I Türkoloji Qurultay - tarixə
düşmüş əlamətdar hadisə
1926-cı
ilin 26 fevral-6 mart tarixlərində - doqquz gün ərzində
ölkəmizin paytaxtı Bakı şəhərində
keçirilmiş I Türkoloji Qurultay XX yüzillikdə
türk xalqlarının, o cümlədən, Azərbaycan
xalqının mədəni həyatında baş vermiş ən
əlamətdar hadisələrdən biri kimi tarixə
düşüb.
Türk xalqlarının mədəni inteqrasiyasında
xüsusi və mühüm bir mərhələnin əsasını
qoymuş bu möhtəşəm Qurultay ilk növbədə
geniş vüsəti və böyük bir coğrafi məkanda
yaşayan çoxsaylı türk xalqları üçün
bir sıra taleyüklü məsələlərin
qoyuluşu, işlənib hazırlanması və
ardıcıl şəkildə gerçəkləşdirilməsi
baxımından müstəsna əhəmiyyət
daşıyır. Belə ki, məhz bu mötəbər məclisdə
keçmiş Sovetlər Birliyi məkanında yaşayan
türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası,
etnoqrafiyası və mədəniyyəti ilə bağlı
yaxın gələcək üçün
düşünülmüş bir sıra mühüm və əhəmiyyətli
qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya
keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə
işlənib hazırlanıb.
I Türkoloji Qurultayın Bakıda keçirilməsi
tamamilə qanunauyğun idi, çünki həmin dövrdə
bir sıra sahələrdə olduğu kimi türkologiya elmində
də Azərbaycan öndə gedirdi, birinci idi. Ölkədə
bu istiqamətdə tanınmış və nüfuzlu söz
sahibləri, elm adamları çoxdan bəri səmərəli
fəaliyyət göstərirdi. Təsadüfi
deyil ki, keçən əsrin 70-ci illərində də
nüfuzlu “Sovetskaya Türkologiya” jurnalı məhz Bakıda nəşr
edilməyə başladı. Bu fakt Azərbaycanın
və onun paytaxtı Bakı şəhərinin postsovet məkanında
türkologiyanın mərkəzi kimi məşhurluğunun və
təsdiqinin ifadəsidir. Onu da qeyd etmək
yerinə düşər ki, sözügedən jurnal
hazırda da “Türkologiya” adı ilə Bakıda öz
işini uğurla davam etdirir.
I Bakı
Türkoloji Qurultayın nə dərəcədə möhtəsəm
və mötəbər bir tədbir kimi tarixi əhəmiyyət
daşıması haqqında əyani təsəvvür əldə
etmək üçün aşağıdakı bilgilər
xüsusilə diqqətçəkicidir: Qurultayda 131 nəfər
nümayəndə iştirak etmiş, 17 iclas
keçirilmiş, türklərin, bütövlükdə
Türk Dünyasının dili və tarixinə, etnogenezisi və
etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə
dair 38 məruzə dinlənilmişdi. İclasa Azərbaycan
SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd
Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət
Heyətinə aşağıdakı şəxslər
seçilmişdilər: Səməd Ağamalıoğlu, Azərbaycandan
Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi
alim akademik Bartold, akademik Oldenburq, Avropa alimlərinin nümayəndəsi
professor Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir
Çobanzadə, professor Samoyloviç, Qazaxıstandan Bəytursun,
Yakutiyadan Barahov, Şərqşünaslıq
Assosiasiyasından Borozdin və Pavloviç, Tatarıstandan Qəlimcan
İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən
Fuad Köprülüzadə, Dağıstandan Qorqmasov, Özbəkistandan
Nahamov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan
Berdiyev, Krımdan Akçökraklı, Şimali Qafqazdan
Əliyev Umar. Bundan əlavə Azərbaycan nümayəndə
heyəti və digər respublikalar adından Əli bəy
Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Marr, Lunaçarski və
Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzv
seçiliblər.
İclasda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin
sədri Qəzənfər Musabəyovun təbrik nitqi ilə
çıxış etməsi də Qurultayın mötəbərliyini
təsdiqləyir. Qeyd edək ki, Qurultay məşhur
türkoloq Radlovun və İsmayıl bəy
Qaspıralının şərəfinə keçirilib.
Qurultayda Bartold, Köprülüzadə, Ə.Hüseynzadə,
Krımski, Poppe, Aşmarin kimi tanınmış
türkoloq-şərqşünas alimlərin iştirakı
da onun böyük əhəmiyyəti və mötəbərliyindən
xəbər verirdi.
