Elçinin "Poçt şöbəsində xəyal"lar aləmində qeyri-səlis məntiq möcüzəsi

 

 

Hazırda elm kimi tanınan "məntiq" anlayışı insana ana bətnində (öyrədilən!), insanın ilk hüceyrələrinin oyandığı andan formalaşmağa başlayan bir təlimat funksiyasıdır ki, insan bütün həyatı boyu bu anlayışla özünü tapır, cəmiyyətdə yerini tutur, qurur-yaradır, öz fəlsəfi mahiyyəti ilə özünü idarə və ifadə edir.

 

İnsanın ilk yaşayış yeri olan ana bətni onu mükəmməl formada yetişdirir. Ananın ətrafdan aldığı enerji ilə öz bətnindəki canlıya verdiyi bütün impulslar həmin canlının gələcək həyatını təmin edə biləcək qədər dolğun bir nüvə yükü ilə yüklənir və həmin canlı dünyaya gəldikdən sonra ana bətnində aldığı enerji ilə bütün ömrü boyu hərəkətdə olur. Ana bətnində aldığı enerjinin tükəndiyi ana qədər öz dinamikası ilə yaşayan və yaradan insan son nəfəsinə qədər (təlimatlandığı!) məntiqindən heç vaxt kənara çıxa bilmir. Bəzən belə hallar da olur ki, insan düşüncəsindəki dərketmədən kənara çıxmaq gücündə olduğunu özündə hiss edir, çıxmağa çalışır, lakin qavrama hüdudlarını aşa bilmir. Sadəcə hiss edir ki, irəlidə dərk olunmasına və öyrənilməsinə ehtiyac duyulan və keçilməsi daha gərəkli olan dolanbac labirintlər, lağımlar vardır.

 

Məntiq insanın idrakında nə qədər səlisdirsə, bir o qədər də qeyri-səlisdir. Bu həqiqət insanın ömrü uzunu özünü anbaan göstərir. İnsan gah konkret ölçülərlə özünü ifadə edir, gah da dəyişən və iti sürətlə formadan formaya düşən, fikirlər çoxluğunun zərrəcikləri ilə cilalanan, öz ahəngi ilə fərqlənən qeyri-səlis məntiqlə istədiyini təlqin edir. Fikrimizcə məhz canlıların yaranışının özü qeyri-səlis məntiqin çoxxəttiliyinə bağlı olan bir mahiyyətdir. Mənfinin müsbətlə tapışa bilməsi üçün hərəkətə gələn qüvvənin yaratdığı enerji hər iki tərəf arasındakı məsafədə elə bir dinamika yaradır ki, gözlə görünmək imkanında olmayan həmin dinamikanın hərəkətə gəlməsini təmin edən zərrəciklər məhz iki vur iki arasındakı məsafəni birləşdirən ölçünün qovuşacağı ana qədərki həddə alınan cavabın tapılmasını təmin edən çoxhərəkətliliyin oxşarı qədər bənzərdir. Bəli, yuxarıda da dediyimiz kimi, insan yarandığı andan nə qədər səlisdirsə, bir o qədər də qeyri-səlisdir. Tarix göstərir ki, məhz özündə cəmləşdirdiyi bu imkanlarla insan zaman-zaman öz gücü və qüvvəsi ilə müasir inkişaf nöqtəsinə qədər yüksələ bilmişdir. Buna heç bir şübhə yoxdur ki, anbaan yeniləşən təxəyyülün daha nələrə qadir olduğunu insan bundan sonra da bütün imkanları ilə ortaya qoya biləcəkdir. Çünki ana bətnində aldığı qüdrətlə insan hər an özü-özünü "yeniləyir". Yenilənən hər bir enerji öz qüvvəsini sağlamlaşdırdığı kimi, həm də yeni impulslar yaradır.

 

Bütün bu fikirlər belə deyir ki, ən mükəmməl mexanizm olan insan, elmin bütün sahələrində özünü eyni mahiyyətlə ifadə edir. Həm dəqiq elmlərdə, həm də bədii yaradıcılıq sahəsində.

 

İnsan öz dinamik cərəyanı ilə həm özünü ifadə edir, həm də ətraf mühiti, cəmiyyəti formalaşdırır. İnsan həm öz həyat tərzini öz enerjisinin qüdrətinə uyğun qura bilir, həm də ətraf mühitə bəzən yararlı, bəzən də yararsız impulslar ötürə bilir. İnsan öz daxili aləmində həm öz dünyasını yarada bilir, həm də ətraf mühitdən aldığı müxtəlif enerjilərlə mübarizə etmək zorunda qalır, həm də inkişaf nöqtəsinə yüksəlmək üçün uyğun olan atom dənəcikləri ilə yüklənmək qüdrətində bulunur. İnsanın varlığı bəzən mənfi emosiyalar yaradan enerjilərlə yükləndikdə gah dağıdıcı potensialın təsiri altına düşür, gah da depression orbitə daxil olur. Bütün bunlar insan həyatının mənasını ifadə edən amillərdir.     

