"Əsri" məzarlığına
gedən yol heç vaxt ot basmayacaq
“Vokruq sveta” kimi uğurlu və maraqlı bir jurnalda baş redaktorun müavini idim. Sonra “İzvestiya” qəzetinin Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbiri oldum. Bu işim də əvvəlkitək maraqlı idi, amma onun qədər rahat deyildi. Yerdəyişmə mənim təşəbbüsümlə olmamışdı. İzzəti-nəfsimi oxşayan yeganə şey bu idi ki, mən xaricdə işləyən ilk azərbaycanlı müxbir olacaqdım.
Əhvalat belə olmuşdu: “İzvestiya” qəzetinin baş redaktoru Lev Nikolayeviç Tolkunov respublikamızın ovaxtkı rəhbəri Vəli Yusif oğlu Axundovla dost idi. Onlar tez-tez qış istirahətlərini Moskva yaxınlığındakı “Barvixa” sanatoriyasında birgə keçirirdilər. O zaman “İzvestiya” qəzetinə Yaxın Şərq ölkələrində müxbir məntəqəsi açmaq imkanı verilmişdi. Bununla əlaqədar, diplomatlar arasında müxbir məntəqəsinin harada, Ankarada, yoxsa Tehranda açılması barədə mübahisə gedirdi. L.Tolkunov bu məsələ ilə bağlı V.Axundovun fikrini soruşanda o, birmənalı şəkildə: “Əlbəttə, Türkiyədə”, - cavabını vermiş və dərhal soruşmuşdu:
- Bəs kimi oraya xüsusi müxbir göndərmək istəyirsiniz? Ümidvaram ki, erməni olmayacaq.
L.Tolkunov gülə-gülə demişdi:
-Hə, belə bir fikir var idi, qarşısını tez aldıq. Türkiyənin özü də erməni jurnalistə, yəqin ki, viza verməzdi.
- Lev Nikolayeviç, niyə xarici müxbirlər sırasında azərbaycanlı jurnalistlər yoxdur? Axı bizdə də ərəb, fars, türk dillərini gözəl bilən qabiliyyətli insanlar çoxdur. Ermənilər isə, xüsusən televiziyada, üzr istəyirəm, it xılı kimidirlər (Yəni çoxdurlar - red.).
- Haqlısınız, Vəli Yusifoviç, məsələ burasındadır ki, redaksiya xaricə yaxşı tanıdığı jurnalistləri göndərir. Şübhə etmirəm ki, Sizin respublikada da maraqlı jurnalistlər çoxdur, amma biz onları tanımırıq. Moskvada işləyənlərdən göndəririk.
- Olsun. Rusiyanın ən qədim jurnalı olan “Vokruq sveta”da baş redaktorun müavini var: Azad Şərifov. Yeri gəlmişkən, bu yaxınlarda İstanbulda olub. Maraqlı bir yazısı da çıxmışdı. O niyə bu vəzifəyə layiq olmasın ki?
Onların bu söhbətini xeyli sonra Lev Nikolayeviç mənə danışdı. O, azərbaycanlılara böyük rəğbət bəslədiyini heç vaxt gizlətmirdi.
Bir müddət keçdi, Lev Nikolayeviç Tolkunov iş yerimə zəng elədi. Dedi ki, “İzvestiya”nın müxbir məntəqəsinin yeri barədə məsləhətləşmək istəyir. Bir aydan sonra... mən artıq Ankarada idim.
“İzvestiya”da ilk yazım dərc olundu. Yadımdadır,
adı “Anadoluda bahar” idi. SSRİ-nin Türkiyədəki səfiri A.Smirnov dedi ki,
qəzetin vəsaiti hesabına “İzvestiya”nın
Ankarada müxbir məntəqəsinin açılması
münasibətilə tədbir keçirmək
lazımdır. İlk maaşım
bütövlükdə bu mərasimə sərf olundu. Türkiyənin və başqa ölkələrin məşhur
jurnalistləri, siyasi partiyaların nümayəndələri
çağırılmışdılar. Məni
onlara təqdim etdilər. Bir nəfər ucaboy kişi mənə yaxınlaşıb gözləmədiyim
halda azərbaycanca dedi: “Mən icmalçı Səməd
Ağaoğluyam”. Yanımda dayanmış,
çoxdan Türkiyədə işləyən diplomatlardan
biri izah elədi ki, bu, Azərbaycan mühaciri, Türkiyənin
tanınmış dövlət xadimi, Atatürkün dostu və
onun nazirlərindən biri olmuş Əhməd bəy
Ağayevin oğludur. Sovet hakimiyyətinə
mənfi münasibətdədir.
