Abdullah Cövdətin Əli bəy
Hüseynzadəyə məktubları
“Əli bəy sakit, mütəfəkkir halı ilə, əsrarəngiz
vəzi-üzlətpərvəriylə (xəlvətə
çəkilməsi, özünə qapanması ilə)
üzərimizdə bir rəsul (peyğəmbər) təsiri
icra edərdi.
Əvət, o bir rəsuli-haqq idi!” - pərəstiş
dolu bu səmimi etirafın müəllifi tanınmış
türk ictimai-siyasi xadimi, həkim, şair, mütərcim və
jurnalist Abdullah Cövdətdir (1869-1932). Özü də kifayət
qədər geniş, hərtərəfli maraq dairəsinə,
geniş və əhatəli fəaliyyət sahəsinə
malik fikir adamı, qələm sahibi kimi tanınan Abdullah
Cövdət müasirlərinin “Şimal fəcrinə” bənzətdikləri
Əli bəyə heyranlığını, vurğunluq
hissini həyatının sonuna qədər
sürdürmüşdü. Azərbaycanlı
mütəfəkkir onun nəzərində hər zaman
nüfuz sahibi, haqq sözün, haqq əməlin daimi
ünvanı kimi qalmışdı. Dəyişən
şərtlər, siyasi fırtınalar, üzləşdikləri
çətinlik və məhrumiyyətlər bu dostluğa xələl
gətirə bilməmişdi.
İlk tanışlıqları İstanbulda, türk hərbi,
siyasi və ədəbi mühitinə, ictimai fikrə bir
sıra görkəmli şəxsiyyətlər bəxş edən
Məktəbi-Tibbiyyədə olmuşdu. Rusiya imperiyası ilə
müqayisədə həqiqi vətən saydığı
Türkiyəyə Peterburq universitetinin diplomu ilə gələn
Əli bəy qısa zamanda həmyaşıdları
üzərində bir çox paşalardan və müdərrislərdən
(generallardan və professorlardan) daha güclü təsir
buraxmışdı. Qiymətli məxəzlərlə
zəngin “Hüseynzadə Əli bəy” (Ankara, 1998)
kitabının müəllifi Əli Heydər Bayatın da
yazdığı kimi “Əli bəyin gəlməsinə qədər
bir çox şeydən xəbərsiz olan öyrəncilər
ondan Mendeleyev sistemini, Xəyyamın rübailərinin Qərb
metodları ilə açıqlanmasını öyrəndilər.
Artıq tələbənin əllərində
fəlsəfə, sosiologiya kitabları, Leon Cahunun
türklüyə aid romanları dolaşırdı. Tibbiyyə gəncləri türklərin artıq
yalnız Türkiyədə olmadıqlarını, Rusiyada,
İranda, Çində də çoxsaylı türkün
yaşadığını öyrənərək
könüllərində yeni bir ruh - türkçülük
ruhu oyanmağa başlamışdı”.
Özünü
lider kimi görməyib daha çox pərdə arxasında
qalmağa üstünlük versə də, Əli bəy
qısa zaman ərzində yeniliyə can atan Anadolu türk gəncliyinin
mənəvi rəhbərinə, yol göstərəninə
çevrilmişdi. “Əli bəyin Əsgəri Tibbiyyəyə
girməsi ilə birlikdə məktəbdə Avropayi bir hava əsməyə
başlamışdı, - deyə Əli Heydər Bayat
yazır: - Osmanlı yüksək tədris müəssisələri
arasında Qərbə açılan ilk qurumlardan olmasına
rəğmən məktəb yenə də Avropa
çapında olmaqdan uzaqdı. Ayrıca ölkənin
çeşidli yerlərindən gələn zəki, fəqət
dünyanı tanımayan tələbələr Peterburq
Universiteti məzunu, dünya elm və ədəbiyyatından
xəbərdar, ərəb, fars, rus, alman, ingilis, fransız və
yunan kimi bir çox dilləri onların ədəbiyyatlarını
təqib edəcək bir dərəcədə bilən
özlərindən daha yaşlı bu Azərbaycan
türkünün ətrafında toplaşdılar. O,
yaşayış və davranışları ilə tam bir
avropalı olması ilə birlikdə dərin, yeni, gözəl,
mənalı sözləri, yazdığı şeirlər,
Şərq-Qərb ədəbiyyatına aid söhbətləri
ilə dostları arasında dünyanın bütün dillərini,
elmlərini və ədəbiyyatlarını, gözəl sənətlərini
öz şəxsində toplayan və bunları bacarıqla tətbiq
edən fövqəladə bir insan kimi əfsanələşmişdi”.
