Elçinin “Baş”
romanında xronotop süjetyaradıcı element kimi
Elçin
yaradıcılığı bir küll halında Azərbaycan
nəsrinin mahiyyətini - onun mövzularını,
ideyasını, kompozisiya-struktur özünəməxsusluğunu,
maraqlı bədii obrazlarını, poetika sistemini
özündə bütöv şəkildə, bir tam
halında əks etdirən, hekayə, povest, roman, publisistika,
uşaq nəsri, esse, ayrı-ayrı ədəbi şəxsiyyətlərin
(istər milli, türk, istərsə də əcnəbi -
Avropa, dünya) əsərlərinin incələndiyi, əsasən
epiqraf xarakterli, deyim-duyum tutumlu ibarə və ifadələr,
vodevil, fars, qrotesk, metamorfoza, dramaturgiya (komik-tragik), ədəbi-tənqidi
yanaşmalar, təhlillər, çözümlər, konsepsiyalaşmış
araşdırmalarla zəngin polifonik, çoxaspektli və
çoxcəhətli yaradıcılıqdır.
Elçində polifonizm dəb, modern yanaşma tərzi
yox, sindromçuluq meyli yox, yaradıcı mahiyyətdən gələndir. Bunları biz
Elçinin 4 onillikdən üzü bəri uzanıb gələn
yaradıcılığının mahiyyət və
infrastrukturunda görüb, oxuyub, müəyyənləşdirmişik.
Elçinin bədii nəsri, xüsusən
romanları tarixi, mifoloji folklor, dini, klassik və modern müstəvidə
zühur eləyib ortaya çıxmışdır.
“Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm
hökmü”, “İlyas Əfəndiyev: şəxsiyyət və
sənəti” məhz belə yanaşmanın məhsulu kimi dərk
olunmaqda, həzm-rabedən keçirilməkdədir. Elçin nəsri dinamizmli realizm və psixologizm
qovuşuğundadır. Elçin yazarkən
heç də yalnız intuitiv bacarığına söykənməklə
yazmır. O, tarixi mifoloji,
folklor, dini, klassik mənbələri, etnik düşüncə tərzini, fəlsəfi-estetik
baxışları saf-çürük etdikdən sonra əsərlərini
“start xətti”nə çıxarmağa hökm verir və
yazdıqlarını sanki birnəfəsə yazır. Bu gün biz Elçin
yaradıcılığından danışdıqda “professionallıq”
terminindən istifadəyə daha çox meylliyik. Çağdaş nəsrimizdə Elçin yazı
texnikasına yüksək şəkildə yiyələnmiş
müəllif kimi təqdim və təqdir olunmaqdadır.
Bu gün məsuliyyətlə deyə bilərik ki, Elçin nəsri
ədəbiyyatımızın nəbzidir. Məmnunuq
ki, bu nəbzin döyüntüsü daim öz ritmində,
öz halında, öz ovqatındadır. Bu
döyüntünün ritmi Elçinin oxuculara və ədəbi
ictimaiyyətə yeni təqdim etdiyi “Baş” romanında da
qabarıq nəzərə çarpmaqdadır.
“Baş” romanı nəinki
XIX əsrin əvvəllərinin, həmin mərhələdən
həm öncənin, həm də sonrakı dövrlərin
tarixi, siyasi, ideoloji, mənəvi, geosiyasi, coğrafi, “iri
derjavaların” maraqlarını özündə ehtiva edən
ensiklopedik bədii-psixoloji salnamə, gərəkli mənbədir.
“Baş”da
müəllif zehninin, təxəyyülünün zəngin
üfüqləri, onun bir bədii
əsərin hədlərinə sığışmayan
problemləri, daxili çırpıntıları, hiss və
duyğuları, psixoloji gərilmələri, ekstremal
situasiyaları, siyasi oyunbazlıqları və oyunları əks
etdirən, özündə ustalıqla birləşdirə
bilən yaradıcı şəxsin uğurları cəmlənmişdir.
“Baş”ın problematikası başdan
çox-çox yuxarı və əhatəlidir.