Qurultayda
olan məruzələr sırasında
aşağıdakılar xüsusilə diqqətçəkicidir:
V.V.Bartold
“Türk xalqlarının tarixinin müasir vəziyyəti və
öyrənilməsinin yaxın vəzifələri”,
S.F.Oldenburq “Türk xalqları arasında ölkəşünaslıq
işlərinin metodları”, A.A.Müller “Türk
xalqlarının təsviri sənəti haqqında”,
F.Köprülüzadə “Türk xalqlarının ədəbi
dillərinin inkişafı”, A.N.Samoyloviç “Türk dillərinin
öyrənilməsinin müasir vəziyyəti və
yaxın vəzifələri”, B.Çobanzadə “Türk ləhcələrinin
yaxın qohumluğu haqqında”, H.Zeynallı “Türk dillərində
elmi terminologiya sistemi haqqında”, , S.Y.Malov “Qədim türk
dillərinin öyrənilməsinin müasir vəziyyəti və
perspektivləri”, Fərhad Ağazadə “Türk dillərində
düzgün yazı”, N.F.Yakovlev “Türk millətlərinin
sosial və mədəni şəraitləri ilə
bağlı əlifba sisteminin qurulması problemləri”, C.Məmmədzadə
“Türk xalqlarının əlifba sistemləri haqqında”,
Kemanov “Türk dillərinin tədrisi metodikasının əsasları”,
N.N.Poppe “Türk dillərinin altay dillərinin
qarşılıqlı qohumluğu məsələsinin tarixi
və müasir vəziyyəti”, H.Şərəf “Ərəb
və latın sistemli şriftlər və onların
türk-tatar xalqları üçün tətbiqi məsələləri”,
T.Mensel “Balkan türkləri ədəbiyyatının öyrənilməsinin
yekunları və perspektivləri”.
Qurultayda fonetika üzrə görkəmli alim
L.V.Şerbanın “Orfoqrafiyanın əsas prinsipləri və
onların sosial əhəmiyyəti” adlı məruzəsi nəzəri
baxımdan olduqca diqqətəlayiq idi. Maraqlıdır
ki, erməni dilçisi R.Y.Açaryanın “Türk və erməni
dillərinin qarşılıqlı təsiri” mövzusunda məruzəsi
türk dilinin erməni dilinə tarix boyunca bütün dil səviyyələri
üzrə təsirinin açıqlanması üzərində
qurulmuşdu. Məruzədə əski ermənicədən
(qrabardan) yeni ermənicəyə (aşqrabara) keçdin əsas
səbəbi və dil stimulu türkcədir ideyası
başlıca yer tuturdu. Qeyd edək ki,
obyektivliyi ilə seçilən bu məruzə
yaşadığımız günlərdə zərərli
erməni şovinist millətçi ideologiyasına
qarşı güclü elmi arqumentdir.
I Bakı
Türkoloji Qurultayında türk dillərinin
aşağıdakı yeddi böyük problemi müzakirə
obyekti oldu və müvafiq qərarlara imza atıldı:
1.
Əlifba məsələsi; 2. İmla-orfoqrafiya
problemi; 3. Termin məsələsi; 4.
Tədris-metodika məsələsi; 5. Qohum və qonşu dillərin
qarşılıqlı əlaqəsi və interferensiya
problemləri; 6. Türk dillərinin ədəbi
dil problemləri, o cümlədən, ortaq ədəbi dil məsələsi;
7. Ulu dil nəzəriyyəsi və
türk dillərinin tarixi problemləri.
Məlum olduğu kimi, Yaxın Şərqdə əlifba
islahatı məsələsi ilk növbədə görkəmli
Azərbaycan mütəfəkkiri, böyük maarifçi
Mirzə Fətəli Axundzadənin adı ilə
bağlıdır. İsmayıl bəy Qaspıralı, Üzeyir bəy
Hacıbəyli, Cəlil Məmmədquluzadə, Məmmədağa
Şahtaxtılı, Firidun bəy Köçərli, Vəli
Xuluflu da bu yöndə səmərəli fəaliyyət
göstərmişlər. Onu da qeyd edək ki, Azərbaycanda hələ
Qurultaydan öncə - 1922-ci ildə Cəlil Məmmədquluzadənin
rəhbərliyi altında “Yeni yol” qəzeti latın əlifbası
ilə nəşr olunurdu. Eləcə də həmin il “Yeni türk əlifbası” komitəsi
yaradılaraq ona Azərbaycan SSR Mərkəzi İcraiyyə
Komitəsinin sədri Səməd Ağamalıoğlu rəhbərlik
edirdi. Hətta 20 oktyabr 1923-cü ildə Azərbaycan hökuməti
Yeni türk əlifbasının dövlət əlifbası
kimi qəbul edilməsi adlı qərar da
çıxarmışdı.Bununla belə, Azərbaycanda,
bütünlüklə latın əlifbasına
keçid məsələsi bir neçə il sonra gerçəkləşdi.
2.
