"Sevgi ilə başlanan hər işin
sonunda uğur var"
"BÜTÜN PSİXOLOJİ PROBLEMLƏRİN ƏSASINDA AİLƏ, MƏKTƏB, BÜTÖVLÜKDƏ CƏMİYYƏT DAYANIR VƏ BU İŞ KOMPLEKS YANAŞMA TƏLƏB EDİR"
Müsahibimiz
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
Təranə Məmmədovadır.
- Təranə
xanım, son illər
yaratdığınız "Loqos" Psixoloji və
Nitq İnkişaf Mərkəzi
haqqında həm ailələrdə, həm də mətbuatda
geniş danışılır, həm təşkilat, həm
də siz və mütəxəssis heyəti cəmiyyətə
təqdim olunur. İstərdim ki, müsahibəmizə
özünüz barədə qısa məlumatla başlayaq.
- "Loqos" gənc təşkilatdır. Amma qısa
zaman kəsiyində əhali arasında tanınmağa
başlanıb. Hələlik Bakı şəhərində
iki filial fəaliyyətdədir. Nərimanov rayonunda
uşaqlara xidmət edən bir mərkəz, Yasamal rayonunda isə bütün
yaş qruplarına uyğun iki mərkəz insanların xidmətindədir.
Yaxın zamanlarda Gəncə filialı fəaliyyətə
başlayacaq. Hesab edirəm ki, hər kəsin
gördüyü iş əslində onun həyat
tarixini yaratmağa başlayır. "Loqos" həmkarlarımla bərabər
mənim həyatımın ayrılmaz hissəsidir. Özüm haqda nə deyə bilərəm.
Ziyalı
ailəsində,
bir qədər əminliklə səslənsə də,
xoşbaxt ulduz altında doğulmuşam. Valideynlərimin
dördüncü qız övladıyam. Bilirsiz
də Azərbaycan ailəsində dörd qızın ard-arda
dünyaya gəlməsi nə deməkdir. Amma
valideynlərim digər üç bacım kimi mənim də
gəlişimi bayram eləyiblər. Hətta
qurban belə kəsiblər.
Sevgi, şəfqət dolu uşaqlıq
yaşamışam. Bakıda 164 saylı orta məktəbi
bitirmişəm. Azərbaycan Dövlət
İqtisad Universitetinin məzunuyam. Magistr təhsilimi
də həmin universitetdə tamamlamışam.
Hazırda Ukraynada, Xarkov şəhər Aviasiya
Akademiyasında psixologiya üzrə ikinci təhsil alıram. Dilləri öyrənməyə həvəsliyəm.
Türk, rus, ingilis
dillərində sərbəst danışıram.
- Belə
bir məsuliyyətli və çətin xidmət sahəsi
yaratmaq fikri necə və haradan ağlınıza gəldi? Adətən xanımlar daha rahat və daha əyləncəli
xidmət sahələri açmağa meylli olurlar.
- Əslində, mən "Loqos"la bir növ
uşaqlıq arzularımı reallaşdırmağa
çalışmışam. Ata-ana himayəsindən
məhrum olan, küçə həyatı yaşayan
uşaqlara, xəstə, baxımsız, kimsəsiz qocalara
kömək etmək arzsusu məni ağlım kəsən
yaşlardan düşündürüb. Xəyallarımda qocalar evi, uşaqlar evi yaratmışam,
onlarla birgə yaşamışam. Ailə
qurandan sonra hətta bir neçə uşağı himayəmə
götürüb övladlarımla böyütmək istəyində
olmuşam. Təbii ki, yaş üstünə
yaş gəldikcə tükənməyən uşaqlıq, gənclik
arzularımla bərabər məni böyüdən, təhsil
verən ailəm və cəmiyyət qarşısında
borclarım, vəzifələrim də aydınlaşıb.
Çox şükürlər olsun ki, valideynlərimin,
yaxın ətrafımın sevgisi ilə böyüdüm.
Hər uşağın sevgi və şəfqətlə
böyüməsi onun gələcək həyatının bələdçisidir.
Bugünkü düşüncəyə, topluma faydalı ola biləcək gücə sahiblənə
bildiyim üçün valideynlərimə, xüsusən də
atam professor Qəzənfər Paşayevə və
arzularımı gerçəkləşdirməkdə maddi və
mənəvi dayağım olan həyat yoldaşıma
çox minnətdaram. "Loqos"u yaratmaqla vətəndaş cəmiyyətinin
inkişafında, insanların psixoloji maariflənməsində,
gələcəyimiz olan uşaqların sevgi və şəfqətlə
böyüməsində, azacıq da olsa, rolum olmasını
istədim.
