İmperiyalar və onların süquta
sürüklənməsi
Proloq
(Əvvəli
ötən şənbə saylarımızda)
Əyalətlərdə çoxlu tikililər inşa
edildiyinə görə Roma artıq sadəcə simvolik
paytaxta çevrilmişdi. 324-cü illə 330-cu il arasında Konstantin özünün
böyük layihəsinə, şərqdə, yunan şəhəri
Bizantiumun yaxınlığında, Bosforun sahilində yeni
paytaxt şəhəri tikdirməyə başladı. “Konstantinin şəhəri” və ya Konstantinopol
adlanmaqla bu yaşayış məkanı müdafiə məqsədləri
üçün yaradılırdı, çünki olduqca
böyük strateji əhəmiyyətə malik olan bir yerdə
yerləşirdi. 330-cu ildə və
sonrakı illərdə “Allahın göstərişi ilə”
orada çox sayda xristian kilsələri tikildi.
IV əsrdə xristianlıq əvvəllər heç
vaxt olmadığı kimi çiçəklənməyə
başladı və imperator Konstantin bu dinin yeni statusunun meydana
gəlməsində mühüm rol oynadı. O, xristianlığı
312-ci ildən dəstəkləməyə başladı, bu vaxt
o, Tibr çayı üzərindəki Milviya
körpüsü üstündə həlledici
döyüşdə Maksentinin qüvvələrinə qalib gəlmişdi.
Döyüşdən əvvəl o, “Bu əlamətdə
son qalib gələcəksən” sözləri
yazılmış xristian xaçının təzahür
etdiyini görmüşdü. Döyüşü
udan Konstantin xristian Allahının qüvvəsinə inanaraq,
313-cü ildə məşhur Milan ediktini dərc etmişdi.
Bu sənədə görə
xristianlığın mövcudluğuna rəsmi qaydada tolerant
yanaşılması irəli sürülürdü. I Böyük Teodosinin hökmranlığı
(379-395-ci illər) altında isə xristianlıq Roma imperiyasının
rəsmi dini oldu. Xristianlıq zəfər
çaldı.
Vestqotların
lideri olan Alarix 395-ci illə 401-ci il
arasında Balkanlarda hərəkət edib, Roma vəzifəlilərindən
ərzaq və pul alırdı. 408-ci ildə
Roma şəhəri onun bu tələbindən imtina etdikdə
o, şəhərin qapısı qarşısında
dayandı. Roma böyük məbləğdə
qızıl və gümüş pul verdi
ki, o, şəhərdən geri çəkilsin. İki il sonra Alarix üç gün ərzində
qoşunları ilə Romanı qarət etdi.
476-cı ildə alman mənşəli vandal əsgərlərinin
yeni ağası Odoakr Roma imperatorunu devirdi və
özünü alman çarı elan etdi. Bundan 12 il
əvvəl vandallar müdafiəsiz olan Roma şəhərini
qarət etmişdilər. Beləliklə, qərbdə
Romanın imperial hakimiyyəti başa çatdı. Sonrakı Roma imperiyası yeni alman
çarlıqlarında yaşamaqda davam etdi.
Roma imperiyasının məhvə məhkumluğu
artıq görünürdü. Bunun bir neçə səbəbi
var idi. Onlardan biri Romanın almanlarla
yüz ildən artıq davam edən arası kəsilməyən
müharibələr aparması idi. İmperiya
hərbi dövlətə çevrilmişdi, ağır hərbi
xərclər bir vaxtlar onun çiçəklənən kəndlərini
və şəhərlərini viran qoymuşdu. Bununla yanaşı, Roma ordusunda alman muzdluları
artıq çoxluq təşkil edirdi. Muzdlular
məsələsində Roma özünün əzdiyi məşhur
düşməni Karfagenə bənzəyirdi. Roma vətəndaşlığı
alan almanlar hətta hərbi xadimlərə
və yüksək vəzifəli məmurlara
çevrilmişdilər. Ona görə də
Roma imperiyasına xaricdən olan alman təhlükəsi ilə
yanaşı, daxildən də bu imperiya
almanlaşmışdı. Müqəddəs
Avqustin yaxşı demişdi ki, Romulun yaratdığı Yer
şəhəri olan dövlət niyə də
dağılmasın.