“Baş”
romanında bir siyasətçinin, bir canişinin taleyi, faciəsi,
uğurları, əzazilliyi yox, ondan çox-çox
epoxal, çoxşaxəli problemlərin ortada durması
görünür. “Baş”ın oxunuşu
kommentariyalı oxunuş və səriştəli təhlil tələb
edir. Çünki ilk baxışda əsərdə Azərbaycanın faciələri,
tarixi-siyasi durumu ortada dayanırsa, dərindən fikir verdikdə
burada daha qlobal siyasi hallar və oyunlar, qibtə olunmayacaq məqamlar
özünü büruzə verir. Elçin “Baş”da
dayanıb, bir tərəfdən, Azərbaycandan - Bakıdan,
Gürcüstandan-Tiflisdən, digər tərəfdən, Cənubi
Azərbaycandan, İrandan, üçüncü bir tərəfdən,
Rusiyadan, dördüncü bir tərəfdən, Avropadan,
beşinci bir tərəfdən isə ümumi dünyanın
üzərindən dayanıb XIX əsrin əvvəllərində
gedən siyasi oyunlara gah azərbaycanlının, gah farsın,
gah gürcünün, gah rusun, gah
da avropalının gözü ilə baxır. Bu
baxışlar o qədər obyektiv, dərin və
düşündürücüdür ki, oxucunun gözü
önündə çevrəsiz, hüdudsuz bir mənzərə
görünməkdədir.
“Baş”
romanını müxtəlif müstəvilərdə və
yönlərdə təhlillərə cəlb etmək olar və bu,
zəruridir. Bu baxımdan onun süjet xətti və
kompozisiyası üzərində müşahidələr yetərincə
maraq doğurur. Əsərdə hadisələrin
seçilməsi (fərqləndirilməsi), süjetin diskret
vahidləri və onları mənalarla yükləmək, eləcə
də müəyyən zaman-məkan, səbəb-nəticə,
yaxud hər hansı sistemə, ardıcıllığa,
qaydaya tabe etmə və s. Elçinin “Baş” romanının
süjetinin mahiyyətini təşkil edir. Burada
yanaşmalar müxtəlif olsa da, biz əsərin süjet xəttinin
ümumi hadisələr sisteminə səbəb-nəticə
müstəvisində tabe etdirildiyini,
personajların xarakterik xüsusiyyətlərini və
onların əsərdə gedən hadisələrə təsirini,
onlarla bağlı olduğunu görürük.
“Baş”
romanının kompozisiya vahidliyinin yaranması funksiyasını
faktiki olaraq əsərin formal-məzmunu elementləri:
leytmotivlər, obrazların, süjet situasiyalarının təkrarları,baxış
bucağının növbələşməsi,
personajların hadisələrə münasibəti, təhkiyəçinin
bu və ya digər məsələlərin çözümünə
özünəməxsus yanaşma tərzi təşkil edir.
Eyni zamanda süjetin rolunun təşkiledici xassəsi son
dövrlərdə nəinki Azərbaycan, rus, türk, Avropa, həm
də bütün dünya ədəbiyyatında müəyyən
dərəcədə zəiflənməsini müşahidə etmək olar. Bu, əsasən
realizm ənənələrini sındırmağa
çalışan yazıçıların yaradıcılığını
səciyyələndirən xüsusiyyətdir. Yeni fəlsəfi
yanaşmalar, təbiət elmləri
sahəsində kəşflər,
proseslərə A. Eynşteyn,
P.Florenski, M.Baxtin nəzəriyyələri rakursundan yanaşmaq,
zaman və məkan konsepsiyasında özünəməxsus
gedişlər etmək, dünyanın statik mənzərəsindən
imtina, hər hansı obyektin çoxvariantlı təsviri -
bütün bunların hamısı ona gətirib
çıxardı ki, əvvəlki dövrlərdəki fəlsəfi
və bədii təfəkkürün tələblərinə
cavab verən bütün hadisələrin səbəb-nəticə
əlaqələrindəki pozitivist təsəvvürlər
artıq XX əsrin ikinci yarısından öz
universallığını itirməyə başladı.