 

İnsanın kəşf etdiyi, yer üzündə görünən hər nə vardırsa realdır məntiqi ilə məsələyə yanaşsaq, yəni səlis məntiqin məhsullarıdır deyə dəyərləndirsək, bir də o anlaşılar ki, gözə görünməyən, daha doğrusu təxəyyüllərdən boylanan, reallıqla irreallığı bir-birinə bağlayan, real həyatımızda önəmli təsir qüvvəsinə malik olan yaradılmışlar isə qeyri-səlis məntiqin məhsullarıdır. Beləliklə, tam əminliklə deyə bilirik ki, insan səlis olduğu qədər də qeyri-səlisdir və həm səlis, həm də qeyri - səlis nəzəriyyə insana ana bətnində yüklənmiş dolğun, güclü və qüdrətli bir nüvənin və hikmətin enerjisidir.

 

Eyni zamanda onu da əminliklə deyə bilirik ki, özünü daha çox dəqiq elmlərdə ifadə edən kimi görünən qeyri-səlis məntiq nəzəriyyəsinin yuxarıda dediyimiz kimi humanitar sahədə özünü daha qədimdən və daha parlaq şəkildə göstərdiyini, sadəcə insan məxluqunun bunun fərqində olmadığını biz birmənalı şəkildə qəbul etməliyik. İnsan öncə adi məişətdə istifadə etdiyi alətlər yaratdısa, daha sonra bunu başqa müstəvilərə daşıdı. Yaşamaq və qorunmaq üçün kəşf etdiyi alətlərlə yanaşı həm də yaradıcılıq yoluna çıxdı. Öz təxəyyülünü zənginləşdirməyə başladı. Uçan xalçalar, uzaq məkanları göstərə bilən güzgülər, bir göz qırpımında qət edilən məsafələr və sair bütün bunlar insanın qeyri-səlis məntiqinin diqtəsindən doğan, zaman keçdikcə hər birinin real həyatımızda gerçəkləşən nəzəriyyəsinin həqiqətidir. Qeyri-səlis məntiq nəzəriyyəsini dəqiq elmlərə tətbiq edən dünya şöhrətli alim Lütfi Zadə təxminən belə yzır ki, "mən bu nəzəriyyə haqqında ilk məqaləmi yazarkən sadəcə belə bir nəzəriyyə haqqında düşüncələrimdə hiss etdiyim, lakin özümə də aydın olmayan fikirlərimi yazdım".  Baxın, alim təxəyyülündə olan, özünün də anlamadığı nəhəng bir nəzəriyyəyə baş vurur. Və böyük nailiyyətlər əldə edir. Göründüyü kimi insan ana bətnində formalaşmağa başladığı andan etibarən səlis və qeyri-səlis məntiqlə tam şəkildə yüklənmişdir. Ona görə də anbaan yeniləşən düşüncəsi ilə hətta az qala zamanı qabaqlayacaq dərəcədə elmi kəşflər ortaya qoyur.

 

Əminliklə demək olar ki, elmi-texniki sahədə tətbiq olunana qədər bütün yaradıcı sahələrdə qeyri-səlis anlayış öz izini, yaradılan bir sıra əsərlərdə buraxmışdır. Bu mənada ədəbi yaradıcılıqda da qeyri-səlis cərəyanın izləri aydın şəkildə görünməkdədir. Fikrimizi tam isbatlamaq üçün Homerin "Odisseya" əsərinə nəzər salmaq yerinə düşür. Bu əsərdə müəllif təxəyyülünün heç bir çərçivə sığmayan dinamikası səlis məntiqin sərhədlərini aşaraq, hüdudsuz fəzaya daxil olmuş təxəyyülün məhsulu olduğunu sübut edir. Dəniz Allahı Poseydonun Odisseyi müxtəlif situasiyalarda müxtəlif vəziyyətlərlə qarşılaşdırması, külək Allahının balaca bir tuluğa doldurduğu küləyin dağıdıcı gücə malik enerjisi və sair, bütün bunlar təxəyyüldə formalaşmış hansı məntiqi cərəyanın hökmüdür? Bu, atom enerjisinin varlığını ifadə edən, hələ eramızdan əvvəl 8-ci əsrdə bir ədəbiyyat adamının ortaya qoyduğu hikmət deyilmi? Poemada cadugər qadının möcüzəsi ilə Politin donuza, digərlərinin isə başqa vəhşi heyvanlara dönməsi, "Ölülər səltənəti"  (orada Odisseyin anası ilə görüşü), "odlu çay" (orada kor münəccimlə Odisseyin görüşü) bütün bunlar isə hələ kəşf olunmamış cərəyanların varlığı haqqında mükəmməl bir fikir formalaşdırmırmı? Vaxtilə insana əlçatmaz görünən, bu gün isə  həqiqətə çevrilən uçan xalçalar, uzaqları əks etdirən möcüzə güzgülər real həyatımıza daxil olmadımı?.. Bunların toplusu qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyətində bərqərar olmuş möcüzəvi bir qüdrətlə kəşf olunmadımı?..