Sadalanan
yüksək insani və intellektual keyfiyyətlər Məktəbi-Tibbiyyənin
bir çox digər tələbələri kimi Abdullah
Cövdəti də elə ilk tanışlıqlarından Əli bəyin heyranına
çevirmişdi. Və heyranlıq hissi
yalnız romantik duyğularla, mənəvi ideal
axtarışları ilə dolu gənclik illəri
üçün səciyyəvi sayıla bilməzdi. Məktəbi-Tibbiyyədən
başlanan dostluq, türk-islam dünyasına xidmət
yolundakı əməkdaşlıq qırx ildən çox davam
etmişdi. Məqsəd ümumiliyi ilə bir sırada hər
ikisinin ensiklopedik zəka sahibi kimi tanınmaları, saf və
ardıcıl ideya adamı olmaları da
qarşılıqlı münasibətlərinin davamlılığında az
rol oynamamışdı.
Bu münasibətlər öz əksini ilk növbədə
onların uzun müddətli yazışmalarında
tapmışdı. Təəssüf ki, Əli bəyin məktubları
qorunub saxlanmayıb. Abdullah Cövdətin
1905-1923-cü illər arasında İsveçrə, Fransa,
Misir və Türkiyədən azərbaycanlı dostuna
göndərdiyi, ümumi sayı 20-yə çatan məktub
və poçt kartları isə (fikrimcə, bu
yazışmanın yalnız kiçik bir hissəsidir)
mühafizə edilib. Əli bəy Hüseynzadə ilə
bağlı digər arxiv sənədləri kimi həmin qiymətli
epistolyar irsin
ictimailəşdirilməsində, elmi cameənin
diqqətinə çatdırılmasında da görkəmli
azərbaycanşünas alim, İzmirdəki Ege Universitetinin
professoru Əli Yavuz Akpinarın böyük xidməti
olub. Məhz onun təkid və
təlqinləri ilə Əli bəyin həyatdakı sonuncu
övladı - qızı Feyzavər Alpsar atasının
yalnız kiçik bir hissəsi günümüzə qədər
gəlib çatan, yaxud ailəsinin əlində qalan şəxsi
arxivini, habelə kitablarını universitetə hədiyyə
verib. Son illər türkiyəli filoloqlar həmin arxiv sənədləri
əsasında Əhməd Ağaoğlu, Yusif Akçura kimi
görkəmli müasirlərinin, əqidə
dostlarının Əli bəy Hüseynzadəyə
yazdıqları və böyük qismi təbii ki, ictimai məzmunu ilə
seçilən məktubları çap ediblər. Bu baxımdan ədəbiyyatımızın
böyük dostu Yavuz Akpinarın fəaliyyəti xüsusi ilə
təqdirəlayiqdir.
Abdullah
Cövdətin Əli bəylə həm şəxsi
münasibətlərini, həm də qarşılıqlı
maraqlarını, birgə ədəbi-ictimai fəaliyyətlərinin
müxtəlif aspektlərini açıb ortaya qoyan məktubları
isə ilk dəfə Egey Universitetinin Türk dili və ədəbiyyatı
bölümünün dosent müavini, xanım Şərifə
Çağın səyi və zəhməti sayəsində ərəb
əlifbasından transliterasiya olunaraq “Yeni türk ədəbiyyatı
dərgisi”nin 2010-cu il mart sayında (s.195-232) dərc
edilmişdir.
Həmin
materialla tanışlıq hörmətli Şərifə
Çağının həqiqətən də ciddi, gərəkli
iş görməklə bir sırada oxunuş və
transliterasiya zamanı bəzi yanlışlıqlara, qeyri-dəqiqliklərə
yol verdiyini də aşkara çıxardı. Türk
tədqiqatçısının zəhmətinin və
xeyirxah niyyətinin üzərinə əsla kölgə
salmaq itəməsəm də, mövcud təhriflərin,
çatışmazlıqların məktubların Azərbaycanla
bağlı hissələrində özünü daha
aydın göstərdiyini qeyd etməliyəm. Digər tərəfdən,
ciddi oxucu marağı doğuran bu tipli mənbələri
çapa hazırlayarkən mütləq bəzi şəxs və
yer adları, tarixi hadisələrlə bağlı izahat vermək
zərurəti meydana çıxır. Əks-təqdirdə
haqqında söz açılan mətləblər kifayət
qədər aydın olmur. Təəssüf
ki, Abdullah Cövdətin Əli bəyə
ünvanladığı məktubların çapı
zamanı bu mühüm tələb də diqqətdən
qaçırılıb.