Elçin
isə “Baş” romanında başqa bir yolla getməyə
üstünlük verir: o,
süjetdən imtinanı məqbul hesab etməyib, onu
romanın mühüm elementinə çevirməklə bədii
zamanı istənilən kimi genişləndirdiyi qədər
(məsələn, yazıçı XIX əsrin əvvəllərindən
obrazların, yaxud təhkiyəçinin
köməyi ilə birdən 500 il əvvəl getməklə),
həm də bədii zamanın mühüm hadisələrini əsas etibarı ilə 1806-cı
ilin içində sıxlaşdırır. Daha
doğrusu, əsərdə gedən başlıca proseslər
1806-cı ildə getsə də, sürətlə 1811-ci ilə
keçib sona çatır. Romanda zamanın bu şəkildə
sıxılması prinsipinin nə ilə bağlı
olması səbəbi bizim (həm də oxucu) üçün tam şəkildə aydın
deyildir. Elçin əsasən knyaz Sisianovla bağlı dilə gətirdiklərini
Bakının təslim edilib Rusiyaya qatılması (həm də
digər ərazilərin Cənubi Azərbaycanın, Azərbaycan
xanlıqlarının, Gürcüstan
çarlıqlarının və knyazlıqlarının)
fonunda ortaya qoyulur. Zamanın belə
sıxlaşdırılması roman məkanının lokallaşdırılmasını
müəyyənləşdirir. Əsərin başlıca hadisələri
Bakı xanlığı ilə İran şahlığı
arasında gedərkən, həm də Azərbaycanın digər
ərazilərinə keçirilir. Bəzən Muğan, Mil,
Arazın o tayı, Şuşa, Dərbənd,
Car-Balakən, Tiflis, Kaxetiya, Minqreliya və başqa ərazilərdə
davam etdirilir. Xanın sarayı, saraydaxili həyat, nökərlər,
kənizlər-cariyələr, bəylərlə onlar
arasındakı münasibətlər dövrün adekvat
koloriti fonunda
göz önündə canlandırılır.
Belə
güclü təzyiq (söhbət bədii-estetik təzyiqdən
gedir) altında əsərin zaman və məkanın roman
şüuru M.Baxtinin xronotop nəzəriyyəsi ilə
uyğunlaşır. Bu nəzəriyyə əvvəlki
düşüncələrə və nəzər nöqtələrinə
söykənsə də, dünyanın zaman- məkan
münasibətlərinin fəlsəfi baxımdan sərfi-rahı,
müasir insanın (hər şeydən öncə
yaradıcı insanın) dünyanı dərkidir.
“Baş”
romanında xronotop
əsərin mühüm
süjetyaradıcı elementi
kimi çıxış edir. Buna görə də
zamanı və məkanı sıxmaqla Elçin elə bir
süjet düyünü qurmağa müvəffəq olur ki,
burada nəzərdə tutduğu aparıcı mühüm
hadisələri və onların düyünlərini orada yerləşdirə
bilir. Burada yer alan personajların əksəriyyəti - bəylər,
xanlar, şahlar, knyazlar, baş komandanlar - hamısı
mühüm vəzifə sahibidirsə, onların arasında həm
də ara vəziyyətində olan at oğrusu Səfər,
Lal Qafaroğlu, Sarı Çoban, Sarı Çoban Qızı və qeyriləri
də yerləşdirilmişlər. Əsərin
süjet xəttinin necə qurulacağı ilə
bağlı Elçinin romana yazdığı müxtəsər
müqəddimə açar rolunu oynayır. Müəllif
yazır ki, əsərin
qəhrəmanlarının bir
qisminin tarixi şəxsiyyətlər olmasına baxmayaraq,
orada tarixi dəqiqlik axtarmaq da əbəsdir, çünki
onlar müəllifin qəhrəmanlarıdır. Əsərdəki
başlıca xətt müəllifin özünün düşüncələrinin ifadəsi, qeyri-tarixi qəhrəmanlar
onun “özününkü”lərdir.
Qeyd etdiyimiz kimi, Elçin “Baş” romanı
üçün özünəməxsus süjet
düyünü tapmışdır. Onun zavyazkası Bakının
Qoşa Qala Qapısına Rusiya ordusunun və Baş komandan Sərdar
Sisianovun yaxınlaşması, Bakının təhqir olunacağı ilə
bağlı Hüseynqulu
xanın narahatlığı, xanın saray əhlini
başına yığıb keçirdiyi məşvərət
və gərgin psixoloji anların yaşanıldığı
ilə yadda qalır. Zavyazka burada, demək olar ki, əsərin əsas
personajlarını, onların içini narahat edən problemləri
əks etdirir. Hadisələr əsərdə çevik
şəkildə dəyişir və belə hal tezliklə
konfliktin yaranmasına gətirib çıxarır: “-
Seçim yoxdur, tərəzinin bir gözündə Sərdar
Sisianovun zatımızı təhqir edən şərtləridir,
o biri gözündə camaatımızın
qırğını və ah-vayıdır”.