Hələ IV əsrdə Roma imperiyasının qərb
və şərq hissələri arasında bölünməsi
baş vermişdi. Almanlar imperiyanın qərbinə girəndə,
oradan V əsrdə müxtəlif çarlıqlar yaradanda
şərqdə Roma imperiyası, mərkəzi Konstantinopol
olmaqla möhkəmlənir və inkişaf edirdi. VI əsrdə ən bacarıqlı hökmdarlardan
biri olan Yustinian bütün Aralıq dənizi
dünyasında Roma imperiyasını yenidən qurmağa cəhd
etdi və 533-cü ildə qərb ərazisini yenidən
tutmağa başladı. Şimali Afrikada
iki döyüşdə vandallar sürətlə məhv
edildi. Sonra Apennindəki ostqotlar məğlub
edildi. Bu mübarizə İtaliyanı
viran qoydu, barbar müdaxilələrinə nisbətən
ölkə Yustinianın qələbələrindən daha
çox ziyan çəkdi. O, ölümündən əvvəl
Aralıq dənizi dünyasını bərpa etməyə
müvəffəq oldu. Bu imperiyaya Şimali
Afrika, Kiçik Asiya, Palestina və Suriya daxil idi.
VII və VIII əsrlərdə Bizans imperiyası, (Şərqi
Roma imperiyası əsasən belə adlanırdı), ərazisinin
çoxunu, onların slavyanların, bolqarların və
müsəlmanların əlinə keçməsi nəticəsində
itirdi. 750-ci ildən imperiya yalnız Kiçik Asiyadan,
Balkanların bəzi torpaqlarından və İtaliyanın cənub
sahillərindən ibarət idi. Bolqarlar
yeni hücumlar edir, ərəblər imperiyanı narahat etməkdə
davam edirdi. IX-XI əsrlərdə Bizans
imperiyasında makedoniyalılar adlanan yeni sülalə meydana gəldi,
sülalənin hökmdarları xarici düşmənlərə
qarsı müqavimət göstərir, ölkə daxilində
qayda yaradırdılar. Onlar bir sıra
mühüm nailiyyətləri ilə öyünürdülər.
Azad fermerlərin mövqelərini möhkməmləndirdilər,
onlar da imperiyanın hərbi gücünü canlı qüvvə
ilə təmin edirdilər. Bu vaxt Qərbi
Avropa ilə genişlənən ticarət nəticəsində
iqtisadi inkişaf sıçrayışı əmələ
gəlmişdi. İnkişaf hesabına
Konstantinopol şəhəri də çiçəklənmişdi.
Bolqarlar məğlub edilmiş, Bolqarıstanın şərq
və qərb hissələri imperiyaya anneksiya edilmişdi. 1025-ci ildə
Bizans imperiyası yarandığı VII əsrin
başlanğıcından daha böyük olmuşdu.
4.
Hindistanda Maurya imperiyası
B.e.ə. 500-cü ilə yaxın Qanq
çayının üzərində yeni siyasi və mərkəzi
kimi Maqadxa meydana gəldi. Buddizmin banisi Sidhartha
Qautama - Budda (Sanskrit dilində hərfi mənada
“işıqlanmağa çatmış,
işıqlanmış” deməkdir) öz təlimi ilə brəhmən
kahinlərinin dinini sıxışdırdı.
Budda öz təlimi ilə Maurya sülaləsi
hökmranlığının əsasını qoydu. Bu dövlət
Makedoniyalı Aleksandrın Hindistana yürüşündən
(b.e.ə. 327-325-ci illər) sonrakı dövrdə fəaliyyətə
başlamışdı və b.e.ə. II əsrə qədər
Hindistanın şimalında və şimali-qərbində
davam etmişdi. Maurya dövlətinin b.e.ə.