Lazımi dəqiqləşdirmələr aparmaq
üçün orijinalı (daha doğrusu məktubların
foto, yaxud ksero surətlərini) əldə etmək lazım
idi. Bu işdə etibarlı dostum professor Yavuz Akpinar
yardımını əsirgəmədi. Məktub
və poçt kartlarının, eləcə də Əli bəylə
Abdullah Cövdətin münasibətlərinə işıq
salan digər bir mühüm sənədin surətlərini
göndərdi. Məktubların orijinalı əsasında zəruri
dəqiqləşdirmələr aparılan və müvafiq
izahlarla təchiz olunan mətnini tezliklə çap etdirəcəyəm.
“525-ci qəzet”in oxucularına təqdim olunan bu
yazıda isə əsas diqqət türk dünyasının
iki görkəmli şəxsiyyəti arasındakı
qarşılıqlı əməkdaşlığa və
Abdullah Cövdətin milli mətbuatımız, XX əsrin əvvəllərindəki
Azərbaycan ədəbi-ictimai mühiti ilə əlaqələrinə
yönəldilib. Sənədlər yüz il əvvəlki ədəbi-mədəni əlaqələrimizin
zənginliyi və intensivliyi haqda dolğun təsəvvür
yaradır.
lll
Müasir
türk tədqiqatçısı, Egey Universitetinin professoru Zəki
Arıqan Abdullah Cövdəti “insan sevgisi ilə
yoğurulmuş gerçək bir özgürlük
şairi”, “tarix boyu az yetişdirdiyimiz insanlardan biri” adlandırır.
Əli bəydən dörd yaş kiçik olan Abdullah
Cövdət kürd əsilli Osmanlı ailəsində
doğulmuşdu. Atası Hacı Ömər Vasif bəy alay
imamı idi. Lakin özü din yolunu seçsə
də, oğlunun dünyəvi təhsil almasına
böyük önəm vermişdi. Abdullah
əvvəlcə Elazıq hərbi rüşdiyyəsində,
sonra isə İstanbuldakı məşhur Qülləli hərbi
liseyində oxumuşdu. 1888-ci ildə Məktəbi-Tibbiyəyə
daxil olmuşdu.
Ədəbiyyata və fəlsəfəyə
marağı ilk gənclik dövrünə təsadüf
edir. Ömər Cövdət təxəllüsü ilə
çap olunan şeirləri hətta dövrün müqtədir
sənətkarı Əbdülhəq Hamidin diqqətini
çəkmişdi. Onun tövsiyəsi ilə tələbə-şair
“Heç” adlı poetik məcmuəsini 1890-cı ildə, 21
yaşında çap etdirmişdi. Maraqlıdır
ki, sonralar qatı ateist kimi tanınan Abdullah Cövdətin ilk
kitabında dini məzmunlu şeirlərə, Peyğəmbərin
şəninə yazılan nətlərə təsadüf
olunurdu.
Lakin tələbəlik illərində ədəbiyyat
başlıca məşğuliyyəti deyildi. Hər şeydən öncə
çağdaş tibb elminə dərindən yiyələnməyə,
özünü yaxşı həkim kimi yetişdirməyə
çalışmışdı. Mükəmməl öyrəndiyi
fransız dilindən (sonralar fransızca yazdığı
şeirlərdən ibarət dörd məcmuə nəşr
etdirəcəkdi!) tibbə, xüsusən də fiziologiyaya
dair bir sıra əsərləri türkcəyə çevirmişdi. Çağdaş Qərb mənbələrinə
yaxından bələdlik onun ciddi elmi təlim və nəzəriyyələrlə
daha ciddi şəkildə maraqlanmasına
yol açmışdı. Avropada mexaniki materializmin banilərindən
biri, təbiətşünas və filosof Lüdviq Büxnerin
(1824-1899) məşhur “Güc və materiya” əsərinin bir
bölümünü türkcəyə çevirib
özünün bəzi əlavələri ilə
“Filosofiyayi-təfəkkür” adı altında 1882-ci ildə
çap etdirmişdi. (Büxnerin kitabının 1905-ci ilə
qədər Rusiyada 17 nəşrinin meydana çıxması
Osmanlı imperiyasında da inqilabi dəyişikliklər
arzusunda olan Abdullah Cövdətin siyasi fəhmindən,
düzgün istinad nöqtəsi tapmasından xəbər
verməkdədir!) Həm də o, sadəcə
hazır mətnlərin tərcüməsi ilə kifayətlənməmişdi.
