Novruz bayramı “Molla Nəsrəddin”
jurnalının səhifələrində
Milli bayramımız olan Novruz xalqımızın əsrlər
boyu sevə-sevə yaşatdığı ən gözəl
bayramlardan biridir.
Özündə
xalqımız üçün xarakterik olan bir çox adət-ənənələrin
daşıyıcısı olan bu milli bayramımız əsrlərin
sınağından üzü ağ,
alnı açıq çıxıb.
Novruz bayramının yaşı o qədər qədimdir
ki, hələ də onun yaradılışı və
formalaşması haqqında mübahisəli fikirlərlə
qarşılaşırıq. Bəzi mənbələrdə
bu bayramın dünyanın ilk hökmdarı Kəyumərsin
zamanından keçirildiyi söylənilir. Digər mənbələrdə
isə əfsanəvi hökmdar Cəmşidin dövründən
xalqımızın həyatına daxil olduğu göstərilir:
Cəmşidi-cəmin
səltənəti oldusa pamal
Səd
şükr olub iqbal
Bayram bizə
miras yetişdi əgər İran
Oldu dəxi viran. (Cüvəllağı bəy)
“Molla Nəsrəddin”
jurnalında dərc olunan “Novruz bayramı” şeirində isə
bu bayram İmam Əlinin adı ilə bağlanılır:
Hərzəvü
hədyan deyib gəl beynimi qazma dəxi
Türklərin
hali-pərişanın bizə yazma dəxi
Sən nə
millətsən onu qan, düz yolu azma dəxi
Şiəsən
saxla Əli bayramını pozma dəxi
O nə
surətdir çəkibsən başqa bir əfsanə sən
Bilməmişdim əfv elə divanədən divanəsən.
Novruz bayramının Zərdüştün zamanında
yarandığını iddia edənlər onu atəşpərəstliklə
əlaqələndirirlər. Ancaq qeyd etmək
lazımdır ki, bu bayramın yaşı
xalqımızın yaşı qədər qədim və
uludur.
Ərəb xilafəti zamanında Novruzu
islamçılıqla bağlamağa cəhd edənlər də
olmuşdur. Lakin bu qədər möhtəşəm, xoş
ovqatlı, yüksək əhval-ruhiyyəli bayramın
çoxəsrlik və böyük tarixi keçmişə
malik olan bir xalq tərəfindən yaradıldığı
heç bir şübhə doğurmur.
Novruz bayramı ilə bağlı məlumata dahi Azərbaycan
şairi Nizami Gəncəvinin “İskəndərnamə”
poemasında da rast gəlirik. Əsərdə
göstərilir ki, Bərdə hökmdarı Nüşabə
İskəndəri məhz Novruz bayramı günü tonqal
başında və süfrəyə düzülmüş
çeşid-çeşid nemətlərlə qarşılayır.
Lakin zaman keçdikcə milli bayramımıza dini don geyindirməyə
çalışmışlar.
Keçən əsrin 60-cı illərinə qədər
Sovet rejimi Novruz bayramının təntənəli şəkildə
qeyd olunmasına müəyyən maneçiliklər törətməyə
çalışmışdır. Buna baxmayaraq
xalqımız bu bayramı həmişə qəlbində
yaşatmışdır.
Novruz bayramı həmişə milli mətbuatımızın
diqqət mərkəzində olmuşdur. Bu baxımdan “Molla Nəsrəddin”
jurnalının təmənnasız xidmətləri
danılmazdır:
İştə
Novruz! Yetişdi fəsli-bahar
Gəldi
işrət zamanı, qardaşlar!
Nə
gözəl bayram... ah nə xoş fürsət!
Sayılır
əhli-zövqə bir nemət!..
Böylə şad gün düşərmi bir də ələ?
Keçirin
beş gün ömrü ləzzət ilə.
(H.C.)
“Molla Nəsrəddin” jurnalı 25 illik fəaliyyəti
dövründə hər ilin mart buraxılışlarında
Novruz bayramı ilə bağlı yazılara öz səhifələrində
geniş yer vermişdir. Jurnalın 1926-cı il mart
ayının 11-ci nömrəsində dərc olunan “Bahar fəsli”
məqaləsində deyilir: “Bir neçə gündür ki,
havalar düzəlib, gün çıxır, otlar göyərməyə
başlayır, qərəz, bahar yaxınlaşır. Doğrudan da beş-on gündən sonra martın
iyirmi ikisində bahar daxil olur. Bahar daxil
olmaqla təbiət dəyişdiyi kimi bir çox işlər
də dəyişir.
