Bataqlıqdan qurtulanlar...
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
"Biz indi elə bil cənnətdə
yaşayırıq. Əvvəl Xırdalan şəhərindəki
Ət kombinatında məskunlaşmışdıq. Ordakı şəraitimizlə indiki arasında yerlə
göy qədər fərq var.
Əvvəlki evimizdə bir neçə nəfər cəmi
bir otaqda yaşayırdı. Qışda
yağış, qar yağanda evimizin içinə dolurdu.
Bilmirdik necə edək ki, qışı yola
verək, soyuq havalar tez keçsin getsin. Yay
gələndə isə başqa problemlərlə üzləşirdik.
Lakin indi gördüyünüz kimi hər
şəraitimiz var, min şükür. Yaşamaq
üçün bizə başqa nə lazımdı ki?!
Ailəmizi saxlamağa evimiz, pis-yaxşı
işimiz də var, dolanırıq".
Bu
sözləri bizə Laçın rayonundan məcburi
köçkün Eldəniz Zeynalov dedi. Eldəniz
ailəlidir, üç uşağı var. Xırdalana gəlməzdən
əvvəllər Ucar rayonunda məskunlaşıblar. Ordakı şəraitləri ürəkaçan
olmayıb. Sonradan Xırdalana köçərək
burada Ət kombinatında yaşamağa başlayıblar.
2015-ci ilin may ayından isə kombinatın digər sakinləri
kimi Xırdalan şəhərində Heydər Əliyev
Fondunun təşəbbüsü ilə məcburi
köçkün ailələri üçün tikilən
binada yaşayır. Eldənizin ailəsi
üç otaqlı mənzillə təmin edilib və onlar
üçün yaradılan şəraitdən çox
razıdır. Buna görə Heydər Əliyev Fondunun
rəhbəri Mehriban Əliyevaya minnətdarlığını
bildirir: "Demək olar, bütün günü su, qaz,
işıq problemi olurdu. Amma indi bu problemlərin
heç biri yoxdu. Kommunal xərclərimizi
də dövlət ödəyir. Mehriban
xanıma, Heydər Əliyev Fonduna təşəkkürümüzü
bildiririk. Bir söz də demək istəyirəm.
Hazırda mənim xalamoğlu ailəsi ilə
birlikdə Bakıda "Beşmərtəbə" deyilən
tərəfdə qalırlar. Belə baxanda şəhərin
içidi, amma nə xeyri var, evdə oturanda, döşəmədən
baxanda az qala aşağıdakı
qonşunu görmək olur. Biz də əvvəl
elə şəraitdə yaşayırdıq. Amma indiki vəziyyətimiz göz
qabağındadı".
Eyni həyatı
yaşayan insanlar
Xırdalanda məcburi köçkünlər
üçün bina Heydər Əliyev Fondunun təşəbbüsü
ilə "Kristal Abşeron" MMC tərəfindən
tikilib. Doqquz
mərtəbə, üç blok və
avtodayanacaqdan ibarətdir. İnşaat işləri
yüksək keyfiyyətlə aparılıb.
Ümumilikdə binada 120 mənzil var. Yüksək keyfiyyətli
lift quraşdırılıb, mərkəzləşdirilmiş
istilik sistemi mövcuddur. Mənzillərdə hər
bir şərait yaradılıb, hər ailəyə bir
televizor, bir soyuducu və qaz sobası verilib. Binada əsasən Kəlbəcər, Füzuli,
Ağdam, Cəbrayıl rayonlarından olan məcburi
köçkünlər yerləşdirilib.
Mənzil başına çatdıqda bizi ilk
qarşılayan məhəllədə oynayan uşaqlar oldu. Hava soyuq olduğundan həyətdə
az adam var idi. Ona görə elə bir az uşaqlarla söhbətləşməli olduq.
Onlar indiki şəraitlərindən
razılıqlarını bildirdilər. "Əvvəl
biz Ət kombinatı deyilən yerdə yaşayırdıq.
Orda yaşayışımız çox pis idi.
Demək olar heç oynamağa yer də
tapmırdıq. Utandığımızdan
məktəb yoldaşlarımızı da evimizə qonaq
çağıra bilmirdik. Amma indi evlərimiz
çox yaxşıdı, hər kəsi utanmadan evimizə dəvət
edirik. Siz də bizim qonağımız olun "- deyə
uşaqlar bizi evlərinə dəvət etdilər.