Elçinin “Baş” romanında zamanın
sıxlığına baxmayaraq, bir neçə xronotop fərqləndirmək
olar. Onlardan ən
mərkəzdə duranı knyaz Sisianovun başının qəssab
kötüyünün üstündə kəsilməsidir.
Məhz knyaz Sisianovun başının kəsilməsi
ilə romanın əsas həlqələri
bağlıdır. Burada xarakterizə olunası o qədər
məqamlar vardır ki: “- Bilirəm, sənin işindir bu!... Sənin əlini-qolunu zəncirləyəcəyəm,
səni qəfəsə salacağam! Sərdarın
meyiti ilə bərabər səni ruslara göndərəcəyəm”
(s.28).
Burada
xeyli personajlar iştirak edir - knyaz Sisianov, Elizbar Eristov,
Mahmud bəy, Lal Qafaroğlu,
Hüseynqulu xan, Molla Müzəffər Ağa, Qəssab
Balarza, onun şəyirdi və b.
Adı çəkilən obrazlardan müəllifin rəğbətinin
kimin tərəfində olduğu bu şəraitdə
o qədər mühüm əhəmiyyət daşımasa
da, onlardan hər birinin daxili mənəvi, psixoloji aləminə ekskurs etməsi yetərincə
maraqlıdır.
Bütün
əsər boyu onun infrastrukturunda yer almış mübahisələr, fikirlərin
çarpazlaşması, düşüncələrin
toqquşması romanda iştirak edən personajların həyat
mövqelərini müqayisə etməyə, onların
ideoloji ziddiyyətlərini ortaya qoymağa
tuşlanmışdır.
Məhz bu tipli mübahisələr, mövqelər,
düşüncə və müşahidələr “Baş”
romanının, bir tərəfdən, ideoloji-tarixi və fəlsəfi-psixoloji
problematikasını ortaya atırsa, digər tərəfdən,
belə bir məzmunu özündə təcəssüm etdirən
süjet-kompozisiya strukturunu formalaşdırır. Romanda baş verən hadisələr onun bir sıra
səhifələrində özünəməxsus hadisədənkənar
cərgə yaradır. Xanlıqlarda,
çarlıqlarda və knyazlıqlarda baş gedən proseslər
qəhrəmanların dialoji nitqində, onların həyata,
ictimai-siyasi şəraitə, dünyanın nizamına olan
fikir və nəzər nöqtələrində, daxili nitq
kontekstində inkişaf etdirilir.
Bu tipli
daxili və zahiri mükalimələrdə romanın tarixi, fəlsəfi,
psixoloji, siyasi, mədəni-maarif, hətta elm-texnika və s.
bağlı ideyaları ortaya çıxır. Personajların, qəhrəmanların bir-biri ilə
mübahisə və düşüncələrində
romanın ideoloji və psixoloji problematikası
formalaşır.
“Baş”
romanında fəlsəfi, siyasi, ictimai, hərbi və ideoloji
aspektlərin problematikası əsasında formalaşan dialoqlar,
bir tərəfdən, romandakı hadisələrin daxili inkişaf
formasını müəyyənləşdirirsə, digər
tərəfdən, onun polilojiləşməsini təmin edir. Bax, belə bir zəmində roman
polifoniklik xüsusiyyətləri əldə etməklə, həm
də müxtəlif
çoxsaylı səslərin özünəməxsus mənzərəsini
ortaya qoyur. Belə bir müstəvidə roman
süjetinin zahiri və daxili zavyazkası araya gəlir.
Bununla belə
romanın aparıcı xronotopundan digər
süjet xətləri formalaşır ki, onlar əsərin
ümumi müstəvisində əsaslı rol oynayır.