Payız
və qışın ağır iş aylarından sonra indi
bahar ayları gəlir, bahar və sonra yay ayları isə tənəffüs
və dincəlmək aylarıdır. Buna
görə asta-asta yaylaqlar açılmağa
başlanır. Məzuniyyətlər gəlir.
Keçən iş aylarından sonra indi bir çox məsul
və qeyri-məsul mütəxəssis işçilər
dincəlməyə hazırlanırlar. Bizim bunların
heç birində sözümüz yoxdur”- deyən məqalə
müəllifi (Əbülhövl) bu cür bahar əhval-ruhiyyəli
girişdən sonra əlbəttə ki, jurnalın ənənəsinə
sadiq qalaraq mövcud quruluşda cəmiyyətdəki
çatışmazlıqlardan, onları narahat edən problemlərdən
söhbət açır: “Bahar fəsli gəlməklə
artıq kəndlərdən yazmayacaqlar ki, məktəblərin
odunu yoxdur, şüşəsi yoxdur, pəncərəsi
yoxdur, damı deşikdir, soyuqdan uşaqlar dərsə gəlməyir.
Deməli, maarif idarələri gələn payızadək
böylə ürəkbulandırıcı xəbərləri
eşitməyəcəklər, ürəklərinin
içini yeməyəcəklər, malxuliya etməyəcəklər
və beləliklə nəfəs almağa, dincəlməyə
başlayacaqlar. Gələn payız Allah kərimdir.
Yaxud kəndlərdən cavab gəlməyəcək ki,
qaranlıqda qalmışıq, soyuqdan titrəyirik. Çünki gündüzlər
günün istisi, gecələr də ayın işığı
. Burada neftə nə ehtiyac.
Yenə burada da bəzi idarələr kəndlərin əlindən
dincələcəklər.
Bu dincəlmək də məlum işdir ki, gələcək
payız üçün onların fəaliyyətini birə
on artıracaqdır. Hətta biz də dincələcəyik.
Çünki hər nömrədə yazmaq
lazım gəlməyəcəkdir ki, kəndlər
qaranlıqdadır, məktəblər soyuqdur. Buna görə biz hər halda baharın gəlməyini
istəyirik”.
Göründüyü
kimi, “Molla Nəsrəddin” hətta bayramla bağlı
yazılarda da cəmiyyətimizdə hökm sürən
neqativ halları - məktəblərimizin acınacaqlı vəziyyətini,
insanların sosial problemlərini, elmin, təhsilin lazımi səviyyədə
olmamasını əks etdirməklə həm hakim dairələrin,
həm də geniş oxucu kütləsinin diqqətini həllini
gözləyən bu taleyüklü məsələlərə
yönəldirdi. Jurnal satirik bir dillə vəzifəli
şəxsləri öz işlərinə məsuliyyətlə,
vətəndaşlıq qayğısı ilə
yanaşmağa səsləyirdi. Çünki
nə qədər ki bu problemlər həllini tapmayıb, onda
hansı bayramdan danışmaq olar? Gərəkdir ki, bu
bayram insanların həyat və məişətinə,
yaşam tərzinə və hər şeydən əvvəl
qəlbinə daxil ola bilsin. Bax o zaman
xalqımız Novruz bayramının onlara xoşbəxtlik və
firavanlıq gətirəcəyini hiss edəcək və bu
xoş duyğularla yaşayacaqdır.
Jurnalın
21 mart 1925-ci il 12-ci nömrəsində
“Varlılar bayramı” başlığı altında
yazıda cəmiyyətdə insanlar arasında hökm sürən
təbəqələşmə, varlı və yoxsulların
Novruz bayramını necə qeyd etmələri məsələləri
ön plana çəkilir. Eyni zamanda bu bayramda varlıların
külli miqdarda pul xərcləmələri,
israfçılıq etmələri, yoxsulların isə maddi
sıxıntı keçirərək bayramı keçirə
bilməmələri ürək ağrısı ilə nəzərə
çatdırılır: “Novruz bayramı çox
yaxşı bayramdı, ancaq ikicə eybi olmaya
1.Böyük xərci və 2. Nəhayət zəhməti
Əvvəl
xərcindən danışaq, sonra zəhmətə keçək:
İki ay
bundan qabaq iki put Kürdəmir yağı aldım,
iki put da xalis Sibir yağı aldım. On put əla buğda gətirtdim,
iki kisə sədri düyüsü gətirtdim, bunun
kişmişi, xurması, badamı, albuxarası və Zirə
zəfəranı da öz qaydasınca.
Bu plov dəstgahı, bir neçə yüz manat bura
getdi.
Çərşənbə
xərci: Püstə, badam, xurma, kağızı badam, səbzə,
gərmiyan, əncir, alana, qax, haqverdi əriyi, miyanpər,
alma, nar, üzüm, fındıq, şabalıd, lumu,
portağal. Bu da belə.