- Azərbaycan
əhalisinin daha çox hansı hissəsinin xidmət sahənizə
ehtiyacı olduğunu düşünürsünüz?
- Təcrübə
qazanıldıqca yeni ideya və təşəbbüslər
ortaya çıxır. 2014-cü ilin mart
ayında ilk filialı açdıq. Əsasən
nitq qüsuru olan uşaqlarla işləyirdik. Qısa
zaman ərzində bəlli oldu ki, bütün psixoloji gərginlik
və problemlərin əsasında ailə, məktəb,
bütövlükdə cəmiyyət dayanır və bu
iş kompleks yanaşma tələb edir. Həyatın
bütün sahələrində psixoloji maarifləndirmə və
psixoloji dəstəyə ehtiyac olduğunu nəzərə
alaraq, xidmət sahəsini genişləndirdik, yaşından
və sosial vəziyyətindən asılı olmayaraq hər
kəsin xidmətimizdən yararlanmasına
çalışdıq.
Sevindirici haldır ki, bu gün artıq bizim ölkəmizdə
də insanlar psixoloji xidmətin vacibliyinin fərqindədirlər. İnsanların
bir çoxu ən qorxulu xəstəliklərin psixoloji
faktorlardan yarandığını bilirlər. Əgər əvvəllər psixoloq adı çəkiləndə
yadına sağalmaz xəstəliklər düşən
ata-ana bu gün uşağının əlindən tutub
psixoloji xidmət mərkəzinə gətirirsə, bunu
düşüncələrdə inqilab hesab etmək olar.
Hələ ki, mərkəzimizə müraciət
edənlər arasında qadın və uşaqlar çoxluq təşkil
edir. Son vaxtlar yeniyetmə və gənc
oğlanların da sayı nəzərəçarpacaq dərəcədə
çoxalıb. Təəssüf ki, ailə
münaqişələrinin, anlaşılmazlıqların ərlə-arvad
arasında baş verməsinə baxmayaraq ailəni qorumaq,
mövcud psixoloji vəziyyətdən çıxmaq
üçün bizə yalnız qadınlar müraciət
edirlər, təktərəfli yardim isə, doğrusu istənilən
nəticəni vermir. Çünki
münasibətlərin tənzimlənməsi, duyğu və
emosiyaların idarə olunması üçün hər iki tərəfin
iştirakı və marağı önəmlidir. Ailə cəmiyyətin təməlidir və təbii
ki, cəmiyyətin inkişafı ailədən çox
asılıdır. Sağlam ailə
sağlam cəmiyyətdir ifadəsi şüurlarda kök
salmalıdır.
Əgər bu gün uşaqlarımız kəkələmədən,
özünəqapanma və depressiyadan əziyyət çəkirsə,
rahat təmaslar və cəmiyyətə uyğunlaşma
problemi yaşayırsa, intihara meyl cəhdləri
müşahidə olunursa, bunun kökünü yaxın
çevrədə axtarmaq lazım gəlir. Bizim
qadınlarımız mili-mənəvi dəyərlərə,
ənənə və gələnəklərə çox
sadiqdirlər. Azərbaycan kişisi hər
zaman ailənin başçısı kimi əlahiddə
nüfuz sahibidir. Ailəni qorumaq ilk
növbədə atanın əsas vəzifəsidir. Şükür ki, ailə başçısı vəzifəsini
şərəflə yerinə yetirən kişilər
çoxdur.
Maraqlıdır, həyat yoldaşı ilə
qonaqlıqlara, mərasimlərə, istirahət mərkəzlərinə,
hətta çimərliyə belə birlikdə gedən
kişilər, ailə, övlad münasibətlərində
problemlər yaşananda psixoloq və psixoterapevtə getməkdən
ehtiyatlanırlar. Düşünürəm ki, bu sahədə
də ciddi maarifləndirməyə ehtiyac var.
- Bəllidir
ki, cəmiyyətin inkişafı bir neçə əsas mərhələdən
keçib və bugünün reallığına sahib olmuşdur.