- Bəs
onu səfirliyin qəbuluna niyə dəvət etmisiniz?
-
Diplomatiya elə budur, dəə... O, nüfuzlu
icmalçılardan biridir.
Ona göz qoymağa başladım. Başqa
qonaqlar kimi arağa, kürüyə cummadı, turş
çaxırdan ləyaqətlə bir udum alıb bakalı
yerə qoydu. Sonra səfirliyin kinotekasından təsadüfən
tapdığım “Arşın mal alan”
filmini qəbulun proqramına uyğun olaraq qonaqlara
nümayiş etdirdik. Bu populyar kinokomediya onların əksəriyyətinə
tanış olsa da, axıracan ləzzətlə
baxdılar. Həmyerlimiz isə gedərkən
ümid etdiyini bildirdi ki, indən belə Azərbaycan filmlərini
görə biləcək.
Evimin yaxınlığında qənnadı
mağazası vardı, uşaqlarımla tez-tez oraya gedib
şirniyyat alır, əsl Türkiyə qəhvəsi
içirdik. Düzdür, biz dərhal gördük ki, bizim
paxlava Türkiyə baklavasından daha dadlıdır. Mağazanın yanında yeni tanışım,
yerlimiz Səməd Ağaoğlu ilə bir neçə dəfə
rastlaşmışdım. Sonra öyrəndim
ki, mağazanın üstündəki mənzillərdən
birində yaşayır. Bir axşam
mağazadan nəsə alırdım, o mənə
yaxınlaşdı, söhbətə başladıq. Təbii ki, mən Azərbaycan Demokratik
Respublikasının ideya rəhbəri Məhəmməd
Əmin Rəsulzadənin Ankarada dəfn olunduğunu bilirdim.
O vaxtlar onun adını Azərbaycanda pıçıltı
ilə çəkirdilər. Bilirdim ki, 1955-ci
ilin martında Ankarada vəfat edib, burada da dəfn olunub.
Bir dəfə SSRİ-nin Ankaradakı səfirliyinin
Konsulluq şöbəsinin müdiri, yerlimiz, gözəl insan
Rza Məmmədovla bu mövzuda söhbətimiz olmuşdu. O mənə diqqətlə
qulaq asaraq demişdi:
- Hə,
o, Ankaranın “Əsri” məzarlığında dəfn
olunub, amma biz oraya getmirik. Sən nəyə
görə maraqlanırsan ki?
- Elə-belə.
Bir jurnalist kimi maraqlanıram. Axı bu bizim tariximizdir.
Üzümə
mənalı-mənalı baxıb dedi:
- Bilirsən,
Azad, mənə çox xoşdur ki, “İzvestiya”nı burada mənim yerlim olan jurnalist təmsil
edir, amma sən vəziyyəti hələ öyrənməmisən,
vəziyyət mürəkkəbdir. Tələsmə,
götür-qoy elə. Sənin uğursuzluğun bizim
ümumu uğursuzluğumuz ola bilər.
Başqa
bir səfirlikdə keçirilən qəbulda (vəzifəmə
görə məni qəbulların hamısına dəvət
edirdilər) Səməd Ağaoğludan soruşdum:
-
Düzdürmü ki, Məhəmməd Əmin Rəsulzadə
Ankarada dəfn olunub?
- Siz nəyə
görə bununla maraqlanırsınız?
- Məni
oraya apara bilərsiniz? Mən yolu
tanımıram.
Bu mövzu ilə maraqlanmağım və sualına
sualla cavab verməyim, deyəsən, ona qəribə gəldi. Az qala həyəcanla
xəbərdarlıq etdi:
- Ciddi
xoşagəlməzliklərlə üzləşə bilərsiniz.