İmla-orfoqrafiya məsələsində fonetik prinsipə
üstünlük verilməsinə baxmayaraq, morfoloji və
tarixi-ənənəvi prinsip məsələləri də nəzərə
alınırdı.
3. Termin məsələsində
başlıca qaynaq olaraq türk dillərinin öz daxili
imkanlarına və beynəlmiləl səciyyəli sözlərə
üstünlük verildi.
4. Tədris-metodika
məsələlərində ana dilinin tədrisində Avropa
standartları ilə yanaşı, milli ənənəyə
də əhəmiyyət verilməsi ayrıca olaraq qeyd olundu.
5. Qohum və
qonşu dillərin elmi metodlarla öyrənilməsi ilə
bağlı müzakirələr zamanı
altayşünaslıq və komprativistikanın perspektivlərinin
əhəmiyyəti önə çəkildi.
I
Türkoloji Qurultayda türk ədəbi dillərinin norma və üslub xüsusiyyətləri, eləcə
də türk xalqlarının ana yurdu məsələsi də
müzakirə obyekti oldu. Qurultay nümayəndələri
böyük özbək şairi Əlişir Nəvainin 500
illik yubileyində də iştirak etdilər. Qurultayın qərarına görə II Türkoloji
Qurultayın 1927-ci ildə Səmərqənd şəhərində
keçirilməsi nəzərdə tutulsa da, bu qərar məlum
səbəblər üzündən baş tutmadı.
Qeyd edək ki, I Türkoloji Qurultayın qəbul etdiyi qərarlar
sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq
terminologiya kimi məsələlər xüsusilə
mühüm yer tuturdu. Məlum olduğu kimi həmin məsələlər
və onlarla bağlı problemlər bu gün də öz
aktuallığı ilə seçilir və böyük əhəmiyyət
daşıyır.
Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verildi və 2005-ci ilin noyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Həmin sərəncama uyğun olaraq 2006-cı ildə Bakıda I Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans keçirildi. Yaşadığımız günlərdə isə məlum olduğu kimi, I Türkoloji Qurultayın 90 illik yubileyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin tarixi hadisənin -I Türkoloji Qurultayın 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə 18 fevral 2016-cı ildə sərəncam imzalamışdır. Sərəncamda deyildiyi kimi, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə, Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş qərar və tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Sərəncamda xüsusi olaraq vurğulanır ki, Qurultaydan bəri ötən dövr ilk növbədə türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın dünya miqyasında aparılan türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda Qurultayın təşkili işinə töhfələr vermiş və az müddət sonra günahsız repressiya qurbanları olmuş görkəmli türkoloq alimlərin xatirəsinə ehtiramın ifadəsidir.
Sərəncamdan irəli gələn
vəzifələrə uyğun olaraq hazırda Azərbaycan
Milli Elmlər Akademiyasında adı çəkilən
yubileyin keçirilməsi istiqamətində tədbirlər
planının hazırlanması üzərində intensiv
işlər görülməkdədir. Lap
bu günlərdə - mart ayının 3-də Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəylinin
sədrliyi ilə Humanitar Elmlər Bölməsi ilə
İctimai Elmlər Bölməsinin birgə
yığıncağı keçirilmiş və orada
Türkoloji Qurultayın 90 illik yubileyinin layiqincə
keçirilməsi haqqında müvafiq institutlara və
qurumlara göstərişlər verilmiş, bu yöndə
görüləcək işlər haqqında fikir mübadiləsi
aparılmışdır. Aydındır ki,
Türkoloji Qurultayın 90 illik yubilieyi ilə bağlı tədbirlər
sırasında görüləcək işlərin
mühüm bir hissəsi ölkəmizdə dilçilik sahəsində
fundamental tədqiqatların mərkəzi sayılan AMEA Nəsimi
adına Dilçilik İnstitutunun payına düşür.
Həmin planlar və görüləcək
işlər sırasında bu ilin oktyabr ayında AMEA Nəsimi
adına Dilçilik İnstitutunda I Türkoloji Qurultayın
90 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji
konfransın keçirilməsini qeyd etmək olar. Tariximizə öz əbədi
möhürünü vuran, dəyərli töhfələrini
verən I Türkoloji Qurultayda qaldırılan ortaq türk
dili, ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ortaq
türk terminologiyası kimi qlobal məsələlər bu
gün də olduqca aktualdır, əhəmiyyətlidir və
bu sahədə artıq müəyyən işlərə
start verilmişdir. Bir sözlə, I Bakı Türkoloji
Qurultayının işıqlı və gələcəyə
yönələn ideyaları bu gün də yaşayır və
həyata keçir.
Möhsün NAĞISOYLU
AMEA-nın müxbir üzvü,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru
525-ci qəzet.- 2016.- 5 mart.- S.14