Təhsil illərində Qərb qaynaqlarına istinadən
materializm və insan beyninin funksiyalarından söz açan
“Fiziologiya və beyin sağlamlığı”, “Ağıl mələkləri”
adlı kitablarını hazırlamışdı. Elmi fəaliyyətinin
başlanğıc mərhələsində islam və Avropa
alimlərinin yaradıcılıq irsi və tədqiqatları
arasında müəyyən əlaqə,
bağlılıq tapılmasına böyük diqqət
yetirirdi.
Müasir
türk tədqiqatçısı Hüseyn Akar Abdullah
Cövdətin inqilabi ideyalarla maraqlanmasında və bunun təbii
nəticəsi kimi siyasətə qoşulmasında “Rusiyadan gələn populist
akımın da etkisinin” böyük olduğunu yazır.
1889-cu ildən sonra Məktəbi-Tibbiyyə tələbələri
arasında rus inqilabı hərəkatı haqqında ilk mənbədən
götürülmüş gerçək bilikləri yaymağa
qadir yeganə şəxs isə heç şübhəsiz,
Peterburqda bir sıra siyasi proseslərin şahidi olmuş, hətta
Leninin qardaşı Aleksandr Ulyanovu yaxından
tanımış Əli bəy Hüseynzadə idi.
Əli bəy özü də həyatının son illərində
qələmə aldığı “İttihad və Tərəqqi
necə quruldu?
İbadullah Əfəndinin oynadığı rollar” adlı
faktlarla zəngin, maraqlı xatirəsində Məktəbi-Tibbiyyədəki
dostlarını Rusiyada tələbə hərəkatı
ilə bağlı məlumatlandırmasından
bəhs edərək yazırdı: “Mən Peterburq, Moskva,
Qazan universitetlərindəki siyasi hadisələr
(1885-1886-cı illər) barəsində söhbət
açdım. Bütün bunların nəticəsi olaraq tələbə
dostlarımın bir qisminin və həmin dövrdə
yaxşı kimyaçı kimi ad çıxarmış
Saşa Ulyanovun (Leninin böyük qardaşıdır) necə
tutulub edam olunmalarından bəhs etdim. Bu münasibətlə bir az da universitet tələbələri
içərisindəki gizli inqilabi təşkilatdan, benzinin
altı bucaqlı kimyəvi rəmzi şəklindəki
altı üzvlü qrupların birləşməsi nəticəsində
meydana çıxan və qarşısına rejimi devirməyi
məqsəd qoyan geniş özəklərdən danışdım”.
1889-cu ildə
Məktəbi-Tibbiyyə tələbələrindən Abdulla
Cövdət, İbrahim Temo, İshak Sükuti, Mehmet Rəşid
və Hikmət Emin sonralar Osmanlı İttihad və Tərəqqi
Cəmiyyəti kimi tanınan “İttihadi-Osmaniyyə Cəmiyyətinin”
əsasını qoymuşdular. Qurumun
başlıca qayəsi Sultan Əbdülhəmidin istibdad
rejiminə qarşı mübarizənin təşkili və
geniş miqyaslı maarifçilik işinin aparılması
idi. Əli bəyin qurucu üzvlər arasında yer
alıb-almaması barədə tədqiqatçı Azər
Turanın əsərində geniş bəhs
açıldığından həmin məsələnin
üzərində dayanmağa lüzum görmürük.
Digər
tərəfdən, yuxarıda adları çəkilən beş nəfər sadəcə yeni siyasi
qüvvənin məqsəd və məramını bəyan
etmişdi. 1918-ci ilə qədər Osmanlı
imperiyasının dövlət həyatında aparıcı
mövqe tutmuş İttihad və Tərəqqi hərəkatının,
habelə eyni adlı partiyanın yaradılmasında, onun ideya
əsaslarının işlənib hazırlanmasında isə
Əli bəy Hüseynzadənin mühüm rolunu inkar etmək
mümkünsüzdür. Azərbaycanlı mütəfəkkir bu işləri
də “pərdə arxasından” görmüşdü. Lakin
1912-ci ildə onun artıq hakimiyyət partiyası olan
İttihad və Tərəqqinin Mərkəzi Komitə
üzvü seçilməsi heç şübhəsiz, həmin xidmətlərin
minnətdarlıqla dəyərləndirilməsi idi.