 

Ədəbiyyat bu gün də özündə hələ kəşfini gözləyən saysız-hesabsız möcüzələr yaratmaqdadır. Xəyal - xəyalın gerçəyə çevrilə bilmə gücü; qarabasma - qarabasmada özünü tapa bilmək qüdrəti; yuxu - yuxuda gələcək günlərin öncədən ayan ola bilmək möcüzəsi və sair...

 

Xalq yazıçısı Elçinin "Poçt şöbəsində xəyal" əsəri həmin o ədəbi nümunələrdəndir ki, yuxarıda sadalanan qeyri-səlis məntiq anlayışının kriteriyalarını özündə ehtiva edir. Poçt məkanı - aparan və gətirən, bağlayan və qıran, sevindirən və kədərləndirən, qovuşduran və ayıran, insan idrakını, duyğularını həm psixoloji, həm də fəlsəfi mənada dərin qatlara qədər çəkib aparan, həm lirik, həm romantik, həm də acı, nisgil dolu hisslərlə cilalaya bilən, insanın varlığını həm real, həm də irreal ovqatla öz cazibə qüvvəsinin tilsimində öz sehrinə sala bilən, bəlkə bir qədər də mifik və mistik ovqatla insanın düşüncəsinə hakim olan bir aləmdir.

 

Müəllif məhz xəyalların ahəngini poçt məkanına daşımışdır və oradan səslənməsini doğru hesab etmişdir ona görə ki, poçt məkanının çoxxətilik missiyası xəyalların çoxşaxəlilik prinsipləri ilə həmahəngdir və xəyalların sükut dolu nəğmələrini yalnız və yalnız bu məkanda eşitmək mümkündür. Bu məkan uzaqdan baxdıqda öz konkretliyi ilə nə qədər səlis görünürsə, onun iç dünyasına daxil olduqdan sonra özünü bir o qədər də qeyri-səlis işıq zərrəciklərinin əhatəsində tapırsan. Rəngarəng işıq selinin sonsuzluğa qədər uzanan məsafəsində itib-batacaq qədər özünü axtarmaq zorunda qalırsan.

 

Göründüyü kimi poçt məkanı ilə xəyallar dünyasının oxşar xüsusiyyətləri bir-birini çox üzvi şəkildə tamamlayır və müxtəlif rənglər politrasının sinergetik birləşməsində dolğun və əsrarəngiz bir ahəng yaradır, insanı öz təxəyyül dünyası ilə ulduzlar çoxluğunun kəhkəşanı kimi oxşar, romantik bir aləmə daxil edir. Dəmiryol, hava yolu, avtoyol, dəniz yolu vağzallarının da lirik və romantik əhval doğura bilən məkanlar olduğu birmənalıdır. Ümumiyyətlə, yol deyilən anlayış gedilən və ya gəlinən təsiri bağışlayan məkanlar olaraq, öz poetik tutumu ilə həsrət, nisgil, retro, görüş, ayrılıq, vüsal kimi həssas hissləri özündə cəmləşdirir. Lakin Kamal Abdulla demiş, "Yolla gedən olmasa bilinməz, Bilinməz ki, gəlir bu yol, ya gedir"... Vağzallar gedilən və ya dönülən yolların müvəqqəti dayanacaq nöqtəsi, başlanğıc və sonuc nöqtəsidir. Gedənlərlə ayrılığı yaradan, gələnlərlə vüsalı gətirən duyğular məkanıdır. Poçt şöbələri isə aparılıb-gətirilənlərin deposu olaraq, hər cür əhvallı mövzuların toplandığı məkandır. Doğrudur, ilk baxışdan bu məkanın da gedişin başlanğıcı, dönüşün sonuclandığı yer kimi diqqəti cəlb etdiyi görünür, lakin bir qədər incə yanaşma ilə aydın etmək olur ki, bu məkana gətirilən hər əmanət, illah, gedəcək anlamda qəbul olunmamalıdır. Düşünülmüş və ya düşünülməmiş halda, bir küncdə unudulub, ilişib qalmaq məsələsi də vardır. Məhz ona görə də türk dünyasının fenomen yazıçılarından olan görkəmli Azərbaycan ədibi, Elçin bütün təxəyyül imkanlarının gücünü sərgiləyərək, xəyalların sükut nəğməsini səsləndirmək üçün, məkan olaraq vağzalları deyil, məhz poçt şöbəsini seçmişdir. Vağzallarda xəyallar insanlarla bərabər olaraq daima hərəkət istiqamətinə yönəlməkdədirsə,  poçt şöbələrində xəyallar yaşamaq imkanına malikdir. Xəyalların ilişib qalması üçün uyğun olan künc-bucaqlar, siyirmələr, möhürlənmək üçün yığılmağa məhkum edən və elə oradaca unudula bilən piştaxtalar və sair xəyalları müvəqqəti və ya daimi olaraq özündə tutub saxlayır və yaşada bilir.