- Mənə
görə narahat olmayın. Nə diplomatam, nə
də siyasətçi. Mən jurnalistəm.
Bazar günü qəbiristanlığa getməyi qərara
aldıq. Vədələşdiyimiz
saatda bir az əvvəl Almaniyadan
aldığım “Ford”umla onu da götürüb qəbiristanlığa
getdik. Yolboyu respublikamızdakı vəziyyət
barədə məni həvəslə sorğu-suala tutdu.
Mən deyəndə ki, bizdə təhsil və
müalicə pulsuzdur, yüksək vəzifələrin
çoxunda azərbaycanlılar çalışırlar, onu
səmimi bir təəccüb bürüdü. Görünür, bir çox məsələlərlə
bağlı onda fərqli informasiya varmış. Məzarlıq, həqiqətən, “Əsri”
adlanırdı və burada bir çox görkəmli xadimlər
dəfn olunmuşdular. Qəbir səliqəli
idi, mərmər plitənin üstündə “Bir kərə
yüksələn bayraq bir daha enməz”, bir qədər
aşağıda isə “İnsanlara hürriyyət, millətlərə
istiqlal” sözləri yazılmışdı. Sükut içində dayanmışdıq, gözlərimlə
molla axtarırdım ki, gəlib “Yasin” oxusun. Sonra yadıma düşdü ki, Türkiyə
müsəlmanları sünnüdürlər, bəlkə,
onlar bunu başqa cür edirlər. Bir qədər
də durduqdan sonra paytaxta qayıtdıq. İkimiz
də fikirli görünürdük.
Ertəsi gün Rza Məmmədov məni evlərinə
kətə yeməyə dəvət etdi. Yoldaşı
Sima xanımın bişirdiyi kətələr çox
dadlı idi. Rza kətə yeyə-yeyə dedi:
- Deyirlər,
dünən novxanılı yerlimiz Rəsulzadənin məzarını
ziyarət etmisən...
Kətə boğazımda qaldı. Beynimdən
bir fikir keçdi ki, yəqin səfirlik işçiləri məni
güdürlərmiş. Bu fikir hələ
başımda dolaşırdı ki, Rza sakitcə dedi:
“Türklər sənin maşınını qəbiristanlığın
yanında görüblər. Heç olmasa, “bələdçinin”
maşını ilə gedəydin. İndi
artıq “ekrandasan”. Bəlkə o, qəsdən
belə edib. Amma... niyə etsin ki? Sən çox ölkədə olmusan. Bu, bir başqa, bir ölkədə daimi işdə
olmaq isə bir başqa şeydir. Heç
bir rejim əcnəbiləri sevmir. Onlara
“qara yabılar”, yəni nə işlə məşğul
olduqları, hansı təşkilata xidmət etdikləri
bilinməyən insanlar, deyirlər. “İzvestiya”
qəzetinin xüsusi müxbiri kimi sənə viza tələb
olunanda türklər dedilər ki, bu, 100 faiz kommunistdir. Və birdən... səni Məhəmməd Əmin
Rəsulzadənin məzarı yanında görürlər, bələdçin
də anti-sovetçi. Bu yerdə türklər çaşdılar ki,
görən, sən kimsən. Bəlkə genlərin
baş qaldırıb, oraya getmisən, bəlkə də?.. Axı onlar bu informasiyanı
Moskvadakı səfirliklərinə, oradan da müvafiq orqanlara
ötürə bilərlər. Xüsusi
xidmət idarələrində belə şeylər olur.
Ən pis halda səni bir müddətdən sonra geri
çağıra bilərlər, amma bundan sonra heç bir azərbaycanlını
Şərq ölkələrinə göndərməzlər...
Türkiyəlilər isə bildikləri kimi hərəkət
etdilər. Onlar hər bir konsulluq əməkdaşının
“keçmişini” bilirlər. Rza Məmmədova
qarşı da çoxlu iddiaları vardı. Buna görə
də bir dəfə sağ təmayüllü “Son havadis” qəzetinin
bazar günü nömrəsində onun bir şəklini
vermişdilər: sinəsi orden-medallı bir polkovnik.
