“İçərişəhər” bədii filmi
nümayiş olunub
Nizami
Kino Mərkəzində Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında lentə alınan
“İçəriŞəhər” tammetrajlı bədii
filminin təqdimat mərasimi keçirilib.
“Report" xəbər verir ki, filmin nümayişindən əvvəl aktyorlar və yaradıcı heyət media nümayəndələrinin suallarını cavablandırıb. Əməkdar artist Mehriban Zəki filmin maraqlı olduğunu söyləyib: "İçərişəhər" filmi ruhumuzun iç şəhəri, içimizdə qalan şəhərdir".
Daha sonra aktyorlar səhnəyə dəvət edilib.
Filmin nümayişindən əvvəl çıxış edən rusdilli rejissor İlqar Safata tamaşaçılar arasından "Azərbaycan dilində danış, sən Azərbaycanda yaşayırsan" deyə etiraz sədaları ucalıb. Ancaq bununla belə, rejissor öz fikrini rus dilində diqqətə çatdırıb.
Xalq artisti Elmira Şabanova deyib ki, Azərbaycanda çox az və istedadlı rejissorlar var: "Əsas o deyil ki, hansı dildə danışırsan, əsas odur ki, millətin üçün, kino üçün nə etmisən".
Çıxışlar yekunlaşdıqdan sonra film nümayiş etdirilib.
Xatırladaq ki, psixoloji dram janrında olan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar.
Yeni ekran
əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.
525-ci qəzet.- 2016.- 3 mart.- S.7.