Uşaqlardan fərqli olaraq bəzi bina sakinləri
danışmağa razı olmadılar. Lakin binanın qonaqpərvər
sakinləri də az deyildi. Bu səbəbdən
də bəzilərinin mənzilinə gedib
yaşadıqları şəraitlə tanış
olduq. Söhbətləri ilə tanış
olduqca burda qalanların eyni taleyi, eyni həyatı
yaşadıqlarını fikirləşmək çox da
çətin deyildi.
Vəziyyətimiz
nə qədər yaxşı olsa da, vətənin yerini
heç nə vermir...
"Bu evdən, bizə yaradılan şəraitdən
çox razıyıq. Əziyyəti keçən hər kəsə
təşəkkür edirik. Bizi cəhənnəm
əzabından qurtardılar sanki. Lakin
çox ümidliyik ki, əl-ələ verib işğal
altında olan torpaqlarımızı geri alacağıq.
Vəziyyətimiz nə qədər
yaxşı olsa da, torpağımızın,
doğulduğumuz vətənin yerini heç nə verə
bilmir. Neçə illərdir, vətən
həsrəti ürəyimizi dağlıyır ay
qızım, bu yaşa çatmışam, həyatın hər
bir çətinliyini çəkmişəm. Deyirəm, heç olmasa, canımı öz
doğma yurd-yuvamda verim. Torpaq həsrəti
ilə köçməyim bu dünyadan. Bu
yolda da prezidentimizə güvənimiz çoxdur. İnanırıq ki, nə vaxtsa gedib
Laçını, Kəlbəcəri, Şuşanı,
Ağdamı görəcəyik". Bu sözləri isə
bizə 70 yaşlı Rəfiqə nənə dedi.
Füzuli
rayon sakini Əlinin də tək bir arzusu var: yenidən
doğma torpağına, yurd-yuvasını qayıtmaq: "Hər
kəs kimi mənim də arzum var ki, öz rayonumuza,
el-obamıza gedim. Torpaqların
qaytarılmasını dörd gözlə gözləyirik.
15 ildən çox idi ki, Ət kombinatında
yaşayırdıq. Ehtiyaclarımızı
dövlət ödəsə də, şəraitimiz ürəkaçan
deyildi. Sağ olsunlar, əməyi keçən hər kəs
ki, bizə bu cür tam təmirli evlər verib. Hazırda
üç otaqlı mənzilimiz var, ailəmiz isə altı
nəfərdən ibarətdir".
Kəlbəcər
rayonundan olan məcburi köçkün Fikrət isə deyir
ki, ilk dəfə onlara ev veriləcəyi deyiləndə çox seviniblər:
"Evimizdə əməlli-başlı bayram oldu. Bizlərlə bərabər uşaqların sevincini
görməyiniz bəs idi. İnana
bilmirdik o bataqlıqdan qurtulduğumuza. İndi
hər şey çox yaxşıdır. Həyətimizdə
yaşıllıq da, oturmağa, uşaqların oynamaqları
üçün yerlər də var. Bizə bu şəraiti
yaratdıqları üçün prezidentimizə, onun
xanımı Mehriban xanıma minnətdarıq. Qaçqın və məcburi köçkünlərə
göstərilən qayğı hələ Ümummilli lider
Heydər Əliyevin dövründə də var idi. O,
bizə çox böyük diqqət göstərirdi. Bütün problemlərimiz diqqət mərkəzində
idi. İndi o qayğını cənab
İlham Əliyev göstərir bizə. Biz
də öz növbəmizdə inanırıq ki,
torpaqlarımız qayıdacaq".
2015-ci ildə
qaçqın və məcburi köçkünlərə
göstərilən qayğı və diqqət
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il iyulun 1-i tarixli Sərəncamı
ilə təsdiq edilən "Qaçqın və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"na
və həmin Dövlət Proqramına Prezidentin 2007-ci il 31
oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları
ilə təsdiq edilən əlavələrdə nəzərdə
tutulan tədbirlərin icrası 2015-ci ildə də uğurla
davam etdirilib.
Prezident
İlham Əliyev özü ötən il fevralın 24-də
Mingəçevir şəhərində 594 məcburi
köçkün ailəsi üçün inşa edilən
11 ədəd 9 mərtəbəli və martın 12-də Bərdə rayonu ərazisində
588 məcburi köçkün ailəsi üçün
inşa edilən 14 ədəd 7 mərtəbəli yeni
yaşayış kompleksinin açılışında
iştirak edib.