321-ci ildə çar Çandraqupta yaratmışdı.
B.e.ə. III əsrin əvvəlində
çar Aşokanın hökmranlığı dövründə
bu dövlət şimali və mərkəzi Hindistanı birləşdirib,
böyük tərəqqiyə çatmışdı.
Aşoka da əvvəllər işğal siyasəti
aparırdı, lakin bir yürüşü çox qan
axıdılmasına səbəb olduqda, bu ona olduqca
güclü təsir göstərdi. Müharibənin dəhşətindən
qorxuya düşən Aşoka hökmranlığının
sonrakı dövrlərində dövlətini humanist prinsiplər
əsasında təşkil etdi, zorakılığa deyil, ictimai
xeyirə və sülhə can atdı. Bunlar
təbəələrinin davranışını nizamlayan
çox saylı ediktlərdə öz əksini tapdı.
Onları ölkənin hər yerindəki
daş dirəklərdə və qayalarda nəqş
etmişdilər və bu, Aşoka yazıları
adlanırdı. Həm də bu yazılar
sanskritdə deyil, orta hind dilində yazılmışdı.
Ediktlərinin birində Aşoka həkimlərə
adamları və vəhşi heyvanları necə müalicə
etmək barədə məsləhətlərini verirdi. Digərlərində
o, tələb edirdi ki, hər bir kəs atasına və
anasına qulaq assın. Onun qərarları
yeni hüquqi normaları müəyyən edirdi, hətta
çarın öz vəzifələrini də
nizamlayırdı. Çar təbəələrinə
öz uşaqları kimi baxmalı idi və onun
hökmranlığı dövründə bu dinin sferası
Hindistanda daim genişlənirdi. Lakin
Aşoka həm də digər dinlərə
dözümlülük nümayiş etdirirdi.
B.e.ə. 273-cü ildə ellinist Baktriyası tərəfindən
Hindistan subkontinentinin şimal-şərq hissəsinin
işğal edilməsi ilə Aşokanın Maurya dövləti
parçalandı. Onun yerində müstəqil dövlətlər
yarandı. Hindistanda yunan-hindli
ağalığı adlanan dövr meydana gəldi, onu isə
saklar dağıtdı.
5. İlk
Çin imperiyası
B.e.ə. 221-ci ildə Tsin çarlığının
çarı Çjen qonşu torpaqları tutub, mərkəzləşmiş
Çin dövləti yaratdı. O, bütün ayrı-ayrı
dövlətləri öz hakimiyyəti altında birləşdirib,
özünü birinci Çin imperatoru - Tsin Şi Huandi elan
etdi.
Yeni dövlət idarə etmədə və iqtisadiyyatda
ciddi mərkəzləşmə apararaq, nəhəng orduya
arxalanırdı. İmperator müasir Siamdan uzaq olmayan bir
yerdə öz dəfn yerini müəyyən etməklə
şöhrət tapmışdı. Onun sərdabəsini
790 mindən artıq kölə tikmişdi. Ölümündən sonra da hərbi gücə
bel bağlamaqla imperator əmr etdi ki, öz 7 mindən
artıq döyüşçüsünün və
arabaların təbii ölçüdə terrakotadan heykəllərini
yaratsınlar. İmperator b.e.ə. 210-cu
ildə öləndə, bütün heykəllər onunla
birlikdə dəfn edildi və son dövrlərdəki arxeoloji
qazıntılar onları aşkara çıxardı. Döyüşçülərin antropoloji
xüsusiyyətləri və geyimləri imperiyanın
çox saydakı xalqlarına aid olduqlarını göstərir
və heç bir heykəl başqasına bənzəmir.
Heykəllər orduda olan rəngarəngliyi
bütünlüklə əks etdirir.
Tsin Şi Huandi tarixi xronikaların və Konfutsi
kitablarının mərkəzləşmiş hökumət
üçün təhlükəli olduğunu əsas gətirərək,
onları yandırmağı əmr etdi.