Altından da yazmışdılar: “Azəri Rza Məmmədov
Rusiyanın casusudur”. Vəssalam. Xarici İşlər Nazirliyinin heç bir rəsmi
notası, ölkəni tərk etmək tələbi də
olmadı. Sadəcə, Rza Məmmədov
sakitcə, ingilissayağı yığışıb
Bakıya getməli oldu. Həmin şəkil
açıq-aydın Rza Azərbaycan DTK-sının Gəncə
şəhər bölməsinin rəisi işləyərkən
çəkilibmiş. Əvəzində
Türkiyə diplomatlarından biri Moskvadan Ankaraya
qaytarıldı, Demə, Qorki küçəsini icazə
verilməyən yerdən keçibmiş. Moskvada
küçə hərəkəti qaydaları çox
ciddidir...
Bir müddət keçdi, mətbuat sakitləşdi,
Moskva mənim çoxdan yoldaşlıq etdiyim, yüksək mədəniyyətli,
savadlı, ünsiyyətcil Arif Nəzər oğlu Heydərovu
SSRİ-nin Ankaradakı səfirliyinin Konsulluq şöbəsinə
müdir göndərdi. O, təcrübəli kəşfiyyatçı idi, uzun
müddət Almaniyada və İranda işləmişdi. İlk gündən, rəislərə xoş gəlməsə
də, o mənim himayədarıma çevrildi. Mən
onunla əməkdaşlıq edirdim, jurnalist dostlarımla tanış olurdu. Bir gün mənə dedi:
- Gəl
gedək o tarixi tapıntını mənə göstər.
Yəqin bunu Rza Məmmədov ona deyibmiş. Birlikdə Məhəmməd
Əmin Rəsulzadənin qəbrinin üstünə gedib
gül dəstəsi qoyduq. Yolda mənə dedi:
- Azad, səndən
xahiş edirəm, Bakı turistlərini buraya gətirmə,
bütün şəhərə xəbər yayılacaq,
xoşagəlməzliklərdən yaxa qurtara bilməyəcəksən.
Əslində mən burada elə bir qəbahət
görmürəm. Mənə bəllidir
ki, o, II Dünya müharibəsi illərində azərbaycanlı
əsirlərin çoxunu ölüm düşərgəsindən
xilas edib. Bundan əlavə, Hitlerin azərbaycanlıları
kölələşdirmək planından xəbər tutan
kimi özündə cəsarət tapıb Hitlerlə əlaqəni
kəsib. Həyatını riskə
qoyaraq, demək olar ki, gizlicə Türkiyəyə
keçib. Bu, faktdır.
Arif Nəzər oğlu qısa müddətdə səfirliyin
ən nüfuzlu, ən hörmətli əməkdaşına
çevrilmişdi. Türklər ona “Siz” deyə müraciət
edirdilər, adını da “Qaraqaş” qoymuşdular. Ona səmimi-qəlbdən söz verdim ki, dediklərinə
əməl edəcəm. Amma bir dəfə
vədimi pozmalı oldum. Respublikamızdan
Ankaraya bir qrup ziyalı gəlmişdi. Süleyman
Rüstəm də onların arasında idi. Mən onu uşaqlıqdan tanıyırdım.
Elə birinci axşam bizim evin qonağı oldu
və məndən xahiş etdi ki, onu Məhəmməd
Əmin Rəsulzadənin məzarı üstünə
aparım. Əlbəttə, mən imtina etməyə
çalışdım, dedim, onun məzarının
yerini bilmirəm. Qayıtdı ki:
- Fikrin nədir,
istəyirsən, Bakıya qayıdanda məni doğma
Novxanı kəndimə buraxmasınlar (M.Ə.Rəsulzadə
də əslən həmin kənddəndir - A.Ş.)?
“Davranış” qaydasını pozmalı oldum, onu
“Əsri” qəbiristanlığına apardım. Uzun müddət
yaşarmış gözünü silə-silə lal-dinməz
başdaşının yanında oturdu. Xeyli
sonra öyrəndim ki, onlar bir-birilərini yaxşı
tanıyırlarmış.