Bayram
şirnisi: hər qisim noğul, hər qisim qənfet, hər
qisim qurabiyyə, paxlava, rahət hülqum, şəkərçörək...
və s.
Bəs bayram paltarı? Gör bu neçə
yüz manat aparacaq?”
Əlbəttə, bu qədər bayram xərcləri təbii
ki, varlı ailələrə aid bir hesablamadır. Varlıların
bir bayram üçün sərf etdikləri bu pulları
kasıblar ömrü boyu əldə edə bilməmiş, zəngin
bayram süfrəsi açıb, övladlarına əsl
bayram əhval-ruhiyyəsini yaşada bilməmişlər.
Bu cür xoşbəxtliklərdən məhrum olan kasıb
ailələrin acınacaqlı taleyi həmişə “Molla Nəsrəddin”in
diqqət mərkəzində olmuşdur:
Ey tökən
mollaların kaminə şərbət, novruz!
Əğniyalərlə
quran məclisi-işrət novruz!
Səndə
hər kəs sevinir, bəs niyə ancaq füqəra
Çəkir övladını gördükcə xəcalət,
novruz?!
Məqalədə
fikir belə davam etdirilir: “ Qaldı zəhməti:
İki aydı yuxudan doymaq yoxdu: gərək sübh tezdən
durasan və gedib gətiricilərin qabağını kəsəsən,
alasan, hambala verəsən, bir evə qayıdasan, bir bazara gedəsən,
genə evə qayıdasan, genə bazara gedəsən.
Ev yığışdırmaq, ev tökmək, ev təmizləmək,
ev süpürmək, qab-qacaq, qalay, kömür, odun... və
s”.
Məqalədə bayramla bağlı iki məqam - xərc
və zəhmət həyati faktlar əsasında şərh
olunmuş və burada həddindən artıq ifrata varma tənqid
olunmuşdur.
Yazıda əsas diqqət çəkən məqam ata
ilə oğul arasındakı dialoqda aşkarlanır. Ata deyir: “Amma dünən
bizim balaca oğlan mənə bir qəribə sual verdi:
Dedi - Dədə
bəs kasıblar bu qədər pulu haradan alır ki, bayram
saxlayırlar?
Dedim -
Kasıbın bu qədər pulu olmaz.
Uşaq
bir az fikrə getdi və genə
soruşdu:
- Bəs
kasıblar məgər bayram saxlamır?
Mən də
bir az fikir edib sözün doğrusunu
dedim:
- Yox bala,
kasıb bayram saxlamaz...
- Dədə,
elədə bu Novruz bayramı varlıların
bayramıdı.
- Bala, deyəsən,
sən deyənə oxşayır.
Neçə-neçə belə bayramlar
görmüşəm və hər dəfə yüz-yüz
manatlar xərcləmişəm və bayram saxlamışam,
amma deyəsən, bircə bu mənim yadıma düşməyib
ki, mənim kasıb qonşularım yüz-yüz manatları
tapa bilməyiblər ki, mənim kimi onlar da bayram saxlasınlar.
Mən indiyə kimi elə bilirdim ki, mənim cəmi
qonşularım bayram saxlayır. Ancaq dünən bunu
bildim.
- Dədə,
bəs kasıblar necə pulsuz bayram saxlayır?
Bircə
həqiqət bu imiş: Novruz bayramı ancaq varlıların
bayramıdı”.
“Molla Nəsrəddin” jurnalının hər ilin mart
nömrələrinə nəzər saldıqda həmin
problemlərin qaldırıldığını və
keçən əsrin əvvəllərində insanların
yaşam tərzindəki qeyri-bərabərliyi
görürük. Əlbəttə ki, jurnalın əsas məqsədlərindən
biri də cəmiyyətdəki sosial ədalətsizliklərin
aradan qaldırılması və hər bir vətəndaşın
insani hüquqlarının qorunmasıdır. Təəssüf ki, o dövrdə humanist hisslərdən
məhrum olan bəzi varlılar kasıblara həqarətlə
baxır, onları mənən əzməyə
çalışırdılar. Bu baxımdan
“Bayramlıq” şeirinə nəzər salmaq yerinə
düşərdi:
Novruz yetişdi
füqəra oldu pərişan
Əfsürdə
və nalan
Hər məmləkətin
pulları xürrəmi xəndan,
Pulsuzları
giryan
Çöllərdə,
çəmənlərdə gözəl güllər
açıldı
Ətrafa
saçıldı
Bir
başqa təravətdə olub qönçələr əlvan
Dər tərfi-gülüstan (Cüvəllağı bəy).
