələ qırışlarla naxışlanmamış alnında qıvrılan gur saçları, qayğılı, fikirli, narahat anlarında belə təbəssümlə işıqlanan çöhrəsi, Gədəbəy bulaqlarının suyu kimi dumduru gözləri xəyalımda canlandı.
Həmin vaxtdan keçən yarım əsrlik yaradıcılıq yolunu qət etmək nə gur qara saçlara, nə qıvrılıb töküldükləri o geniş, açıq alına, nə də dumduru gözlərə nəsib oldu: dağlara qar yağdı, zamanın qasırğaları yamacın köksünə şırımlar açdı, şəffaf bulaqların gözü bulandı. Qəddini əyməyən, incisə də küsməyən, 80-in zirvəsinə sahibi ilə pillə-pillə qalxan bircə şey oldu: İşıq, ürəyin işığı!
Nahid Hacızadənin nə özünü, nə sözünü bunsuz təsəvvür etmək mümkün deyil. Onun hər sözünün öz işığı, öz rəngi, öz çaları var. Mən Nahidi oxuyanda bu rəngləri görürəm. Sözün rənglərindən yaranan təbiət mənzərələri, müxtəlif insan xarakterlərini əks etdirən obrazlar gözlərim önündə canlanır.
Onun sözünün işığı oxucuda xoş ovqat, nikbinlik, inam, qətiyyət yaradır. Nə qədər ki ürək döyünür, bu işıq da yanacaq, ömrün pillələrini nuruna boyayacaq!
Əlövsət
BƏŞİRLİ
525-ci qəzet.- 2016.- 2 mart.- S.4.