1969-cu
ilin payızında Bakıya qayıdandan sonra Süleyman
Rüstəmə dedim:
- Bəs
söz vermişdiniz ki, bu barədə heç kimə...
Mənim əziz
şairim həmişəki kimi siqaretini tüstülədərək
cavab verdi:
- Mən
sözümə əməl etdim, Bakıda heç kimə
heç nə demədim. Təkcə
Novxanıda... yerlilərimə danışdım.
Bundan sonra Səməd Ağaoğlu ilə normal
münasibətlərimiz yarandı. Görəndə ki, mən
ailəmlə kafedə oturmuşam, enib yanımıza gəlirdi,
amma heç vaxt evinə dəvət etmirdi, bilirdi ki, getməyəcəm.
1967-ci ilin payızında Türkiyənin Baş naziri
Süleyman Dəmirəl birinci dəfə SSRİ-yə səfər
edəndə yerlim həyəcanlanırdı ki, görəsən,
onu jurnalistlər qrupuna salacaqlarmı? Anlayırdı ki, bəzən
SSRİ-nin siyasətinə obyektiv yanaşmır. Bununla belə, diplomatik mülahizələrə əsaslanaraq
onu da siyahıya daxil etdilər. Uçmağa
qanad axtarırdı. Səfərin ən
intizamlı, hər şeylə maraqlanan iştirakçısı
o idi. Gördüklərinin və əvvəllər
qəbul etmədiklərinin hamısını hava kimi ciyərinə
çəkirdi.
Üç gün Moskvada qaldıqdan, yüksək səviyyədə söhbətlərdən və görüşlərdən sonra nümayəndə heyəti Leninqrada getdi. Türklər bu şəhərdə heyrətlərini gizlədə bilmirdilər. Sonra Kiyevdə və Daşkənddə oldular. Səməd Ağaoğlunun gözlərindən oxuyurdum ki, gördüklərinə heyran olmaqla yanaşı, günləri və saatları sayırdı ki, nə vaxt Bakıya gələcək. Soyuq və yağışlı Leninqraddan, isti Daşkənddən sonra Azərbaycan paytaxtında qonaqları cah-cəlallı, məxməri, həm türkiyəliləri, həm də moskvalıları heyran qoyan bir payız qarşıladı.
Dənizkənarı parkı seyr edərkən qonaqlardan biri rəğbətlə buranın İzmirə bənzədiyini söylədi. Bu, Səməd Ağaoğlunun xoşuna gəlmədi: “İzmir hara, Bakı hara”? Özünü Sovet ədəbiyyatının bilicisi kimi göstərərək ucadan: “Maksim Qorki Bakı buxtasını Neapol buxtası ilə müqayisə etmişdir”, - dedi. Bakıda qonaqları gündüzlər elmi institutlara, mədəniyyət müəssisələrinə, ali məktəblərə, axşamlar isə evlərə aparırdılar. Ev məsələsi bəzi moskvalı “yoldaşları” bir qədər narahat edirdi. Biz onları sakitləşdirərək deyirdik:
- Dincəlin,
narahat olmayın, hər şey normal olacaq. Hamı
evinə sağ-salamat gedəcək, heç kəsi heç
yerə cəlb etməyəcəklər.
Səməd Ağaoğludan tez-tez
pıçıltı ilə Məhəmməd Əmin Rəsulzadənin
qəbrinin nə vəziyyətdə olduğunu
soruşurdular.
Bir dəfə o, cavab verdi:
- Niyə
hamınız bunu soruşursunuz? Mənə
inanmırsınızsa, öz jurnalistiniz Azad bəydən xəbər
alın. O tez-tez orada olur.
O,
haqlı idi. Hətta ən mürəkkəb dönəmlərdə
belə, “Əsri” məzarlığına gedən yolu ot basmamışdı.
Azad ŞƏRİF, “Zerkalo” qəzeti, 2003, 24 may.
Tərcümə edən: Nəsir Əhmədli
525-ci qəzet.- 2016.- 5 mart.- S.15;19