Arada
qısa fasilə (müvafiq olaraq 1894 və 1895-ci ildə) ilə
hər ikisi - həm Abdullah Cövdət, həm də Əli
bəy Hüseynzadə ali tibb təhsilini
hərbi həkim ünvanı və yüzbaşı (kapitan)
rütbəsi ilə başa vurmuşdular. Bundan
sonra yolları ayrılmışdı. Arada hərbi təmayüllü
tədris müəssisəsi ilə uyuşmayan fəaliyyətinə
görə təhsildən uzaqlaşdırılsa da, sonda
diplom almağa müvəffəq olan Abdullah İstanbuldakı Heydərpaşa
Nümunə xəstəxanasında oftolmologiya ixtisası
üzrə doktor yardımçısı kimi
çalışmağa başlamışdı. Lakin bir neçə aydan sonra Şərq əyalətlərində
yayılan vəba epidemiyası ilə əlaqədar Diyarbəkirə
göndərilmişdi. Burada gələcəkdə
türkçülüyün fikir atalarından biri kimi məşhurlaşacaq
Ziya Göyalpla tanış olmuşdu. Onu artıq imperiyanın müxtəlif yerlərində
şöbə və özəkləri yaranan İttihad və
Tərəqqi sıralarına cəlb etmişdi.
Böyük mürşüd dərin ruhi sarsıntılardan
çıxış yolu tapmayıb intihara əl atanda həkim
kimi yardımına ilk yetişən və həyatını
xilas edən də
Abdullah Cövdət olmuşdu.
Təxminən
həmin ərəfədə Əli bəy Hüseynzadə
də təhsilini başa vurub Heydərpaşa Nümunə xəstəxanada dəri-zöhrəvi
xəstəlikləri həkimi kimi fəaliyyətə
başlamışdı. Amma eyni ali məktəbi
bitirib eyni xəstəxanada çalışmalarına
baxmayaraq ixtisas və məslək etibarı ilə biri-birinə
son dərəcə yaxın olan iki dostun yolları uzun
müddətə ayrılmışdı. Məktublaşma
vasitəsi ilə ünsiyyət qurana qədər hər ikisi təqib, macəra
və təhlükələrlə dolu həyat
yaşamışdı.
Artıq
hökumətin “qara siyahısına” düşən Abdullah
Cövdət 1895-ci ilin ortalarında İstanbula dönsə də,
paytaxtda yaşaması məqbul sayılmadı. Onu əvvəlcə hərbi həkim kimi
Adabazarına göndərmək nəzərdə tutulurdu.
Lakin “pozuculuq fəaliyyətinə” dair yeni məlumatlar ortaya
çıxdığından 1896-cı ilin yanvarında həmin
dövrdə Osmanlı imperiyasının vilayətləri sırasına daxil
olan Trablüsqərbə (indiki
Liviyaya) sürgün etmək qərarı verildi. Burada da
özünü sakit aparmadığı bilinincə daha əlçatmaz
yerə - adı Əli bəy Hüseynzadənin Məktəbi-Tibbiyyə
haqqındakı həcvində çəkilən
Liviyanın səhralıq Fizan əyalətinə
(“Araşdırsan bunun sirrin, sürərlər bəlkə
Fizanə”) göndərilməsinə hökm edildi.
Bu zaman Abdullah Cövdət artıq Avropadakı “gənc
türklərin” liderləri Əhməd Rza və Murad
Mizançı ilə əlaqə qurmuşdu. Onların nəşrlərində
-”Mizan”, “Məşvərət” və “Məşvərət-Supplement”
(fransızca) qəzetlərində ardıcıl çap
olunurdu. Qərbdə təşkilanan əqidə
dostları yolunu gözləyirdilər. Odur
ki, sultan xəfiyyələrinin hökmünə boyun əyməkdənsə
Avropaya sığınmağı daha üstün tutdu. Həyatını təhlükəyə ataraq gizli
yollarla Tunisə qaçdı, oradan isə Parisə gəlib
ittihadçıların -”gənc türklərin”
sıralarına qoşuldu.