Təbii ki, iqtisadi, ictimai-siyasi formasiyaların
bir-birini əvəzləməsi də bu çərçivə
içərisindədir. Tarixdən bizə
müharibələr, torpaq islahatları, kütləvi xəstəliklərlə
beynəlxalq mücadilə, savadsızlığın aradan
qaldırılması, kosmosa uçuş, müasir texnologiyaların
yaradılması, idarə olunması kimi əhəmiyyətli
proseslər məlumdur. Bəs yaxşı, sizcə, XXI yüzillikdə
psixoloji mövzunun bu qədər önə
çıxması nə ilə bağlıdır?
-
Sivilizasiyanın ardıcıl davamına mütənasib olaraq
insanların həyat səviyyəsi yüksəldikcə
psixoloji problemlər də artır.
Dünya statistikasına görə
inkişaf etmiş Avropa ölkələrində intiharın
faizi daha yüksəkdir. Savad dərəcəsi,
dünyagörüşü artdıqca, dünyaya
çıxış və informasiya almaq imkanları
genişləndikcə, insanlar ağı-qaradan seçməyi
daha yaxşı bilirlər. Əvvəllər
böyük bir şirkətdə hüquqşünasın
olması vacib hesab edilirdisə, indi normal münasibətlər
fonunda iş keyfiyyətinin yüksəlməsi
üçün psixoloq kadrlarına daha çox ehtiyac duyulur.
Psixologiya anlayışı ciddi mənada
insanların həyatına daxil olur. Savadsızlıq
faizi azaldıqca, molla, falçı yanına gedənlər qorxudan, fobiya və stressdən
xilas yollarını psixoloji mərkəzlərdə
arayırlar.
- Mütəxəssisləriniz
müraciət edən hər kəslə yüksək təmaslar
qururlar. Bu barədə danışdıq.
Bəs siz, ümumi şəkildə
insanların psixoloji durumu üçün normal mühiti necə
xarakterizə edərdiniz?
-
Bugünümüzün reallıqları fonunda mənzərə
tam razılıq doğura bilməz. Azərbaycanda
psixologiya yeni sahə hesab olunur. Təqribən
son 30 ildə elmin bu istiqamətinə diqqət artıb.
Dövlətin psixologiyanın inkişafına yönəlik
proqram və tədbirləri xüsusi əhəmiyyət
daşısa da bu iş ümumxalq köməyi sayəsində
genişlənməli, başlıca məqsədə nail
olunmalıdır. Maariflənmə və mütəxəssislərin
yetişdirilməsi vacib məsələlərdir. Vətəndaş cəmiyyətinin inkişafına
dəstək olmağa səy göstərən mərkəz
və təşkilatlar hələ dəryada damla
misalındadır. Yaxşı olan budur ki,
cəmiyyətin inkişafında, sağlam ailənin
formalaşmasında, yeni nəslin hərtərəfli
yetişməsində psixoloji amilin vacibliyi dərk olunur.
- Sizə
elə gəlmirmi ki, psixoloji mərkəzlərə müraciətdən
öncə bir mərhələ var ki, onun sahibi də, pasienti
də biz özümüzük. Cəmiyyətdə
hansı həssas nöqtələr diqqət mərkəzində
saxlanılmalıdır.
- Söhbətimizin
əvvəlində dolayısı ilə bu məqama toxunduq. Sadə bir həqiqət var. İnsan cəmiyyətində
yaşayırıq və bu cəmiyyətin əsas hərəkətverici
qüvvəsi insan olduğu üçün hər şey ona
xidmət edir. Uşaq ailədə
doğulur, böyüyür, cəmiyyətdə
formalaşır. Bizim toplum
üçün ailənin nə qədər önəmli
olduğunu təkrar-təkrar xatırlatmağa ehtiyac yoxdur.
Yaxşı-pis hər şey ailədən
başlanır və təbii ki, ərlə-arvadın
savadlı olması vacib amildir. Ər-arvad,
valideyn-övlad, gəlin-qayınana münasibətlərinin
düzgün nizamlanması uşaqların istər fiziki, istər
psixoloji, istərsə də mənəvi baxımdan
yetişdirilməsində böyük rol oynayır.