Öz ənənələrinə sadiq qalan “Molla Nəsrəddin”
jurnalı milli ideologiyaya söykənərək böyük
mətləbləri bəzən satirik, bəzən də
yumoristik dillə, sadə, yığcam, lakonik bir tərzdə
oxucuya çatdırırdı. Jurnalın fəaliyyətə
başlamasının 23-cü ilində, yəni 22 mart 1928-ci
ilin 12-ci nömrəsində üz qabığında verilən
bir karikatura məhz bu baxımdan diqqətimizi cəlb etdi.
Burada bir əlində şam, o biri əlində
səməni tutan nurani bir qoca təsviri verilmişdir. Bu
şəxs Novruzun
simvoludur.
Onunla həmsöhbət olan yaşlı bir insan
isə orucluğu təmsil edir. Şəklin
altında verilmiş yazı olduqca
düşündürücü və ibrətamizdir.
Orucluq Novruza deyir: “Bu il mən Qızıl Ordunun 10 illik
bayramilə bir yerdə gəldim ki, mənə də bir
hörmət eləyələr, lakin heç kəs etina etmədi.
İndi sən Qadınlar günü və Paris
Kommunası bayramından sonra gəlmişsənsə də,
xatircəm ol, heç kəsin nəzərini cəlb edə
bilməyəcəksən”.
Bu kiçik dialoqda müsəlman aləmində böyük önəm verilən hər iki bayramın - Orucluq və Novruzun Sovet dönəmində sükutla qarşılanması, əhəmiyyət verilməməsi, hətta unutdurulmağa belə cəhd göstərilməsi həm satirik görüntü, həm də eyhamedici ifadələrlə oxuculara çatdırılır. Məlumdur ki, bizə məxsus olmayan Sovet Ordusunun, Paris Kommunasının yaranması gününün keçmiş Sovetlər Birliyinə daxil olan respublikalarda, o cümlədən, Azərbaycanda süni atəşfəşanlıqla təntənəli şəkildə qeyd olunması xalqımızın milli dəyərlərinə vurulan mənəvi zərbədən başqa bir şey deyildi. Hətta ən dəhşətlisi budur ki, vaxtilə 28 May Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması gününü deyil, məhz 28 Aprel Azərbaycanın Qızıl Ordu tərəfindən işğal olunduğu tarixi bizə bayram günü kimi təlqin etmişlər. 70 il gücü, qüdrəti ilə qürur duyduğumuz, xilaskar hesab etdiyimiz “Şanlı Sovet ordusu”nun əsl simasını görə bilmədiyimizdən bu ordunun yaranmasını bayram etmişik. Halbuki güvəndiyimiz ordu əsl iç üzünü 90-cı illərdə Qarabağda, Xocalıda, 20 Yanvarda isə paytaxtımız Bakıda göstərdi. O zaman qəlbimdən bir ah nidası qopdu və öz-özümə söylədim ki, yazıq bizim millətimizin halına! Ona görə ki, özünün faciəsini 70 il ona bayram kimi qeyd etdiriblər. Axı “Molla Nəsrəddin” hələ gör neçə illər bundan öncə öz həmvətənlərini, bütün Şərq aləmini ayıq olmağa, ehtiyatı əldən verməməyə səsləyirdi. Təəssüf ki, artıq bunlar bizim acı və yaşanmış, fəqət geri qaytarılmayacaq tariximizdir.
20-ci illərdə xalqları öz müqəddəratını təyin etmək, qoruyub saxlamaq hüququndan məhrum edən totalitar rejim onları mənəvi böhrana sürükləyirdi. Belə bir təlatümlü dövrdə “Molla Nəsrəddin”in öz səhifələrində Novruz bayramı ilə bağlı karikatura və yazılar dərc etməsi xalqımız üçün olduqca zəruri görünən ciddi xəbərdarlıq idi. Zaman göstərdi ki, heç bir xalqın minilliklər boyu yaşatdığı, əsrlərin sınağından qalibiyyətlə çıxan dəyərləri onların həyatından və qəlbindən zor gücü ilə silib atmaq olmaz.
Öz haqq səsi ilə milyonlara səslənən “Molla Nəsrəddin” jurnalının mənəvi dəyərlərimizin, milli bayramlarımızın ağır və məşəqqətli yolları dəf edərək bu günümüzə gəlib çatmasında göstərdiyi misilsiz xidmətləri təqdir olunmağa layiqdir. Əsrlər keçdikcə biz aydınlaşan səmada “Molla Nəsrəddin”in cahanşümul əhəmiyyətini daha aydın görürük.
Gülbəniz
BABAYEVA
Filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 5 mart.- S.22.