Sonuncular
qarşıya eyni məqsəd qoysalar da aralarında birliyə
nail ola bilməmişdilər. Əhməd Rza qrupu axıra qədər mübarizə
aparmaq əzmində idi. Murad
Mizançının tərəfdarları isə Sultan
Əbdülhəmidlə anlaşmağa daha çox meyl
göstərirdilər. Hökmdarın
tapşırığı ilə Parisə gələn Təşkilati-Məxsusə
şefi Əhməd Cəmaləddin Paşa bu fikir
ayrılığından məharətlə yararlandı.
Kiçik Contrexeville şəhərində əldə
olunan anlaşmaya əsasən Murad Mizançı qrupunun
üzvləri bəzi güzəştlər alıb Türkiyəyə
qayıtdılar. Abdullah Cövdət
“barışmazlarla” - Əhməd Rza qrupu ilə əməkdaşlıq
yolunu üstün tutdu. “Osmanlı” qəzetində
sultan rejimini kəskin tənqid edən yazılarla sanki
bütün körpüləri yandırmağa
çalışdı.
Mübarizlik əhval-ruhiyyəsi uzun sürmədi. 1898-ci ildə o, ayda 1500
frank maaş və ömrünün sonuna qədər
aylıq 12 altın təqaüd qarşılığında
həm mətbuat, həm də
ittihadçılarla əlaqələri kəsmək barəsində
sultan təmsilçiləri ilə anlaşmaya girdi. Lakin bir müddət sonra “Osmanlı”ya gizli imzalar
altında yazılar göndərdiyi aşkara
çıxdı və təbii ki, pul təminatı
dayandırıldı. Bunun ardınca isə,
təbii ki, maddi sıxıntılar başlandı. Prinsiplərini dəyişməkdə heç vaxt
xüsusi qəbahət görməyən Abdullah Cövdət
1899-cu ildə Ulduz sarayı ilə yeni bazarlığa girdi.
Əldə edilən anlaşmaya görə,
üsyankar doktor Osmanlı imperatorluğunun Vyana səfirliyində
həkim vəzifəsinə təyin edildi və üzərinə
tibbə dair məqalələr xaricində ictimai-siyasi məsələlərlə
bağlı heç nə yazmamaq öhdəliyi
götürdü. Doğrudur, əl altından
ara-sıra müxalif mətbuata yazılar göndərsə də,
1899-1903-cü illərdə əsasən şeir
yaradıcılığı və bədii tərcümə
ilə məşğul oldu.
Lakin tezliklə oyun oynadığının, siyasi fəaliyyətdən
uzaqlaşmadığının üstü
açıldı. Abdulla Cövdət saraya bu barədə xəbər
çatdıran Vyana elçisi Mahmud Nədim Paşa ilə səfirlikdə
yumruq davasına çıxdı. Nəticədə
Avstriya-Macarıstan hökumətinin qərarına əsasən
1903-cü il sentyabrın 17-də ölkə hüdudlarından
çıxarıldı. Əfvlə
bağlı Sultan Əbdülhəmidə müraciətinə
rədd cavabı verildi. Parisə
qayıdıb yenidən Əhməd Rza qrupuna qoşulmaq niyyəti
də baş tutmadı - keçmiş əqidə
dostları fikir ştreykbexerçiliyini ona bağışlamadılar.
Fransa paytaxtında tamamilə təkləndiyini görən
Abdullah Cövdət 1904-cü ilin başlanğıcında
İsveçrəyə yerləşdi. “Osmanlı” qəzetinin
nəşrini bərpa etdi. Köhnə
ittihadçılardan Ədhəm Ruhi Balkan ilə birlikdə
anarxizmə meylli Osmanlı İttihad və İnqilab Cəmiyyətini
qurdu. Lakin hər iki təşəbbüsündə
uğursuzluğa düçar oldu. Nəhayət, 1904-cü iin
sentyabrında artıq özünün də Sultan
Əbdülhəmidlə münasibətləri pozumuş əski
Təşkilati-Məxsusə şefi Əhməd Cəmaləddin
Paşanın yardımı ilə Cenevrədə “İctihad” məcmuəsini və
eyni adlı nəşriyyatı qurdu. 16 səhifəsi
türk, 16 səhifəsi isə digər (əsasən
fransız) dilində çıxan “İctihad” dəfələrlə
bağlanmasına baxmayaraq nəşrini müxtəlif adlarla
davam etdirdi və qurucusunun ölümünə qədər
yaşadı. Təkcə Osmanlı
imperiyasının deyil, yeni Türkiyənin mədəni-ictimai
həyatına da təsirini göstərdi. Nəşrin diqqət çəkən özəlliklərindən
biri onun “gənc türklər” hərəkatı daxilində
siyasətdən daha çox mədəniyyətə və
xalqı maarifləndirməyə xüsusi diqqət yetirməsi
idi.