Davamlı münaqişə və dava-dalaş
içində diqqət və qayğıdan uzaq, sevgisiz
böyüyən uşağın psixoloji zədə
almaması imkansızdır. Ailə ilə eyni səviyyədə
məktəb amili də ciddi nəzərə
alınmalıdır. Məktəb
uşaqların evdən sonra ən çox zaman keçirdiyi
məkandır. Məktəb
psixoloqlarının fəaliyyətindən, valideyn-məktəb,
şagird-müəllim münasibətlərinin düzgün
istiqamətlənməsindən çox şey
asılıdır. Cəmiyyətdə
baş verən ictimai-siyasi hadisələrin insan
psixologiyasına təsiri danılmazdır. Dünyada baş verən hadisələrin, yaranan
problemlərin təsirini birmənalı olaraq hər kəs
öz evində, ailəsində hiss edir. Psixoloji
gərginliyin dərinləşməsi bəzi hallarda depressiv
vəziyyətlə nəticələnir. Son
zamanlar mərkəzimizə müraciət edənlərin sayının
artmasını da bununla əlaqələndirmək olar. Həssas dönəm yaşayırıq və
mümkün olduqca problemli insanlara psixoloji dəstək
göstərir, psixoloji maarifləndirmənin əhatə dairəsini
genişləndiririk.
-
Bakıda digər psixoloji xidmət mərkəzləri fəaliyyət
göstərir. Bu yaxşı haldır. Təbii
ki, hər mütəxəssis heyətinin özünəməxsus
üstün cəhətləri var. Sizin mütəxəssislər kimlərdir?
Onlara göstərilən insan
marağının konkret səbəbləri var yəqin.
- Bəlkə
də bənzətməm yerinə düşməyəcək.
Bir zamanlar imkanlı insanlar şadlıq
sarayları, özəl klinikalar, bir çoxları marketlər
şəbəkəsi yaratmağa üstünlük verirdilər.
Yəni bir növ zamanın tələbi ilə
insanların seçim imkanları genişlənirdi.
Söhbətimizin əvvəlində qeyd etdiyim kimi həyat
səviyyəsi yüksəldikcə, psixoloji problemlər
önə çıxır. Mən də təsdiqləyirəm,
müasir dövrün tələblərinə uyğun olaraq
psixoloji mərkəzlərin çoxalması təbiidir.
Bu insanların rahatlığı, vaxta qənaət,
seçim imkanı deməkdir. Amma hər bir kollektivin fəaliyyətində
ən önəmli məsələ kəmiyyət
yox, keyfiyyət olmalıdır. İnsan
psixologiyası, onun düzgün müayinə və müalicəsi
son dərəcə həssas məsələdir. Burada hər hansı yanlışlıq xoşagəlməz
nəticələrə yol aça bilər. "Mən psixoloqam" demək böyük məsuliyyətdir.
Hətta ən məşhur psixoloqlar belə bir
bəyənatı səsləndirməyə cəsarət etməyiblər.
Bizim üçün də eləcə. Biz də bu faktoru nəzərə alaraq mütəxəssis
seçiminə xüsusi tələblə
yanaşırıq. Düzü, ölkədə
sözün əsl mənasında işini dərindən bilən
psixoloqları barmaqla saymaq olar. Amma psixoloq olmaq
istəyənlərin də sayı artır. Bu bir tərəfdən
müsbət haldır.
Yəni hər
kəsin psixologiyadan az və ya çox dərəcədə
baş çıxarması ən azından müəyyən
mənada onun özünə, yaxın ətrafına
faydalı ola bilər. Amma üç-beş treninqdə
iştirak edib, sertifikat alan kəslərin
dərhal psixoloq qismində fəaliyyət göstərməsi
düzgün deyil. Bu məsələni çox
ciddi nəzarətdə saxlayırıq. İşə
qəbul edilənlərin ali təhsili və ən azı
beş illik iş təcrübəsinə malik olması şərtdir.
Cəmiyyətdə kifayət qədər nüfuz sahibi
və öz işinin peşəkarı olan mütəxəssislərimiz
var. Amma bununla kifayətlənməklə irəliyə getmək,
etibar, etimad qazanmaq çətindir. Xarici ölkələrdə
təhsil alıb gələn gənc mütəxəssislərimiz
kifayət qədər savadlıdırlar. Dünya
təcrübəsindən öyrənirik. İstər yaşlı, istərsə də gənc
kadrlarımız beynəlxalq simpoziumlarda, konfrans və treninqlərdə
iştirak edir, yeniliklərdən faydalanırlar.