2015-ci il may ayının 10-da Heydər Əliyev
Fondunun bilavasitə təşəbbüsü və dəstəyi
ilə Xırdalan şəhərində 121 məcburi
köçkün ailəsi üçün yeni inşa edilən
yaşayış binasının
açılışında Fondun prezidenti Mehriban Əliyeva
iştirak edib. İl ərzində 120 min kvadrat metr sahəsi
olan 5 yeni yaşayış kompleksi salınıb, 1380 nəfərlik
5 məktəb binası inşa edilib, həmçinin 3
uşaq bağçası, 3 tibb məntəqəsi, 3
klub-icma mərkəzi, 3 inzibati bina tikilib istifadəyə
verilib. 20 kilometr yol, 45,0 kilometr su xətti,
56,0 kilometr elektrik xətti, 35, 0 kilometr qaz, 7 kilometr istilik xətti
çəkilib. Müxtəlif həcmə malik 25 ədəd
su anbarı, 11 nasos stansiyası, 8 komplekt transformator
yarımstansiya inşa edilib, 22 ədəd yüksəkgərginlikli
transformator quraşdırılıb. Ümumiyyətlə ,
2015-ci ildə 2788 məcburi köçkün ailəsinin
(Mingəçevir şəhərində 594, Hacıqabul
rayonunda 101, Saatlı rayonunda 230, Xırdalan şəhərində
121, Bərdə rayonunda 588, Sabirabad rayonunda 440, Qazax rayonunda
304, Zaqatala rayonunda 135, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində
80, Sabunçu rayonunun Ramana qəsəbəsində 80 və
Şirvan şəhərində 21 ailə, Ahısxa türkləri
üçün 94 ev) yeni salınmış
yaşayış komplekslərinə, qəsəbə və
məhəllələrə köçürülməsi təmin
edilib və bununla da 15 min nəfər məcburi
köçkünün mənzil-məişət şəraiti
yaxşılaşdırılıb.
Ümumilikdə
2001-2015- ci illər ərzində qaçqın və məcburi
köçkünlər üçün respublikanın 30-dan
artıq şəhər və rayonunda Dövlət Neft
Fondundan və digər mənbələrdən ayrılan vəsait
hesabına 2,9 milyon kvadrat metr sahəsi olan, bütün
sosial-texniki infrastruktura malik 94 müasir qəsəbə və
çoxmərtəbəli binalardan ibarət
yaşayış kompleksi salınıb. Bunun da 2,7 milyon kvadrat metr yaşayış sahəsinə
malik 89-u, yaxud 94 faizi son 12 ildə inşa edilib. Yeni salınan
yaşayış məntəqələrində 150 məktəb,
6 musiqi məktəbi, 1 incəsənət məktəbi, 1 mədəniyyət
sarayı, 50 mədəniyyət mərkəzi, 59 uşaq bağçası , 58 tibb məntəqəsi,
2 olimpiya idman kompleksi tikilib, 718 kilometr yol, 960 kilometr su, 1605
kilometr hava elektrik, 442 kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr
istilik, 89 kilometr kanalizasiya xətti, 163 kilometr drenaj şəbəkəsi
çəkilib, 830 ədəd müxtəlif gücə malik
elektrik transformator quraşdırılıb. Ümumiyyətlə,
bugünədək 49 min ailə və ya 243 min nəfər
qaçqın və məcburi köçkünün mənzil-məişət
şəraiti yaxşılaşdırılıb ki, ondan da 45
min ailə, yaxud 225 min nəfər ( 92 faiz) son 12 ilin payına
düşür.
Qaçqın və məcburi köçkünlərin işsizlik problemi də diqqət mərkəzindədir
Müvəqqəti sıx məskunlaşma yerlərində 184 məcburi köçkün daimi, 400 nəfər isə mövsümi işlə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşılıqlı fəaliyyəti nəticəsində 1726 nəfər daimi işlə təmin olunub, 383 nəfərə işsiz statusu verilib, 422 nəfərə işsizlik müavinəti təyin edilib. 310 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına və 203 nəfər isə ictimai işlərə cəlb olunub.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 286 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 5 milyon manat güzəştli kredit verilib və nəticədə 356 yeni iş yeri təşkil edilib. Bundan əlavə Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanan Kredit Sazişi ( "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi) üzrə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə 450 nəfərə ümumi məbləği 4,5 milyon manat təşkil edən mikrokredit verilib ki, bundan 7600 nəfər faydalanıb. Ümumiyyətlə, 2015-ci ildə hər bir nəfər məcburi köçkünə 840 manat vəsait sərf olunub. Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 12 ildə 75 faizdən 12 faizədək azalıb.
Samirə
QULİYEVA
Yazı "Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
edilir
525-ci qəzet.- 2016.- 3 mart.- S.4.