İsveçrədə Abdullah Cövdət yeni
qalmaqalın qəhrəmanı, daha dəqiq desək,
qurbanı oldu.
Saray xəfiyyələrindən Əbdülhəlim Hikmətin
Sultan Əbdülhəmidi və hökumət mənsublarını
təhqiramiz şəkildə aşağılayan “Bir
röya” adlı səviyyəsiz broşürünün
redaktoru olduğu “Osmanlı” qəzetinin kitabxanası
seriyasından çapına görə Babi-Ali sarayı
çox qətiyyətli bir şəkildə İsveçrədən onu ölkədən
çıxarmağı tələb etdi. Abdullah
Cövdət məcmuənin nəşrini İttihad və Tərəqqi
hərəkatından yaxşı tanıdığı
Hüseyn Tosun bəyə tapşırıb Misirə
köçmək, siyasi və naşirlik fəaliyyətini
burada davam etdirmək qərarına gəldi.
Təxminən
on ilə yaxın heç bir xəbər tuta bilmədiyi,
yaxud buna can atmadığı dostu Əli bəy Hüseynzadə
ilə də həyatının məhz həmin
böhranlı, sarsıntılı məqamında yenidən əlaqə
yaratmış və mütəmadi məktublaşmağa
başlamışdı.
Osmanlı
imperiyasını çalxalayan on il
Əli bəy üçün də asan olmamışdı.
O, bir müddət
Heydərpaşa Nümunə xəstəxanasında
çalışmışdı. 1897-ci ildə
hərbi həkim kimi səfərbərliyə alınıb
Tessaliya əyalətinə (Dəmətköy), Osmanlı imperiyası
ilə Yunanıstan arasında başlanan müharibəyə
göndərilmişdi. İşin mahiyyətinə
baxanda Əli bəy Hüseynzadənin yiyələndiyi tibbi
ixtisas (“əmrazi-firəngi”, yəni dəri-zöhrəvi xəstəlikləri)
cəbhədə bir qədər lüzumsuz
görünürdü. Səfərbərliyin pərdə
arxası barədə düşünəndə burada
üç fərqli qənaətə meydan
açılır: ya Əli bəy həqiqətən də
universal həkim idi, ya Osmanlı dövləti ixtisasından
asılı olmayaraq tibbi personala ciddi ehtiyac duyurdu, ya da
savaşı bəhanə edib onu paytaxtdan uzaqlaşdırmaq
istəmişdilər. Üçüncü
ehtimal həqiqətə daha yaxındır.
Doğrudur, hərb meydanından qayıtdıqdan sonra o,
müsabiqə yolu ilə məzunu olduğu Məktəbi-Tibbiyyədə
müdərris müavini (indiki anlayışla təxminən
dosent) vəzifəsini qazanır. Burada məşhur
türk dermotoloqu, Fransada əsaslı tibb məktəbi
keçmiş professor Cəlaləddin Muxtarla (1865-1947) birlikdə
çalışır. Qısa müddətdə
onun ən bacarıqlı davamçılarından biri kimi
tanınır. Məktəbi-Tibbiyyə ilə
yanaşı 1902-ci ildən müəlliminin qurduğu
müasir klinikanın da aparıcı həkimlərindən olur.
Lakin bir il sonra qarşısında
açılan parlaq perspektivdən imtina edib gizli yollarla
heç vaxt yaşamadığı Bakıya qayıdır.
Səbəb? Görünür, İttihad və Tərəqqinin
qurucularından biri kimi, dövrün türk gəncliyinə
yenilikçi ideyalar aşılayan cəsarətli müəllim
və ictimai xadim kimi onun fəaliyyəti sultan sarayını
qane etməmişdi. Təqiblərə məruz
qalmış, hətta bir müddət yuxarıda adı
çəkilən Əhməd Cəlaləddin Paşanın
mülkündə gizlənmək məcburiyyəti
qarşısında qalmışdı. Sonda
dairənin daraldığını görüb “rejimin türlü
bəhanələrlə təqibatı üzündən
Qafqaziyaya fərara məcbur olmuşdu”.