Burada biz Rusiyanın Cənubi Qafqaza
yiyələnmək istəyi,
Rusiyanın özünün daxilindəki ziddiyyətləri,
onu idarə edənlərin Avropa mənşəli
olmalarını, əsl rus insanının belə siyasi
gedişlərdə, hərbi çəkişmələrdə
heç nəyə nail ola bilməməsini, Qacarların Azərbaycan
xanlıqları üzərində nəzarəti, Azərbaycan
xanlıqlarının, bir tərəfdən, özləri
daxilində çəkişmələri, digər tərəfdən,
yadellilərə qarşı apardıqları pərakəndə
mübarizə cəhdi və s. romandakı başlıca
xronotopla, yəni Sisianovun Qoşa Qala Qapısında qətlə
yetirilməsi ilə üzvü surətdə bağlanır.
Romanın əsas, mərkəz xətti onun zavyazkası, əlbəttə,
“Baş”ın (Sisianovun başının) bütün roman
boyu hadisələrin diqqət mərkəzində
durmasını şərtləndirir. “Baş” romanının
ilk səhifələrindən (Mahmud bəyin Elizbar Eristovla
birgə Sisianovu qətlə yetirməsi, Sərdarın Qəssab
Balarzanın qəssab kötüyü üzərində Lal
Qafaroğlu tərəfindən başının və
leşinin bir-birindən ayrılması, “Başın” torbaya
qoyulub çovğunlu fevral günlərində Bakıdan
Tehrana göndərilməsi, Muğanda, digər
yaşayış məntəqələrində başı aparanların
və onun torbada olmasından xəbər tutanların daxili həyəcanları,
ekstremal situasiyalar, başın Abbas Mirzə Qaçara
çatdırılması, onun sərbazlarının Mahmud bəy
və Lal Qafaroğlu ilə münasibətləri, Mahmud bəy və Lal Qafaroğlunun
başın Tehrana özləri tərəfindən
çatdırılmasının mütləq nail olunması,
Abbas Mirzənin onlarla davranışı, Mahmud bəyin
başına gələnlər, onun, nəhayət, Sibirə
göndərildikdən sonra qazamatdakı həyatı,
başın Tehrana Fətəli şaha
çatdırılması, Fətəli şahın
özündə belə vəziyyətin qorxunc hallar yaratması, Fətəli
şahın xanımı Ağabəyim Ağanın sarayda
ayrıca otaqda saxlanılan başı gördükdə “Ya
Allah... Bu, buyruq quluydu! Şuşa müsibətinin cəzasını
bunların hökmdarına ver! (s.174) deyə keçirdiyi hisslər, Xacə
Əbdül Rəhmanın daxili təlatümləri,
başın sonrakı aqibətinin müəmmalı
qalması, Sisianovun nəşinin 27 noyabr 1811-ci ildə Baş
Komandan markiz Pauluççinin Sankt-Peterburqdan gələn əmrinə
əsasən Bakının Qoşa Qala qapısının yaxınlığındakı
düzənlikdən çıxardılıb Tiflisdə təntənə
ilə Sion kilsəsində general Lazarevin
yaxınlığında torpağa tapşırılması
və s. sonuna qədər gedən bütün hadisələr həm bir-biri ilə bağlı, həm
də ayrı-ayrılıqda oxunula və qəbul edilə
bilib romanın xronotoplarını formalaşdırmaqda əsaslı
rol oynamışdır. Bütün bu söylədiklərimizlə
bərabər “Baş”ın
digər süjet xəttində həm də knyaz Sisianovun
sevgi macəraları dayanmaqdadır.
Əsərdə
bundan heç də əhəmiyyəti az olmayan Tiflis
polismeysteri, general-mayor İvan Petroviç Lazarevin həyatının
müxtəsər
mənzərələri göz önündədir.