 

Səhnəqrafiyanın qeyri-səlis məntiq nəzəriyyəsi kontekstində nümunəsini misal göstərmək üçün "Poçt şöbəsində xəyal" əsərinin tamaşasının tərtibatını xatırlamaq tam yerinə düşür. Quruluşçu rejissor Firudin Məhərrəmovun yozumunda dramaturji material öz məzmun və mahiyyətinə uyğun tərtibatla səhnəyə gəlmişdir. Səhnədə əsərin qayəsindən irəli gələn yozum tamaşanın qeyri-səlis tərtibatla həllinə gətirib çıxarmışdır. Səhnədəki poçt şöbəsinin reallığını ifadə edən dekorasiyaların ştanketlərdə öz əksini tapması məhz əsərin təlqin etdiyi fəlsəfədən irəli gələrək, rejissor təxəyyülünün, səlis məntiq sərhədlərindən aşıb, qeyri-səlis məntiq orbitinə daxil olduğunu tam sübuta yetirir.

 

"Poçt şöbəsində xəyal" əsərinin baş qəhrəmanı Ədilə öz real həyatı ilə irreal həyatı arasındakı anlarda seçim üçün düşündükcə onu xoşbəxt etməyə çalışan ərinə qarşı nə qədər mehrli olmaq istəsə də, ruhunun qidası hesab etdiyi, xəyalında canlandırdığı kişi ilə baş-başa qaldığı anların daha çox mənəvi rahatlıq gətirdiyini görür və ondan qaça bilmir. Bununla da, reallıqla irreallığı qarşı-qarşıya qoyaraq, hər iki qütbün sərhədlərinə nəzər yetirmək üçün imkan yaratmaqla, irreal aləmdə daha geniş fəzanın, daha çox rənglərin, daha sıx xəttlərin olduğunu təsvir edən müəllifin öz təxəyyül dünyasındakı çoxxəttiliyi, qeyri-səlis məntiq anlayışı ilə göstərdiyi əlçatmaz sonsuzluğu aydınca görə bilirik.

 

Fiziki anlamda xoşbəxtliyin həqiqətə səsləyən müəmmasını xəyali gerçəkliyin politrasında daha rəngarəng çalarlarla tapmağın mümkün olduğunu göstərən "Poçt şöbəsində xəyal" əsəri ilə Elçin idraketmədə geniş kəhkəşan yaradır. Müxtəlif ədəbi priyomlarla oxucunu istənilən səmtə yönəltməyin gerçəkliyi ortada olduğu halda, Elçin öz oxucusunu, eləcə də dram əsərlərinin səhnə təcəssümü ilə öz tamaşaçısını elə geniş anlayış nöqtələrinə istiqamətləndirir ki, həmin istiqamətlərdə konkret müstəvi yoxdur. Elçinin göstərdiyi səmtlərdə görünən müstəvilər uzaq yola çıxmış yolçuya irəliləmək üçün köməklik göstərən, bir-birini əvəzləyən keçidlər funksiyasını yerinə yetirir.

 

Elçinin istiqamətləndirdiyi yolun bitməz-tükənməz sonsuzluğu onun əsərlərində, o cümlədən də haqqında təhlil apardığımız "Poçt şöbəsində xəyal" əsərində özünü kifayət qədər aydın şəkildə sübut edir.

 

Müəllif xəyal, yuxu, dəlilikdə dərin düşüncə, dərketmə, psixoloji sarsıntılıqda ruhsal və mənəvi rahatlıq anlayışları ilə konkretçiliyin qarşılığında rəngarənglik, çoxxəttilik sistemini sərgiləyir və məntiq anlayışının səlislik və qeyri-səlislik funksiyalarının ədəbi sferada tablosunu yaradır.

 

"Poçt şöbəsində xəyal" əsəri və əsərin qayəsinə uyğun səhnə tərtibatı, deyilən fikri tam isbat edir.

 

İftixar PİRİYEV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2016.- 3 mart.- S.7.