“Azərbaycan musiqi irsinin dünyada təbliği”
layihəsinin təqdimatı olub
Martın
4-də Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına
Milli Kitabxananın “Azərbaycan musiqi irsinin dünyada təbliği” layihəsinin
təqdimatı olub.
AzərTAc xəbər verir
ki, Milli Kitabxanada həyata keçirilən tədbirdə
kitabxananın direktoru,
professor Kərim Tahirov layihə barədə məlumat verib.
Diqqətə çatdırıb ki, layihə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin ötən ilin dekabr ayında
Milli Kitabxanada keçirdiyi musiqi xadimləri ilə görüşü zamanı
irəli sürdüyü
təklif və verdiyi tapşırıq əsasında reallaşdırılıb.
Direktor Beynəlxalq Musiqi Kitabxanası Layihəsi - Petruççi Musiqi Kitabxanası (IMSLP) haqqında
danışıb, layihənin
həyata keçməsində
dəstək olmuş
Müəllif Hüquqları
Agentliyinə təşəkkürünü
bildirib.
Eyni zamanda Milli Kitabxananın
saytında yaradılan
“Musiqi kitabxanası” haqqında məlumat verən K.Tahirov Azərbaycan musiqisinə dair çap olunmuş və kitabxananın fondlarında
mühafizə olunan nəşrlərin elektron
versiyasından ibarət
tam mətnlərin yerləşdirildiyini,
“Müəlliflik hüququ
və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının
Qanunun icazə verdiyi və ya müəlliflərin özləri tərəfindən
rəsmi icazə verilən əsərlərin
hamı üçün
açıq olduğu,
qalan ədəbiyyatdan
isə yalnız kitabxananın lokal şəbəkəsində istifadə
etmək mümkün
olduğunu bildirib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev öz çıxışında layihənin
məqsədinin Azərbaycan
musiqisinin dünya miqyasında və respublikada geniş təbliğinə nail olmaq,
xalqımızın musiqi
irsinin, bəstəkarlarımızın
əsərlərinin, xalq
musiqimizin, folklorumuzun dünyada ən çox tanınan və populyar olan beynəlxalq musiqi saytlarında və portallarında, habelə Milli Kitabxananın saytında yerləşdirilməsi olduğunu
söyləyib.
Bu gün haqqında
danışılan layihənin
son dərəcə vacib
və aktual olduğunu söyləyən
Ə.Vəliyev bildirib
ki, bu çox
böyük bir tarixi missiyadır. Ardıcıl olaraq musiqimizin və musiqi janrının bütün
yenilikləri, musiqi sənətşünaslarının uğurları, Azərbaycan
musiqisinin dünya çapında təbliği
ilə bağlı təqdim olunan hər bir material, yazı, bəstəkar işi burada öz əksini tapacaq. Diqqətə
çatdırıb ki,
həlli son dərəcə
vacib olan və hər kəsin vətəndaşlıq
borcu hesab edilən məqamlar da var. Dünyasını dəyişmiş görkəmli
bəstəkarlarımızla bağlı olan evlərdə, hansısa bir xatirə guşələrində, ayrı-ayrı
şəxslərdə, o cümlədən,
musiqi məktəblərində
olan ən xırda not materialının
belə son dərəcə
böyük dəyəri
olduğunu söyləyən
Ə.Vəliyev bildirib
ki, bütün bunların qorunması və təbliği üçün kitabxanaya
təhvil verilməsi məqsədəuyğundur.
Nazir müavini
qeyd edib ki, son illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan musiqisinin beynəlxalq səviyyədə
tanıdılması, milli
dəyər kimi qəbul olunması istiqamətində böyük
işlər görüb.
Xalq mahnılarımızın, Azərbaycanın böyük bəstəkarlarının əsərlərinin ermənilər tərəfindən mənimsənilərək beynəlxalq arenalarda təqdim olunmasına diqqət çəkən nazir müavini uzun illərdir bu istiqamətdə Müəllif Hüquqları Agentliyinin beynəlxalq səviyyədə mübarizə apardığını vurğulayıb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və digər çıxış edənlər layihənin Azərbaycan tarixində böyük uğur kimi qiymətləndiriblər, fikir və təkliflərini söyləyiblər.
Sonra Beynəlxalq Musiqi Kitabxanası Layihəsi - Petruççi Musiqi Kitabxanası (imslp.org) və Milli Kitabxananın saytında yaradılan “Musiqi kitabxanası” təqdim olunub.
Qeyd edilib ki, “Azərbaycan musiqisinin dünyada təbliği” bölməsində 30 bəstəkarın 150-dək əsərinin notları, habelə 25 Azərbaycan xalq mahnısı, korifey ifaçılarımız - Bülbül, Rəşid Behbudov, Xan Şuşinski, Habil Əliyev, Ağaxan Abdullayev, Lütfiyar İmanov və başqalarının ifasında mp3 formatda yerləşdirilib. Balaban, kamança və digər milli musiqi alətlərində solo ifalar, hər bir milli musiqi alətinin rəngli təsvirləri, onların bizim milli musiqi aləti olması barədə annotasiya və haqqında qısa məlumatlar, Heydər Əliyevə həsr olunmuş “Bahar oğlu”, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmiş “Humayun” və dünya şöhrətli bəstəkarlarımıza həsr olunmuş musiqi əsərlərinin mp3 formatda canlı ifada səsli təqdim olunub.
Sonda tədbir iştirakçıları kitabxananın fondlarında mühafizə olunan Heydər Əliyev Fondunun musiqi nəşrləri, musiqi ədəbiyyatı, not, disk və səsyazmalardan ibarət sərgi ilə tanış olublar.
525-ci qəzet.-
2016.- 5 mart.- S.12.