Həcmcə daha az səhifələrdə əksini
tapmış Lazarevin gözlənilmədən on altı
yaşlı qızı Tatyana və bir il keçməmiş
arvadı Zoxranın vəfatı, Xaç suyuna çəkilmiş,
mənşəcə Kazan tatarlarından olan Zoxranın vəfatından
sonra Polşa zadəganlarından olan, Qafqaza, Tiflisə gələndən
sonra tamam tək qalmış İvan Petroviçin əvvəlkindən
daha böyük məsuliyyətlə öz hərbi xidmətinə
bağlanması, öz gücündən və imperiyanın
nüfuzundan istifadə etməklə, bir tərəfdən,
gürcü şahzadələrini zərərsizləşdirməsi,
digər tərəfdən, onlardan Rusiyaya müxtəlif məqsədlərlə
göndərib ruslara rəğbət hissi
aşılaması, Dağıstanda böyük nüfuz
sahibi olan Avarlı Ömər xanın on beşminlik dəstəsi
ilə üz-üzə gəlməsi, çevik və
güllədən qorxmaz Lazarevin Baqratın və
İoannın köməyi ilə Ömər xanın ordusunu
məğlub etməsi, Ömər xanın özünün
Dağıstana qayıtması, İsgəndər bəyin əsir
düşməsi, çariça Mariya ilə
görüşləri, XII İrakli vəfat etdikdən sonra o
vaxtkı şahzadələrin
Kaxetiya taxt-tacı uğrunda mübarizələri,
Kaxetiya tacına Cəbrayılın yiyələnməsi,
Gürcüstanın Rusiyaya birləşdirilməsi,
Qafqazda ardı-arası kəsilməyən
çaxnaşmalar, imperator Aleksandrın knyaz Sisianovu buraya
Baş Komandan təyin etməsi, Lazarev və Sisianovların
ailələrinə müəllifin retrospektiv
baxışları və sairə, romanın daha maraqlı məqamlarındandır.
“Baş”
romanının digər xronotopu knyaz Sisianova Markiza Natalya Arkadyevna de
Lafonjenin məktublarındadır. Bu məktublarla
oxucu romanın iki yerində 93-94 və 99-100-cü səhifələrində
rastlaşır. Markiza Natalya da Lafonjenə qədər
knyaz Sisianovun həyatında xeyli digər qadınlar olsa da, onların ən incə
qəlblisi Natalya idi. Natalya de Lafonjen Peterburq kübar cəmiyyətinin
elə gözəl
və bədbəxt qızlarından idi ki, o, sevgi ilə ailə
qurmamışdı. Bununla belə, Natalya 34 yaşlı
polkovnik, Sankt-Peterburq qrenader polkunun komandiri, knyaz Pavel Sisianovu
bütün varlığı ilə sevmişdi. Müəllif Lafonjenin knyaz Sisianova sevgi dolu məktubunda
öz hissləri ilə bacara, yuxuya gedə bilmədiyini, əzablı
gecələr keçirdiyini və içindən gələn
güclü bir ehtirasla onu sevdiyini, onlar arasında olan intim
hiss və duyğuları böyük ustalıqla təsvir edə
bilmişdi.
“Baş” romanında biz başqa bir xronotopla da üzləşirik. Bunu knyaz
P.D.Sisianovun qraf N.L.Timofeyev-Boqoyavlenskiyə
ünvanladığı məktubunda görürük. Sisianov hələ 1804-cü ildə ona
yazdığı ilk məktubunda dörd ay ərzində
dörd ilə sığmayan hadisələri
danışır. Rusiyanın Gürcüstanda
qorunası maraqları, İmeretiya, Quriya, Minqreliya, ətrafdakı Qazax, Borçalı, Şəmsəddin
və Pəmbək sultanlıqlarını Rusiyaya qatmaq istəyi,
Gəncənin təslimi, onun təkcə Azərbaycanın
yox, bütün Zaqafqaziyanın mühüm və nüfuzlu
xanlıqlarından biri olması, şəhərin strateji
baxımdan ram edilməsi, Cavad xanın layiqli rəqib
olması, Gəncənin yerində Yelizavetpol şəhərinin
yaradılması və şəhərin adının təkcə tarixçilərdən başqa
heç kimin yadında saxlamayacağı, Osmanlı imperiyasını məhv
etmək planı, bunun gələcəkdə Rusiyaya şərəf
gətirəcəyi, türklərin əsarətində olan
xalqları azadlığa çıxarma cəhdi, Cənubda Osmanlı imperiyasının
Rusiyanın ən təhlükəli rəqibi olması,
Türkiyəni parçalamaq, Rumıniya, Bolqarıstan və
Moldoviyanı Rusiyaya qatmaq planı, Alyaskadan tutmuş
İstanbulacan dünyanın ən qüdrətli dövlətinin Rusiya
olacağı, Nadir şahdan sonra İranda və Zaqafqaziyada
yaranmış hərc-mərclikdən Rusiyanın istifadə etməməsi və axta
Ağa Məhəmməd şahın ağlı və qəddarlığı
nəticəsində İranda, Azərbaycanın cənubunu da
özünə tabe edib Qaçar məmləkəti
yaratması, Şimali Qafqazı Rusiyaya qatıb, Cənubi
Qafqazı başlı-başına buraxmağın təhlükəliliyi
və s. yada salınır, yollar axtarılır, planlar
cızılır (s.99-106). Yəni bu məktubda
ideoloji-siyasi mahiyyəti daha çox diqqət mərkəzində
dayanır.