O,
şimali-qərb sərhədlərini hunlardan müdafiə
etmək üçün b.e.ə. 214-cü ildən
başlayaraq mövcud tökmə torpaq təpələri gil istehkamlarla möhkəmləndirdi. Beləliklə, Böyük Çin Səddi meydana
gəldi. Ölkənin ərazisini 36 iri
inzibati mahallara böldü, onların başında mülki və
hərbi valilər dururdu. Yazı dəqiqləşdirildi,
vahid pul, vahid ölçü və çəki sistemi tətbiq
edildi və yol sistemi islahata uğradı.
İmperator həm də uğurlu sərkərdə idi
və öz imperiyasını cənubda Annama (Vyetnama) qədər
genişləndirdi. Lakin ordunu saxlamaq xərcləri
ağır yük kimi ölkə iqtisadiyyatının üzərinə
düşdü.
Dövlətin islahat siyasəti savadlı təbəqələrin müqaviməti ilə üzləşdi. Onlar yeni tətbiq olunanlara qarşı etiraz edir, köhnə əsərlərin, xüsusən filosof Konfutsinin ideyalarına əsaslanırdılar. Müxalifəti arqumentlərdən məhrum etmək üçün imperator göstəriş verdi ki, şəxsi mülkiyyətdə olan kitablar onların sahiblərindən alınsın və yandırılsın. Yalnız Tsin dövlətinin tarixi xronikaları, təbabət üzrə traktatlar, öncənigörmə sənəti barədə və kənd təsərrüfatına aid kitablar məhv olunmaqdan yayına bildi. Kim köhnə əsərləri yaymaqda davam edirdisə, onlar edam edilir və ya şimali-qərb sərhədlərinə sürgün edilirdi ki, orada Böyük Səddin tikintisində işləsin.
Çinin ilk imperatoru Tsin Şi Huandi öldükdən sonra hakimiyyəti üsyançıların başçısı Lyu Ban tutdu. B.e.ə. 206-cı ildə Han sülaləsini yaradıb, imperator Qao- tszu titulunu qəbul etdi. Buna qədər isə Şi Huandidən sonra azad olmuş taxt-tacı şöhrətpərəst yevnux (hərəm ağası) Çao Kao tutmuşdu, o, imperatorun qardaşını öldürüb, qanuni varisləri kənarlaşdırmışdı. Lakin onun hakimiyyəti uzun çəkmədi, imperiyada yüksək vergilərlə əzilən kənd əhalisinin üsyanı başlandı. Üsyançıların başında Lyu Ban dururdu, onun qoşunları imperator sarayını tutub, yevnux Çao Kaonu öldürdü.
Lyu Ban Çinin şərqindəki kəndli ailəsindən idi, lakin kiçik məmur səviyyəsinə yüksələ bilmişdi. Hakim rejimin əleyhdarı olmaqla, o, tədricən rəqiblərini üsyan hərəkatının rəhbərliyindən sıxışdırıb çıxardı. Yeni hökmdar Han sülaləsini yaratdı, bu sülalə 400 il hakimiyyətdə oldu. O, paytaxtı Huan Ho çayının üstündəki Çanyana köçürtdü, sonra Böyük Səddi tikdi. Öz qüdrəti və böyüklüyü ilə Çin bu dövrdə Roma imperiyasını ötüb keçmişdi.
Lyu Ban dövlət hakimiyyətini möhkəmləndirdi, kəndliləri əmək mükəlləfiyyətindən azad etdi, vergiləri aşağı saldı və borclu olan qullara azadlıq verdi. Bu yolla o, geniş dayaq qazandı. O, mərkəzi icra aparatını bərpa etdi, lakin bəzi əyalətlərdə yerli çarcıqlar - vanlar hökmranlıqlarını davam etdirirdilər. B.e.ə. 195-ci ildə imperator öldükdən sonra taxt-taca onun zəif iradəli olan oğlu çıxdı və onun dövründə ölkədə separatizm dalğası mühüm yer tutdu.
(Ardı
var)
Telman
Orucov
525-ci qəzet.- 2016.- 5 mart.- S.20