Yalnız
həyatlarında müəyyən ardıcıllıq və
oxşarlıqla baş verən silsiləvi dramatik məqamlardan
sonra iki köhnə dost, iki əqidə yoldaşı bir-birlərini
axtarıb tapmışdılar. Həm də
anlaşılan qədər ilk təşəbbüs Əli bəydən
gəlmişdi. Çünki Abdullah Cövdət zaman
baxımından hələlik əlimizdə birinci olan və
Fransanın kiçik Annamase şəhərindən göndərilən
9 mart 1905-ci il tarixli məktubunu dostundan alınan kağıza
cavab şəklində yazılmışdı.
Əlaqə qurduqları dövrdə həyat və fəaliyyətləri
üçün səciyyəvi olan başqa bir ümumi cəhət
isə ikisinin də həkimlik peşəsindən
uzaqlaşmaları idi. Əslində, Osmanlı Məktəbi-Tibbiyyəsinin
diplomu ilə Bakıya dönən Əli bəy tezliklə
burada müalicəxana, xəstəxana açıb daha
çox qazana, daha yaxşı yaşaya bilərdi. Lakin o, ayrı-ayrı fərdlərin deyil, toplumun əqli-mənəvi
müalicəsi və gələcəyi haqda
düşündüyündən jurnalistliyi,
bütünlükdə millətin ehtiyac və
çıxarlarına yönəlmiş ictimai fəaliyyəti
həkimliyə tərcih etmişdi. Hələlik
ana dilində mətbuat olmadığından “Kaspi” qəzetində
çalışırdı. “İctihad” məcmuəsinin
nəşrinə başlayan Abdullah Cövdət də xilas
yolunu siyasi maarifçilikdə görürdü.
Onun azərbaycanlı dostuna məktubları bir qayda olaraq “Ya Əli!” müraciəti ilə başlanır. Doğrudur, “Qardaşım”, “Qardaşım sevgili Əli”, “İki gözüm Əli”, “Gözlərimin işığı Əli”, “Gözlərimin nuru Əli”, “Şahi-mərdanım Əli” kimi fərqli və lakin hamısı eyni dərəcədə münasibətlərinin son dərəcə yaxınlığına dəlalət edən digər müraciət formalarına da rast gəlinir. Hər ikisi islam müqəddəslərinin adlarını daşısa da, dindən kifayət qədər uzaq, azad ruhlu insanlar idilər. Bununla belə “Ya Əli”, yaxud “Şahi-mərdanım Əli” deyimlərində bəlli bir dini müstika nişanələrinin göz önündə olduğunu da inkar etmək mümkün deyil. Şübhəsiz, islamın sünni təriqətinə mənsub olan Abdullah Cövdət Qafqazdakı şiə müsəlmanların Əli aşiqliyindən, “Xülafayi-Rəşidin dövrünün” sonuncu ədalətli xəlifəsi Həzrəti Əliyə heyranlığından xəbərsiz deyildi. Özü də eyni adı daşıyan dostuna oxşar münasibət bəsləyirdi. “Ah, ya Əli, bütün müqəddəslərə and içirəm ki, səni qollarım arasında sıxmaq nəzərimdə bəlkə də dünya nemətlərinin ən böyüyüdür!” - sözləri də həmin gizlədilməyən pərəstiş və heyranlığın ifadəsi idi.
Uzun illərin nigarançılıq və məlumatsızlığından sonra dostunun sağ-salamat olduğunu, üstəlik də “Türkiyəyə nisbətdə cənnəti-əla sayılacaq Rusiyada bulunduğunu” öyrənən Abdullah Cövdət ilk məktubunda yuxarıda toxunduğum həyat tarixçəsindən söz açmışdı. Həmin vaxta qədərki ömür yolunun çox da ürəkaçıcı olmadığına işarə edərək yazırdı: “Mənim on sənəyə yaxın həyatımın macəra və keşməkeşləri cildlər dolduracaq qədər uzundur. Hər zaman bu zəif qollarımla istibdad şərini yerlə-yeksan etmək xülyası ilə məstü pərişan yaşadın və indi də yaşamaqdayam. Ah, ya Əli, sən məni mənim özümdən yaxşı tanıyırsan. Əskidən bildiyim Abdullaham. İndi ürəyimdə daha çox atəş var!”
(Ardı var)
Vilayət
QULİYEV
525-ci qəzet.- 2016.- 5 mart.- S.10-11