Markiza
Natalya de Lafonjenin Sisianova və knyaz Sisianovun qraf N.İ.Timofeyev-Boqoyavlenskiyə
yazdıqları məktublar, fikrimizcə, əsərdə ara
vəziyyətində olsa da, burada iki bir-birini intim və siyasi
müstəvidə birləşdirən və iki bir-birinə
qarşı-qarşıya dayanan süjet düyünlərinin
zavyazkası və qəhrəmanların iç
dünyası görümlü əks olunmaqdadır.
Knyaz R.D. Sisianovun qraf N.İ. Timofeyev-Boqoyavlenskiyə məktubunda
romanın həqiqi ideyası - Rusiyanın siyasi maraq və
ambisiyalarının mahiyyəti əks etdirməklə, həm
də bu xronotop özündə Rusiyanın tarixi gedişlərini,
itirilmişlərini göz önündə
canlandırmaqdadır.
Romanın xronotopları özünəməxsus daxili dünyası ilə öz ierarxiyasını, öz dəyərlər sistemini, etnik-milli mənəviyyatı, həyatın xeyir və şərlə bağlı mənasını əks etdirməkdədir. Əlbəttə, əsərdə bu anlayışlar əksər hallarda bir-birinə qarşı dayanır. Burada davranış maneraları, adi, məişət, sevgi həyatında olan ünsiyyət, bir xronotopu səciyyələndirdiyi kimi, romanın başqa bir məqamında heç də özünü mütləq kimi əks etdirmir. Və bu da təbiidir.
Bununla belə Elçinin “Baş” romanında hər bir xronotop hər hansı bir mərkəz ətrafında düzülür ki, onlardan özü hər biri əsərin ümumi süjet xəttinə üzvü şəkildə bağlanır. Romanın xronotoplarının hədlərini özündə əks etdirən qəhrəmanların varlığı, onların bir-birini mahiyyət etibarı ilə tamamlaması romandakı geniş obraz-simvol dövrələrinin olması ilə izah edilir.
“Baş” romanının bütün xronotopları süjet zavyazkasının sıxılmış düyününə istiqamət götürməkdədir. Eyni zamanda belə zahiri süjet romanın daxili hadisələrini bir-birinə bağlamağa, onun fəlsəfi, tarixi, psixoloji, ideoloji, siyasi süjetini müəyyənləşdirməyə kömək edir. Süjetin belə inkişaf impulsu qəhrəmanların, onların ideologiyasının, psixoloji vəziyyətinin, fəlsəfi baxışlarının çoxsaylı ziddiyyətləri fonunda əks olunur (Hüseynqulu xanın, knyaz Sisianovun, Molla Müzəffər Ağanın, Mahmud bəyin, Lal Qafaroğlunun, Qəssab Balarzanın, Sarı Çobanın, Sarı Çoban Qızının, Abbas Mirzənin, Xacə Əbdül Rəhmanın, Vaxtanqın, at oğrusu Səfərin və digərlərinin vəziyyətini burada yada salmaq kifayətdir). Beləliklə, “Baş” romanının süjet xəttinin çoxsaylı zahiri və daxili konfliktlər və mübahisələr zəminində qurulmaqla bir bütöv yaratdığını söyləmək mümkündür.
Nizami
TAĞISOY
Professor
nizami.mamedov@mail.ru
525-ci qəzet.- 2016.- 5 mart.- S.16-17