Eləcə də inkişaf etmiş ölkələrdən tanınmış psixoloq və psixoterapevtləri mərkəzə dəvət edir, yeni proqram və metodları öyrənir, tətbiq edirik. Yeni mərkəzlərin yaranmasına sadəcə sevinə bilərəm. Hamımız bir məqsədə xidmət edirik. Uşaqlarımız hərtərəfli sağlam böyüsün, ailələrdə sağlam mühit olsun. Vətəndaşın niyə məhz bizim mərkəzə, bizim mütəxəssisə müraciət etmək məsələsinə gəlincə, inandırım sizi, istədiyi nəticəni almayan adam, bir də o qapını döyməyəcək. Nəticədən razı qalan insan ardınca dostunu, tanışını, yaxın ətrafını da çəkib gətirəcək.
- Konkret misallarla neçə müddətdən bəri gördüyünüz işin yekunlarını hansı xarakterik epizodlarla ifadə edərdiniz.
- Fəaliyyət istiqamətlərimiz çoxşaxəlidir. Mərkəzdə psixoloqlar, psixiatr və psixoterapevtlər, loqoped və psixopedaqoqlar çalışır. Uşaqlarda nitq qüsurları, davranış pozulmaları, depressiya və fobialar, duyğu və emosiyaların nizamlanması istiqamətində ən yeni metodlardan istifadə edilir. Elə gün olur ki, bizə yüzdən çox insan müraciət edir. "Loqos"un saytında, Feysbuk səhifəsində mütəmadi məlumatlar verilir. Amma psixologiya fərqli sahədir. Uşaq və yeniyetmələrlə işləyən mütəxəssislər nitqdə yaranan qüsurlar, pəltəklik, kəkələmə, ünsiyyət çətinlikləri, özünəqapanma və s.psixoloji problemlərin qısa vaxtda aradan qaldırılmasında uğurlu nəticələr əldə edirlər. Kömək et, sirri qoru! Bu bir prinsipdir, psixoloji dəstək alan insanlar kimliyindən asılı olmayaraq özləri barədə informasiyanın açıqlanmasını istəmirlər. Maarifləndirmə sahəsində kifayət qədər faktlar sadalaya bilərəm. Analar klubu, Art terapiya, NLP, Uşaq psixologiyası, Ümumi psixologiya kurslarında iştirak etmək istəyənlərin sayı günbəgün artır. "Psixologiya akademiyası" layihəsinin iştirakçısı olan 160 həvəskar tanınmış psixoloq və psixoterapevtlərin treninqlərindən faydalanaraq sertifikatlar aldılar.
"Müasir Azərbaycan qadını" layihəsi çərçivəsində 60-a yaxın qadın Azərbaycan cəmiyyətində kifayət qədər tanınan, öz işinin ustası olan qadınların müxtəlif mövzularda maarifləndirici söhbət və məsləhətlərini dinlədilər. Türkiyədə uzmanlıq təhsili alan və yeddi il orada xəstəxanada təcrübə qazanan ginekoloq Aytən Səfərova, Mədəniyyət və İncəsənət Universitetinin dossenti, modelyer Fəxriyyə Xələfova, pozitiv psixoloq Elvira Babayeva, dietoloq Tutu Zeynalova və digər xanımlarla keçirilən görüşlər inanıram ki, səmərəsiz qalmayacaq. İlin sonunda Fairmont oteldə keçirdiyimiz "Azərbaycan: Gənclik və Psixologiya"I Konfransında dövlət xadimləri, millət vəkilləri, elm adamları ilə yanaşı sıravi insanlar da iştirak etdilər.
İnanmıram ki, o konfransdan kimsə faydalı nəsə öyrənməmiş olsun. Rayonlarla əlaqələr yaradırıq. Konfranslar, seminar və treninqlər keçirir, müraciət edənlərə yerindəcə psixoloji xidmət göstəririk. Rayonlarda psixoloji maarifləndirməyə ehtiyac daha çoxdur. Milli Onkologiya Mərkəzində müalicə alan uşaqlarla, talassemiyalı uşaqlarla görüşlər, xeyriyyə tədbirləri də psixoloji xidmətin tərkib hissəsidir. Bu günlərdə Buzovna qəsəbəsindəki 1 saylı Psixonevroloji xidmət müəssisəsində olduq. "Müasir Azərbaycan qadını" layihəsi çərçivəsində təşkil olunan musiqili, əyləncəli xeyriyyə tədbiri sözün həqiqi mənasında xüsusi qayğıya ehtiyacı olan insanların həyatına bir rəng qatdı. Əminəm ki, onlar bu görüşü uzun müddət xatırlayacaqlar.
Rəhilə GÜLGÜN
525-ci qəzet.- 2016.- 3 mart.- S.5